Köhnə elitanın çöküşü? Ramiz Mehdiyevin həbsi Azərbaycanda nəyi dəyişdi?
Ramiz Mehdiyevin həbsi
Ramiz Mehdiyevin çevriliş cəhdində ittiham edilərək saxlanılması təkcə yaşlı bir eks-məmurun həbsi deyil. Bu hadisə həm Azərbaycanın daxili siyasi arxitekturasında, həm də Bakı-Moskva xəttində illərdir mövcud olan münasibətlərin kökündən dəyişdiyini göstərən əsas siqnal kimi qiymətləndirilir.
Azərbaycanın sabiq Prezident Administrasiyasının rəhbəri, siyasi səhnəsinin ən uzunömürlü fiqurlarından biri, 87 yaşlı Ramiz Mehdiyev barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər”, “dövlətə xəyanət” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamları ilə cinayət işi açılıb; məhkəmə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.
Mehdiyevin həbsi rəsmi versiyada çevriliş planının qarşısının alınması kimi təqdim olunsa da, bu addımın pərdəarxası motivləri də mövcuddur.
Bu məqalədə Ramiz Mehdiyevin niyə həbs olunduğu, bu həbslə Azərbaycanın daxili siyasi balansında və Rusiya ilə münasibətlərində nə kimi dəyişikliklərin yarana biləcəyi təhlil edilir.
“JAMnews”un bu materialında istifadə olunan terminlər və toponimlər, fikir və ideyalar yalnız konkret yazı müəllifinin şəxsi mövqeyini və ya konkret icmanın mövqeyini əks etdirir və heç də həmişə “JAMnews” və onun ayrı-ayrı əməkdaşlarının mövqeyi və fikri ilə üst-üstə düşmür.
Ramiz Mehdiyev niyə həbs edildi?

Mediada yer alan məlumatlara görə, Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur:
- Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər (CM 278.1) – yəni dövlət çevrilişinə cəhd ittihamı.
- Dövlətə xəyanət (CM 274)- başqa dövlətlə əlbir olaraq ölkənin mənafelərinə zidd hərəkətlər etmək ittihamı.
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (CM 193-1.3.2) – vəzifədə olduğu dövrdə qanunsuz yolla əldə edilmiş sərvəti leqallaşdırmaq ittihamı.
Oktyabrın 14-də Bakının Səbail rayon məhkəməsi istintaq orqanının təqdimatını təmin edərkən Mehdiyevin yaşı nəzərə alınaraq istintaq dövründə onun həbsxanada deyil, ev şəraitində saxlanılması uyğun sayılıb. Azərbaycan qanunvericiliyinə görə, 87 yaşlı təqsirləndirilən şəxs olsa da, məhkum olunduğu halda ona ömürlük həbs cəzası verilə bilməz.
İttihamların məğzi: Hökumətyönümlü “APA” agentliyinin yaydığı məlumata əsasən, Mehdiyev bu ilin əvvəlində – Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaranan dövrdə Rusiyanın dəstəyi ilə çevriliş planı hazırlayıb və bu planı öz kanalları vasitəsilə Moskvaya təqdim edib.
Planın mahiyyəti hökuməti zorla devirməklə ölkədə keçid dövrü üçün Dövlət Şurası formatında müvəqqəti idarəetmə orqanı yaratmaq və həmin orqana məhz Mehdiyevin özü rəhbərlik etməsi olub. İddiaya görə, Mehdiyev hətta həmin müvəqqəti Şurada yer alacaq şəxslərin siyahısını da Rusiya tərəfinə təqdim edib.
Yayılan xəbərlərə görə, Rusiya rəhbərliyi öncə Mehdiyevin bu təklifinə müəyyən maraq göstərsə də, sonda bu planın uğur şansının olmadığını dəyərləndirib. Nəticədə, oktyabrın 9-da Düşənbədə keçirilən qapalı görüş zamanı Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə Mehdiyevin təklif etdiyi çevriliş planı barədə məlumat verib.
