4 ayda 10 ölüm: Hüquq müdafiəçiləri Ermənistan həbsxanalarındakı vəziyyətdən narahatdır
Ermənistan həbsxanalarında ölüm halları
Ermənistanda, “Nubarashen” cəzaçəkmə müəssisəsində bir məhkum intihar edib. Penitensiar xidmətin məlumatına görə, 54 yaşlı Z.H. 20 aprel tarixində özünü asıb. Bu, cari ilin ilk dörd ayında Ermənistan həbsxanalarında baş verən 10-cu ölüm və 5-ci intihar hadisəsidir.
“Hazırkı hakimiyyət dövründə penitensiar müəssisələrdə vəziyyətin kəskin şəkildə pisləşdiyini təkrar-təkrar qeyd edirəm. Mən belə bir şeyi əvvəlki illərdə xatırlamıram”, – deyə hüquq müdafiəçisi Janna Aleksanyan bildirib.
Ötən il Ermənistanın cəzaçəkmə müəssisələrində 12 nəfərin öldüyü bildirilmişdi. 298 məhkum aclıq aksiyası keçirmiş, 200 nəfər isə özünə xəsarət yetirmişdi.
Hüquq müdafiəçiləri hesab edirlər ki, bu rəqəmlər dövlət orqanlarının həbsxanalarda ölüm və özünə xəsarət hallarını minimuma endirmək üçün yetərli səylər göstərmədiyini göstərir. Janna Aleksanyan qeyd edir ki, hüquq-mühafizə orqanları bu hadisələri özlərinə sərf edən şəkildə təqdim etməyə çalışır, əslində isə problemləri həll etmirlər.
- Sülh fəalı Paşinyana: “Mənimlə Ermənistan kəşfiyyat orqanları arasında əməkdaşlığın olmaması haqda bəyanat verin”
- Ermənistan yaşlı erməninin başını kəsmiş azərbaycanlının axtarışını dayandırdı. Niyə?
“Məhkumlara qarşı zorakılıq”
Son dövrlərdə Ermənistan mediası “Nubarashen” cəzaçəkmə müəssisəsindəki vəziyyət barədə tez-tez yazır. Aprelin əvvəlində burada saxlanılan məhkumların vəhşicəsinə döyülməsi barədə məlumatlar yayılmışdı.
“5-ci mərtəbədə ömürlük məhkumlara qarşı kütləvi zorakılıq həyata keçirilib”, – hüquq müdafiəçisi Janna Aleksanyan Facebook səhifəsində yazıb.
Cəzaçəkmə xidmətindən bildirilib ki, fiziki güc xüsusi təyinatlı dəstə əməkdaşları tərəfindən tətbiq olunub. Onlar bunu belə əsaslandırıblar ki, “məhkumlardan biri vəziyyəti gərginləşdirirdi”. Məlumata görə, o, kameranın qapısındakı yemək pəncərəsinin bağlanmamasını tələb edib və qanunla nəzərdə tutulmuş gəzinti vaxtının artırılmasını istəyib. Eyni zamanda, onun digər məhkumları da buna təhrik etdiyi və gəzinti zamanı yüksək səslə mahnı oxuyaraq başqalarına mane olduqları bildirilir. Bu səbəbdən həmin məhkumun başqa həbsxanaya köçürülməsinə qərar verilib və bu qərar etiraza səbəb olub. Etiraz edən məhkumlar döşəklərini yandırıb, qapılara döyüblər.
Ədliyyə naziri Srbuhi Qalayan jurnalistlərə bildirib ki, “cəzaçəkmə müəssisəsi əməkdaşları tərəfindən səlahiyyətlərin aşılması halları aşkar edilməyib”:
“Məhkumlar etiraz aksiyası keçirməyə cəhd göstəriblər. Bu zaman qeyri-qanuni, qəbuledilməz hərəkətlərə yol veriblər. O cümlədən kameralarında əmlakı yandırıblar. Onların buna hüququ yox idi və buna uyğun olaraq onlara münasibət sərgilənib”.
Məhkumlar isə döşəklərin yandırıldığını inkar edirlər. Onlar insan hüquqları müdafiəçisinə bildiriblər ki, yalnız bir dəsmal yanıb. Bundan əlavə, xüsusi təyinatlı dəstənin əməkdaşlarının onlara qarşı həddindən artıq güc tətbiq etdiklərini, kameralarını dağıtdıqlarını, söyüş və təhqir səsləndirdiklərini deyiblər.
“Ombudsman Aparatının nümayəndələri azadlıqdan məhrum edilmiş şəxslərin bədənində xəsarətlər qeydə alıblar”, – Ombudsman Aparatından bildirilib.
