Azərbaycan polisi bu ilki “8 Marş”ı dağıtmayıb
8 Marş – Azərbaycanda feminist hərəkat
Martın 8-də Bakıda kütləvi jurnalist həbslərinin fonunda 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş ənənəvi “8 Marş” aksiyası baş tutub. Şəhər hakimiyyətinin aksiyanın keçirilməsinə icazə verməməsinə, DİN-in “icazəsiz aksiyanı” dağıdacağı haqda xəbərdarlığına rəğmən feministlərin tədbiri sərt polis müdaxiləsi olmadan keçib.
“8 Marş – Duruş sərgiləyirik!”
“8 Marş – Duruş sərgiləyirik!” adı altında təşkil olunan bu ilki aksiya əvvəlkilərdən fərqli keçirilib. Adətən aksiya Fəvvarələr Meydanından şairə və siyasi xadim Xurşudbanu Natəvanın heykəlinə qədər yürüş formasında keçirilirdi. Bu dəfə isə aksiyanın həmin heykəlin qarşısında piket formasında keçirilməsinə qərar verilib.
Feminist fəallar hər il olduğu kimi bu il də yürüşlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıblar. Hər il olduğu kimi meriya aksiyanı “məqsədəuyğun” hesab etməyib və bunu aksiyanın “şəhərin mərkəzində turistlərin sıx hərəkət etdiyi ərazilərdə nəzərdə tutulması” ilə əsaslandırılıb.
Daxili İşlər Nazirliyinin yaydyığı rəsmi xəbərdarlıqda isə deyilib ki, “qanunsuz aksiyanın qarşısı alınacaq”.
Martın 8-də səhər saatlarından piketin keçiriləcəyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Dörd bir tərəfdən aksiya yerinə gələn istiqamətlər üzrə post patrul xidməti maşınları və polislər dayanıb.
Aksiyaya gələn bəzi feministlər yolda ləngidilsə də, sonradan əraziyə buraxılıblar.
DİN-in öncədən yaydığı xəbərdarlığa zidd olaraq polis əməkdaşlarından biri əraziyə toplaşan feministlərə yaxınlaşaraq onlara mane olmayacaqlarını bildirib.
“Biz burada sizin təhlükəsizliyinizi qorumaq üçün gəlmişik. Buyurub aksiyanızı keçirə bilərsiniz”, – deyə polis qeyd edib.
Buna baxmayaraq, aksiya başlayan kimi polis əməkdaşları fəalların əllərindəki plakatları cırıb, təşkilatçılardan Gülnara Mehdiyeva bir neçə dəqiqəlik saxlanılıb, sonra sərbəst buraxılıb. Bundan sonra aksiyaya doğrudan da heç bir müdaxilə edilməyib.
Fəallar bəyanatlarını səsləndiriblər. Onlar öz bəyanatlarında qadınlar üçün ədalətli və bərabər hüquqlar tələb edib, erkən nigah, qadın qətllərinin qarşısının alınmaması kimi bir sıra ağır problemlərə toxunublar.
Onlar hazırda həbsdə olan qadın jurnalistləri də diqqətdən kənarda qoymayıblar.
“8 martda peşələrini vicdanla yerinə yetirən və Azərbaycan hökumətinin elə məhz buna görə həbslə cəzalandırdığı jurnalistlər Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə həmrəyliyimizi bildiririk”, – piketçilərin bəyanatında deyilib.
Həmişəkindən fərqli olaraq bu dəfə polisin aksiyaya müdaxilə etməməsini təşkilatçılardan Nərmin Şahmarzadə piketin kütləviliyinin qarşısının əvvəlcədən alınması ilə əlaqələndirir.
“Bu dəfə bütün giriş-çıxışlar polislərlə doldurulmuşdu və onlar israrla heç kimi –iştirakçıları da, iştirakçı olmayanları da aksiya məkanına buraxmırdılar. Tam olaraq ərazini blokadaya almışdılar.
Həmçinin Toplum TV ətrafında baş verən həbslər, yeni saxlamalar bu gün davam edirdi. Elə vəziyyət yaratmışdılar ki, jurnalistlər paralel olaraq həmin hadisələrlə məşğul olsunlar”, – Şahmarzadə deyir.
“Azərbaycanda bu günün təyinatını dəyişib hədiyyə gününə çeviriblər”
Azərbaycanda 8 mart sovet dövründən bəri qeyd edilir. Feminist fəallar deyirlər ki, bu günün təyinatı qadınların hüquq və bərabərliklərinə görə mübarizəsi ilə bağlı olsa da, əsasən qadınlara gül, ətir və sairə kimi hədiyyələr almaqla qeyd olunur. Onların fikrincə, uzun illər “8 Mart”ın tarixi və mahiyyəti gözardı edilib, qadın haqları ilə bağlı danışılanlar çoxları tərəfindən eşidilməyib.
