“Qayınanam komandirlik edir, ona cavab qaytarmaq olmaz”. Gürcüstanın Marneuli şəhərindən altı qadının hekayəsi
Marneuli Gürcüstanın etnik azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli regionunda balaca şəhərdir. Onların onsuz da ağır olan həyatı Gürcüstanda koronavirus pandemiyasına görə uzun müddət davam edən karantin üzündən daha da çətinləşib.
Amma məsələ ancaq maddi problemlərdə deyil. JAMnews-un müxbiri Şəlalə Əmircanova marneulili qadınların hekayələrini yazıb.
Diləfruz, 74 yaş
Özüm Marneulidən 50 kilometr aralıda yerləşən Dmanisidənəm. Bura ərə gəlmişəm. Həmin gündən yerli bazarda alver edirəm. Səhər saat 6-dan iş başındayam. Kəndlilərdən malı alıram, ucuz olan hər şey – meyvə, tərəvəz, göyərti. Günün sonuna qədər də çalışıram hamısını satım. Çatdırıb sata bilmədiklərimi özümlə evə aparırıam. Qazandığım pula ərzaq alıram.
Marneulidə qızım və nəvələrimlə yaşayıram. Ev pulu ödəmirik. Ev sahibi imkanlı adamdı, böyük evdə yaşayır. Qızım da ev pulunun əvəzində onun evini təmizləyir.
İki nəvəm var, ikisi də oğlan. Toylarda işləyirlər, qonaqların atdığı şabaşları yığırlar. Bəzən 15-20 ları (5-6 dollar) özlərinə qalır. Məktəb xərclərini çıxardırlar.
İndi bizə çox çətindir. Virusa görə bazar bağlanıb. Amma neyləmək olar, karantin qaydalarına tabeyik, ümid edirik ki, tezliklə bütün bunlar qurtaracaq.
Fidan, 30 yaş
Təkbaşına iki uşaq böyüdürəm. Ərim çoxdan xaricə gedib, amma normal yerləşə bilmir heç cürə. Bizə kömək edə bilmir. Amma uşaqlarım heç vaxt ac qalmayıb.
Məktəbdə xadimə işləyirəm. 200 lari (70 dollara yaxın) maaş alıram. Varlı ailələrin evinə təmizliyə gedirəm. Məni çoxdan tanıyırlar, etibar edirlər, ona görə də müştərilərim kifayət qədərdir – bütün istirahət günləri məşğulam. Ağırdır, əlbəttə, amma bircə məktəbdən aldığım maaş yaşamağa bəs eləmir.
Amma epidemiyaya görə indi iş yoxdur. Tənha ana kimi yardım aldım.
Uşaqlar internetlə distant təhsil alırlar – qonşu sağ olsun, kömək elədi. Gördü ki, xərclər çoxalıb. Uşaqlar bütün günü evdədirlər, bekarçılıqdan tez-tez yemək yadlarına düşür.
Xuraman, 51 yaş
Utanıram deməyə, amma karantində istirahət edirəm. Uşaqlar məktəbə gedən gündən birlikdə vaxt keçirdiyimiz gün olmayıb. Mən bütün günü işdə oluram – Marneuli bazarında alver edirəm. İndi bazar bağlıdır.
Dünən soyuq idi. Mən də yarpaq xəngəl hazırladım. Əsl belə havanın yeməyidir. Adətən qonaq çağırırlar. Amma karantində nə qonaq?! Elə ailəlikcə toplaşdıq. Sonra samovar çayı qoyub içdik.
Azərbaycanlıların süfrələri tünd pürrəngi çayla bitir. Belədə isə adətən ailəlikcə çayı gündüz bağda içirik.
Axşam da süfrə arxasına toplaşırıq, tum çırtlayıb, ailəvi məsələləri müzakirə edirik.
Biz zəhmətkeş xalqıq, sutkanın 24 saatını işləyirik. Buna görə də bir az kənarda pulumuz vardı. O da olmasa, lap çətin olardı. Karantin çoxlarının belini büküb – Marneulidə çoxları gündəlik qazancla dolanır.
Leyla, 55 yaş
Ailədə səkkiz nəfərik – ərimin valideynləri, mən, ərim və üç uşağımız – iki oğlan və bir qız. Əvvəllər kişilər və qayınanam işə gedirdilər, bazara, uşaqlar da məktəbə yollanırdı, mən də səhərdən axşama qədər ev işlərilə məşğul olurdum. Gündüz elə olurdu ki, yarım saat uzanıb, dincəlirdim. İndi bundan məhrum olmuşam. Hamı evdədir və hər şey mənim üstümdədir. Gündə üç dəfə yemək hazırlayıram, süfrə açıram, evi yığışdırıram. Azərbaycan adətlərinə görə bütün bunları gəlin eləməlidir.
İnsanlar bekar olanda yemək haqda düşünürlər. Bizdə də elədir. Gah xəngəl istəyirlər, gah pirojna. Qızımla mətbəxdən çıxmırıq. Qayınanam isə komandirlik edir. O, hamıdan üstündür, ona etiraz eləmək olmaz. Axşama gücüm qalmır, meyit kimi oluram.
Xanım, 32 yaş
Bilmirəm, necə edim. Bir həftə əvvəl ərimdən ayrılmışam. Məni döydü, mən də daha dözə bilmədim. İndi anamın yanında, qardaşımın ailəsi ilə birlikdə yaşayıram. Onların yeməyini yeyirəm. Özümü yük kimi hiss edirəm.
Ərim gündəlik işdə işləyirdi. Karantinə görə hər yan bağlanıb. İşsiz qaldığı üçün gərgin idi. Uşaqla evdə oturmuşduq, gözləyirdik ki, nə vaxt yemək gətirəcək. O isə sərxoş gəldi. Təsəvvür edin də, nə baş verdi. Çox pis dalaşdıq. Məh də getdim.
Gülzadə, 64 yaş
Ərimlə yaşayıram. Artıq üç ildir ki, xərçəng xəstəsiyəm. Sağalmışdım, xəstəlik yenə qayıtdı.
Gəlirimiz bizə heç vaxt yetmirdi. İndi isə karantin üzündən hər şeyin bahalaşdığı bir vaxtda lap betər olub. Ərim zibil maşınında işləyir. Maaşı azdır. Yığırıq ki, mənim kimya müalicəmə və dərmanlarıma xərcləyək. İkimiz də yüksək risk qrupuna daxilik. Mənə harasa çıxmaq qəti qadağandır. Qorxuram – xəstəliyimin üstünə bir də virus gəlsə, məni öldürəcək.
* İlk dəfə material dərc olunub: 19.05.2020
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.