2023-cü ildə JAMnews-da Azərbaycandan hazırlanmış məqalələrin onluğu
2023-cü ilin ən yaxşı məqalələri
JAMnews-un Azərbaycan redaksiyası əməkdaşlarının 2023-cü ildə hazırladıqları, fikrimizcə, ən yaxşı məqalələrin onluğunu toplamışıq.
Onları diqqətinizə təqdim edirik.
Azərbaycan (bəzi açıqlamalara görə bütün Qafqaz) müsəlmanlarının əsas dini qurumu Qafqaz Müsəlmanları İdarəsidir (QMİ). Uzun illər ölkədə bütün məscidlər bu idarənin nəzarətində olub. Amma söhbət daha çox cəmiyyətə təsirdən yox, idarəçilikdən, menecerlikdən gedir.
“Azərbaycan kimi keçmişi ateist təfəkkürlü bir rejimdən çıxmış ölkələrdə isə təbii ki, dinin cəmiyyətə təsiri çox deyil. Amma son onilliklərdə bu təsir yüksələn xətt üzrə davam edir” , – ilahiyyatçı Elşad Miri hesab edir.
“Cənub bölgəsində din faktorunun daha çox açıq şəkildə özünü biruzə verdiyinə şahid oluruq. Burada müəyyən bir məshəb anlayışını da görürük. Həmçinin bu bölgənin İranla sərhəddə yerləşməsi həmin rayonlarımıza öz təsirini göstərir. Yaxud bəzən dindarların kompakt olaraq bir yerə yığışdıqları bəzi məhəllələrdə, qəsəbələrdə də buna şahid oluruq. Deyək ki, Bakı kəndlərindən Nardaranda din daha çox öz sözünü deyirdi, bununla bağlı da bəzi bildiyimiz xoşagəlməz hadisələr baş verdi”.
Amma bununla belə Elşad Miri hesab edir ki, bu gün siyasətdə, cəmiyyətdə dinin böyük rola sahib olduğunu deyə bilmərik.
İsmayıllının Balik kəndi rayon mərkəzindən 50 kilometr uzaqda yerləşir. Son siyahıyaalmalara görə, kənddə 400 nəfərdən çox sakin yaşayır.
Lüğətlərə inansaq, kəndin adı “istəkli məkan” mənasını verir. Amma burda yaşayanlar üçün Balik “xəritədən silinən kənd”, “rayonun ögey kəndi”, ya da ki, “bataqlıq”dır…
Kənddə gəzdikcə addımbaşı aşan elektrik dirəklərinə rast gəlirsən. Sakinlərin sözlərinə görə, rayonun baş mühəndisinə dəfələrlə müraciət ediblər ki, dərdlərinə bir əncam çəksin. Amma hələ ki gəlib-gedən yoxdur.
“İşıq dirəklərinin hamısı aşıb. Baş mühəndisə də nə qədər şikayətə gedirik, bu qulağından alıb, o birindən buraxır. Elə bil, sözü buna demirsən, daşa deyirsən”,- kənd sakini Sahib Kamalov belə deyir.
O, doğulandan Balikdə yaşayır. Deyir, kənddə indiyədək gün üzü görməyib. Onları nə itirib-axtaran var, nə də dərdiylə maraqlanan. Elə ona görədir ki, kənd yavaş-yavaş boşalır. Kənddə cavan adam qalmayıb. Kommunal problemlər bir yana, burda heç təhsil də, iş də yoxdur.
“Bilmirəm bu kəndin bəxtindədir, ya nəyindəndir? Bir Allah bilir, bir də özləri. Rayonda bu kəndə can yandıran yoxdur. Hamısı barmaqarası baxır bura. Kölə kimi baxırlar bizim kəndə. Elə keçmişi də belə olub buranın. İnqilab sovxozunda əmtəə-süd ferması burda olub. İşçilərin hamsını burda qara qul kimi işlədirdilər, özləri də necə lazımdır, yaşayırdılar”, – Sahib Kamalov gileylənir.
