Faktlar və feyklər: Ukraynada MH17 reysinin qəzaya uğramasından beş il ötür
Ukraynada enən Boeing uçuşu MH17
“Novaya qazeta”nın materialı əsasında
Beş il əvvəl 2014-cü il iyulun 17-də Malayziyanın Amsterdamdan Kuala-Lumpura uçan 298 sərnişinli “Boinq” təyyarəsi Şərqi Ukrayna səmasında “yer-hava” raketi ilə vurulub. 80 nəfəri uşaq olmaqla bütün sərnişinlər havadaca həlak olub. Onların əksəriyyəti Hollandiya vətəndaşları idi. Pilotların bədənində sovet istehsalı olan “Buk” hava hücumuna qarşı kompleksinə aid raketin vurucu yayının ibarət olduğu zədələyici elementlər aşkarlanıb. İyulda beynəlxalq istintaq qrupu (JIT) ilk dəfə təyyarənin vurulmasında şübhəli bilinən dörd nəfərin adlarını açıqlayıb. Onlardan üçü Rusiya vətəndaşıdır.
Faktlar
Sərnişin təyyarəsini vuran raket Pervomayskoye qəsəbəsindən (Snejnoe şəhərinin ətrafı) buraxılıb. Ukrayna 2014-cü il müharibəsindən sonra bu ərazilərə nəzarət edə bilmir. “Buk” zenit kompleksi, daha sonra beynəlxalq istintaqçıların (JIT) müəyyən etdiyi kimi, münaqişə zonasına Rusiya ərazisindən gətirilib və tanınmamış “Donetsk Xalq Respublikasının” (“DXR”) nümayəndələrinə təhvil verilib.
• Rusiya generalı, Cənubi Osetiyanın keçmiş müdafiə naziri MH17-ə hücuma rəhbərlik edib
• Rusiyanın MH17 təyyarəsinin vurulmasına və kibermüharibəyə aidiyyatı var
Rusiya ordusuna aid silahın qonşu dövlətin ərazisinə necə gəlib çıxdığını, silahın ötürülməsinin kim tərəfindən sanksiyalaşdırıldığını hələ müəyyənləşdirmək lazımdır. Amma istənilən halda həmin ərəfədə Donbasdakı separatçı qüvvələr hava hücumu əleyhinə vasitələrə kəskin ehtiyac duyurdular. Ukrayna aviasiyası fəal şəkildə qoşunları separatçıların arxa cəbhəsinə yerləşdirirdi və onları Rusiya sərhədindən ayırmaqla, müvafiq olaraq, Rusiyanın cənubundan “DXR” və “LXR”a gələn bütün növ yardımın qarşısını almaqla təhdid edirdi.
Hava təhlükəsinin dəf edilməsi separatçılar üçün həyatda qala bilmək məsələsinə çevrilmişdi, çünki adi daşınan zenit kompleksləri çox yüksəkdən uçan hava gəmilərini vurmağa yaramırdı. İyulun ortasına doğru separatçılar böyük ehtimalla Rusiyadan yeni yardım ala bilmişdi:
2014-cü il iyulun 14-də onlar Ukrayna HHQ-in An-26 hərbi nəqliyyatını vurmağa müvəffəq olmuşdular; hava gəmisi 6 min metrdən daha yüksəkdə uçur ki, bu məsafəni də ancaq “Buk” kimi uzaqməsafəli hava hücumundan müdafiə kompleksi qət edə bilər.
2014-cü il iyulun 17-də “DXR” nümayəndələri növbəti An-26 nəqliyyatının uçuşu haqda məlumat alırlar. “DXR” HHM Snejnı ətrafından uçan təyyarəyə hücum edir və Rusiyanın rəsmi mediası bu haqda dərhal məlumat verir. Separatçıların ələ keçirilmiş telefon danışığında vurulmuş An-26 haqda söhbət gedir.
Yalnız təyyarənin düşdüyü yerə gələndən sonra separatçılar mülki layneri vurduqlarını anlayırlar.
Feyklər
Faciənin elə ilk günündən Rusiya hakimiyyəti hadisədə nəinki öz rolları inkar edir, hətta “DXR” və “LXR” qüvvələrinin sərnişin “Boinq”inin vurulmasına aidiyyatının olmadığını israrla bildirir.
Bu zaman təbliğat dərhal bir neçə feyki ortaya atdı ki, onlardan ən məşhuru Ukrayna hərbi təyyarəsinin “Boinqə” hücum etməsi ilə bağlı oldu.
Bu versiyanı dəstəkləmək üçün hökumətyönlü media hər dəfə büsbütün saxtalaşdırılmış və ya natamam məlumatlardan istifadə edirdi.
Rusiyanın digər versiyası Malayziyanın “Boinq-777” təyyarəsinin həqiqətən də “Buk” hücumuna məruz qaldığı haqda idi, amma Rusiya tərəfindən yox, Ukrayna tərəfindən, Ukraynanın nəzarəti altında olan Zaroşenskoe kəndi əraszisindən. Bu versiya Bellingcat-in müstəqil ekspertləri tərəfindən təkzib edildi.
2015-ci ilin oktyabrında Hollandiya Təhlükəsizlik Şurası elan etdi ki, Snejnı ətrafında “Buk” zenit-raket kompleksindən (ZRK) buraxılan raket MH17 reysli təyyarənin qəzaya uğramasının yeganə səbəbidir. Elə o vaxt bəlli oldu ki, Şura yardım üçün Rusiya tərəfinə, bilavasitə “Buk” istehsalçısı “Almaz-Antey” dövlət korporasiyasına müraciət edib.
Hollandiyanın koordinasiyası ilə büynəlxalq kriminal araşdırma da başlanıb. Bu araşdırma “Buk”un separatçıların əlinə necə keçdiyini, ekipajda kimin olduğunu və nəhayət, qurğunun istifadəsi və atəş əmrini kimin verdiyini üzə çıxarmalı idi.
Xatırladaq ki, 2018-ci ilin mayında hollandlar raket mühərrikinin 9032 seriya nömrəli örtüyünü nümayiş etdirərək bildirdilər ki, bu, vacib dəlil ola bilər.
Rusiyanın müstəqil “Novaya qazeta” nəşrinin məlumatına əsasən, mühərrik tapıntıya görə qonorar tələb etmiş “DXR”dan olan naməlim şəxslərin vasitəçiliyi ilə JIT-in əlinə keçib. “Novaya qazeta”nın mənbəyinin bildirdiyinə görə, qonorar məbləği on minlərlə dollar həcmində olub. İstənilən halda bu maddi sübutun həqiqiliyi və “vasitəçilərin” əsl motivləri bugün MH17 işində yeganə aydınlanmamış məsələ olaraq qalır. JIT rəhbəri Fred Vesterbekin sözlərinə görə, beynəlxalq ekspertlər indiyə qədər raket haqda məlumatları gözdən keçirirlər.