Lori vadisində şaxta gözlənilir
Qarabağ münaqişəsinə görə Ermənistanda yaşayan 200 minə yaxın etnik azərbaycanlı qaçqın düşüb.
Artıq otuz ilə yaxındır ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında heç bir ünsiyyət yoxdur. Bu müddət ərzində zəkasında qonşu ölkənin xəritədəki ağ ləkədən başqa heç nə ifadə etmədiyi bütöv bir nəsil böyüyüb.
Amma Azərbaycanda hələ də uşaqlıq xatirələri Ermənistanla bağlı olan insanlar yaşayır.
• Qarabağ azərbaycanlıların gündəlik həyatında
“Lori vadisində şaxta gözlənilir”, – sovet vaxtı xəbərlərin sonunda gedən hava haqda məlumatda Ermənistanın şimalındakı çox sayda xırda yaşayış məkanları ümumilikdə belə adlandırılırdı.
Bu kəndlərdə azərbaycanlı, erməni və molokan ailələr yaşayırdı.
Sona Ermənistanla Gürcüstan sərhədinin 25 kilometrliyində yerləşən doğma kəndini xatırlayır:
“Ətraf dağlardı, tərtəmiz havası, dumduru çayları vardı, dibində alabalıqların üzdüyünü görmək olurdu. Uşaq vaxtı onları əllə tutmağa çalışırdıq, bəzən alınırdı da”.
Yerli sakinlər 20 azərbaycanlı, bir o qədər də erməni və 10-a yaxın rus (molokan) ailəsindən ibarət olub.
Ailə arxivindən
Sona orada 19 il yaşayıb, sonra təhsil üçün Rusiyaya gedib. Doğma kəndinə hər il gəlirmiş, müharibə başlayana qədər. Onun Ermənistanla bağlı xatirələrinin çoxu uşaqlığına aiddir.
“Noyabırda orda artıq qar yağa bilərdi. Əyləncəmiz çox deyildi: belə soyuqda ancaq qonaq getmək olardı. Mən rəfiqəm Rimagilə gedirdim, o da bizə gəlirdi.
Biz belə tanış olmuşduq: yeddi yaşına qədər ancaq rus dilində danışırdım, o isə ancaq ermənicə, biz ancaq jestlərlə ünsiyyət saxlaya bilirdik.
Məsələn, mənim uzun saçlarım vardı, onun saçları isə qısa idi və o mənə izah etməyə çalışırdı ki, saçlarım çox xoşuna gəlir: öz saçına toxunub sifətini turşudurdu, sonra mənimkini sığallayıb gülümsəyirdi.
Sonra məni konfetə qonaq elədi, mən isə onu bağımızdakı almalara. Səhəri gün Rima bostanlarından bir vedrə kök gətirdi, alayarımçıq rus dilində ona izah elədim ki, heç vaxt kök yeməmişəm və onun hədiyyəsinə çox şadam.
Üçüncü sinfə keçəndə artıq rus dilində pis danışmırdıq və aramızdan su sızmırdı. Onun anası deyirdi ki, “mənim beş qızım var, sən də altıncısan”. Bizimkilər də bilirdilər necə dost olduğumuzu və Rimaya doğma kimi yanaşırdılar.
4 və ya 5-ci sinifdə bizi artıq kənddə adımızla çağırmırdılar – “Rimanın rəfiqəsi”, “Sonanın rəfiqəsi” deyirdilər.
Oralarda hamı bir-birinə hörmətlə yanaşırdı, qonşuların adətlərinə hörmət olunurdu. Onlar bizimlə Novruzu, biz onlarla Vardavarı qeyd edirdik.
Bayramlara gəlincə, oralarda böyüyən azərbaycanlılar məsələn, bakılılara baxanda, bir qədər başqa cür qeyd edirdilər.
Novruzda biz başqa şirniyyatlar (paxlava və ya qoğal yox, kömbə – südlə hazırlanan şirin çörək), başqa yeməklər (hədik – 5 dənli bitkidən hazırlanan sıyıq, məhsuldarlıq rəmzi) bişirirdik.
