Məhdudiyətli vizasız rejim. Gürcüstan vətəndaşlarını Avropaya kim və niyə buraxmır
Gürcüstan vətəndaşları 2017-ci ildən Şengen zonasına vizasız səyahət etmək imkanından istifadə edirlər. Bu, ölkə sakinləri üçün həm istirahət, həm də iş səfərlərini həyata keçirməyi xeyli asanlaşdırıb. Amma 2019-cu ildən başlayaraq, vizasız Avropaya getmək istəyənlər yeni qeyri-rəsmi maneələrlə üz-üzə qalıb, bu onlar üçün tamamilə gözlənilməz olub. Son zamanlar bəzi Gürcüstan vətəndaşlarına hətta ölkədən çıxış qadağası qoyulur.
«Təhqir və alçaldılma»
Vizasız rejim elan olunandan sonra Gürcüstandan Avropaya səyahətlərin sayı dərhal artdı. Nəzərə alsaq ki, Kutaisi aeroportundan Avropaya ucuz reyslər demək olar ki, hər gün həyata keçirilir, işi və az-çox gəliri olan hər kəs Avropanın istənilən şəhərinə üç-dörd günlük səfər edə bilər.
Gürcüstan vətəndaşları da bu imkandan fəal istifadə etməyə başladılar. “Facebook”da bir-birləri ilə ucuz səyahət təcrübəsini bölüşən yüz minlərlə istifadəçisi olan xüsusi qruplar yarandı.
•Avropaya gürcü eksportu – Assosiasiya haqqında saziş imzalanandan sonra hansı işlər görüldü
•Ermənistan sakinlərinin Rusiyaya axını bir neçə dəfə artıb
Amma ötən ilin yazından başlayaraq, qruplarda bir-birinin ardınca narazı statuslar dərc olunmağa başlandı, istifadəçilər bildirirdi ki, Kutaisi aeroportunda Avropa İttifaqı ölkələrindən sərhədçilər peyda olub və müxtəlif bəhanələrlə onları reysə buraxmırlar. Bütün bunlar da hakimiyyətin tam susqunluğu şəraitində baş verir.
«Çox sayda adamı Kutaisi aeroportunda geri qaytarıblar. Orada ispan sərhədçisi durur və bizdə, Gürcüstanda qərar verir ki, mən ölkəni tərk edə bilərəm ya yox», – istifadəçilərdən biri iyunun 13-də yazır. – “Məgər İspaniya Barselonada gürcü sərhədçisini qoyar ki, ispanları Gürcüstana buraxmasın?.. İnsanların bu cür təhqir olunmasını və alçaldılmasını hələ görməmişdim”.
Düzdür, bəzi istifadəçilər şərhlərində baş verənləri anlayışla qarşıladılar.
«Mənə cinayətkar kimi baxırdılar»
Dato Takniaşvili Tbilisi yaxınlığında Manqlisi qəsəbəsində yaşayır. Özünün ailəvi oteli var və dostları ilə birlikdə qonşu ölkələrə – Türkiyə, Ermənistan və Azərbaycana turlar təşkil edir.
Datonun qardaşı artıq yeddi ildir ki, Fransada yaşayır. Orada leqal işdə çalışır və ötən il hətta özünə mənzil alıb. Dato vizasız rejimin verdiyi imkandan istifadə edərək, ötən yaz şəxsən qardaşını yeni mənzil alması münasibətilə təbrik edib.
İkinci dəfə Kutaisidən getmək qərarı verir – belə daha ucuz olduğuna görə. Özü ilə birinci dəfə götürdüyü sənədləri götürür – qardaşının Fransada leqal yaşaması haqda sənədin surəti, mənzilinin ünvanı, bankdan çıxarış, gediş-dönüş bileti, sığorta.