Bu xəbərdarlıqdan sonra cəmi bir neçə gün içində Mehdiyev Bakıda saxlanılaraq haqqında cinayət işi açılıb. Mehdiyev özü və ailəsi hələlik ittihamlarla bağlı ictimai açıqlama verməyib; onun vəkilləri məsələnin detallarını şərh etməkdən çəkinirlər.
Hadisənin təsadüf etdiyi tarix və ehtimal olunan motivlər

Ramiz Mehdiyevin onilliklərdir hakimiyyətin zirvəsində olmasına baxmayaraq, onun haqqında belə ağır ittihamların indi irəli sürülməsi diqqət çəkir. Tarix də təsadüfi görünmür: Mehdiyevin həbsi, İlham Əliyevlə Vladimir Putin arasında Düşənbədə baş tutan vacib görüşdən dərhal sonraya təsadüf edib. Həmin görüş iki ölkə arasında son bir ildə yaranmış gərginliyi yumşaltmaq məqsədi daşıyırdı.
2024-cü ilin dekabrında Qroznıya hərəkət edən Azərbaycan sərnişin təyyarəsinin vurulması nəticəsində 38 nəfərin həlak olması Bakı-Moskva münasibətlərində ciddi böhran yaratmışdı. Rusiya tərəfinin uzun müddət üzr istəməməsi və kompensasiya ödəməkdən imtinası rəsmi Bakının kəskin etirazlarına səbəb olmuşdu. Nəhayət, bu ilin oktyabrında Düşənbədə Putin hadisəyə görə başsağlığı verirək zərərçəkmiş ailələrə kompensasiya ödəniləcəyini bildirdi və tərəflər münasibətlərdə “yeni səhifə” açmağa çalışdılar.
Məhz bu barışıq jestindən dərhal sonra Azərbaycanda “Rusiyanın iştirakı ilə çevriliş planı”nın ifşa olunması iki cür yozulur.
Bir yanaşmaya görə, Mehdiyevə qarşı ittihamlar doğrudan da Rusiyanın Əliyevi devirməyə cəhd etməsinin sübutudur. Yəni Kremlin Azərbaycan daxilində çevriliş ssenarisi olub və ifşa edilib. Digər yanaşmaya görə isə, əksinə, Putin dostcasına jest edərək Əliyevi mümkün təhlükə barədə xəbərdar edib, bununla da onun mövqeyini gücləndirməyə çalışıb.
Proqram xarakterli görüşdən sonra Putinin bu məlumatı paylaşması ilk baxışda iki ölkə arasındakı etimadın göstəricisi kimi görünə bilər. Lakin bəzi ekspertlər hesab edir ki, Kremlin bu addımı həm də üstüörtülü mesaj daşıyırdı: “əgər Moskvanın maraqlarına zidd addımlar atsan, ən yaxın silahdaşın belə xəyanətkərə çevrilə bilər”. Yəni Rusiya, Mehdiyev epizodu vasitəsilə, Əliyevə həddini aşmamağı xatırlatmış oldu – “çox uzağa getməsən, hakimiyyətin qorunar” mesajını verdi.
Bu hadisənin zamanlamasına dair digər mühüm aspekt Azərbaycanda daxili siyasətin dinamikası ilə bağlıdır. Müşahidəçilərin fikrincə, Mehdiyevin həbsi təkcə Rusiya amili ilə izah olunmur. Son illər İlham Əliyev hakimiyyəti daxilində genişmiqyaslı islahatlar və köhnə elitadan təmizləmə prosesi gedir.
Xüsusilə 2019-2020-ci illərdə Əliyev atası dövründən miras qalmış bir sıra yaşlı məmurları vəzifədən kənarlaşdırdı, onların yerinə gənc texnokrat kadrlar təyin olundu. Ramiz Mehdiyev də 2019-cu ildə Prezident Administrasiyasının rəhbəri postundan təntənəli surətdə uzaqlaşdırıldı – özü üçün yaradılmış Akademiya prezidentliyi vəzifəsinə göndərilərək faktiki “şərəfli istirahət”ə göndərildi.
