2025 Azərbaycan üçün necə keçdi? Repressiyalar, insan hüquqları pozuntuları və sazişlər
2025 Azərbaycan üçün necə keçdi?
2025-ci il Azərbaycanda həm daxili siyasətdə, həm ictimai həyatda, həm də xarici münasibətlərdə mühüm və bəzən ziddiyyətli hadisələrlə yadda qalıb. İl ərzində hakimiyyət daxilində ciddi dəyişikliklər baş verib.
Uzun illərdir sistemin dayağı sayılan bəzi fiqurlar hədəfə alınıb, müxalifətə təzyiqlər ən yüksək həddə çatıb. Eyni zamanda, hökumət qonşu və tərəfdaş ölkələrlə strateji anlaşmalar imzalayaraq regional mövqeyini gücləndirməyə çalışıb.
Bu məqalədə 2025-ci ilin əsas hadisələrinin qısa icmalı təqdim olunur.
Siyasi məsələlər
2025-ci ilin ilk önəmli siyasi hadisəsi 29 yanvarda keçirilən bələdiyyə seçkiləri idi. Ölkə üzrə 118 dairədə 685 bələdiyyə üçün 8000-dən çox üzvlük yeri uğrunda 16 mindən artıq namizəd mübarizə aparıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı cəmi 31,45% təşkil edib və səsvermə ümumilikdə uğurla keçib.

Lakin müxalifət və müstəqil müşahidəçilər ənənəvi olaraq seçkinin ciddi qanun pozuntuları və saxtakarlıqlarla müşayiət olunduğunu bildiriblər. Müşahidəçilərin fikrincə, əvvəlki (2019) bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərə ictimai maraq xeyli az idi, bunun bir səbəbi də bələdiyyələrin real səlahiyyətlərinin məhdud olmasıdır.
2024-cü ilin sonunda aparılmış islahatla bələdiyyələrin sayı 1606-dan 685-ə endirilmiş, bir çox kiçik bələdiyyələr birləşdirilmişdi.
İlin gedişində hakimiyyət daxilində bəzi kadr dəyişiklikləri və təyinatlar baş verib. Xüsusilə, 2017-ci ildə hərbçilərə qarşı işgəncələrlə yadda qalmış “Tərtər işi”nin əsas fiqurantlarından olan keçmiş hərbi prokuror Xanlar Vəliyev 2025-ci ilin aprelində Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
Bu təyinat qurban ailələri və hüquq müdafiəçiləri tərəfindən sərt tənqid edilərək cəzasızlıq nümunəsi kimi qiymətləndirlib. Eyni zamanda, səlahiyyət müddəti başa çatan baş prokuror Kamran Əliyevin müddəti yenidən uzadıldı və o, vəzifəsində qalıb.
Yerli icra hakimiyyətlərində korrupsiyaya qarşı tədbirlər də davam edib. Dövlət Təhlükəsizlik Xidməti ilin sonunda Balakən rayon icra başçısı İslam Rzayevi vəzifəsindən uzaqlaşdıraraq istintaqa cəlb edib.
2025-ci il ölkədə “Konstitusiya və Suverenlik ili” elan edilmişdi. İlin sonunda Konstitusiyanın 30 illiyi qeyd olunub və qanunvericilik sahəsində bəzi addımlar atılıb. Daxili Qoşunlar birbaşa prezidentə tabe edilib.
İnsan hüquqları pozuntuları və repressiyalar
2025-ci il Azərbaycanda vətəndaş cəmiyyəti və insan haqları sahəsində ağır keçdi. İlin müxtəlif dövrlərində bir sıra müxalif və ictimai fəallar uzunmüddətli həbs cəzalarına məhkum edilib.
- Məsələn, tanınmış hüquq müdafiəçisi Bəxtiyar Hacıyev 10 il, müxalif siyasətçi Tofiq Yaqublu isə 9 il azadlıqdan məhrum edilib. Yaqublu çıxarılan hökmə etiraz olaraq həbsxanada 40 günlük aclıq aksiyası keçirib.
- Həmçinin keçmiş diplomat Emin İbrahimov 7 il, fəal Nicat İbrahim 6 il 6 ay həbs cəzası alıb. İlin sonuna yaxın sosial şəbəkələrdə hökuməti tənqid edən fəal Dəyanət Çələbiyev adam bıçaqlamaqda ittiham edilərək həbs edilib.
Ümumilikdə, hüquq müdafiə təşkilatları 2025-ci ildə ölkədə siyasi məhbus sayının daha da artdığını qeyd etdilər. Avropa Parlamenti də bu istiqamətdə xüsusi qətnamə qəbul edərək Azərbaycanda bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib.