2019-cu ilin martında isə onlar bunu dəyişmək qərarına gəliblər. Azərbaycanlı feministlər həmin il martın 8-də Bakının mərkəzində keçirdikləri aksiya ilə bu günün bayramdan başqa, etiraz mahiyyəti daşıdığını da xatırlatmağa çalışıblar.
Həmin vaxtdan etibarən hər il baş tutan “8 Marş” aksiyasında qadın qətlləri, məişət zorakılığı və cinsi ayrıseçkiliyə qarşı şüarlar səsləndirən feminist fəallar diqqəti pozulan qadın hüquqlarına çəkməyə çalışırlar.
Bu günkündən fərqli olaraq əksərən polis aksiyaya müdaxilə edib, etirazçıları ərazidən uzaqlaşdırır.
Hər şey işçi qadınların etirazı ilə başladı
1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində tekstil sahəsində çalışan qadınlar aşağı maaşa, uzun iş saatlarına və pis iş şəraitinə etiraz olaraq tətil elan etdi. Lakin güc strukturu aksiyanın uzun çəkməsinə imkan verməyərək “dağıtdı”.
1908-ci ildə isə Nyu-Yorkda 15000 qadın daha qısa iş saatı, daha yaxşı gəlir və səsvermə hüququ üçün nümayiş təşkil etdi. Qadınlar elə həmin mitinqdə ilk dəfə hamiləlik dövründə məzuniyyət hüququ uğrunda mübarizəyə başladılar. Növbəti il Amerika Sosialist Partiyası fevralın son bazar gününü Zəhmətkeş Qadınlar Günü kimi tanımağı təklif etdi.
1910-cu ilin avqustunda Kopenhagendə keçirilən beynəlxalq konfransda almaniyalı sosial-demokrat Klara Setkin Qadın Bərabərliyi və Emansipasiyası uğrunda Beynəlxalq Mübarizə gününü təsis etməklə bağlı təklif irəli sürdü. Təşəbbüsün konfrans iştirakçıları tərəfindən dəstək görməsilə bayram ilk dəfə 1911-ci ildə ABŞ və bir sıra Avropa ölkəsində qeyd olundu.
1975-ci ildə BMT Baş Assambleyası 8 mart tarixini qadınların bütün həyat sahələrində bərabərsizliyə qarşı etirazda nailiyyətlərini bayram etmə günü elan edib.
“Plakat günü”
Adətən feministlər “8 Marş” aksiyasına bir neçə gün öncədən “plakat günü” ilə başlayırlar. Həmin gün feministlər bir yerə toplanıb, aksiyada qaldıracaqları plakatları hazırlayır, səsləndirəcəkləri sloqanları düşünürlər.
Bu səfər “plakat günü” martın 5-də təşkil olunub. Hazırlanan plakatlarda “Bu gün də üsyandayıq, haqlara israrlıyıq”, “Öldürən ailə istəmirik, öldürən dövlət istəmirik” kimi şüarlar gözə dəyir.
Feministlər hazırda həbsdə olan qadın jurnalistləri də diqqətdən kənarda qoymayıblar. “Pulu yedi hökumət, “şotu” ödədi mətbuat”, “Meydanda da, zindanda da yan-yana” şüarları ilə onlar həbsdə olan jurnalistləri dəstəkləyiblər.
“Ölkədə baş verən ağır repressiyalara, kəskin pisləşən siyasi vəziyyətə qarşı hələ də ayaqüstə durduğumuzu və tələblərimizin üzərində dayandığımızı bəyan etmək üçün bu ilki aksiyamızın adını “duruş sərgiləyirik” kimi qeyd etmişik.
Bu il tələblərimiz daha genişdir. Həm ənənəvi olaraq qadınlara qarşı zorakılıq və qətl mövzusunu, həm kuirlərə qarşı olan ayrıseçkilik məsələlərini, nifrət cinayətlərini, həm ekoloji problemləri və bunun qadınlara təsirini, həm müharibədən təsirlənən qadınların görünməz olan problemlərini əhatə etmişik. Əlilliyi olan qadınlar, tənha analar, bir sözlə, bu il tələblərimiz və mövzularımız daha genişdir”, – feminist fəal Gülnara Mehdiyeva deyir.
Feminist fəal Nərmin Şahmarzadə deyir ki, “8 Marş”ın yaranmasındakı ilkin zərurət bu günün təyinatı üzrə xatırlanmaması olub. Feminist fəallar 8 mart günü pozulan qadın haqlarının diqqət mərkəzində olması üçün təşəbbüs göstəriblər.
“Biz hər dəfə düşünürük ki, başqa nələrə toxunmalıyıq? Başqa hansı sahələrdə bizim – qadınların səsini basdırmağa çalışırlar? Biz bir növ ümumilikdə qadınların səsi olmağa çalışmışıq bu dövr ərzində. Həm də hər birimiz feminist fəaliyyətə öz hekayəmizlə başlamışıq. Müxtəlif feministlər, müxtəlif şəxsi həyat hekayələri ilə gəliblər bu prosesə”, – Nərmin Şahmarzadə deyir.