Bu arada, onların ziyarətindən əvvəl ədliyyə naziri bildirmişdi ki, “xəsarət alan məhkum yoxdur”.
Müstəqil müşahidəçilər zorakılıq izləri aşkarlayıb
Rəsmi məlumatlara görə, “Nubarashen” cəzaçəkmə müəssisəsində 391 nəfər saxlanılan şəxs və 183 məhkum var. Döyülmə xəbərlərindən sonra müəssisəni müstəqil müşahidəçilər ziyarət ediblər. Onlar zorakılıq izləri müşahidə etdiklərini bildiriblər.
“Bu halların hər biri üzrə ayrı-ayrılıqda əsaslandırılmasına ehtiyac var ki, güc tətbiqinin adekvatlığını qiymətləndirə bilək”, – hüquq müdafiəçisi Zaruhi Ovannisyan bildirib.
Onun sözlərinə görə, zorakılıq o qədər sərt olub ki, həbsxana əməkdaşlarından biri məhkumu bədənilə qorumağa çalışıb.
Müşahidəçilər hesab edirlər ki, xüsusi təyinatlı dəstənin hərəkətləri qanuni sayıla bilməz.
Müşahidəçilərin tərtib etdiyi hesabatda məhkumların zorakılıq nəticəsində aldıqları xəsarətlərin, qırılmış əşyaların və sanitariya normalarına cavab verməyən kameraların fotoları yer alıb.

Müşahidəçilər Ədliyyə Nazirliyinə və cəzaçəkmə müəssisəsinə bir sıra suallar göndəriblər. Suallar zorakılıq hadisəsi və məhkumların saxlanma şəraiti ilə bağlıdır. Nazirlikdən bildirilib ki, “Nubarashen” müəssisəsinin binası 40 il əvvəl tikilib və beynəlxalq standartlara cavab vermir. Hal-hazırda təmir işləri aparılır və yeni binanın tikintisi müzakirə olunur.
Bundan əlavə, zorakılıq faktı ilə bağlı daxili araşdırma başladılıb. Etiraz aksiyasında iştirak edən məhkumlara qarşı “kütləvi iğtişaşlarda iştirak” və “cəzaçəkmə müəssisəsində tədbirlərin keçirilməsinə maneə yaratma” maddələri ilə cinayət işi açılıb.
Şərh
Hüquq müdafiəçisi Janna Aleksanyan “Nubarashen” cəzaçəkmə müəssisəsindəki şəraiti dözülməz adlandırır. O, burada tibbi yardım göstərilməsi üçün elementar şərtlərin belə olmadığını bildirir. Gigiyenik şərait və qidalanma da qənaətbəxş deyil. “Azatutyun” radiosuna verdiyi müsahibə zamanı ona aclıq aksiyası keçirən məhkumlardan biri zəng edərək səhhətinin pis olduğunu, lakin tibbi heyətin ona qarşı laqeyd yanaşdığını, yalnız bir dəfə onu ziyarət etdiklərini bildirib.
“Məndə olan məlumata görə, aclıq aksiyası keçirən digər məhkum intihara cəhd edib. Xoşbəxtlikdən, onu xilas ediblər”, – deyə Aleksanyan bildirib.
Penitensiar xidmətdən bu cəhdin qarşısının alındığını təsdiqləyiblər, lakin əlavə məlumat verilməyib.
Hüquq müdafiəçisi “Nubarashen”dəki vəziyyəti dəhşətli hesab edir:
“Yalnız ömürlük məhkumların saxlandığı mərtəbədə deyil, aşağı mərtəbələrdə də məhkumlara qarşı zor tətbiq olunur. Bu, belə davam edə bilməz. Siz təsəvvür edə bilməzsiniz, bizə nə qədər zəng gəlir”.
Aleksanyan bildirib ki, penitensiar müəssisələrdəki problemlərlə bağlı onlara yeni bina tikintisi planlarından danışırlar. Halbuki problem təkcə şəraitlə bağlı deyil, məhkumlara münasibətdədir:
“Onlar başa düşməlidirlər ki, bu cəzaçəkmə müəssisələrində insanlar cəza çəkir. Bu, əsas məsələdir”.
Hüquq müdafiəçisinin sözlərinə görə, ona məhkumlar mütəmadi zəng edərək diskriminasiyaya məruz qaldıqlarını, həll olunmayan problemlərlə qarşılaşdıqlarını və nəticədə aclıq, intihar kimi son tədbirlərə əl atmağa məcbur olduqlarını deyirlər.
Ermənistan həbsxanalarında ölüm halları