Kutaisi aeroportunda qeydiyyat masasına yaxınlaşmamış Datonu “nəzarət-keçid məntəqəsi” adlanan yerə göndərirlər, burada sərnişinləri yerli polislə birlikdə xarici sərhədçilər yoxlayırdı. Burada ondan indiyə qədər haqqında eşitmədiyi sənədi – yerli bələdiyyə tərəfindən təsdiq olunmuş və möhürlü dəvətin əslini təqdim etməyi xahiş edirlər. Halbuki Dato Avropaya vizasız getmək üçün lazım olan sənədlər barədə informasiyanı ətraflı öyrənmişdi.
Bu sənədi olmadığına görə, gürcü və xarici sərhədçilər ona sərhədi keçməyə imkan vermədilər və reysə buraxmadılar. Dato əlində olan sənədləri göstərərək, səfərinin məqsədini əsaslı şəkildə izah etməyə çalışdı, amma ona qulaq asan olmadı.
«Yumşaq desək, qəribədir ki, Gürcüstan ərazisində aeroportda xarici sərhədçi qərar verir ki, mən ölkəni tərk edə bilərəm ya yox. Amma mən bunu da normal qəbul edərdim, əgər yerli polislər tərəfindən kobud davranışla üzləşməsəydim. Mənimlə cinayətkar kimi davranırdılar, sanki Avropada nəyisə korlamaq istəyirəm. Mənə səfərimlə heç bir əlaqəsi olmayan çox sayda dəxlisiz suallar verirdilər (maliyyə vəziyyətim, şəxsi həyatım cə s. barədə)».
Rəsmi dəvət hazırlayıb göndərmək üçün Datonun qardaşının Fransada təxminən bir ayı itdi. Bunun üçün o, bələdiyyəyə mənzilin sənədlərini və bank hesabından çıxarış təqdim etməli oldu.
Axırda Dato Fransaya gedə bildi – yenə də Kutaisi aeroportundan. Amma bu, ona böyük vaxt və maliyyə itkisi bahasına başa gəldi, əsəblərdən heç danışmağa dəyməz.
«Vətəndaşımızın Kutaisidən Avropaya səfəri çox vaxt həmin səhər sərhədçilərin yuxudan hansı əhvalda oyanmasından asılıdır. Bəzilərini ümumiyyətlə yoxlamırlar, digərlərini çox diqqətlə yoxlaya, axtarış apara bilirlər, sonra da buraxmırlar.
Əlində bu rəsmi dəvətnamə olmadan rahatca buraxılan iki nəfəri şəxsən tanıyıram. Mənim baş tutmayan səfərimdən düz bir həftə sonra dostumun Parisə gedən babasını buraxdılar. Digəri aeroportda mənim yanımda duran kişi idi. O, sənədin əslini təqdim edə bilməsə də problemsiz yola düşə bildi.
Hansısa konkret tələb və ya meyar yoxdur, bu da çox pisdir, çünki sizi aeroportda nə gözlədiyini dəqiq bilə bilmirsiz v əmin deyilsiz ki, ölkəni tərk edə biləsəksiz ya yox”, – Dato deyir.
Tamta Toduanın başına gələnlər Datonun danışdıqlarına çox bənzəyir. Amma bu dəfə Amerika şəbəkə marketinqi şirkətinin bir qrup gürcü işçilərini reysə buraxmayıblar. Tamta iş yoldaşları ilə birlikdə şirkətinin Milanda baş tutacaq tədbirinə gedirdi. Biletləri onlara şirkət almışdı, Roma üzərindən, çünki həmin tarixə birbaşa reyslər yoxuydu. Romadakı aeroportdan onları şirkətin tutduğu sürücü qarşılayıb, yolda şəhərin gəzməli-görməli yerlərini göstərməli idi.
Amma onlar yola düşə bilmədilər – çünki aeroportdakı sərhədçilər onlardan Romadan Milana qatar biletlərini göstərməyi tələb etdilər, Tamta və iş yoldaşlarının sözlərinə də inanmadılar, nəticədə onlar reysə buraxılmadı.