- İl ərzində media və ifadə azadlığı sahəsində də vəziyyət pisləşib. Fevral ayında ölkənin ən köklü müstəqil informasiya agentliyi olan “Turan” maddi sıxıntıları əsas gətirərək fəaliyyətini dayandırdığını elan edib.
- Bununla eyni vaxtda hökumət BBC Azərbaycanca xidmətinin və Rusiyaya məxsus Sputnik Azərbaycan agentliyinin Bakı bürolarında işçi sayının minimuma endirilməsini tələb edib.
Bunun fonunda ölkədə yeni “Media haqqında” qanun və internet məkanına nəzarəti gücləndirən hüquqi dəyişikliklər tənqid olunub. İlin sonunda Milli Məclis internetdə “ictimai əxlaq” əleyhinə hesab olunan paylaşımlara görə cəzaları sərtləşdirən dəyişiklikləri ilk oxunuşda qəbul edib.

Beynəlxalq hesabatlarda Azərbaycan Avropada həbs edilmiş jurnalistlərin sayına görə ön sıralarda göstərilib. İlin sonunda ölkə siyasi motivli ittihamlarla həbsdə olan jurnalistlərin sayına görə yalnız Belarusdan geri qalıb.
Bundan başqa, genişmiqyaslı “QHT işi” istintaqı çərçivəsində onlarla vətəndaş cəmiyyəti nümayəndəsi istintaqa cəlb olunub, bəzi tanınmış QHT rəhbərləri həbs edilib və bir çoxunun ölkədən çıxmasına qadağa qoyulub.
- Korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia”nın əməkdaşları ümumilikdə 59,5 il müddətinə həbs cəzası alıblar.
- “Meydan TV”-yə qarşı da təzyiqlər davam etdirilib, daha 5 əməkdaşı həbs edilib.
- LGBTQ+ icmasına qarşı təzyiqlər də səngiməyib. LGBT-lərin toplaşdığı “Labyrinth” adlı kluba edilən polis basqını zamanı 106 nəfər saxlanılıb. Hadisə şahidlərinin və saxlanılanların dediklərinə görə, polis həmin şəxslərə qarşı zorakılıq tətbiq edib, onları alçaldıcı rəftara və hədələrə məruz qoyub.
Köhnə elita və müxalifət hədəfdə olub
2025-ci ilin oktyabrında Azərbaycan siyasi hakimiyyətinin onillər boyu ən nüfuzlu fiqurlarından biri sayılan Ramiz Mehdiyev dövlət çevrilişinə cəhd, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə istintaqa cəlb olundu və məhkəmə onun barəsində 4 aylıq ev dustaqlığı qərarı çıxarıb.
87 yaşlı Mehdiyev uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş, hakimiyyət daxilində “boz kardinal” kimi tanınmışdı. Onun həbsi Azərbaycan siyasətində mühüm bir dönüş kimi qiymətləndirilir. Rəsmi versiyada bu addım çevriliş planının qarşısını almaq məqsədi daşısa da, müşahidəçilər hesab edirlər ki, prosesin arxasında daha dərin siyasi motivlər dayanır.
Analitiklər qeyd edir ki, rəsmilər Mehdiyevi açıq şəkildə çevriliş planında günahlandırsa da, əslində bu addım İlham Əliyevin hakimiyyət daxilində köklü dəyişikliklər etmək, mümkün rəqibləri zərərsizləşdirmək niyyəti ilə bağlıdır.

Müxalifət liderinin “Mehdiyev işi” ilə əlaqədar həbsi
Noyabrın sonunda müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Bakıdakı evində Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları axtarış həyata keçirərək onu saxlayıblar.
Hakimiyyətə yaxın media orqanları bu həbsi birbaşa “Ramiz Mehdiyev işi” ilə əlaqələndirib. Rəsmi ittiham detallarının ictimaiyyətə açıqlanmadığı bu işdə hökumət nümayəndələri Əli Kərimlinin Mehdiyev tərəfindən maliyyələşdirildiyi şübhəsi ilə araşdırıldığını mediaya bildiriblər.

AXCP-nin məlumatına görə, DTX əməkdaşları Kərimlinin evinə girərkən özlərini “qonşu” kimi təqdim edib qapını açdırıblar, içəri daxil olandan sonra isə Kərimlinin iş masasının siyirməsinə Ramiz Mehdiyevin adından mediada yayımlanmış bir məktubu qoyub, daha sonra guya axtarış zamanı həmin “məxfi məktubu” oradan “tapıblar”.