Lakin avtoritar sistemlərdə böyük nüfuza malik keçmiş məmurlar belə həmişə potensial təhlükə sayılırlar. Hakimiyyətin daxili məntiqinə görə, hətta 80 yaşını keçmiş bir “veteran” belə, ətrafında qeyri-rəsmi nüfuz dairəsi saxlayırsa, diqqətlə izlənməli və zəruri anda zərərsizləşdirilməlidir. Mehdiyevin şəxsi Rusiya əlaqələrinin mövcudluğu və ölkə daxilində müəyyən tərəfdarlarının qalması onun “növbəti hədəf” seçilməsində rol oynayıb.
Beləliklə, ehtimal olunan motiv kimi Əliyev hakimiyyətinin öz sütunlarını möhkəmləndirmək, Moskva ilə birbaşa təmasda olan hər hansı müstəqil güc mərkəzini tamamilə sıradan çıxarmaq istəyi ön plana çıxır.
Mehdiyev əleyhinə informasiya kampaniyası hələ bir müddət əvvəl başlamışdı. Bu ilin fevral ayında dövlətə yaxın media orqanlarında Ramiz Mehdiyevin Rusiya xüsusi xidmət nümayəndələri ilə “süfrə arxasında görüşlər” keçirdiyi, hakimiyyət daxilində “Rusiyaya bağlı beşinci kolon”a rəhbərlik etdiyi barədə yazılar dərc olunub.
Hətta bu “şəbəkə”yə Mehdiyevlə yanaşı bir sıra digər sabiq məmurların da aid olduğu vurğulanıb. Əslində xeyli şişirdilmiş görünən bu iddiaların rəsmi mediada yer alması göstərir ki, Mehdiyevin gedişatı əvvəlcədən planlaşdırılmışdı. İndi isə çevriliş cəhdi ittihamı həmin informasiya zəminini “rəsmiləşdirmiş” oldu.
Daxili siyasi balansda mümkün dəyişikliklər
Ramiz Mehdiyevin həbsi Azərbaycan hakimiyyətinin daxili balansına təsirsiz ötüşməyəcək bir addımdır. Mehdiyev onilliklər boyu ölkənin siyasi sistemində “boz kardinal” kimi tanınmış, idarəetmənin ideoloji arxitektoru sayılıb.
O, 1990-cı illərin ortalarından 2019-cu ilə qədər Prezident Administrasiyasına rəhbərlik edib, ölkədə kadr siyasətinə və siyasi qərarların formalaşmasına birbaşa təsir göstərib. Xüsusilə Heydər Əliyevin vəfatından sonra İlham Əliyevin prezidentliyi dövründə Mehdiyev hakimiyyətdə davamlılıq və sabitliyin rəmzi idi.
Məhz Mehdiyevin onun dəstəyi ilə İlham Əliyevin atasının varisi kimi möhkəmlənməsində ciddi rol oynadığı qeyd olunur. İndi isə həmin “sabitlik rəmzi”nin xəyanətdə ittiham olunub ev dustağı edilməsi, şübhəsiz ki, hakim ailə ətrafındakı qüvvələr nisbətini tam dəyişir.
İlham Əliyev son illərdə ölkə siyasətində yeni nəslin yüksəlişi prosesini sürətləndirib. Bir tərəfdən birinci vitse-prezident, ölkənin birinci xanımı Mehriban Əliyevanın təmsil etdiyi varlı Paşayevlər klanı güclənərək dövlət və iqtisadiyyat strukturlarında nüfuzunu artırır. Digər tərəfdən, Heydər Əliyev dövründən qalan Naxçıvan klanının yaşlanmış nümayəndələri tədricən kənarlaşdırılır.