İkinci cəhdi iki gün sonra artıq Milana birbaşa reyslə etdilər. Amma bu dəfə də aeroportdakı yoxlanış problemsiz ötüşmədi.
«Bilirdik ki, Avropaya getmək üçün günə 50 avromuz olmalıdır. Amma qəribədir ki, sərhədçilər bizə dedilər, əgər gündəlik 100 avromuz olmasa, buraxmayacaqlar. Dərhal ailə üzvlərimizə və dostlarımıza zəng etməyə başladıq, onlar da bizə çatmayan pulu köçürdülər.
Beləliklə də əsəblərimiz bahasına nəhayət şirkətimizin tədbirində olmaq üçün Milana üç günlük gələ bildik. Ekskursiyamız baş tutmadı, amma düzü, artıq o əhvalda da deyildik”, – Tamta danışır.
Kutaisi aeroportunda JAMnews-un jurnalistləri yanvarın 28-də Roma və Milan reyslərinə qeydiyyatı müşahidə edə bildilər. Qeydiyyat masası qarşısında sərnişinlər gürcü və avropalı sərhədçilərin yoxlanışından keçmək üçün növbədə dayanmalı oldular. Gözümüzün önündə dörd sərnişini reysə buraxmadılar.
Romaya getmək istəyən qızı ona görə qaytardılar ki, göstərdiyi Romanın mərkəzində ailə tipli otelin bronu yoxlama aparanlara çox ucuz gəldi. Eyni prinsiplə də hostel bron edən gənc oğlanı reysə buraxmadılar. Orta yaşlı cütlüyü Milan meriyası tərəfindn təsdiq olunmuş rəsmi dəvətin olmadığına görə buraxmadılar.
Vizasız rejim təhlükə altındadır?
Avropa ilə sərhədlərin açılması Gürcüstan vətəndaşlarına səyahət etmək, təhsil almaq və iş əlaqələri qurmaq üçün daha çox imkan yaratdı. Eyni zamanda da dövlət üçün Aİ qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı artıq baş ağrısı əmələ gəldi. İlk növbədə, qeyri-leqal miqrasiyanın qarşısını almaqla bağlı.
Ötən ilin mayında Gürcüstana Fransanın daxili işlər naziri Kristofer Kastner səfər edəndə məlum oldu ki, Avropada sığınacaq almaq istəyənlərin anomal sayı Gürcüstan vətəndaşlarının Şengen zonasına vizasız səfərləri üçün real təhlükə ola bilər.
Avropa İttifaqının Statistika Xidmətinin məlumatına görə, 2018-ci ildə Gürcüstandan 17 980 vətəndaş Avropa İttifaqında sığınacaq istəyib, bu da sığınacaq istəyənlərin ümumi sayının üç faizini təşkil edir. Bu rəqəm 2017-ci ilə olan göstəricidən 11 faiz azdır. Amma 2016-ci illə müqayisədə iki dəfədən artıqdır (8700).
Gürcüstan təhlükəsiz ölkədir, burada müharibə baş vermir, buna görə də bu sayda sığınacaq istəyənlərin olması yolverilməzdir və “Gürcüstanın adına ləkədir”, Kastner özünün gürcü həmkarı Giorgi Qaxariya ilə görüşündən sonra bildirib. “Bunun üzərində işləməsək sabah Gürcüstanın Avropaya girişi məhdudlaşdırıla bilər”, – o deyib.
Onda Gürcüstan DİN rəhbəri Giorgi Qaxariya ilk dəfə bildirib ki, Avropa zabitləri – Fransa Miqrasiya Xidmətinin əməkdaşları – qanunsuz miqrasiyanın qarşısının alınması üçün Gürcüstan ərazisində işləyəcəklər.
