"Azərbaycanda təkcə cəsarət yetərli deyil", - tanınmış hüquq müdafiəçisi 30 il hakimiyyətin dəyişmədiyi bir ölkədə siyasət haqda
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədli ilə Azərbaycanda müxalifətin ümumi vəziyyəti, demokratik cəmiyyət quruculuğunda müxalifətin töhfələrindən danışdıq.
“İqtidar imkan vermir ki, müxalifət iqtidara çevrilsin”
Anar Məmmədli Azərbaycanda 30 il müddətində müxalifətin hakimiyyətə gəlməməsini ölkədə rəqabət mühitinin yoxluğu və seçki institutunun formalaşmaması ilə əlaqələndirir.
“İqtidar imkan vermir ki, müxalifət iqtidara çevrilsin. Ölkədə demokratik seçki mühiti yaranmadığına görə, siyasi qüvvələr illər boyu dəyişilmir”.
Belə ki, seçki mühitinin olmaması Azərbaycanın digər postsovet ölkələrindən demokratiya məsələsində də geri qalmasına gətirib çıxarıb.
“Cəsarətli olmaq yetərli deyil”
Müxalifət partiyalarındakı liderlər haqqında danışan hüquq müdafiəçisi burada iki faktora diqqət çəkir:
“Elə liderlər var ki, onlar uzun illərdir siyasətdədir və təzyiqlərə baxmayaraq, mübarizələrini davam etdirirlər. İkincisi, bəlkə, bunları siyasətdən uzaqlaşdıracaq qüvvələr gəlməyib siyasətə? Bəlkə, insanlar qorxub? Qorxu mühiti Azərbaycanda aşılmayıb, illər ərzində daha da dərinləşib. Siyasətlə məşğul olmaq kiçik-orta bizneslə məşğul olmaqdan qat-qat çətindir. ”
Məmmədli əlavə edir ki, bir qrup insanın siyasi partiya qurması indiki zamanda çox çətin məsələdir və buna görə də Azərbaycandakı siyasi şərtlər ölkədəki siyasi azadlıqlar, qoyulan qadağalar kontekstində nəzərdən keçirilməlidir.
Azərbaycanda illərini siyasətə vermiş müxalifətçilərin olduğunu qeyd edən SMDT sədri onların fəaliyyətində yaradıcı yanaşmanın yetərli olmadığı qənaətindədir.
“Cəsarətli olmaq yetərli deyil, sanki bir dairə var və müxalif düşərgə ondan kənara çıxa bilmir, sıraları genişlənmir, əhali tərəfindən maraqla qarşılanmır. Bəlkə, cəsarətlə yanaşı başqa keyfiyyətlər də olmalıdır”?
“Cəmiyyətin siyasi potensialı yetərli olmadığından, yeni siyasi qüvvələr və platformalar üzə çıxmır”
Müasir dövrdə akademik çevrələrdə ciddi şəkildə müzakirə olunur ki, seçki olmayan ölkələrdə siyasi partiyalara ehtiyac varmı? Azərbaycanda da bu mühit yoxdur və o zaman siyasi partiyada olmağın əhəmiyyəti varmı?
Məmmədli hesab edir ki, əhəmiyyəti var, çünki partiya cəmiyyətə seçkilər vasitəsilə təsir edə bilməsə də, seçkilərarası dönəmdə mütərəqqi dəyərləri təmsil etməlidir, cəmiyyətin müəyyən bir kəsimini arxasınca aparmalıdır, eşidilməyənlərin səsi olmalıdır.
“Azərbaycandakı bütün siyasi qüvvələr, hətta hakim Yeni Azərbaycan Partiyası da marginallaşma problemi ilə üz-üzədir. Siyasətin özü eybəcərləşib, bunun da məsuliyyəti hakim siyasi qüvvənin üzərindədir”.