Mehdiyev məhz bu Naxçıvan kökənli köhnə qvardiyanın ən yüksək fiqurlarından biri idi. Onun ardınca eyni çevrədən olan digər veteran məmurların da hədəfə gələcəyi istisna olunmur. Dövlət mediası artıq Mehdiyev ətrafında adı hallanan bəzi keçmiş rəsmi şəxsləri “pro-Rusiya şəbəkəsi”nin üzvləri kimi təqdim etməyə başlayıb və yeni həbslərin olacağı ehtimalı barədə siqnallar verir.
Bu yolla İlham Əliyev vaxtilə hakimiyyətə gəlməsində pay sahibi olmuş, onun haqqında həddən artıq kulis məlumatına sahib olan köhnə silahdaşlarından birdəfəlik qurtulmaq niyyətindədir.
Daxili siyasi balans kontekstində Mehdiyevin həbsi həm də böyük sərvət sahibi olan köhnə elita nümayəndələrinə qarşı kampaniyanın parçasıdır. Uzun illər hakim dairələrdə çalışmış bu şəxslər və ailələri özlərinə böyük biznes imperiyaları qurublar. İndi, onilliklər sonra, iqtidaryönlü media orqanları Mehdiyev və digərlərinin topladıqları əmlakın “cinayət yolu ilə əldə olunduğunu” “aşkarlamağa başlayıb”.
Bu isə həmin sərvətlərin müsadirə edilərək “daha layiqli” kadrların nəzarətinə verilməsi ilə nəticələnə bilər. Yəni köhnə elitaya aid iqtisadi resurslar da yeni nəsil hakim elitanın əlinə keçir. Bu proses fonunda, hökumətyönlü mətbuat hətta kağız üzərində mövcud qalan müxalifət partiyalarının – Xalq Cəbhəsi və Müsavatın tamamilə qadağan olunmasını tələb edir. Hərçənd, həmin partiyalar uzun zamandır ki, siyasi proseslərə ciddi təsir göstərmirlər. Bütün bunlar “daxili düşmənlərə qarşı mübarizə”, “milli maraqların qorunması” kimi pafoslu cümlələrlə müşayiət olunur.
Beləliklə, Mehdiyevin gedişi ilə Azərbaycan daxilində siyasi güc balansı tam olaraq hazırkı hakim komanda lehində mərkəzləşir. Əgər əvvəllər kölgədə də olsa, keçmişdən gələn müəyyən “ağsaqqal təsiri” hiss olunurdusa, indi bu boşluq da aradan qaldırılır.
Bir vaxtlar rejimin sabitliyinin simvolu sayılan Mehdiyev, indi həm daxili, həm də xarici siyasətin tam inhisara alınmasına xidmət edən bir vasitəyə çevrilmiş kimi görünür. Bu isə Azərbaycan siyasətində yeni bir mərhələnin – tam avtoritar mərkəzləşmənin və nəsillər dəyişikliyinin mğhkəmləndiyini göstərir.
Rusiya-Azərbaycan münasibətləri fonunda bu həbsi necə dəyərləndirməli?
Ramiz Mehdiyevin həbs hadisəsi təkcə daxili siyasət məsələsi olmayıb, eyni zamanda Bakı-Moskva xəttindəki incə tarazlıqlarla da bağlıdır. Mehdiyev keçmişdə Moskva ilə xüsusi isti münasibətləri ilə tanınırdı. Sovetdən qalma kadr kimi, o, Rusiya elitasında nüfuzlu şəxslərlə əlaqələr qurmuş, hətta Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev kimi fiqurlarla dostluq münasibətləri olub.
O, Rusiya akademik dairələrində təmsil olunmuş, Moskva tərəfindən yüksək ordenlərlə təltif edilmiş, müntəzəm olaraq Rusiya ilə bağlı tədbirlərdə görünmüş bir şəxs idi. İddialara görə, Mehdiyev uzun illər Azərbaycan hakimiyyətində “Moskvaya rəğbəti olan kadrlar”ın irəliləməsinə təkan verib, onları mühüm vəzifələrə yerləşdirib. Bu səbəblə onun “Rusiya yönümlü imici” həm ictimai rəydə, həm də siyasi kulislərdə çoxdan formalaşmışdı.