Söhbət Mehdiyevin Rusiya rəhbərliyinə yazdığı iddia olunan və əvvəllər mətbuata sızmış məktubun redaktə olunmamış variantından gedir. Guya bu “orijinal nüsxə” Kərimlinin evindən çıxıb.
“Köhnə elita”ya qarşı kampaniyanın motivləri və konteksti
2025-ci ildəki bu həbslər və təzyiqlərin Azərbaycan siyasətində yeni mərhələnin başlanğıcını qoyduğu dü.ünülür. Köhnə elitanın süqutu sürətlənir. Mehdiyevin gedişi ilə birlikdə hakimiyyət daxilində keçmişdən qalan “ağsaqqal təsiri” tamamilə aradan qalxır, siyasi güc balansı birmənalı olaraq hazırkı hakim komandanın əlində cəmləşir.
Tənqidçilər bunu tam avtoritar mərkəzləşmənin və nəsillər dəyişikliyinin kulminasiya nöqtəsi kimi dəyərləndirirlər. Prezident Əliyev uzun illər onun kölgəsində söz sahibi olmuş köhnə qvardiyanı zəiflədərək ailə-hakimiyyətini möhkəmləndirir.
Bu addımlar, şübhəsiz ki, ölkədə siyasi mühitin daha da sərtləşməsinə, müstəqil səs və mərkəzlərin tamamilə susdurulmasına gətirib çıxarır. Bununla Azərbaycan siyasi sistemi post-sovet nəsil dəyişimi və avtoritar möhkəmlənmənin yeni fazasına daxil olur.
İqtisadi məsələlər

Hökümətin yaydığı rəqəmlərə əasasən, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı mülayim templə inkişaf edib.
Böyük Britaniyanın İqtisadiyyat və Biznes Tədqiqatları Mərkəzinin hesablamalarına əsasən, makroiqtisadi göstəricilər üzrə il ərzində ÜDM artımının xeyli yavaşladığı müşahidə olunub. 2024-cü ildə 4,1% real iqtisadi artımdan sonra 2025-ci ilin yanvar-noyabr aylarında ümumi daxili məhsul cəmi ~1,6% böyüyüb. Orta illik inflyasiya isə təxminən 5-6% civarında sabitləşib.
İlin əvvəlində inflyasiyanı nəzarətdə saxlamaq mümkün olsa da, son aylar ərzində bəzi qiymət artımları əhalinin narazılığına səbəb olub. Ekspertlər qeyd edirlər ki, neft gəlirlərinin azalması fonunda hökumət büdcə gəlirlərini artırmaq üçün yeni addımlar atmağa başlayıb.
İlin sonuncu iclasında Milli Məclis vergi və cərimələrin artırılması barədə qanun dəyişiklikləri paketini qəbul edib. Məsələn, vergi hesabatlarının vaxtında təqdim edilməməsinə görə fiziki şəxslərə tətbiq olunan cərimə 50 manatdan 300 manata, hüquqi şəxslərə isə 100 manatdan 1000 manata qaldırılıb.
Həmçinin ilk dəfə olaraq təbii qaz və elektrik enerjisindən istifadəyə abunə haqları tətbiq edilib. Yeni qərara əsasən, istifadədən asılı olmayaraq, hər bir qaz və elektrik abunəçisi aylıq 1-3 manat arası ödəniş etməlidir.
Eyni zamanda, Dövlət Tarif Şurası Yeni il ərəfəsində neft məhsullarının və kommunal xidmətlərin qiymətlərinin artımına dair qərar verib. 2026-cı il yanvarın 1-dən Aİ-92 markalı benzinin litri 5 qəpik bahalaşaraq 1,15 manat, dizel yanacağının litri isə 10 qəpik artaraq 1,10 manat olacaq.
Bu qərarlar ictimaiyyətdə narazılıq doğurub və ilin əvvəlində baş vermiş qiymət artımlarının təkrarı kimi dəyərləndirilib.
Digər tərəfdən, hökumət iqtisadi inkişaf layihələri və investisiya əməkdaşlığı sahəsində fəallığını artırıb. Xüsusilə enerji sektorunda Azərbaycanın xarici tərəfdaşlarla layihələri davam edib.
Avropa İttifaqı ilə 2022-ci ildə əldə edilmiş qaz anlaşmasının icrası olaraq, 2025-ci ildə Azərbaycan Avropaya təbii qaz ixracını artırıb. 2024-də 12,9 milyard kubmetr olan Avropaya qaz tədarükü 2025-ci ildə təqribən 13,5 milyard kubmetrə yüksəlib. Bu, 2021-ci illə müqayisədə əhəmiyyətli artımdır və 2027-ci ilə qədər həcmləri ikiqat artırmaq hədəfinin bir hissəsidir.
