Dağlıq Qarabağda yeni prezident seçilib. Ondan gözləntilər
Koronavirusun yayılması təhlükəsinə baxmayaraq, 2020-ci il aprelin 14-də baş tutan prezident seçkilərinin ikinci turunda keçmiş baş nazir Araik Harutunyan Dağlıq Qarabağın prezidenti seçilib.
Faktiki olaraq bu seçkilərin nəticələri Qarabağda hakimiyyətin müəyyən konsolidasiyası olub, çünki yeni seçilən prezidentin “Azad Vətən Partiyası” da martın 31-də seçilən parlamentdə ən böyük fraksiyasını təşkil edir – 33 mandatın 16-ı.
Bununla yanaşı ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağın yeni rəhbərliyi Yerevandakı hakimiyyətə qarşıdır.
Prezidentliyə ikinci namizəd – xarici işlər naziri Masis Mailyan birinci turdan dərhal sonra öz tərəfdaşlarını epidemiya şəraitində seçkiləri boykot etməyə çağırıb və özü də səsverməyə qatılmayıb.
İkinci tur keçirilən zaman Dağlıq Qarabağda artıq 6 yoluxma halı təsdiqlənmişdi, aprelin 12-dən fövqəladə vəziyyət elan olunub.
Amma seçkilərin ikinci turunu hakimiyyət yenə də təxirə salmadı və bəyan etdi ki, seçki məntəqələrində sanitar normalara riayət olunması təmin ediləcək.
Bu seçkilər xüsusi önəm daşıyırdı. 2017-ci ildə Dağlıq Qarabağda yeni konstitusiya qəbul olunub, müvafiq olaraq tanınmamış respublika yarıprezident idarə sistemindən prezident idarəçiliyinə keçib. Odur ki, yeni prezident əvvəlkilərə nisbətən daha çox səlahiyyətə sahib olacaq.
- Dağlıq Qarabağda koronavirus və siyasət. Seçki baş tutdu. Bundan sonra nə olacaq?
- Qafqazda koronavirus. Yenilənir
Etiraz olmayacaq. Ən azından indi
Koronavirus pandemiyasına görə fövqəladə vəziyyət rejimindən başqa 1991-ci ildən Artsaxda hərbi vəziyyət hökm sürür.
1997-ci ildən hərbi vəziyyət qısaldılmış formada, yəni demokratik hüquqlar və azadlıqlar məhdudlaşdırılmadan tətbiq edilir. Amma daimi müharibə təhlükəsi həmişə Dağlıq Qarabağ sakinləri üçün siyasi fəallığın əsas amili olub.
Görünür, bu postulatdan çıxış edərək siyasi qüvvələr etiraz aksiyası keçirməmək və ikinci turdan sonra stabilliyin pozulmasını təşviq etməmək qərarına gəliblər.
Bununla belə burada etiraz potensialı var. Səsvermə nəticələrinə görə də bunu anlamaq mümkündür – ikinci turda qalib gələn Araik Harutunyan birinci turda topladığından daha az səs qazanıb.
MSK-nın məlumatına əsasən, ikinci turda 47,165 nəfər və ya bütün seçicilərin 44,9 faizi səs verib. Birinci turda isə 76,712 nəfər və ya seçicilərin 73,5 faizi səs vermişdi. O zaman namizədlər 14 nəfər idi.
Araik Harutunyana ikinci turda 39,860 nəfər, Masis Mailyana isə 5,428 nəfər səs verib. Birinci turda səslər müvafiq olaraq bölünmüşdü: 36,076 (49,26 faiz) və 19,360 (26,4 faiz).
İkinci turda seçici fəallığının aşağı olması, 14 namizəddən 2-nin qalmasına baxmayaraq, birinci turda digər namizədlərə səs verən namizədlərin seçkiləri boykot etdiyini və öz səslərini Araik Harutunyana vermədiyini göstərir.
Elə bu da potensial etirazçı kontingentdən xəbər verir.
Birinci və ikinci tur arasında iki mitinq baş tutub. Bu mitinqləri “Artsaxın İnqilabçı Partiyası” və Masis Mailyanı dəstəkləyən “Yeni Artsax” bloku təşkil edib.
