Ermənistanda müxalifət və hüquq müdafiəçilərinin razı olmadığı konstitusiya dəyişikliyi qüvvəyə minib
Ermənistanda iyunun 26-da parlament tərəfindən qəbul edilən konstitusiya dəyişiklikləri qüvvəyə minib. Dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsinin 12 il müddətini başa vuran hakimlərinin səlahiyyətlərinə son qoyulur. Belə hakimlərin sayı üçdür. Onlardan başqa Konstitusiya MƏhkəməsinin sədri Qrayr Tovmasyan da rəhbər vəzifəsini itirib. İndi səlahiyyətləri qüvvədə qalan hakimlərdən biri Konstitusiya Məhkəməsinə rəhbərlik edəcək.
İşlərini itirən hakimlər bununla razı deyillər. Bir gün pncə onlar bu haqda müvafiq bəyanatla çıxış ediblər.
Müxalifət hesab edir ki, parlamentin konstitusitusiyaya dəyişiklik etmək səlahiyyəti yoxdur. Parlament partiyalarından biri artıq Konstitusiya Məhkəməsinə müraciət edib ki, iqtidar partiyasını təmsil edən deputatların qəbul etdiyi qərarın konstitusion olub-olmadığı araşdırılsın. Parlamentin hər iki müxalif fraksiyası konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı səsvermədə iştirakdan imtina edib.
2018-ci il “məxməri inqilabından” sonta hakimiyyətə gələn hazırkı hokumət “keçmişdəkilər” dövründə seçilən hakimləri ədalətli qərar qəbul etməyə qadir hesab etmir. 2020-ci il aprelin 5-ə bu məsələ ilə bağlı referendum təyin edilmişdi, amma koronavirus pandemiyasına görə baş tutumadı. İyunun 22-də isə Ermənistan parlamenti artıq konstitusiya dəyişiklikləri layihəsini qəbul edib.
- Ermənistanın eks-prezidenti Robert Koçaryan məhkəmənin qərarı ilə azadlığa buraxılıb
- Ermənistanın Konstitusiya Məhkəməsi eks-prezident Robert Koçaryanın şəxsi azadlıq hüququnun pozulduğu haqda qərar çıxarıb. Yenilənib
İstefaya göndərilən hakimlərin mövqeyi
İyunun 25-də Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan, hakimlər Alvina Gülümyan, Feliks Toxyan və Qrant Nazaryan bəyanatla çıxış ediblər:
“Konstitusiyanın 167-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin səlahiyyətləri Konstitusiya ilə, formalaşma və fəaliyyət qaydaları isə Konstitusiya və Konstutusiya Məhkəməsi haqda Qanunla müəyyən edilir”.
Bunun ardınca hakimlər Konstitusiyanın maddələrinə istinad edərək izah edirlər ki, qanunla onlar öz vəzifələrində qalırlar.
İyunun 26-da gündüz məlum olub ki, məhkəmə sədri Qrayr Tovmasyan məzuniyyətə çıxıb. Hakim Alvina Gülümyan isə səhər işə çıxıb. Onun sözlərinə görə, heç kim onu səlahiyyətlərinin bitməsi ilə bağlı məlumatlandırmayıb:
“Dəyişikliklər qəbul edilib, amma Konstitusiya Məhkəməsinin fəaliyyətini nizamlayan qanun mövcuddur. Həmin qanuna müvafiq olaraq biz işimizə davam edirik”.
Alvina Gülümyan öz iş hüququnu Avropa İnsan Haqları Məhkəməsində müdafiə etmək qərarındadır.
Baş nazirin və ədliyyə nazirinin bəyanatı
İyunun 26-da gecə yarısından sonra Konstitusiya dəyişikliyinin qüvvəyə minməsini ilk olaraq baş nazir Nikol Paşinyan Facebook səhifəsində anons edib:
“Ermənistanın bütün dövlət strukturları bu reallığı nəzərə almağa və onu rəhbər tutmağa borcludur”.
İş orasındadır ki, iyunun 25-də parlamentin spikeri qəbul olunmuş konstitusiya dəyişikliklərini dərc edib və bu da səhəri gün həmin dəyişikliklərin qüvvəyə minməsi deməkdir.
Baş nazirdən sonra KM ətrafında yaranmış vəziyyəti ədliyyə naziri Rüstəm Badasyan da şərh edib:
“Süni gündəm yaratmaq, hakimiyyətin planlarını hər hansı formada qarışdırmaq istəyən siyasi qüvvələr – onların bu cəhdləri mənasızdır. Konstitusiya dəyişikliyi qüvvəyə minib”.
Hüquq müdafiəçiləri nə deyirlər?
Ermənistanın hüquq müdafiəçiləri iyunun 26-da etiraz aksiyası keçiriblər.
Ermənistanın Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan hesab edir ki, Ermənistanda “kobud qüvvə hüquqi düşüncəyə qalib gəlib”:
“Təəssüf ki, kobud siyasi qüvvə tətbiqinə qarşı siyasi qüvvələr yox, hüquqşünaslar, bəzi hakimlər, vəkillər qalxıblar. Əgər soruşsanız ki, Ermənistanda KM-ə münasibətdə nə baş verib, bir ifadə ilə cavab vermək olar: “Loma qarşı fənd yoxdur”.”.
“Hüquqi yol” ictimai təşkilatının sədri, hüquqşünas Ruben Melikyan belə hesab edir:
“Heç yanda qeyd olunmayıb ki, ölkənin baş naziri və üstəlik də ədliyyə naziri konstitusiyanı istədikləri kimi yozmaq və nəyin tətbiq olunacağına, nəyin olunmayacağına qərar vermək haqqına sahibdirlər. Bu gün bizdə həqiqətən konstitusiya böhranı yarandı. Hakimiyyətin bir ildir danışdıqları böhranı onlar öz əlləri ilə yaratdılar”.
Qərar mübahisələndirilə bilərmi?
Parlamentin təsdiqlədiyi konstitusiya dəyişikliyini mübahisələndirmək üçün “Çiçəklənən Ermənistan”müxalif fraksiyası iyunun 26-da səhər 26 deputatın imzası ilə Konstitusiya Məhkəməsinə müraciət edib.
KM-ə müraciət üçün isə deputatların ümumi sayının 1/5 hissənin imzası lazımdır. Ermənistan parlamentində 132 deputat var, yəni imzaların sayı 27-də az olmamalıdır. Buna görə də hələ məlum deyil ki, yüksək məhkəmə qurumu müxalifətçilərin müraciətinə baxacaq, ya yox.
“Müəyyən prosedur nəzərdə tutulub, məsələ müzakirə olinacaq və bizim müraciətimizin icraata alınıb-alınmayacağına qərar veriləcək. Maksimum müddət [müraciətin icraata alınıb-alınmaması ilə bağlı] 15 gün təşkil edir”, – “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zohrabyan deyib.