DTX-nin MİRAS sistemi: nədir, hüquqi, texnoloji və insan haqları perspektivindən necə görünür?
DTX-nin MİRAS sistemi
Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sistemi – qısaca MİRAS adlı yeni sistem yaradılıb. Bu fərmanla sistemin fəaliyyətini tənzimləyən “MİRAS haqqında Əsasnamə” də təsdiq edilib.
MİRAS-ın yaradılması ölkənin təhlükəsizlik sahəsində rəqəmsal imkanları artırmaq məqsədi daşısa da, adi vətəndaşlarda şəxsi məlumatların məxfiliyi, qanuniliyin təminatı və potensial sui-istifadə ilə bağlı məsələlər ictimai müzakiyə çıxarılmayıb.
Hətta qəbul edilən Əsasnamə də prezidentin rəsmi saytında paylaşılandan az sonra silinib.
Bu barədə araşdırmaçı Cavid Ağa özünün Feysbuk profilində paylaşım edib.
Bu məqalədə MİRAS sisteminin funksiyaları və məqsədləri, topladığı məlumatların miqyası, dövlət təhlükəsizliyi ilə şəxsi həyatın toxunulmazlığı arasındakı incə balans təhlil edilir. Həmçinin Avropa İttifaqındakı oxşar sistemlə müqayisə aparılır, MİRAS-ın avtoritar idarəçilik şəraitində sui-istifadə riskləri və vətəndaş cəmiyyətinə təsirləri müzakirə olunur.
“JAMnews”un bu materialında istifadə olunan terminlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
MİRAS sisteminin funksionallığı və məqsədləri
MİRAS DTX daxilində yaradılan mərkəzləşdirilmiş informasiya sistemidir. Onun əsas funksiyası müxtəlif dövlət qurumlarının məlumat bazalarını bir araya gətirərək, milli təhlükəsizlik üçün əhəmiyyət kəsb edən informasiyaları toplamaq, elektron mübadilə aparmaq və rəqəmsal analitik təhlillər həyata keçirməkdir.
Əsasnaməyə görə, MİRAS sisteminin yaradılmasında məqsəd DTX-nin qanunlarla müəyyən edilmiş kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyəti, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin qorunması kimi hüquq və vəzifələrinin icrasını təmin etməkdir.
Bu sistem sayəsində DTX müxtəlif mənbələrdən məlumatları operativ şəkildə əldə edib təhlil edəcək, təhlükəsizlik sahəsində proqnozlar (yəni qabaqlayıcı təxminlər) hazırlayacaq, hesabatlar tərtib edəcək və ümumilikdə göstərilən təhlükəsizlik xidmətlərinin keyfiyyətini yüksəldəcək.
MİRAS DTX üçün ənənəvi əməliyyat-axtarış tədbirlərini (telefon dinləmələri, müşahidə, agentura məlumatları və s.) elektron hökumət resursları ilə birləşdirən bir platforma rolunu oynayacaq.
MİRAS-ın yaradılması həm də müxtəlif dövlət qurumları arasında informasiya mübadiləsinin mərkəzləşdirilməsi deməkdir. Bu, bir çox məlumatın vahid pəncərə vasitəsilə DTX-nin istifadəsinə verilməsi anlamına gəlir.
Məlumat toplama gücü və əhatə dairəsi
MİRAS sisteminin ən diqqətçəkən tərəflərindən biri onun topladığı məlumatların miqyası və əhatə dairəsidir. Prezidentin fərmanında MİRAS-ın fəaliyyəti üçün ölkənin demək olar ki, bütün əsas dövlət qurumlarının informasiya bazalarına inteqrasiya nəzərdə tutulur.
