Beş nəfər həbs olunub
“Allaha and olsun, oğlum evdən çıxanda ayağına ayaqqabı da geyinməyib, qadın çəkələyilə çıxıb. Çıxanda da dedi ki, qəsəbənin o başında bir qohumumuz var, onlara gedir. Elə onlardan qayıdanda görüb ki, camaat işıqdan ötrü topalaşıb, o da qoşulub onlara. Mənim balam heç haranı dağıtmayıb, polisi filan da döyməyib. Gedib ki, görsün bu işığın axırı necə olacaq. Nahaqdan tutub salıblar içəri. Mənim balamı qaytarsınlar”, – deyib gözünün yaşını axıdır Afilə Bayramova.
O, Biləsuvarda (paytaxtdan 153 km) məcburi köçkünlər üçün salınmış qəsəbələrdə işıqla bağlı dekabrın 22-də baş verən etiraz aksiyasından sonra həbs olunmuş 25 yaşlı İlkin İsgəndərovun anasıdı.
Aksiyadan dərhal sonra 3 nəfər, dekabrın 26-da isə daha 2 nəfər qəsəbə sakini həbs edilib. Onlara qarşı cinayət işi qaldırılıb və haqlarında 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. Onlar razılaşdırılmamış aksiya keçirməklə yanaşı polisləri döyməkdə və ictimai təhlükəli əməllərdə günahlandırılırlar.
Etiraz aksiyası
“Əvvəllər camaatdan pul yığılmırdı, amma işığı demək olar ki, fasiləsiz verirdilər. Sonra başladılar hər evdən 5-10 manat toplamağa ki, limitdən çox işlədirsiz, yüklənmə olur, filan-bəsməkan. Bir söz demədik, razılaşdıq. Amma oktyabrdan etibarən işığı tez-tez söndürməyə başladılar. Son 15 gündə isə demək olar ki, hər gün gündüz saat 1-2-də söndürürdülər, ta axşam 7-8-ə qədər. Hamının körpəsi, qocası, xəstəsi var. Qışın şaxtasında millət soyuqdan qırılır axı. Camaat da dedi ki, ya pulu toplamayın, ya da işığımızı kəsməyin. O axşam adamların mitinq eləməyinin səbəbi də elə bu idi”, – İlkinin babası Məhəmməd Bayramov danışır.
Hazırda məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılıb. Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz limiti hesablanıb. Göstərilən limitə qədər sərfiyyatın xərci Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi tərəfinfən AzərEnerji və AzəriQaz-ın hesabına ödənir. Bu limit aşıldığı təqdirdə əlavə sərfiyyat üçün məcburi köçkünlər ödəniş etməlidi.
Rəsmi
Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının I müavini Arif Fərzəliyev məsələ ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, həmin gün axşam saatlarından etibarən məcburi köçkünlərə elektrik enerjisinin verilməsi bərpa olunub.
“Məcburi köçkünlərin borcu çoxdur. Vətəndaşlar onlara verilən limiti aşıb. Buna görə də İmişli Regional İşıq Şəbəkəsi abonentlərə verilən işıqları kəsmişdi. Amma danışıqlar aparıldıqdan sonra hər şey normallaşıb. Hazırda tam sakitlikdir, heç bir ixtişaş yoxdur”.
Cinayət işi
Daxili İşlər Nazirliyinin məlumatına görə, “sakinlərin bir qrupu istifadə etdikləri elektrik enerjisi haqqının ödənilməməsi tələbi ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasına doğru yürüş edib”.
Nazirliyin məlumatında deyilir ki, polislər “razılaşdırılmamış aksiyanın iştirakçılarını intizama dəvət etsələr də, onlar tabeçilik göstərməyib, xidməti vəzifələrini yerinə yetirən 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 1 xidməti avtomobilin şüşələrini sındırıblar”.
Aksiyadan dərhal sonra üç nəfər – Cəlal Quliyev, İlkin İsgəndərov və Gülağa Alməmmədov saxlanılıb, məhkəmə qərarıyla 3 ay ilkin istintaq müddətinə həbs olunub.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb.
Dekabrın 26-da məhkəmə qərarı ilə daha iki nəfər – Ülvi Quliyev və Zaur Feruzlu haqqında eyni ittihamla 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.