Hər iki Qarabağ müharibəsi Xalisə Məmmədovanın həyatının tam ortasından keçib. Birinci müharibədə o, hələ uşaqkən ailəsi ilə birlikdə doğma kəndindən, evindən didərgin düşüb, ikinci müharibədə isə yenicə qovuşduğu həyat yoldaşını itirib.
“Biz Amillə qohum olsaq da, mən heç vaxt onu görməmişdim. Amma sən demə, o məni dəfələrlə görüb və yaddaşında saxlayıb. 2009-cu ildə yaxın qohumu mənə Amil üçün elçi düşdü. Mən heç düşünmədən, xüsusi səbəb olmadan “yox” dedim. O vaxtdan sonra bu söhbət bir daha açılmadı. Qismətə bax ki, on bir il sonra 2020-ci ildə bir gün işdən gələndə Amillə yolun tən yarısında – Horadiz qəsəbəsi ilə Əhmədalılar kəndini birləşdirən dəmiryolundan qarşı-qarşıya keçmişik… Düzü, mən yenə də o anı xatırlamıram. Amma Amil danışırdı ki, sən başını qaldırıb mənə baxmadın.
Onda qəti qərarımı verdim ki, həyatımdakı qadın sən olacaqsan. Deyirdi, sən məni bəyənməzsən deyə tərəddüd edirdim. Düşünürdüm ki, mən sadə hərbçi oğlanam. Bu qız ali təhsillidir, bir az da özündən razı, bəlkə də heç adama salam verməz. Amma cəsarətini toplayıb ürəyini açdı, mən də bir şans vermək istədim. Deyirdi, sən məni tanımaq istədiyini deyəndə dünyalar mənim oldu. İndi də səni yanımda görəndə bəzən gözlərimə inana bilmirəm… “
Xalisə qısa müddətdə tapıb-itirdiyi sevgisinin ağrısını kitaba töküb. Rahatlıq tapmaq üçün içindəkiləri qələmə alıb. Deyir ki, “Zəfərin Amili” adlandırdığı bu kitab onu yenidən həyata bağlayıb, yaşamaq üçün stimul verib.
“Evlənəndən sonra yeni evimizə yeni əşyalar aldıq. Qonaq otağı üçün aldığımız xalçanı Amil çox bəyənmişdi. Dedi ki, stolu elə qoyarıq, xalçanın rəngi seçilsin. İstəyirdi xalça göz önündə olsun, evə gəlib-gedənin diqqətini çəksin. Nəticədə elə oldu ki, Amil şəhid olanda həmin xalçaya büküldü. Bütün kənd sakinləri, dəfnə gələn hər kəs o xalçanı gördü…”
“Şəhid xəbəri gələndə, elə bilirəm ki, Elsevəri yenidən gətirirlər. İndi də deyirəm, necə dözə bildim, necə dəli olmadım? Təbiətən sakitəm, səs-küylü ağlaya bilmirəm. Adam var ki, səslə, ya necəsə ağrını, dərdi içindən çıxara bilir. Mən onu edə bilmirəm. Ancaq içimdə çəkirəm. Həmişə elə onu deyirəm ki, 2020-də qalmışıq. Bizim üçün heç nə yenilənmir. Bir yerə gedirəm, ancaq Elsevərin sağ olduğu vaxtlar gözümün önünə gəlir. Elsevərlə belə getmişdik, Elsevər bunu etmişdi. Evdə də bir şey olanda Fəridlə sözümüz-söhbətimiz odur. Nəsə baş verəndə deyirik ki, bax, Elsevər olsaydı belə deyərdi, belə edərdi. Hələ ki belə yaşayırıq. Xatirələrlə”.