Fərmana əsasən, altı ay ərzində aşağıdakı qurumlar öz informasiya sistemlərindəki “Əsasnamənin 3-cü hissəsində göstərilən məlumatları” Elektron Hökumət portalı vasitəsilə MİRAS-a təqdim etməyə hazır olmalıdır:
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi – rəqəmsal hökumət infrastrukturu və rabitə məlumatları,
- Daxili İşlər Nazirliyi – polis, cinayətkarlıq, qeydiyyat məlumatları,
- Ədliyyə Nazirliyi – məhkəmə qərarları, cəzaçəkmə müəssisələri, qeydiyyat aktları və s.,
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – əhalinin məşğulluğu, pensiya, sosial təminat məlumatları,
- İqtisadiyyat Nazirliyi – kommersiya hüquqi şəxslərin reyestri, iqtisadi göstəricilər və s.,
- Səhiyyə Nazirliyi – vətəndaşların sağlamlıq qeydləri, vaksinasiya, xəstəxana məlumatları,
- Elm və Təhsil Nazirliyi – təhsil alanların reyestri, diplomlar, akademik məlumatlar,
- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – qaçqın və məcburi köçkün statusu daşıyan şəxslərin məlumatları,
- Dövlət Gömrük Komitəsi – gömrük bəyannamələri, mal və sərnişin axını haqqında məlumatlar,
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – dini icmalar, ölkədə dini fəaliyyətlə bağlı məlumatlar,
- Dövlət Miqrasiya Xidməti – miqrasiya məlumatları, ölkəyə giriş-çıxış, viza və icazələr,
- Dövlət Sərhəd Xidməti – sərhəd keçidləri, sərhəd rejimi ilə bağlı məlumatlar,
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti – hərbi mükəlləfiyyətli şəxslərin uçotu və çağırış məlumatları,
- Dövlət Turizm Agentliyi – turist axını, turizm obyektləri ilə bağlı statistika,
- Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi (ASAN xidmət) – əhalinin ASAN vasitəsilə əldə etdiyi xidmətlər, şəxsiyyət vəsiqələri, qeydiyyat və s. məlumatlar,
- Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi – su təchizatı abonentləri və su istifadəsi məlumatları,
- Dövlət İmtahan Mərkəzi – məzunların imtahan nəticələri, sertifikatlaşdırma məlumatları,
- “Azərişıq” ASC – elektrik enerjisi təchizatı üzrə abonent məlumatları,
- “Azəriqaz” İB – qaz təchizatı üzrə abonent məlumatları.
Toplanan məlumatların həcmi
Yuxarıdakı siyahı göstərir ki, MİRAS faktiki olaraq vətəndaşların həyat fəaliyyətinin bütün sahələrinə dair məlumatlara çıxış əldə edəcək.
Doğumdan tutmuş təhsilə, iş fəaliyyətindən sağlamlıq vəziyyətinə, yaşayış yerindən dini inancına, sərhəd keçidlərindən kommunal xidmət istifadəsinə qədər geniş spektrli şəxsi məlumatlar MİRAS-ın analizinə açıq olacaq.
Yuxarıdakı siyahıda elektrik, qaz, su kimi kommunal xidmət qurumlarının da olması diqqət çəkir. Bu vasitə ilə bir şəxs haqqında hüquqi və sosial göstəricilərlə yanaşı, həm də gündəlik həyati fəaliyyət göstəricilərinin (məsələn, yaşayış ünvanı, kommunal xərclər, evdə olub-olmamaq əlamətləri və s.) belə MİRAS tərəfindən izlənə biləcəyini göstərir.
Təhlükəsizlik məqsədi ilə böyük həcmdə şəxsi məlumatların toplanması dünyada “total nəzarət” (ing. mass surveillance) adlandırılır. Belə nəzarət sistemləri adətən hər hansı konkret cinayət şübhəsi olmadan çoxsaylı insanların məlumatlarını ehtiva edir. MİRAS da əhatə dairəsinə görə kütləvi nəzarət aləti təəssüratı yaradır.
Avropa İttifaqında polis agentliyi olan Europol illərlə müxtəlif ölkələrdən milyardlarla məlumat toplayıb bir növ “böyük məlumat anbarı” yaratmışdı. Nəticədə Avropa Məlumat Qoruma Nəzarətçisi (EDPS) 2022-ci ildə Europol-a xəbərdarlıq edərək əlaqəsi olmayan şəxslərə aid məlumatların silinməsini tələb edib.
Qərarda qeyd olunurdu ki, Europol-un 4 petabaytdan (milyonlarla CD həcmində) ibarət məlumat bazasında terror və ağır cinayət şübhəliləri ilə yanaşı, heç bir cinayətə aidiyyəti olmayan sığınacaq axtaran şəxslər barədə belə həssas məlumatlar toplanıb. Bu nümunə göstərir ki, hətta demokratik ölkələrdə belə böyük məlumat toplamaları mübahisələrə səbəb olur.
Azərbaycanda MİRAS sisteminin bu qədər çox mənbədən informasiya toplayacağını nəzərə alsaq, onun da məlumat toplama gücü son dərəcə geniş olacaq. Bu isə yalnız cinayətkarları və ya təhlükə törədənləri deyil, adi vətəndaşların da şəxsi məlumatlarını əhatə edə bilər.
Dövlət təhlükəsizlik maraqları şəxsi həyatın toxunulmazlığına qarşı
Hər bir dövlət milli təhlükəsizliyi qorumağa borcludur. Xüsusən də terrorizm, casusluq kimi təhdidlərə qarşı xüsusi xidmət orqanlarının səlahiyyətləri əksər ölkələrdə genişdir. Lakin demokratik cəmiyyətlərdə bu səlahiyyətlər həmişə şəxsi həyatın toxunulmazlığı hüququ ilə tarazlanmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi vətəndaşların şəxsi və ailə həyatına qanunsuz müdaxiləni qadağan edir.
