Qarabağ dialekti brendə çevrilir
Ek kez pend xtim (qoy səni bərk-bərk qucaqlayım), ek pitar dincats (get bir az dincəl), lox lava (hər şey yaxşıdır)… Qarabağ dialekti gəlirli brendə çevrilir
Üzərində bu dialektdə yazılar olan əl işləri xüsusən ermədilli turistlər arasında çox populyardır.
80-ci illərin sonlarında azərbaycanlılar və ermənilər arasında Dağlıq Qarabağ ətrafında yaranan münaqişə hələ də həllini tapmayıb. Hələ də beynəlxalq səviyyədə tanınmağa nail olmayan Dağlıq Qarabağda erməni dilinin yerli özünəməxsus dialektində danışırlar, çoxlarına bəlli olan yerli ifadə və deyimləri həm də maykalara və çaşkalara həkk edir, mahnı sözlərində işlədir, kafe və restoranların menülərində yazırlar. Yerli danışıq tərzini brendə çevirənlər deyirlər ki, bu dialektin populyarlığının bu yöndə istifadə olunması ideyası mövcud tələbat sayəsində yaranıb.
Yerli şivədə fars və türk dillərindən alınma sözlər çoxdur. Burada rus dilindən alınma, yerli koloritli şivə ilə bəzədilən sözlərdən də istifadə olunur. Yaradıcılıqda və ya biznesdə Qarabağ dialektində danışanlar qeyd edirlər ki, bu onlara hər şeyi daha maraqlı, orijinal və canlı etməyə kömək olur. Beləcə 2011-ci ildə “Alo, alo” mahnısı erməni dinləyicilər arasında əsl hitə çevrildi.
“Mən “Alo, alo”nu mahnıdan daha çox dialetkt poeziyası hesab etməyə meyilliyəm. Mən mətn üzərində çox uzun zaman işləmişəm ki, tənqid üçün yer qoymayım. Orada ermənicə olmayan bircə söz də yoxdur”, – Artyom Valter (daha əvvəl – Tim De Beatz – müəllif qeydi) deyir.
Mahnı dinləyicilər tərəfindən bəyənilib və qısa zamanda internetdə yayılıb. İstifadəçilər mahnının bir neçə versiyasını Youtube-a yerləşdiriblər və hər biri tez bir zamanda çox sayda baxış əldə edib. Mahnının video-çarxını Qarabağ dialektini çox da anlamayanlar da paylaşırdı.
Qarabağ dialektini populyarlaşdıram mahnı indi də internet istifadəçilərinin diqqətini cəlb edir.
Dinləyicilərin mahnını bir qədər yumorla qarşılaması Artyomun xoşuna gəlmir. Buna görə də, Tim De Beatz Qarabağ dialektində cəmi üç mahnı yazıb və sonra bu səhifəni qapatmaq qərarına gəlib. Artyomun sözlərinə görə, indi onun öz yaradıcılığı ilə ifadə etmək istədikləri gündəlik səviyyədən yüksəkdir və bunu dialektlə tam mənada ifadə etmək mümkün deyil.
İfaçının sözlərinə görə, o, heç vaxt dialektdə istifadə olunan bu və ya digər sözün mənşəyi ilə bağlı mübahisəyə girmir.
“Tutaq ki, sübut elədim ki, bu bizim sözümüzdü, nə olsun ki?”
Xidmət sahəsində dialektdən istifadə
Rus dili sovet illərində qarabağlıların həyatında önəmli rol oynayıb, hətta İttifaq dağılandan sonra da insanlar ünsiyyətdə bu dildən istifadə edir. Rus sözləri nitqdə o qədər kök salıb ki, insanlar bəzən bu sözlərin erməni dilində analoqunu tapmağa çətinlik çəkir.
Bu cür kartov və soğan kisəsindən “Bardaka” ideyası yaranıb.
“Biz axşamlar dostlarla toplaşardıq, xüsusən də soyuq günlərdə, sobada soğanla kartof köz edərdik. Bir müddət sonra mən anladım ki, otaqda toplaşanlar yalnız mənim dostlarım deyil, həm də dostlarımın dostları, hətta tanımadığım insanlar da var. Buna görə də qərara gəldim ki, insanların gündəlik qayğılardan uzaqlaşacağı bir məkan açım”, – Stepanakertdə “Bardak” adlı yeganə pabın sahibi Azat deyir.
Onun sözlərinə görə, ad seçimi üzərində o qədər də çox düşünməyib, sonradan anlayıb ki, bu, rusdilli sözdür, amma özünün də yumorla qeyd etdiyi kimi, rus dili çoxdan Qarabağ dialektinin bir hissəsinə çevrilib.