“Cəmiyyətin tör-töküntüsü”
Hakim Yeni Azərbaycan Partiyasının üzvü, Parlamentdə Cəbrayıl rayonunu təmsil edən deputat Astan Şahverdiyev məsələ ilə bağlı aksiyaçıları günahlandırıb. “Vətəndaş bilməlidir ki, ona qoyulmuş limiti doldurubsa, əlavə işlətdiyi işığın pulunu ödəməlidir”, deyə o, Azadlıq Radiosuna müsahibəsində bildirib və əlavə edib: “Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb…” Deputat təmsil etdiyi seçicilərinin ünvanına “cəmiyyətin tör-töküntüsü” ifadəsini də işlədib.
Onun sözləri Biləsuvardakı köçkün qəsəbələrinin sakinlərinin qəzəbinə və sosial şəbəkələrdə etiraz dalğasına səbəb olub.
“Mən başqalarına görə cavabdeh deyiləm, amma həyat yoldaşı olaraq deyirəm ki, qoy İlkinin qanını analiz eləsinlər. Əgər nəşə çəkdiyi, içki içdiyi ortaya çıxsa, mən də onunla bərabər günahkaram. Necə insanları nahaqdan belə şərləyə bilirlər?!”, – Ulduz İsgəndərova sual edir.
“O deputatı mən nə seçkidən əvvəl, nə də seçkidən sonra buralarda görməmişəm. Bir dəfə gəlib camaatın dərdi-sərilə maraqlanmayıb”, – İlkinin anası deyir. Elə xəbər aldığımız digər sakinlərdən də “öz deputatlarını” tanıyan, görən olmayıb. Hətta onun adını bilməyənlər də vardı.
İlkinin ayaqqabısı
Ulduz İsgəndərova ilk övladına hamilədi. Bir damın altında yaşlı qaynanası ilə baş-başa qalıb. İlkin İsgəndərovun atası yeddi il əvvəl rəhmətə gedib. Evin tək çörək gətirəni İlkindi. O da maşın təmirçisi kimi günü-günə calamağa çalışır. Ulduz xanımın dediyi kimi “Kiminsə maşını xarab olsa, evə çörək gəlir, olmasa yox”. Bu ailənin aylıq stabil gəliri ancaq yaşlı ananın aldığı 130 manat (71 dollar) təqaüd və köçkünlərə adambaşı ödənən 19 manat çörəkpuludu.
“O pulu bilmirik mənim müayinəmə, müalicəmə çatdıraq, yoxsa yeməyə. Qayınanam özü də yaşlı qadındı, şəkəri, təzyiqi var, onun da dərmanları alınmalıdı. Bu vəziyyətdə biz işıqpulunu necə ödəyə bilərik?”, – Ulduz İsgəndərova deyir.
Evdən çıxanda bizi yola salan Afilə xala qapının kandarındakı kişi ayaqqabısını göstərib, “Bu de balamın ayaqqabısı. Dava-dalaşa gedən adam ayağına ayaqqabısını geyməzmi, qadın çəkələyiləmi gedər?”, – deyib yenə göz yaşına boğulur.
Qadının ağlına da gəlmir ki, insanın bir cütdən artıq da ayaqqası ola bilər. Ailənin maddi durumunu nəzərə alsaq bu heç təəccüblü də deyil.
Cəbrayıl və cəbrayıllılar
Cəbrayıl rayonu 77 min nəfərə yaxın əhalisi olan Dağlıq Qarabağ ətrafı rayonlardan biridir. Ermənistan və Azərbaycan arasında baş verən silahlı münaqişə nəticəsində 1993-cü il avqustun 25-də erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Rayona aid sadəcə bir kənd – Cocuq Mərcanlı hazırda Azərbaycanın nəzarəti altındadı.
Cəbrayıl rayonundan məcburi köçkün düşən insanlar Azərbaycanın dörd bir yanına səpələnib. Amma ən kompakt yaşadıqları ərazi həmin bu aksiyanın baş verdiyi Biləsuvardakı qəsəbələrdi. 2003-cü ildə tikilib istifadəyə verilən, ümumi sayı 11 olan bu qəsəbələrdə 18 min nəfər cəbrayıllı yaşayır.