Ənənəvi iynə falına təkcə azərbaycanlılar yox, bütün kənd qızları toplaşırdı. Bunun üçün səhər tezdən qızlardan biri “dinməz suyu” gətirməli idi – bulaqdan suyu doldurub, səssizcə, yolda qarşına çıxan heç kimlə kəlmə kəsmədən gətirmək lazım idi.
Gecəyarısından sonra bu suyu hər hansı bir qaba boşaldırdılar, iynələrin yarısına qədər isə pambıq dolayırdılar və bir-birindən aralı suya sallayırdılar. Əgər iynələr yaxınlaşırdısa, deməli, arzu yerinə yetəcək.
İyulda hamı Şahnəzər [indiki Metsavan – redaktor qeydi] kəndinə, Vardavar – sevimli yay bayramına toplaşırdı. Orada hər il rəngarəng yarmarkalar keçirilirdi. Uşaqlar üçün çoxlu şirniyyat alınırdı, ən əsası isə hamı bir-birini islada bilərdi, çünki bu, Vardavarın əsas ənənəsiydi. Azərbaycanlılar arasında bu günü “vardavar bazarı” adlandırırdılar: kimi üçün bayram, kimi üçün yaxşı alış-veriş”.
Mahirə də əslən Lori vadisindən, Evli [indiki Dzoramut – redaktor qeydi] kəndindəndir. Amma onun kəndində ancaq azərbaycanlılar yaşayırmış. Bu da onun Ermənistanda keçən uşaqlığından bir hekayə:
“Hər il biz mal-qaramızı “oy dərəsinə” – dağlardakı yaylağa aparırdıq. Bütün yayı orada keçirirdik: böyüklər inəkləri sağır, qışa pendir və yağ hazırlayırdılar, biz uşaqlar isə vadidə gəzir, çayda çimir, göbələk yığırdıq.
Dağların birində – Qirri dağında çoxlu at dırnağının izinə oxşayan çökək daşlar vardı. Bizdə deyirdilər ki, bu Xıdırellez atının ayaq izidi.
Əslində Xıdırellez türk xalqlarının iki peyğəmbər Xıdır və İlyasın yerə pənah gətirməsini qeyd etdikləri bayramdır. Kənd sakinləri bu təfərrütları bilmirdilər, buna görə də iki peyğəmbər bir müəmmalı “Xıdırellez”də birləşmişdi.
“Xıdırellez atının” ayaq izləri müqəddəs sayılırdı, buna görə də hər dəfə özümüzlə şəkər aparırdıq. Valideynlərimiz deyirdilər ki, anmaq üçün həmin yerə iki qənd dilimi qoymaq bəs edir. Amma biz hörmətin bolluğundan az qala evdə olan bütün qəndi oğurlayırdıq, hər izin üzərinə bir qənd qoyurduq. Yeri gəlmişkən, o vaxt qəndi bir neçə aylıq birdən alırdılar”.
1989-cu ilə qədər Ermənistanın Amasiya rayonunda azərbaycanlılar çoxluq təşkil edirdi – 70 faizə yaxın.
Vaqif Türkiyə sərhədindən bir kilometrlik məsafədə yerləşən Güllübulaq [indiki Bürakn] kəndində doğulub. Ən erkən xatirələrindən biri də bu sərhədlə bağlıdır:
“Uşaqlıqda biz bəzən üzərində ərəb yazısı olan kağızlar tapırdıq, onları öpür, ayrıca dəftərə üzünü köçürür, kağızların özünü isə Quran ayələri kimi qoruyurduq. Daha sonra öyrəndik ki, bunlar zaman-zaman Türkiyə tərəfindən küləyin gətirdiyi İran konfetlərinin kağızıdır”.
“Bu yerlərdə qrunt suları çox üzdə idi, hər kəs özü üçün bulaq qaza bilərdi. May bayramlarında adamlar özlərinə [SSRİ-də mayın əvvəlində əmək bayramı təbiətdə kababla, pikniklə qeyd olunurdu – müəllif] yer yox, bulaq tuturdular. Bəziləri bulaqdan soyuducu kimi də istifadə edirdi, su o dərəcədə soyuq olurdu”.