Pabın ilk menüsündə cəmi dörd butulka alkoqollu içki vardı – ikisini evdən gətirib, ikisini də almışdı. “Bardake” açılandan təqribən bir il sonra yalnız içkilərin yox, həm də unikal yazıların çeşidi artıb.
Məkanın divarlarına baxarkən, müəlliflərin Qarabağın hansı regionundan olduğunu anlamaq mümkündür (Qarabağın müxtəlif rayonları öz yerli şivəsi ilə fərqlənir, yerli sakinlər danışıqda müxtəlif intonasiya və tələffüzdən istifadə edirlər – müəllif qeydi). Pabın sahibi hesab edir ki, məkandakı ən yaxşı yer düşüncələrə dala, yarada, özündən bir parçanı qoya biləcəyin çanağın olduğu küncdür. Bir neçə ay əvvəl Azat dövriyəyə orijinal yazılı futbolkalar seriyası buraxıb, onların üzərində məşhur brendlərin adları dəyişdirilərək yerli kolorit əldə edib.
Beləcə New Yorker New Yerkir-ə (yeni torpaq – müəllif qeydi), Levi’s Lav ıs-a (işlər necədir?) çevrilib, məşhur mahnının sözləri ilə oynanılaraq “Dont dilxor” (dilxor olma), be urax (şən ol) kimi səsləndirilib. Əlbəttə, Azat bilir ki, “dilxor” sözü Azərbaycanda da istifadə olunur.
Tətbiqi incəsənətdə dialektin rolu
“Ek xtim kez” (Qoy səni qucaqlayım) yazılı açıqca Lilitin kiçik biznesinin əsasını qoyub. Qısa zamanda o bu cür yazıları yalnız açıqcalarda yox, termoslarda, fincanlarda da yazmağa başlayıb.
“Əvvəlcə bu yazılarda insanları nəyin cəlb etdiyini anlamağa çalışırdım. Onlardan soruşurdum ki, yazıların hansı dildə olmasını istəyərdilər – ingilis, rus, yoxsa erməni dilində? Cavab həmişə eyni olurdu – dialektdən istifadə olunması ideyası hamının xoşuna gəlirdi, buna görə də mənə müraciət edirdilər”.
Lilit Mailyanın sözlərinə görə, son bir neçə ay ərzində onun sifarişlərdən azad bircə günü də olmayıb və bu gün onun hazırladığı məhsuların sayı yüzü keçib.
“Ən çox bayram ərəfəsində sifarişlər daxil olur. İnsanlar dialekt sözlər yazılmış orijinal, qeyri-adi hədiyyələr bağışlamaq istəyirlər”, – Lilit danışır.
Bu gün MaYilyan Handmade məhsulları Belçika, Ukrayna, ABŞ-a göndərilir. Qafan, Vanadzor və Yerevandan da sifarişlər gəlir.
Lilitin sözlərinə görə, “Ek kez xtim” (Qoy səni qucaqlayım) yazısı ən populyardır. Hər dəfə Lilit öz-özünə düşünürdü ki, niyə məhz bu ifadə hər kəsin ürəyincədir?
“Sonra anladım ki, bu ifadə istilik saçır. Axı onu istənilən ruh halında istifadə edirlər, hətta üzr istəyəndə belə. Ümumiyyətlə isə mən insanların öz hisslərini ifadə edə bilməsinin tərəfdarıyam, sonradan peşman olmamaq üçün”.
Lilitin Facebook sosial şəbəkəsində məhsullarını təqdim etdiyi səhifəsi var. Abunələrin sayı hər gün artır və bu, Lilit üçün xüsusi qürur mənbəyidir. O deyir ki, səhifəni hazırlamaq üçün heç bir xərc çəkməyib.
Qarabağ dialekti sosial şəbəkələrdə də aktualdır
Tatevik Xaçatryanın dərc etdiklərinin əksəriyyəti dialektdə yazılıb. Onun sözlərinə görə, bu, müxtəlif istifadəçilərdə fərqli reaksiya doğurur: çoxları israrla bildirir ki, sosial şəbəkələrdə yalnız ədəbi erməni dilində ünsiyyət saxlamaq lazımdır. Amma onun fikrincə, dialektlər qloballaşmanın təsiri altına düşmək təhlükəsi yaşayır və ola bilər ki, gələcəkdə onlar yox olmağa başlasın, buna görə də indi dialektlərdən mümkün qədər çox istifadə etmək lazımdır.
Məqalə üçün araşdırmanı Qafqaz İnstitutunun həyata keçirdiyi “Artsaxda araşdırma və analitik jurmalistikanın inkişafı” layihəsi çərçivəsində Mariam Sarqsyan redaktor və jurnalistika müəllimi Mark Qriqoryanın və Stepanakertdə jurnalistlər komandasına başçılıq edən Knar Babayanın iştirakı ilə aparıb
“Eşidilməyən səslər” layihəsi International Alert təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.