Bununla yanaşı, ölkə alternativ marşrutlar və tranzit imkanlarını genişləndirmək üçün investisiyalar qoyur. 2025-ci ildə Trans-Xəzər “Orta Dəhliz” boyunca logistika və infrastrukturun təkmilləşdirilməsi, o cümlədən yeni dəmir yolu xətlərinin və liman potensialının artırılması istiqamətində addımlar atılıb.
Hökumət Azərbaycanın regionda nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün qonşu ölkələrlə koordinasiyalı şəkildə çalışdığını bildirib. Uzun fasilədən sonra ilk dəfə olaraq Azərbaycan Ermənistan tərəfinin tələbi ilə bu ölkəyə mazut ixracına başlayıb.
Azərbaycan istehsalı olan yanacaq Gürcüstan üzərindən Ermənistana dəmir yolu ilə çatdırılıb. Bu kimi addımlar post-münaqişə dövründə regionda iqtisadi əlaqələrin bərpası üçün önəmli hesab olunur.
Xarici siyasət və beynəlxalq münasibətlər
2025-ci ildə Azərbaycanın xarici siyasətində əsas diqqət Ermənistanla münasibətlərin normallaşdırılması və regionda yeni reallıqların möhkəmlənməsi idi.
2023-cü ildə Qarabağ üzərində tam nəzarətin bərpasından sonra tərəflər arasında sülh sazişi üzrə danışıqlar intensiv mərhələyə keçib. Avropa İttifaqı, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə müxtəlif formatlarda görüşlər keçirilib.
Nəticədə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı “Gələcək münasibətlər üzrə Birgə Bəyanat” imzalanıb və sülh müqaviləsinin mətninin əsas məqamları paraflanıb.
Bu sənədlərdə onilliklərdir davam edən münaqişəyə rəsmi olaraq son qoyulmasına sadiqlik ifadə olunub. İlin sonundakı açıqlamalarında Azərbaycan rəsmiləri 2025-ci ili Ermənistanla barışıq prosesi üçün uğurlu il adlandıraraq 2026-cı ildə yekun sülh sazişinin imzalanmasının mümkünlüyünü vurğulayıblar.

Sülh gündəliyinin tərkib hissəsi kimi tərəflər arasında iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində praktiki addımlar atılmağa başlanıb.
Zəngəzur dəhlizi kimi tanınan Qərbi Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu xəttinin inşası üçün Azərbaycanın öz ərazisində bütün lazımi infrastruktur işlərini 2025-də başa çatdırdığı və 2026-da dəmir yolunun Ermənistan sərhədinə qədər hazır olacağı bildirilib.
Sərhədlərin delimitasiyası üzrə komissiyaların işi də davam edib. Artıq iki ölkə sərhədinin bəzi hissələri razılaşdırılıb və xəritə işləri aparılır.
Qərb və Rusiya ilə münasibətlər
Azərbaycanın digər mühüm xarici tərəfdaşları ilə münasibətlərində geosiyasi balans strategiyası nəzərə çarpıb. İlin əvvəlində Bakı hökuməti eyni vaxtda həm Qərb, həm də Rusiya yönümlü qurumlarla gərginlik yaşayıb.
Yanvar-fevral aylarında ABŞ-nin USAID təşkilatının Azərbaycandakı bəzi proqramlarının məhdudlaşdırıldığı, Rusiya tərəfinin “Rus Evi” mədəniyyət mərkəzinin fəaliyyətinə maneələr yaradıldığı xəbərləri yayılıb.
İyun ayının sonlarında Rusiyanın Yekaterinburq şəhərində bir sıra azərbaycanlıların evlərinə keçmiş cinayət işləri əsas göstərilərək basqınlar edilib. Basqın zamanı iki nəfər azərbaycanlı polislər tərəfindən öldürülüb, digərləri isə işgəncəyə məruz qalıb.
Bunun ardınca, Bakıda “Sputnik Azərbaycan” əməliyyatı nəticəsində Rusiya dövlət mediasının yerli ofisi faktiki bağlanıb və bu, Moskvanın etirazına səbəb olub.
Hadisələr iki ölkə arasında siyasi gərginliyə səbəb olub, ölkələr qarşılıqlı notalaşıblar. Buna baxmayaraq, rəsmi Bakı balanslı mövqe saxlayaraq eyni zamanda Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirməyə çalışıb.