SMDT sədrinə görə, müxalifət partiyalarının məkanının daralması onların da marginallaşmasına səbəb olur. Nəticədə, həmin partiyalar haqqında cəmiyyətin bir qrupu tərəfindən inamsızlıq formalaşır. Belə olan halda partiyadaxili demokratiya da itir.
“Azərbaycan bu gün elə bir vəziyyətdədir ki, partiyalar seçkilər yolu ilə hakimiyyətin dəyişilməsinə nail ola bilməyiblər”.
Əsası ötən əsrin əvvəlində qoyulmuş və eyni əsrin sonunda bərpa olunmuş Müsavat Partiyası, müstəqilliyin ilk illərində yaranmış Azərbaycan Xalq Cəbhəsi Partiyası hələ də aparıcı siyasi təşklatlardır.
O hesab edir ki, cəmiyyətin siyasi potensialı yetərli olmadığından, yeni siyasi qüvvələr və platformalar üzə çıxmır.
“Məsələyə bu kontekstdən yanaşmalıyıq ki, Azərbaycanda partiyalara yeni sima niyə gəlmir, bir şəxs 30 il partiyanın başında olur. Bu da ölkədəki siyasi mühitin ağırlığı ilə bağlıdır”.
“Normal mühit olsa, biz növbəti seçkidə yeni siyasi qüvvələrin şahidi olarıq”
9 fevral növbədənkənar parlament seçkilərində AXCP iştirak etmədi, Müsavat Partiyası və REAL Partiyası da qatıldı, amma xeyli sayda da bitərəf şəxs namizəd oldu ki, seçkiyə damğasını vurdular.
“Deməli, normal mühit olsa, biz növbəti seçkidə yeni siyasi qüvvələrin şahidi olarıq, daha bir-birimizlə mübahisə etmərik ki, nə üçün 30 ildə bu partiyanın sədri dəyişmir”.
Məmmədli bir məqamı xüsusi vurğulayır ki, partiyadan kiminsə önə çıxıb, sədrliyə namizəd olduğunu söyləməsi həmin şəxsin əleyhinə çevrilir və dərhal ona qarşı hücumlar başlayır.
“Demokratiya uğrunda mübarizə aparanlar arasında bunlar yolverilməzdir”.
“YAP siyasi arenada dominantlıq etmir”
SMDT 18 ildir ki, Azərbaycanda fəaliyyət göstərir və bu illər ərzində ölkədə bütün seçkiləri müşahidə edib, hesabatlar hazırlayıb.
Partiyaların seçki strategiyalarından danışan seçki eksperti bildirir ki, ötən illərlə müqayisədə partiyalar daxilində sönüklük, seçki məsələsində isə coşqu aradan qalxıb.
Belə ki, zamanında ciddi çəkişmələr, maraqlı qurultaylar keçirən hakim YAP da faktiki olaraq siyasi arenada dominantlıq etmir. Müxalifət düşərgəsində də eyni hal yaşanır.
“İndi seçici də seçki ilə maraqlanmır, son parlament seçkisi də bunu göstərdi. Ümumən ölkə miqyasında 10-12 faiz seçici aktivliyi oldu. Bu, çox ciddi problemdir. Partiyalar, siyasi qüvvələr əhalini seçkiyə cəlb etməyin yolu haqqında fikirləşməlidir. İnsanlarla seçkilərarası dönəmlərdə də işləmək lazımdır ki, prosesin əhəmiyyətini dərk etsinlər. İnsanların seçkiyə cəlb olunması əsas strategiya olmalıdır”.
“2003 (prezident) və 2005-ci illərdə (parlament) insanların seçkiyə gəldikləri vaxt da olub. Deyilir ki, 2003-cü ildən sonra əhalinin sosial rifahı da yaxşılaşıb. Nə baş verdi ki, insanlar seçkiyə gəlmir?! Bununla bağlı ciddi sosioloji tədqiqatlar aparmaq lazımdır”.