İstifadəyə verildiyi 13 il ərzində qəsəbələrin yolları təmir edilməyib, qaz çəkilməyib, su gün ərzində bircə saat verilir, işıqla bağlı durum göz qabağındadı. Amma ən böyük problem işsizlikdi. Dediklərinə görə, qəsəbə sakinlərinin böyük əksəriyyəti işsizdi. Saxladıqları mal-qara, toyuq-cücə hesabına ayaqda qalmağa çalışırlar. Bir də ara-sıra düşən muzdurluqla. İmkanlı adamlar yaxınlıqda yerləşən təsərrüfatlarında işçi qüvvəsinə ehtiyac duyanda bu qəsəbələrdən adam aparırlar. Amma bu yolla qazandıqları qəpik-quruş da stabil olmadığı üçün dərdlərinə çarə olmur. Əkin üçün hər ailəyə cəmi 40-60 sot sahə verilib, orada əkdikləri taxıl da ancaq öz ehtiyaclarını ödəyir, satmağa bir şey qalmır.
“Bizdən pul tələb edənlər bizə əvvəlcə iş versinlər. 2017-ci ildən doğulan uşaqlara artıq məcburi köçkün statusu verilməyəcək, onlara çörəkpulu da ödənməyəcək. Belə eləməkdənsə, elə bizim də üstümüzdən köçkün adını götürsünlər. 23 il köçkünlük olmaz! Torpağımızı geri qaytara bilmirlərsə yaşadığımız evləri öz adımıza keçirsinlər, işlə də təmin etsinlər. Olaq normal vətəndaş. Sonra kommunal xərcləri də tələb edərlər”, – qəsəbə sakinlərindən biri deyir.
Polisləri həqiqətən döyüblər?
Həbs olunanlara ailə üzvlərilə görüşə icazə verilmir. Onların vəkilləri də yoxdu. Çünki pulsuzluq vəkil tutmağa imkan vermir.
“Orda polisi döyən, ətrafı dağıdıb-tökən olmayıb. Camaat İcra Hakimiyyətinin yanındakı klubun qarşısında toplaşmışdı. Yeganə tələb də işığın yandırılması idi. Çox sayda polis gəldi, insanlarla kobud davranmağa başladılar. Mübahisə yarandı. Bundan sonra polis camaatın üstünə gözyaşardıcı qaz buraxdı. Qarışıqlıq düşdü, hərə bir tərəfə qaçmağa çalışırdı. O itələşmədə yerə yıxılan, yüngülcə əzilən ola bilərdi, həm camaatdan, həm polisdən. Elə parkın ətrafındakı 1-2 lampa da həmin əsnada qırılıb. Yəni olan sadəcə budu. Bundan ötrü insanları həbs edib, cinayət işi qaldırmağın adı nədi?!”, – deyə adının açıqlanmasını istəməyən aksiya iştirakçılarından biri deyir.
“Buraxsınlar oğlumu, ölümünə səbəb olmasınlar”
Digər həbs olunan 33 yaşlı Cəlal Quliyevin evinə yollanırıq. Həyətə girərkən qarşımıza ilk çıxan yanaqları, burunları soyuqdan qızarmış, əlləri buz kəsmiş iki uşaq olur. Birinin 4, o birinin 6 yaşı var. Onların ardınca qucağında 1 yaşı yenicə tamam olmuş körpəsilə gənc qadın görünür. Uşağı altdan-üstdən möhkəm geyindirsə də, onun da soyuqdan burnu, yanaqları allanıb.
Cəlal Quliyevin anası Nərminə Məmmədovanın dəvətilə evə keçirik. Otaqda iki elektrik plitəsi yansa da, içəridəki temperatur çöldəkiylə eynidi.
“Balam davakar, şələ-şül adam deyil, bunu qonum-qonşu da təsdiq edə bilər. İşıq olmayanda soyuqdan qırılıb batırıq. Hamı çıxıb işıq tələb etməyə, oğlum da gedib. Niyə indi onu şərləyib tuturlar? Üstəlik də balam ağciyər xəstəsidi. Türmə onun üçün məzar kimidi. Buraxsınlar oğlumu, ölümünə səbəb olmasınlar”, – deyən ana göz yaşını saxlaya bilmir.
Bayaqdan nənələrini dinləyən uşaqlar da ağlamağa başlayırlar. “Uşaqlara atalarının tutulduğunu deməmişdik. Soruşanda, deyirdik xəstəxanadadı, sağalsın, gələcək…”
Hadisədən bir neçə gün öncə evin baş köşəsində uşaqlar üçün yolka qurublar. Yeni ildə atalarından hədiyyələr gözləyirdilər, indi isə atalarının evə dönməsi ən böyük arzularıdı.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər