Koronavirus epidemiyasından şübhələnən həkimin özü də ölüb. Yenilənmiş statistika
7 fevral, 2020
Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus hazırda dünyanın 25 regionunda qeydə alınıb. Xəstəliyin yayılmasını onlayn-xəritədən izləmək mümkündür.
Xəstələnənlərin sayı 30 min nəfəri, ölənlərin sayı isə 600 nəfəri aşır. Amma sağalanlar ölənlərə nisbətən daha çoxdur – 800 nəfərə yaxın.
Gərgin məqamlardan biri Yaponiyada Yokohama sahilyanı akvatoriyasında karantinə alınan “Diamond princess” kruiz gəmisindəki vəziyyətlə bağlıdır. Orada epidemiyanın yayılma tempi özünəməxsusdur – iki gün ərzində koronavirusa yoluxanların sayı 20 nəfərdən 61 nəfərə yüksəlib.
Ölüncül təhlükəni üzə çıxaran həkim – amma onu dinləmədilər
Çin mediası koronavirus epidemiyası haqda ilk xəbərdarlıq edən və özü də bu xəstəliyə yoluxan həkim Li Venlianın ölümünü təsdiqləyib. 2019-cu ilin dekabrında o, hakimiyyətə öz şübhələri haqda bildirib, amma onu cəzalandırıblar.
BBC-nin yazdığına görə, həkimin ölümü Çin sosial şəbəkələrində fəal müzakirə olunmağa başlayandan sonra məmurlar onun bədənini həyattəminatı sisteminə qoşmaq və onun öldüyü haqda məlumatları silmək göstərişi veriblər. Onun ölümü yalnız bir gün sonra təsdiqlənib.
Ölkənin nüfuzunu düşünərək başlamış xəstəlik haqda məlumatları gizlətdiyinə və bununla da onun daha da yayılmasına şərait yaratdığı üçün Çin hakimiyyətinə qarşı dünyada üınaq getdikcə artır.
Alimlər hələ də yeni virusa qarşı vaksin axtarırş hələlik müəyyən edilib ki, bir neçə il əvvəl yayılan atipik pnevmaniyaya qarşı vaksin bu halda da istifadə oluna bilər.
Yüz faiz effektiv olan vaksinin əldə olunması üçün proqnoz 2 aydır.
Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti qlobal təhlükə hesab edir, amma “qlobal epidemiya” ifadəsindən istifadə etmir.
31 yanvar, 2020
Ümumdünya Səhiyyə Təşkilatı yanvarın 31-dən yeni koronavirusla bağlı vəziyyətlə əlaqədar “qlobal fövqəladə vəziyyət” elan edib.
Dünya üzrə xəstələnənlərin sayı 10 minə yaxınlaşır, 200 nəfərdən çox ölən var.
Virusun yayılmağa başladığı Çinin Uxan şəhərində dörd gün ərzində xüsusi tibbi mərkəz tikilib ki, xəstələnənlər bura çatdırılır.
Bir çox ölkələr Çindən uçuşları dayandırıb, Çindən malların və materialların ixracatı da dayanmaq üzrədir. Mütəxəssislər bildirirlər ki, bütün bunlar dünya iqtisadiyyatı üçün çox ciddi nəticələrə gətirib çıxara bilər.
“Qlobal fövqəladə vəziyyət”in elan edilməsi nə deməkdir
Ümumdünya Səhiyyə Təşkilatının bu şəkildə fövqəladə vəziyyət elan etmək hüququ 2005-ci ildə qəbul edilib və bu qərar dünyanın 196 ölkəsi ilə razılaşdırılıb.
Lakin praktiki anlamda bunun heç bir əhəmiyyəti yoxdur.
“Qlobal fövqəladə vəziyyət” elan olunduqda verilən tövsiyələr icra üçün məcburi deyil. Eyni zamanda, dövlətlərin bu tövsiyələrə riayət edib-etməməsini yoxlayan sistem mövcud deyil – riayət olunmamağa görə cəza və ya sanksiyalar da nəzərdə tutulmayıb.
