Stalin Cənubi Osetiyda və Şərqi Ukraynada yenə də sağdır
Apreldə iki bir-birinə kifayət qədər uzaq post-sovet regionunda – Cənubi Osetiya və Şərqi Ukraynada Stalinə sevginin diqtəsi ilə oxşar qərar qəbul edilib.
Beynəlxalq aləmin Ukraynaının bir hissəsi hesab etdiyi tanınmamış Donetsk Xalq Respublikasında Donetsk şəhərinə ikinci adın verilməsi – Stalino adlandırılması haqda qərar qəbul edilib.
Cənubi Osetiyada isə paytaxt Sxinvala ikinci – Stalinir adının verilməsi qərara alınıb.
- Stalin Gürcüstanda Tanrı və super-ulduz kimi
- Moskvada məbədi Putin və Stalinin simalarını əks etditən mozaika ilə bəzəyiblər
- 13 milyon – keçmiş Sovet İttifaqı Stalinin siyasi repressiyalarının qurbanlarını anır
Stalinir adından necə istifadə olunacaq və bu ad necə yaranıb?
Bu foto ОСинформ agentliyi tərəfindən 2013-cü ildə Satikar kəndində çəkilib.
Yerli sakinlər öz təşəbbüsləri ilə orada Stalinin heykəlini bərpa ediblər.
26 aprel 2020-ci ildə Cənubi Osetiya prezidenti ikinci Stalinir adı ilə bağlı fərman imzalayıb.
Fərmanda deyilir ki, bu qərar “tarixi xatirənin qorunması məqsədilə və 1941-1945-ci illər Böyük Vətən Müharibəsində qazanılan Qələbənin 75 illiyi ilə bağlı” qəbul edilib.
9 may Qələbə Günü yaxınlaşır və hakimiyyət orqanlarına Stalinir adının populyarlaşdırılması ilə bağlı tədbirlərin təşkil edilməsi tapşırılıb.
Toponimin tarixi belədir
5 fevral 1931-ci ildə Gürcüstan SSR-in Cənubi Osetiya Muxtar Vilayəti Şurasının IX qurultayında bolşevik Razden Kozayev Sxinvaliyə İosif Stalinin adının verilməsini təklif edib.
17 mart 1934-cü ildə mərkəzi sovet hökuməti müvafiq qərar qəbul edib. O zamandan 1961-ci ilə qədər şəhər rəsmən Stalinin adını daşıyıb.
Təşəbbüs sahibinin aqibəti isə faciəvi olub. Razden Kozayev 1937-ci ildə Stalin rejimi tərəfindən repressiya edilib və həlak olub.
Bu arada Kozayev bolşeviklər partiyasının ilk yerli üzvü olub – o, 1898-ci ildə partiya sıralarına daxil olub və Sovet hakimiyyətinin qurulmasında fəal iştirak edib.
Stalin – qədim qəhrəman və xalq atası
Sosial şəbəkələrdə Stalinirin qayıdışı emosiya burulğanına səbəb olub, amma ən müxtəlif qəbildən.
Yerli sakinlər arasında bu qərarı sevinclə qarşılayanlar az olmayıb. Facebook-da hətta özlərini stalinirlilər adlandıranların qrupu da yaradılıb.
Onlar orada Stalinirin köhnə fotolarını paylaşır, keçmişlə bağlı nostaljiyə qapılırlar, hərçənd daha çox öz gənclik illərini xtırlayırlar.
Bu qrupun iştirakçısı Ludmila Alborova yazır:
“Çox yaxşı, doğru qərardır!!! Yadımdadır, 2012-ci ildə dayımın pasportunda doğulduğu yer kimi Stalinir qeyd olunduğuna görə sərhəddə irad tutmuşdular.
Məni də onunla birlikdə otaq-kamerada iki saata yaxın saxlamışdılar. Dəhşətli idi”.
Stalin – osetin ziyalılarını məhv etmiş qatildir
Yerli sakinlərin digər hissəsi bu qərarı mübahisəli hesab edib, bunu təhqiredici adlandıranlar da olub.
“Bu fərmanda məntiq görmürəm. Bəli, bir neçə il şəhər Stalinir adlanıb, amma Cənubi Osetiya paytaxtının tarixi adı Sxinvaldır”, – JAMnews-a Cənubi Osetiya parlamentinin keçmiş deputatı Roland Kelexsayev deyib.
