Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında yeni razılaşma
Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov arasında Moskvada danışıqlar baş tutub.
Nazirlərin görüşündən sonra dərc olunan ənənəvi birgə bəyanatda yeni bəndlər yer alıb. Böyük ehtimalla onlar atrıq dövlət başçılarının görüşündə razılaşdırılıb. Nikol Paşinyan və İlham Əliyevin ilk rəsmi görüşü martın 29-da baş tutub.
• Qarabağda gedən “aprel müharibəsindən” üç il keçir. Nə dəyişib? Bakı və Yerevandakı ekspertlər
Nazirlər nə haqda razılığa gəlib?
Görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Əvvəlcə danışıqlar üçtərəfli formatda – Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilib. Daha sonra ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri, həmçinin ATƏT-in qüvvədə olan sədrinin şəxsü nümayəndəsi də onlara qoşulub.
Danışıqların yekununa dair Rusiya XİN-in saytında dərc olunan bəyanatda deyilir:
“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəflərin Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə nizamlanması üzrə səylərini davam etdirmək niyyətlərini təsdiqləyiblər. Münaqişə zonasında, xüsusən də kənd təsərrüfatı işləri zamanı vəziyyətin bundan sonra da stabilləşdirilməsində maraqlı olduqları qeyd edilib.
Onlar həmçinin qarşılıqlı əsasda tərəflərin ərazilərində həbsdə saxlanılan şəxslərin qohumları ilə görüşünə imkan yaradılması üçün tədbirlərin görülməsi haqda razılaşıblar. Nazirlər insanlar arasında əlaqələrin yaradılması, o cümlədən də KİV nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili üzrə praktiki iş görməyə hazır olduqlarını ifadə ediblər”.
Nazirlər həmçinin sərhəddəki vəziyyəti və humanitar sahədə qarşılıqlı fəaliyyət imkanlarını müzakirə ediblər. Bu haqda daha əvvəl Nikol Paşinyan və İlham Əliyev də Vyanada baş tutan görüş zamanı razılığa gəliblər.
Yerevandan informasiya
Moskva görüşündən sonra Ermənistan mediası DQ prezidentinin mətbuat katibi David Babayanın bəyanatını dərc edib:
“Stepanakert Artsax Respublikası ərazisində həbsdə olan Azərbaycan vətəndaşlarının doğmalarının onları ziyarətinə icazə verməyə hazırdır. Qarabağ tərəfinin gizlədəsi bir şeyi yoxdur, çünki yolunu azan Ermənistan və DQ vətəndaşlarına (Azərbaycan sərhədini keçən – JAMnews) işgəncə verən Azərbaycandan fərqli olaraq bizdə məhbusların haqları qorunur. Artsax həmişə münaqişə tərəfləri arasında etimadın bərqərar olmasına şərait yaradan təkliflərlə çıxış edib”.
Yerevandan ekspert rəyi
Siyasi şərhçi Akop Badalyan hesab edir ki, Məmmədyarov və Mnatsakanyan görüşü dövlət başçıları arasında baş tutan danışıqların məntiqi davamıdır.
Onun fikrincə, danışıqlar prosesində birgə bəyanatda qeyd olunan razılaşmalardan başqa gündəm yoxdur:
“Ermənistan tərəfi danışıqlar prosesində Qarabağın da iştirakının mütləq olduğuna israr edir. Əsas kimi də daha əvvəl əldə olunan bəyanat və razılaşmaları (o cümlədən də KTMT çərçivəsində əldə olunanları) önə sürür. Azərbaycan buna qarşıdır və hazırda yeganə gündəm sərhəddəki vəziyyət və humanitar məsələlərdir”.
Bununla belə ekspert əldə olunan razılaşmaları mühüm hesab edir:
“Bakının hərbi ritorikanı sülh müzakirələrinə dəyişməsi faktını təqdir etmək lazımdır”.
Akop Badalyan danışıqlarda Rusiya XİN rəhbəri Sergey Lavrovun roluna diqqət çəkir:
“Rusiyanın rolu mühümdür. Məhz Rusiya regional təhlükəsizliyə görə bilavasitə cavabdehlik daşıyır. Aprel müharibəsində biz Rusiyanın iflasını gördük. Moskva regionda öz hərbi iştirakını sülhməramlı qoşunlar şəklində təmin etmək istəyirdi. Uğursuzluqdan sonra Rusiya regionda sülhə görə böyük məsuiyyət təzyiqi altındadır”.
Bakıdan informasiya
Moskvada görüşdən sonra Azərbaycanın xarici işlər naziri danışıqları şərh edib. Elmar Məmmmədyarov danışıqlar prosesinə mane olan əsas əngəllərin müəyyən edilməsini bu görüşün başlıca nailiyyəti hesab edib:
“Məsələn, Ermənistan status və təhlükəsizliklə bağlı məsələləri qaldırır. Biz isə ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma torpaqlara qaytarılmasına vurğu edirik. Bu dörd məsələ ətrafında müzakirələr aparılıb, danışıqların davam etdirilməsi haqda qərar qəbul edilib”.
Bakıdan ekspert rəyi
Politoloq İlqar Vəlizadə hesab edir ki, əldə olunmuş razılaşmalar ümumilikdə siyasi nöqteyi-nəzərdən ən az risklidir:
“Axı humanitar tərkib demək olar ki, ciddi siyasi addımlarla şərtlənməyib, sadəcə gələcəkdə daha konkret məsələlərin müzakirəsi üçün fon yaradır. Bununla yanaşı bu razılaşmaların həyata keçirilməsi tərəflərin hər hansı razılaşmaya əməl etməyə və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə nə dərəcədə qadir olduğunu nümayiş etdirə bilər. Azərbaycan tərəfi artıq “hamını hamıya” formulu üzrə girovların dəyişdirilməsini təklif edib.
Əgər Ermənistan bununla tam razı deyilsə, o zaman başlanğıc üçün doğmalarının girovları ziyarət etməsinə razılaşmaq olar. Bununla yanaşı yuxarıda deyilən formula üzrə mübadilənin aktuallığını unutmamaq lazımdır. Yekunda onu deyə bilərəm ki, bu razılaşmalara təmkinli nikbinliklə yanaşıram. Məhz təmkinli, çünki daha əmin nikbinlik üçün siyasi müstəvidə daha konkret addımlara ehtiyac var”.
Qarabağa Azadlıq Təşkilatının sədri Akif Nağı bəyan edib:
“Bu razılaşmalar yalnız ermənilərə sərf edir və erməni ssenarisinə müvafiqdir. Ermənistan bizim torpaqlarımızın onların işğalı altında qalmasında və bu şərtlər altında Ermənistanın Azərbaycanla münasibətlərinin normallaşmasında maraqlıdır. Nəticədə işğal faktı arxa plana keçəcək, müəyyən müddətdən sonra isə tamamən unudulacaq.
Bizim maraqlarımız isə Dağlıq Qarabağdan və digər işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasından sonra xalqların yaxınlaşmasının baş tutmasını tələb edir. Sülhə gedən bütün bu yollar müharibədən keçir. Qarabağ probleminin hələlik sülh yolu ilə həlli mövcud deyil”.