Həmin vaxt Kutaisi aeroportunda artıq Vyanaya yenicə açılan reysin sərnişinlərini yoxlayan xarici zabitlər növbə çəkirdi. Onda Aeroportlar Birliyinin nümayəndələri jurnalistlərə bildirdilər ki, bu, FRONTEX Avropa Sərhəd Agentliyinin zabitləri olub, onlar Avstriya tərəfinin tələbi ilə nəzarəti həyata keçiriblər.
Amma Gürcüstan hökuməti nəzarət qaydalarının dəyişdirilməsi ilə bağlı Gürcüstan vətəndaşlarını xəbərdar etmək məqsədi ilə heç bir rəsmi məlumat verməyib və hər hansı informasiya kampaniyası aparmayıb. Və izah etməyib ki, konkret hansı əsasla xarici sərhəd xidmətləri nümayəndələri nəinki Gürcüstan vətəndaşlarını öz ölkələrinə buraxmamaq, hətta onların reysə qeydiyyatdan keçməsinə imkan verməmək səlahiyyətinə malikdirlər.
Gürcüstanın Daxili İşlər Naizrliyindən bizə telefonla bildirildi ki, bu qaydalar Gürcüstan və Avropa qurumları arasında əməkdaşlıq haqqında memorandum əsasında tətbiq olunub. Memorandumun şərtləri məxfidir və açıqlana bilməz.
Biz həm də DİN mətbuat xidmətinin çoxsaylı vədlərinə baxmayaraq, JAMnews-un yazılı suallarına cavab ala bilmədik.
Kutaisi aeroportu administrasiyası və təhlükəsizlik xidmətindən də heç bir məlumat almaq mümkün olmayıb – məlum olub ki, bu məsələ onların səlahiyyətləri çərçivəsində deyil. “European Union Border Guard” yazılı nişanları olan xarici sərhədçilərin özləri hər hansı şərh verməkdən boyun qaçırır və bizi gürcü həmkarlarının yanına göndərirdilər, onlar da öz növbəsində suallara cavab vermək istəmirdilər.
Təhlükəsizlik naminə məhdudiyyət?
“Açıq cəmiyyət” Fondunun hüquqşünası və beynəlxalq hüquq üzrə mütəxəssis Giorgi Çitidzenin sözlərinə görə, Gürcüstan vətəndaşlarının Şengen zonası ölkələri ərazisinə buraxılması məsələsini Aİ-də akkreditasiyadan keçmiş sərhədçilər həll edir, onlar müvafiq biliklər, peşəkarlıq və mandata malikdirlər. Fərq ondadır ki, qərar Aİ sərhədini keçəndən sonra deyil, preventiv qaydada, Gürcüstan ərazisində verilir.
«Qeyd etmək lazımdır ki, Gürcüstan konstitusiyası bütün şəxslərə ölkə daxilində hərəkət etmək azadlığını təmin edir. Vətəndaşlara həm də ölkəni tərk etmək konstitusion hüququ verilir. Bu da insanın fundamental azadlığının bir hissəsidir. Amma qeyd etmək lazımdır ki, bu hüquq bir sıra səbəblər üzündən məhdudlaşdırıla bilər. Bunlardan biri dövlət təhlükəsizliyi motividir», – Çitidze izah edir.
Onun sözlərinə görə, “problemi kompleks şəkildə nəzərdən keçirsək”, burada məhz dövlət təhlükəsizliyi məsələsi dura bilər – bu da ölkənin viza rejiminin liberallaşdırılması sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur.
«Amma vacibdir ki, bu cür qərarlar (sərhədin keçilməsi) təkcə Gürcüstan sərhədçiləri tərəfindən deyil, Aİ mandatı olan şəxs tərəfindən qəbul edilsin. Ayrıca problem də ondan ibarətdir ki, sərnişinlərə təyyarə göyərtəsinə buraxılmamasının səbəbini izah etmirlər. Təbii ki, onların ölkəni tərk edə bilməməklərinin səbəblərini bilmək haqqı var», – Çitidze deyir.