Eyni zamanda Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşularaq, Konvensiyanın 8-ci maddəsi ilə öz üzərinə öhdəlik götürüb ki, hər kəsin şəxsi həyatına hörmət hüququ təmin olunsun.
Bu o deməkdir ki, dövlət təhlükəsizlik məqsədilə belə olsa, şəxsi məlumatlara müdaxilə etmədən əvvəl qanunla nəzərdə tutulmuş zəruri prosedurlar olmalıdır və istənilən müdaxilə “demokratik cəmiyyətdə zəruri və proporsional” olmalıdır.
Bu sistem dövlətin təhlükəsizlik maraqları ilə vətəndaşların məxfiliyinin toqquşduğu nöqtədə dayanır. Bir tərəfdən, DTX cəmiyyətin təhlükəsizliyi naminə qabaqlayıcı tədbirlər görmək, potensial terrorçu və ya cinayətkar şəbəkələri izləmək istəyir.
Digər tərəfdən, MİRAS kimi bir alət ifrat səlahiyyətlə tətbiq edilərsə, hər bir vətəndaşın nəzarət altında olduğu hissi yarana bilər.
Hüquqi balans ondan ibarətdir ki, təhlükəsizlik naminə atılan addımlar şəxsi həyata müdaxiləni ancaq çox zəruri hallarla məhdudlaşdırmalıdır. Məsələn, konkret bir şəxs barədə əməliyyat-axtarış tədbiri (məsələn, telefon dinlənilməsi) aparmaq üçün məhkəmə sanksiyası tələb olunur.
Eyni məntiqlə, MİRAS daxilində kiminsə məlumatlarının araşdırılması üçün də müstəqil nəzarət mexanizmləri olmalıdır. Halbuki, hazırda MİRAS-ın iş prosesinin necə nəzarət olunacağı bəlli deyil.
Avtoritar mühitdə sui-istifadə riskləri
Azərbaycan beynəlxalq təşkilatlar tərəfindən qeyri-azad, avtoritar yönümlü ölkə kimi xarakterizə olunur. Son illərdə müstəqil media və vətəndaş cəmiyyətinə qarşı artan təzyiqlər, seçkilərin azad olmaması kimi hallar xüsusilə qeyd edilir.
Belə bir mühitdə MİRAS kimi güclü nəzarət və məlumat toplama alətinin ortaya çıxması xüsusi narahatlıq doğurur. Çünki demokratik nəzarətin zəif, məhkəmə sisteminin icraedici hakimiyyətdən asılı, medianın isə azad olmadığı şəraitdə istənilən rəqəmsal izləmə sistemi siyasi məqsədlərlə sui-istifadə oluna bilər.
Ölkədəki mövcud təcrübə
Azərbaycan hakimiyyətinin keçmiş təcrübəsi göstərir ki, fərqli fikirdə olanları izləmək və təzyiq altında saxlamaq üçün texnoloji vasitələrdən istifadə edilib. 2021-ci ildə üzə çıxan beynəlxalq “Pegasus” qalmaqalı buna misaldır.
Məlum olub ki, Azərbaycan hökuməti İsrailin NSO Group şirkətindən alınan güclü “Pegasus” casus proqramından jurnalistlər, hüquq müdafiəçiləri, müxalif siyasətçilər də daxil olmaqla yüzlərlə şəxsin telefonuna sızmaq üçün istifadə edib. Bu casus proqram telefondakı zəngləri, mesajları, şəkilləri, mikrofon və kameranı belə gizlicə ələ keçirmək imkanına malikdir.
OCCRP və Amnesty International araşdırmalarla ortaya çıxarıb ki, sızan məlumatlar arasında Azərbaycanla əlaqəli 245 nəfərin telefon nömrəsi olub və onların əksəriyyəti jurnalist, aktivist, müxalif fiqurlar idi.
Yəni, hökumət onları güdmək üçün bu proqramdan istifadə etmişdi. Rəsmi qurumlar bunu təkzib etsə də, müstəqil ekspertlər “hakimiyyət tənqidçilərini izləmək üçün yüksək texnologiyalı vasitələrin alındığını” faktlarla ortaya qoyublar.
Bu təcrübəyə əsasən demək olar ki, Azərbaycanda rəqəmsal nəzarət terrorçu və ya xarici düşməndən çox, daxildəki tənqidçilərə yönəlik istifadə olunur.
