Azərbaycan hakimiyyəti məmurların və nazirlərin yerdəyişməsilə məşğuldur
Son iki gün ərzində Azərbaycanda bir neçə ciddi kadr və struktur dəyişikliyi baş verib: Prezident Administrasiyası rəhbərinin istefasından tutmuş Vergilər Nazirliyinin ləğvinə qədər.
Məhz nə baş verib?
[yes_list]
- 1995-ci ildən bəri Prezident Admistrasiyasına rəhbərlik edən 81 yaşlı Ramız Mehdiyevin istefası. Buna qədər isə, hələ SSRİ dövründə o, hazırkı prezidentin atasının hakimiyyət illərində analoji vəzifəni tutub. Bundan sonra Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edəcək. Prezident Administrasiyasına kimin rəhbərlik edəcəyi isə hələ bəlli deyil.
- İqtisadiyyat naziri Şahin Mustafayevin istefası. O, baş nazirin müavini təyin edilib. Daha əvvəl bu vəzifəni Hacıbala Abutalıbov (Bakı şəhərinin keçmiş İcra Hakimiyyəti başçısı) tuturdu, onu artıq təqaüdə göndəriblər;
- Keçmiş vergilər naziri Mikayıl Cabbarov yeni iqtisadiyyat naziri təyin edilib. O, daha əvvəl təhsil naziri vəzifəsini də tutub. Əvvəlki iki nazir postunda o, cəmiyyətin təqdir etmədiyi bir sıra islahatlara imza atıb;
- Vergilər Nazirliyi ləğv edilib və bütün əməkdaşları ilə birlikdə İqtisadiyyat Nazirliyinə birləşdirilib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, o cümlədən də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti ləğv edilib;
- Baş nazir müavini Əli Həsənovun istefası. Bununla belə o, başqa bir neçə vəzifəni – Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri, Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyasının sədri və “Yeni Azərbaycan” iqtidar partiyasının sədr müavini – tutmaqda davam edir.
[/yes_list]
Baş verənlərdə təəccüblü olan nədir?
Bütün bu yerdəyişmələr çox sürətlə və gözlənilməz baş verib. Bir neçə saat ərzində insanlar bir vəzifədən çıxarılıb digərinə təyin ediliblər. Yalnız sadə vətəndaşlar yox, ekspertlər və mütəxəssislər də çaşqınlıq içindədir.
Demək olar ki, yerləri dəyişdirilən bütün vəzifəli şəxslər yaşlı insanlardır. Buna görə də, çoxları bu yerdəyişmələri prezidentin hökuməti “cavanlaşdırmaq” istəyi kimi qəbul edib.
Bu hadisələrlə ötən istirahət günlərində baş tutan iki etiraz aksiyası (müxalifətin mitinqi və feministlərin yürüşü) arasında əlaqə axtaranlar da çoxdur. Amma heç kim hakimiyyətin bundan sonrakı davranışlarının hansı yöndə dəyişəcəyini və ümumiyyətlə dəyişib-dəyişməyəcəyini dəqiq proqnozlaşdıra bilmir.
Prezidentin özü deyib ki, “kadr islahatları mütləq və qaçılmazdır”.
Cəmiyyətin reaksiyası
İnsanlar nə baş verdiyini anlamayaraq məsələ ətrafında hələlik sadəcə zarafat edirlər.
Məsələn, iqtisadçı Natiq Cəfərli təklif edir:
“Qoy ümumiyyətlə bütün nazirlikləri birləşdirsinlər və “VergilərGömrükİqtisdiyyatDaxiliİşlərNazirliyiKəndlərŞəhərlərRabitəvəİnşaatTexnologiyaSəhiyyəTəhsilEkologiya Nazirliyi” adlandırsınlar. Mikayıl Cabbarovu isə ora nazir təyin etsinlər. Məncə, ölkəyə bir nazirlik və bir nazir kifayətdir”.
Bəziləri Ramiz Mehdiyevin istefasına sevinir, digərləri isə bu sevincin səbəbini anlamır.
“Bunun “islahatçılıq” üçün gözə kül üfürmək olduğunu anlamaq belə çətindi ki?… Ümumiyyətlə hansı postda kimin olması çox da əhəmiyyətli deyil belə bir rejimdə”, – gənc fəal, keçmiş siyasi məhbus Qiyas İbrahim yazıb.