Vizasız səfər edə bilmək üçün nə lazımdır?
“28 mart 2017-ci il tarixindən etibarən biometrik pasportu olan Gürcüstan vətəndaşları Aİ/Şengen ölkələrinə vizasız səyahət edə bilərlər”, – Gürcüstanın Xarici İşlər Nazriliyinin saytında oxuyuruq.
Burada səfərin maksimal müddəti barədə də məlumat var – 180 gün ərzində 90 gün. Aşağıda səfərin məqsədini təsdiq edən vacib sənədlərin kiçik siyahısı verilir:
— geriyə bilet;
— Otel bronu;
— Sığorta;
— səfərin maliyyə təminatının təsdiqi.
Nə Xarici İşlər Nazirliyinin, nə DİN-nin saytında, nə də hər hansı başqa rəsmi internet resursunda məlumat yoxdur ki, Avropada konkret olaraq hansı tip otel və ya apartament seçilməlidir ki, yoxlanmadan dəqiq keçə biləsən.
Kiminsə evində qonaq olmağa gəlincə, XİN-nin saytında deyilir ki, bunun üçün dəvət edən şəxsin ünvanı və əlaqə informasiyası, bundan başqa, onun oturum sənədinin surətinin olması kifayət edir. Amma bir çox vətəndaşın acı təcrübəsi göstərdi ki, bu məlumatlar əməlli-başlı köhnəlib.
Avropaya getmək istəyənlərə yalnız öz yolları ilə lazımi informasiyanı əldə edən turoperatorlara ümid etmək qalır.
Avropa turları üzrə mütəxəssis Anna Mazmanova izah edir ki, son zamanlar, məsələn, bəzi ölkələr sığorta limitini (səfərə çıxan şəxsin özünü sığortalamalı olduğu məbləği) xeyli qaldırıblar. Və öz səfərini özü təşkil edən adi vətəndaşlar bundan çətin xəbər tuta bilər. Buna görə də sərhəddən buraxılmamaları riski var. Çox sayda daha belə nüans var ki, onları bilməmək sərhədçilərin onları geri qaytarmasına səbəb ola bilər.
Avropa sığınacaq üçün gedənlərin sayı artır
Reysə buraxılmayan və ya ölkəni tərk etmək hüququndan məhrum olunan insanların dəqiq statistikası yoxdur. Bu, təbiidir, çünki onları hətta pasport nəzarətinə qədər də buraxmayıblar.
Beləliklə, Gürcüstan vətəndaşlarının ölkədən çıxışı üçün qeyri-rəsmi əngəllər törətmək hesabına ölkə hökuməti Aİ ilə əməkdaşlıqda Avropa siyasətçilərinin dəfələrlə xəbərdar etdiyi problemi minimallaşdırmağa çalışır – çox sayda Gürcüstan vətəndaşı evə qayıtmağa tələsmir.
Nə Xarici İşlər Nazirliyi, nə də DİN hələlik hansı sayda ölkə vətəndaşının 2019-cu ildə vizasız rejimi pozması barədə dəqiq məlumat verə bilmirlər.
Sığınacaq istəyənlərə gəlincə, Avropa Statistika Xidmətinin son məlumatlarına görə, 2019-cu ilin yanvar ayından noyabr ayına qədər siyasi və humanitar səbəblərlə Aİ ölkələrinə sığınacaq üçün 20 mindən çox Gürcüstan vətəndaşı müraciət edib. Bu isə artıq 2018-ci ildə olandan çoxdur.
Gürcüstandan sığınacaq istəyənlərin axınının qarşısını almaq üçün artıq Şengen zonasının 15 ölkəsi çıxış yolunu Gürcüstanı təhlükəsiz ölkə elan etməkdə tapdı. Bu isə o deməkdir ki, sığınacaq verilməsi haqda ərizələr qəbul edilməyəcək və işə qısa müddər ərzində baxılandan sonra adamlar geri qaytarılacaq.