“Stalin – osetindir, biz onu osetin hesab edirik, amma o, Osetiya üçün faydalı heç nə eləməyib. Biz Cənubi Osetiyanın gürcü dilinə, Şimali Osetiyanın isə rus dilinə keçdiyinin şahidi olmuşuq. Osetin ziyalılarının ən qabaqcıl nümayəndələri repressiyaya uğrayıb. Osetiya şimal və cənuba parçalanıb”.
Stalin rejiminin güllələdiyi və repressiyalara məruz qoyduğu qurbanları xatırladanlar az olmayıb.
İctimai xadim Aqunda Bekoyeva Cənubi Osetiya Universitetinin adlarını daşıdığı Mate Sanakoyev və Aleksandr Tibilovu xatırlamağı təklif edib.
“Bəlkə siz bu insanların kim olduğunu xatırlamırsız?” – o, öz şərhində yazıb.
Aqunda Bekoyeva tanınmış teatr aktyoru Georgi Bekoyevin nəvəsidir. 1930-cu illərdə o, yerli “Рæстдзинад” müxalif təşkilatının fəalı olub, siyasi məhbus həyatı yaşayıb və osetin dilini təbliğ etdiyi üçün Stalin düşərgələrində cəza çəkib.
“Siz nəyi bayram etməyə hazırlaşırsız? Şəhər seçilmiş günlərdə olsa da, yenidən osetin xalqının CƏLLADININ adını daşıyacaq? Mən niyə atamın və babamın yaşıdlarına görə utanmalıyam?” – Bekoyeva yazıb.
Stalin – osetinləri Gürcüstanın tərkibinə qatan və bununla da gürcü-osetin münaqişəsinin təməlini qoyan şəxs
Stalinin xatirəsinin əbədiləşdirilməsindən hiddətlənən digər qrup bunun üçün başqa səbəb görür – məhz gürcü-osetin münaqişəsini.
Fəal Facebook istifadəçisi Svati Farna belə bir status paylaşaraq qızğın müzakirələr başladıb:
“Bugünkü gürcü-osetin münaqişəsinin kökü sovet dövrünə gedib çıxır. O zaman osetinlərin kompakt yaşadığı ərazilər Rusiya sovet respublikası (RSFSR) ilə Gürcüstan sovet respublikası arasında bölüşdürülüb. Tarix daha dramatik ola bilərdi, əgər 1920-ci ildə Stalin təkcə Cənubi yox, Şimali Osetiyanı da Gürcüstana birləşdirməyə nail ola bilsəydi”.
Cənubi Osetiyada Stalinə qarşı kütləvi sevgi fenomeni
İosif Stalin haqqında yerli cəmiyytdə çox danışırlar, çox vaxt və adətən sevgi ilə.
Politoloq Alan Mamiyev bu fenomeni osetinlərin güclü və geniş miqyasda qüdrətli tarixi şəxsiyyət həsrəti ilə izah edir:
“Stalin klassik qədim öndərdir, hansı ki, onun üçün mülkiyyət ancaq kollektivə məxsus ola bilərdi, şəxsi ola bilməzdi, onun üçün ümumi şəxsidən üstün idi. O, ölkəni dənizdən dənizə formatında, sərhədsiz idarə edirdi.
Osetin xalqının kollektiv şüursuz yaddaşı bu cür arxetip üçün darıxır, ona tələbat var. Stalin özünü [gürcü eposunun qəhrəmanı] Amiranla, Prometeylə müqayisə edirdi. O, özünü “xalq atası” adlandırırdı. İndi isə xalqlar yoxdur, ağalar və rəiyyət var. Odur ki, insanlar həmin vaxtlar üçün darıxır”.
İctimai xadim Badri Qazzati Stalinin yalnız Osetiyada yox, həm də Rusiyada, Gürcüstanda və bir çox digər ölkələrdə populyar olduğunu xatırladır.
“O, osetindir və osetinlər üçün o, ən görkəmli şəxsiyyətdir. Onunla fəxr edirlər. Repressiyalara da münasibət birmənalı deyil. Bəziləri repressiyaları əsaslı, miqyasını isə şişirdilmiş hesab edir”.