“Bakı ilə Moskva arasında münasibətlər əvvəlki kimi olmayacaq”. Yeni ilə nə necə başlayırıq? Bakıdan baxış
2025-ci ildə Azərbaycanı nə gözləyir?
2024-cü il Azərbaycanda jurnalistlərin, siyasi fəalların və hüquq müdafiəçilərinin kütləvi həbsləri ilə yadda qaldı. Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, gözlənilən sülh sazişinin imzalanması baş tutmadı. Ölkənin xarici siyasətində çoxlu çəkişmələr yaşandı. İl boyu İran, daha sonra Fransa, ayrıca olaraq Avropa Birliyi və ABŞ-la münasibətlərdə kəskinləşmələr oldu. İl ərzində Azərbaycanla Rusiya arasındakı münasibətlərdə yaxınlaşma müşahidə olunsa da, ilin sonunda Azərbaycana aid sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması ilə əlaqədar şimal qonşusu ilə münasibətlər də pisləşdi.
- “Azərbaycanın köməyə ehtiyacı yoxdur, faktın qəbulunu tələb edir”. Bakı Ramzan Kadırova cavab verib
- ABŞ Gürcüstanın kölgə hökmdarı sayılan oliqarx Bidzina İvanişviliyə qarşı maliyyə sanksiyaları tətbiq edib
- Çirkli diş fırçaları, vaxtı keçmiş dərmanlar – Ermənistandakı “Uşaq Evi”ndə aparılan yoxlama daha nələri üzə çıxarıb?
2025-ci ildə Azərbaycanı nə gözləyir?
“Azərbaycan ətrafında 2025-ci il üçün vəziyyətin nəzərdən keçirilməli olduğu şərtlərin əksəriyyəti 2024-cü ilin sonunda formalaşıb və yaxın gələcəyə təsir edəcək”, – deyə azərbaycanlı siyasi analitik Fərhad Məmmədov bildirib.
Rusiya ilə münasibətlər
Fərhad Məmmədovun fikrincə, Rusiya ilə münasibətlərdə fasilə gözlənilir.
“Kreml Azərbaycan mülki təyyarəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. İlk hesabat üçün araşdırma müddəti 30 gündür, yəni yanvarın sonuna kimi təyyarənin qəzaya uğramasının səbəbləri aydınlaşmalıdır. Bir çox skeptiklər artıq Braziliyanın qara qutuların göndərilməli olduğu ölkə olmadığına dair nəzəriyyələr qurublar. Braziliya bu təyyarələri istehsal edən ölkədir və Bakı kimi onlar üçün də təyyarənin texniki nasazlıqlara görə yox, kənar təsirlərə görə qəzaya uğradığını müəyyən etmək vacibdir.
Əgər Kreml Azərbaycanın prezident İlham Əliyevin səsləndirdiyi tələblər çərçivəsində öz addımlarını atmasa, o zaman növbəti addımları müəyyən etmək üçün Rusiya ilə münasibətlərə fasilə veriləcək. Bu mövzu münasibətlərdə öz izini buraxacaq. Artıq demək olar ki, Bakı ilə Moskvanın münasibətləri əvvəlki kimi olmayacaq, fərqli olacaq. Necə olacağı isə Moskvanın ilk hesabatdan əvvəl və ya sonrakı davranışından asılı olacaq”, – analitik qeyd edir.
Türkiyə ilə münasibətlər
Fərhad Məmmədovun fikrincə, Türkiyə ilə münasibətlərdə ardıcıl müsbət şəkildə Suriyanın timsalında yeni mövzu – yaranır və Azərbaycan bu mövzuda fəal iştirak edəcək.
“Bu, TDT çərçivəsində Suriyaya münasibəti kontekstində Ankaraya lazımdır və bu, Azərbaycana da lazımdır – qonşuluqda siyasi qarşılıqlı fəaliyyət və iqtisadi fəallığın genişləndirilməsi üçün imkanlar açılır.
Türkiyə ilə münasibətlərdə Ermənistan mövzusu aktuallığını itirəcək, çünki Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə Ermənistan mövzusu zirvədə olmaqdan çıxıb”.
İranla münasibətlər
Siyasi analitik həmçinin qeyd edir ki, “problemli İran əvvəlki kimi qalacaq, lakin İran kirpisinin iynələri artıq əvvəlki kimi iti olmayacaq”.
“Yaxşıca silkələnmiş İran hələ də təhlükə yaradır, çünki İran proksi dəstələri ölkəyə gəlib və onlardan istifadə oluna bilər. Bununla belə, İranın şərqi, cənubu və qərbində ən kəskin gərginlik ocaqları yaranır, şimal isə ən proqnozlaşdırıla bilən bölgə olaraq qalır.
Güman etmək olar ki, Bakıya müsbət mesajlar verən elçilər göndəriləcək. Mesajların Xameneinin özündən gəlməsi və bunların onun özünün ifadə etməsi Bakı üçün vacibdir. Xarici İşlər Nazirliyi və hətta prezidentlə danışıqlar Xameneinin şəxsi təsdiqi olmadan ciddi ola bilməz!”
Qərblə münasibətlər
Fərhad Məmmədov hesab edir ki, Qərblə transformasiya gözlənilir. “Təyyarə faciəsi və prezident İlham Əliyevin prinsipial reaksiyası Qərb paytaxtlarına sarsıdıcı təsir göstərib”, – deyə o qeyd edir.
“Qərb paytaxtlarında Bakının Moskva ilə tandemdə hərəkət etməsi ilə bağlı stereotip formalaşmışdı, amma bu məsələdə kartlar qarışdı, növbəti stereotip məhv oldu!”
Ermənistanla münasibərlər
Siyasi analitik diqqəti ona çəkir ki, Azərbaycan prezidenti Yeni il təbrikində Ermənistanın hərbiləşməsinə və regionda sgedən ilahlanma yarışına geniş yer ayırıb.
“Əgər Ermənistanın hərbiləşdirilməsi mövzusuna çox vaxt ayrılırsa, deməli, bunun əhəmiyyəti var. Bu kontekstdə mesaj həm Ermənistan rəhbərliyinə, həm də Ermənistanı silahla təmi edən havadarlarına yönəlib.
Unutmayaq ki, Paşinyan Qarabağda hərbi büdcə fərqi 3-4 dəfə Azərbaycanın xeyrinə olanda “Miatsum” deyə qışqırırdı; həmin Paşinyan 2023-cü ilin sentyabrına qədər Qarabağda Ermənistan Silahlı Qüvvələrinin qalıqlarını silahlandırmaq və maliyyələşdirməkdə davam etdi, halbuki o zaman artıq obyektiv olaraq vəziyyət ümidsiz görünürdü.
Bakı qəti şəkildə inanır ki, Ermənistan növbəti dəfə geosiyasi qarşıdurma alətinə çevrilir. Bakı buna yol verə bilməz və bununla bağlı xəbərdarlıqlar da çox aydındır. Sülh prosesi şəffaflaşıb və Yerevan eskalasiyanın qarşısını almaq və danışıqlar prosesinin konstruktiv spiralına qayıtmaq üçün nə etmək lazım olduğunu bilir”, – analitik fikrini yekunlaşdırıb.