Mehdiyevin məhz Rusiya ilə əlbir çevriliş hazırlamaqda ittiham edilməsi, iki ölkə münasibətləri fonunda maraqlı situasiya yaradıb. Bir tərəfdən, rəsmi Bakı sanki bildirir ki, “biz daxildə Rusiyaya bağlı hər hansı xəyanəti bağışlamırıq”, yəni Kremlin əli ilə hakimiyyət dəyişikliyi cəhdinin üstünü açdıq və qarşısını aldıq. Bu mesaj daxili auditoriya üçün suverenlik nümayişidir.
Digər tərəfdən, Moskvanın rolu məsələsi qalır: əgər doğrudan da Mehdiyev Rusiyaya güvənərək belə plan qurubsa, deməli, Kreml müəyyən müddət bu senari üzərində düşünüb, amma anda vaz keçib. Putinin Əliyevə məlumat verməsi zahirən müttəfiqlik jestidir, lakin Moskvanın Azərbaycandakı proseslərdən nə dərəcədə xəbərdar olduğunu da göstərir.
Bu, Bakıya siqnal ola bilər ki, Rusiya Azərbaycanda gedənləri yaxından izləyir və hətta ölkə daxilindəki güc oyunlarına müdaxilə imkanına malikdir.
Hadisədən sonra Kremlin rəsmi dairələri Mehdiyev mövzusu barədə geniş bəyanat verməyiblər. Rusiya rəsmiləri adətən digər ölkələrin daxili siyasətinə aid belə məsələləri “Azərbaycanın daxili işi” kimi qiymətləndirir. Lakin Moskva mediasında və ekspert dairələrində fərqli tonlar hiss olunur.
Bəzi rusiyalı şərhçilər Mehdiyevin həbsini Əliyevin Qərbə və Türkiyəyə yaxınlaşmasının nəticəsi kimi dəyərləndirir, yəni guya Bakı “Rusiyaya yaxın kadrları” zərərsizləşdirərək geosiyasi orientasiyasını dəyişir. Digərləri isə əksinə, bunun Putin-Əliyev anlaşmasının göstəricisi olduğunu, Moskvanın Əliyevə dəstəyini nümayiş etdirdiyini düşünür. Hər iki versiyanın müəyyən əsasları var və zamanla Kremlin əsl mövqeyi daha aydın üzə çıxa bilər.
Mehdiyev hadisəsi göstərir ki, Kreml ilə Bakı arasında buzlar əriyir kimi görünsə də, dərin qarşılıqlı şübhə qalmaqdadır. Əliyev bir tərəfdən Moskvanın könlünü almağa çalışsa da (Putinə minnətdarlıq etmək, birgə iqtisadi layihələrdə iştirak etmək və s.), digər tərəfdən Rusiyanın Azərbaycandakı “dostlarına” da etibar etmədiyini göstərir.
Bu həbs, bölgə ölkələri üçün də mesajlar ehtiva edə bilər. Məsələn, Ermənistanda da 2023-2024-cü illərdə Rusiya təsirindən uzaqlaşma meyli fonunda hökumət çevrilişi ehtimalları müzakirə ediib. Paşinyan hakimiyyəti dəfələrlə “daxildə Rusiyayönlü qüvvələrin təxribatı” barədə xəbərdarlıqlar edib.
Azərbaycanda Mehdiyev hadisəsi bir növ göstərir ki, Cənubi Qafqazda Kremlin illərlə formalaşdırdığı qeyri-rəsmi təsir kanalları artıq risk kimi görülür. Əliyev hakimiyyəti, Rusiya ilə strateji tərəfdaş olsa belə, Kremlə bağlılığı ilə seçilən köhnə etibarlı şəxsləri belə sistemdən çıxarmağa hazırdır.
Bunun qarşılığında Rusiya Azərbaycanla münasibətlərini qorumaq üçün hələlik durumu qəbul edir kimi görünür. Putinin çevriliş xəbərdarlığı etməsi buna işarədir.
Ramiz Mehdiyevin həbsi