Eyni zamanda, bəzi mütəxəssislər güman edirlər ki, “qlobal fövqəladə vəziyyət”in elan edilməsi böyük ehtimalla elmi məlumatların ciddi analizinin deyil, siyasətin təsirinin nəticəsi ola bilər. Bu məlumatı CNN tibbi hüquq üzrə ixtisaslaşdırılmış “The Lancet” jurnalına istinadən verib.
30 yanvar, 2020
Yeni koronavirusa yoluxma nəticəsində ölənlərin sayı 172 nəfərə çatıb.
Çində xəstələnənlərin sayı isə 6 min nəfərə yaxınlaşır.
Yoluxmadan sonra 102 nəfər sağalıb.
“2019-nCoV” adlandırılan virus ştammı Çindən başqa ən azı 17 ölkədə, o cümlədən də ABŞ, Hindistan, Almaniya, Avstraliya, Fransa, Tayland, Filippin, BƏƏ və Cənubi Koreyada aşkarlanıb.
Çinli mütəxəssilərin dəyərləndirməsinə əsasən, virusun yayılmasının pik həddi 7-10 gün sonra baş verəcək.
Bu gün Ümumdünya Səhiyyə Təşkilatı virusun qlobal təhlükə daşıyıb- daşımadığını müəyyən etmək üçün təcili görüş keçirəcək.
26 yanvar, 2020
Çində yayılan “2019-nCoV” virusu 56 nəfərin ölümünə, iki mindən çox insanın isə xəstələnməyinə səbəb olub. Xəstəliyin başlandığı ehtimal olunan Uhan şəhəri ətraf aləmdən tam təcrid edilib.
Amma virus Pekin və Şanxay da daxil olmaqla Çinin başqa şəhərlərinə də yayılıb. Birləşmiş Ştatlar, Tayland, Cənubi Koreya, Yaponiya, Avstraliya, Fransa və Kanadada da bu virusa yoluxma halları qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı vəziyyətlə bağlı qlobal təhlükə elan etməyib. Digər ölkələr hələlik yalnız Çindən gələn sərnişinlərin girişdə müayinəsi ilə kifayətlənir.
Amma “Reuters”in verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti Uhan şəhərindəki konsulluğunun əməkdaşlarını evakuasiya edəcəyi haqda açıqlama verib. Həmçinin bildirilib ki, yanvarın 28-də San-Fransiskoya uçması planlaşdırılan həmin təyyarə reysində fərdi Amerika vətəndaşlarına da az sayda yer ayrılacaq.
Təhlükəli vəziyyətlə bağlı Çin hakimiyyəti bəzi şəhərlərdə Çin təqvimi ilə Yeni ilin adətən təmtəraqlı qeyd olunan bayram şənliklərini tam qadağan edib, bəzi şəhərlərində isə əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Bu il çinlilərin Yeni ili yanvarın 25-ə təsadüf edir.
26 yanvar, 2020
Uhan əhalisi 11 milyon nəfərdən ibarətdir. Onlardan israrla rica olunub ki, xüsusi bir ehtiyac olmadan küçələrdə görünməsinlər.
Fövqəladə tədbirlərin səbəbi indiyə qədər məlum olmayan virusun peyda olmasıdır. Xəstələnənlərin sayının 500 nəfəri keçdiyi təsdiqlənib. Yaşı 49-dan 89-a qədər olan 17 nəfər artıq bu xəstəliyin qurbanı olub.
Kəskin nəfəs yolları xəstəliyinə səbəb olan 2019-nCoV virusu bu əsrin əvvəlində dünyada 800 nəfərin ölümünə səbəb olan Sars virusuna oxşayır.
Alimlər virus mənbəyinin ilanlar olduğunu ehtimal edirlər, amma bu versiyanin təsdiqlənməyə ehtiyacı var. Epidemiya vəhşi heyvanların qanunsuz satıldığı Uhan bazarında başlayıb.
Virusun peyda olması haqda məlumatlarla əlaqədar olaraq Avropa və ABŞ-ın bir çox aeroportlarında Çindən gələn sərnişinlərin tibbi müayinəsi tətbiq olunur.