Sui-istifadə senariləri
MİRAS sisteminin istifadə verilməsi ilə nələrin baş verə biləcəyini təsəvvür etmək çətin deyil. Məsələn:
- Siyasi rəqiblərin izlənməsi: Müxalifət nümayəndələrinin ölkə daxilindəki hərəkətləri, kimlərlə ünsiyyətdə olması, maliyyə durumu, sosial vəziyyəti MİRAS vasitəsilə rahatlıqla izlənə bilər. Bu məlumatlar əsasında onlara qarşı saxta cinayət işləri qurmaq asanlaşar.
- Jurnalistlərin və aktivistlərin təqibi: Tənqidçi jurnalistin istənilən vaxt ölkədən çıxış-girişi, xaricdə kimlərlə görüşdüyü, ölkə daxilində kimlərə baş çəkdiyi, hətta telefonuna gələn SMS-lər belə (əgər telekommunikasiya məlumatları da inteqrasiya olunarsa) izlənə bilər. Bununla hakimiyyət onların xəbər mənbələrini aşkar edə, yaxud qabaqlayıcı təzyiq göstərə bilər.
- Şantaj və təhdid: Hökumət rəsmilərinin keçmişdə bəzi tənqidçilərə qarşı şəxsi həyatlarından intim məlumatları (məsələn, gizli video görüntülər) sızdıraraq onları nüfuzdan salmağa çalışdığı hallar olub. MİRAS sistemində külli miqdarda şəxsi məlumat cəmləndikcə, belə məlumatların icazəsiz çıxarılıb yayılması riski də artır. Məlumat bazasına çıxışı olan əməkdaşlar, yaxud sistemin özü hək edilərsə, şəxsi məlumatlar qara bazara sızdırıla bilər. “Azerbaijan Internet Watch” qeyd edir ki, artıq indiki şəraitdə belə hüquq-mühafizə orqanlarının şəxsi məlumatlara limitsiz çıxışı var və şəxsi məlumatların qorunması üçün heç bir effektiv təminat yoxdur. Bu o deməkdir ki, MİRAS-ın topladığı məlumatlar da istənilən anda “yuxarıdan” kiminsə göstərişi ilə hər cür məqsəd üçün istifadə oluna bilər. Buna qarşı institusional əngəl görünmür.
Qanunilik problemi
Sui-istifadə riskini artıran əsas amil odur ki, Azərbaycanda belə fəaliyyəti məhdudlaşdıracaq müstəqil məhkəmə nəzarəti və ya qanun qarşısında real hesabatlılıq yoxdur. Hərçənd Konstitusiyaya görə heç kəs məhkəmə qərarı olmadan izlənilməməlidir, praktikada isə məhkəmələr hüquq-mühafizə orqanlarının istəklərini sadəcə təsdiqləyən möhür rolunu oynayır.
Yəni, DTX hər hansı izləmə və ya dinləmə üçün formal olaraq məhkəmə qərarı alsa da, o qərarın qanuniliyini yoxlayan yoxdur. Parlament üzvləri bu mövzularda sorğulama etmir, Ombudsman institutu aktiv deyil.
Beləliklə, MİRAS daxilində baş verən mümkün pozuntuların qarşısını almaq üçün sistem daxili mexanizmlərə qalsa, reallıqda “öz-özünə nəzarət” olacaq ki, bu da effektli deyil.
İctimai və parlament müzakirələrinin vacibliyi
Demokratik proseslərin əhəmiyyətli bir hissəsi odur ki, cəmiyyət həyatına təsir edəcək qərarlar geniş müzakirə olunsun, müxtəlif tərəflərin rəyi öyrənilsin və şəffaf qərar qəbuletmə olsun.
MİRAS sisteminin yaradılması isə cəmiyyətlə müzakirə edilməyib, parlamentdə açıq debat aparılmayıb. Sistem birbaşa prezident fərmanı ilə təsis edilib və ancaq rəsmi mətbuatda quru xəbər şəklində ictimaiyyətə bildirilib.
Halbuki, fərdi məlumatların bu cür mərkəzləşdirilməsi hər bir vətəndaşa aid məsələdir və prinsip etibarilə Milli Məclisdə ayrıca qanun şəklində müzakirə edilməli idi. Hərçənd, Azərbaycanda Milli Məclisə seçkilər də şəffaf keçirilmədiyi üçün bu müzakirələr də notarial funksiyanı həyata keçirəcəkdi.
Əgər hökumətin həqiqətən gizlədəsi heç nəyi yoxdursa və məqsəd yalnız ölkəni qorumaqdırsa, niyə cəmiyyətdən bunu gizli etsin?
Əksinə, müzakirə edilməklə, həm cəmiyyətin narahatlıqlarını öyrənilməli, həm də onları aradan qaldıracaq düzəlişlər həyata keçirilməli idi.
DTX-nin MİRAS sistemi