“Karantin bitəndən sonra biz mütləq bizim korrupsiyalaşmış rejimə qarşı mübarizəmizi davam etdirəcəyik. Bizim ölkəmizdə korrupsiyalaşmış, kriminal-oliqarx sistem hökm sürürdü, keçən seçkilər isə onun möhkəmlənməsinə səbəb oldu. Biz bu rejim devrilənə qədər mübarizəmizi davam etdirəcəyik”, – “Yeni Artsax” blokuna daxil olan müxalif partiyanın sədri Tiqran Petrosyan bəyan edib.
“Artsaxın İnqilabçı Partiyasının” sədri Artur Osipyan bununla yanaşı vurğulayıb ki, küçə aksiyalarının və fəal tədbirlərin dayandırılmasına baxmayaraq, etirazçı hərəkatın nümayəndələri hakimiyyətin istefasını və “qanun qarşısında cavab verməsini” tələb edirlər.
Maliyyəçi, diplomat və hərbçi arasında seçim
Yerli bloger David Simonyan bildirir ki, Dağlıq Qarabağda seçim maliyyəçi (Araik Harutunyan), diplomat (Masis Mailyan) və hərbçi (general Vitali Balasanyan) arasında olub. İnsanlar pulu seçiblər – o yazır.
Təhlükəsizlik üzrə ekspert Raçya Arzumanyan hesab edir ki, Dağlıq Qarabağda parlament və prezident seçkiləri nəticəsində Yerevanın hazırkı hakimiyyətinə qarşı olan hakimiyyət formalaşıb və bundan praktiki əməllər üçün istifadə oluna bilər.
“Artsaxda Ermənistanı qarışdırmağa, yenicə çıxa bildiyi postsovet çığırına geri qaytarmağa imkan verə biləcək rıçaq qurulub”, – Arzumanyan hesab edir.
Seçkilərə beynəlxalq reaksiya
Dünya ictimaiyyəti seçkilərə diqqət yetirib, amma bu seçkilərin heç bir dövlət tərəfindən tanınmayan Dağlıq Qarabağın statusuna təsir edəcəyini hesab etmir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa İttifaqı, Rusiya, İran və bir sıra digər ölkələr martın 31-də Dağlıq Qarabağda baş tutan parlament və prezident seçkilərindən dərhal sonra bu cür dəyərləndirmə ilə çıxış ediblər.
Azərbaycan prezidenti İlham Əliyev aprelin 14-də Dağlıq Qarabağdakı seçkiləri pisləməyən Avropa Şurasının ünvanına sərt bəyanat səsləndirib.
Qarabağ münaqişəsi ilə bağlı danışıqların nə zaman bərpa olunacağı hələlik bəlli deyil. Çox güman ki, koronavirus pandemiyası ilə bağlı vəziyyət yaxşılaşmayana qədər bu mümkün olmayacaq.
Ermənistan tərəfi danışıqlarda Dağlıq Qarabağın iştirakında israr edir, Azərbaycan isə qətiyyətlə bunun əleyhinədir.
Ermənilərin məskunlaşdığı Dağlıq Qarabağ Respublikası Ermənistan da daxil olmaqla heç bir dövlət tərəfindən tanınmayan de-fakto müstəqil respublika kimi mövcuddur.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində və ətraf rayonlarda müharibə gedib. Bu müharidə atəşkəs sazişinin imzalanması ilə bitib, amma təmas xəttində atışma vaxtaşırı olaraq davam edir. münaqişənin hərbi fazası başlayandan sonra etnik azərbaycanlılar Qarabağı tərk edib. Azərbaycan müharibə nəticəsində zəbt edilən Dağlıq Qarabağ və ətraf əraziləri işğal olunmuş hesab edir və azad edilməsini tələb edir.
Münaqişənin nizamlanmasına dair beynəlxalq vasitəçiliklə aparılan danışıqlar indiyə qədər nəticə verməyib. Burada sonuncu genişmiqyaslıhərbi əməliyyatlar – “aprel müharibəsi” və ya “dördgünlük müharibə” 2016-cı ilin aprelində baş verib. Nəticədə hər iki tərəfdən onlarla insan həlak olub.
Məqalə müəllifinin təklif etdiyi termin, toponim, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik hesab edilməyən şərhləri silmək haqqını özündə saxlayır.