Bu gərginliyin fonunda Düşənbədə keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində İlham Əliyev və Vladimir Putin arasında gözlənilən təkbətək görüş baş tutub. Bu görüş, son bir ildə iki ölkə arasında ciddiləşən gərginliyi azaltmaq baxımından mühüm hadisə kimi qiymətləndirilib.
Əsas diqqət 2024-ün dekabrında Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan AZAL sərnişin təyyarəsi insidentinə yönəlib.
Vladimir Putin həmin faciənin məsuliyyətini etiraf edərək iki Rusiya raketinin “texniki nasazlıq” səbəbindən AZAL təyyarəsinin yaxınlığında partladığını açıqlayıb və nəticədə 38 nəfərin həlak olduğu bu “faciəvi hadisə” üçün üzr istədiyini xatırladıb. Görüşdən sonra da iki ölkə arasındakı gərginliklər davam edib.
İran və digər münasibətlər
İlin ikinci yarısında Azərbaycan ilə qonşu İran arasında münasibətlərdə də nisbi istiləşmə müşahidə olunub. Oktyabr ayında ilk dəfə olaraq Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin birgə axtarış-xilasetmə təlimi olan “AZIREX-2025” hərbi dəniz təlimi keçirilib.
Təlim çərçivəsində İran hərbi gəmiləri Bakıya dostluq səfəri ediblər və birgə manevrlər həyata keçirilib. Bu addım son illərdə gərgin olan Bakı-Tehran əlaqələrinin normallaşdırılması yönündə mühüm jest kimi qiymətləndirilib.
Bununla yanaşı, Azərbaycan 2025-ci ildə Qoşulmama Hərəkatındakı fəal rolunu davam etdirib, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra tədbirlərdə iştirak edərək regional və beynəlxalq məsələlərdə öz mövqeyini ortaya qoyub.
Azərbaycan hökuməti balanslaşdırılmış xarici siyasət kursunu davam etdirməklə həm qonşularla, həm də Qərb və Şərq tərəfdaşları ilə praqmatik əməkdaşlığı dərinləndirməyə çalışıb.
Mühüm müqavilələr və tərəfdaşlıqlar
2025-ci il Azərbaycana bir sıra strateji tərəfdaşlıq sazişləri və yeni əməkdaşlıq platformaları gətirib. İl ərzində enerji, nəqliyyat, investisiya və müdafiə sahələrində ölkə üçün əhəmiyyətli olan aşağıdakı müqavilə və razılaşmalar imzalanıb.
- Türkiyə ilə iqtisadi əməkdaşlıq
23 dekabr 2025-ci ildə Bakıda Türkiyə–Azərbaycan Birgə İqtisadi Komissiyasının 12-ci iclası keçirildi və geniş sahələri əhatə edən protokol imzalanıb. Bu 110 bəndlik fəaliyyət planı enerji, ticarət, sərmayələr və turizm sahələrində konkret layihələri nəzərdə tutur.
- Qazaxıstanla strateji tərəfdaşlıq
21 oktyabrda Astanada Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib. Görüşün nəticəsi olaraq iki ölkə arasında müttəfiqlik münasibətlərinin 20 illiyi qeyd edilib və 15 yeni əməkdaşlıq sənədi imzalanıb.
- Çin ilə hərtərəfli tərəfdaşlıq
2025-ci il aprelin 23-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı Azərbaycan ilə Çin arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalanıb.
Pekində imzalanan bu sənədə əsasən, iki ölkə siyasi dialoqu və qarşılıqlı dəstəyi gücləndirməklə yanaşı, iqtisadi sahədə “Bir Kəmər, Bir Yol” təşəbbüsü ilə Azərbaycanın milli inkişaf strategiyalarının uzlaşdırılması barədə razılığa gəlib.

Bunlarla yanaşı, 2025-ci ildə Azərbaycan Mərkəzi Asiya və Avropa ölkələri ilə də bir sıra razılaşmalar əldə edib
Azərbaycan-Özbəkistan-Türkmənistan arasında üçtərəfli enerji və nəqliyyat əməkdaşlığı formatının yaradılması barədə anlaşma memorandumu qəbul olunub. Azərbaycanla Macarıstan arasında müdafiə sənayesi üzrə əməkdaşlıq planı təsdiqlənib.
Hökümət yönlülər bildirir ki, il ərzində imzalanan müqavilələr Azərbaycanın regional əhəmiyyətini artırmaqla yanaşı, ölkənin post-münaqişə dövründə iqtisadi dirçəlişini və çoxvektorlu xarici siyasətini təmin etməyə xidmət edib.
2025 Azərbaycan üçün necə keçdi?