Dilbər Əhədzadə Zabrat qəsəbəsində inşa edilmiş yeni şəhərcikdə yaşayır. İkinci Qarabağ müharibəsinə iki oğul göndərib. Biri qayıtmayıb. Rayondan Bakıya köçəndən sonra Dilbər illərlə yataqxanada şəraitsiz iki göz otaqda yaşayıb. Müharibəyə göndərdiyi iki oğlunu da elə orada böyüdüb.
Oğlu şəhid olduqdan sonra isə dövlət ona təmirli, işıqlı iki otaqlı mənzil verib. Ana mənzili girişindən hər künc-bucağına qədər Elsevərin fotoları, xatirələri ilə bəzəyib. Gözünü müharibədə yaralanan qazi oğlu Fəridə və “nə vaxtsa sağalar” dediyi insult xəstəsi ərinə dikib.
Bakının məşhur “Kubinka” adlanan ərazisində “Qalayçılar məhəlləsi” yerləşir. Bakıda bu məhəlləyə ilk qalayçıların gəlişi 1960-cı illərə təsadüf edir. Hal-hazırda burada bir neçə qalayçı emalatxanası var.
Qalayçılığın kökü İsmayıllının Lahıc qəsəbəsinə dayanır. Oradan Bakıya köç edən insanlar bu sənəti şəhərdə də davam etdirməyə başlayıblar.
Gün ərzində müştəri az olduğundan boş vaxtlarında kimisi kitab oxuyur, kimisi krossvord həll edir, kimisi də söhbət edərək müştərisini gözləyir.
“Çox az insan bu sənətlə maraqlanır, cəmiyyətin sənətə dəyər verməməsi bu sənətin davam etdirilməsinə də mənfi təsir göstərir. Gənc nəsil daha gəlirli peşələrə meyillidirlər”, – usta deyir.
Nəhayət, Qrıza çatırıq. Amma kəndə çatdığımızı Fərhad deyincə anlayıram. Görməyə alışdığım kənddən əsər-əlamət yoxdur. Hər tərəf sal qayalar, qayalardan çox da fərqlənməyən köhnə, yerə batmış məzar daşları, nəinki insanlar, heç ağaclar, bitkilər də gözə dəymir. Burada bitkinin kök ata biləcəyi adi torpaq ərazilər çox azdır çünki.
Köhnələr bir yana, yeni məzarların da qayalıqlar arasında pərakəndə yerləşdiyini görüb təəccüblənirik. Kənd sakinləri deyirlər ki, harada qazmağa torpaq tapsaq, orada da cənazəmizi dəfn edirik. Qrızda məzar qazmaq bütün kənd kişilərinin iştirak etdiyi saatlarla sürən çox əziyyətli məsələdir. Dediklərinə görə, bir dəfə hətta üç gün boyunca məzar qazmalı olublar.
Bu hekayə jurnalist Coşqun Eldaroğlunun Azərbaycanın ucqar kəndlərindən birində könüllü müəllimlik etməsindən bəhs edir
O, iki ilə yaxındır ki, vaxtaşırı Şabranın Qazbabalı kəndinə gedərək, nəinki məktəbə gedə bilməyən uşaqlara, hətta gec də olsa, təhsil almaq istəyən böyüklərə də Azərbaycan dili, riyaziyyat, ingilis dili və “dünya görüşü” fənlərindən dərs deyir
“Əslim Şabran rayonundandır. Əvvəllər yolum az-az düşərdi Şabrana. Bir dəfə qohumlardan birinin yas məclisinə yollanmışdım. Orada təsadüfən Nəzrin adlı balaca bir qızla həmsöhbət oldum. Söylədiklərinə heyrət etdim. Bu ildən məktəbə getməyəcəyini deyirdi. Səbəbini soruşanda aydın oldu ki, onun yaşadığı Qazbabalı kəndində məktəb cəmi dörd illikdir. Öyrəndim ki, həmin kənddə Nəzrin kimi təhsilini davam etdirə bilməyəcək başqa uşaqlar da var. Bu uşaqlar təhsil almaq istəsələr də, bu imkandan məhrumdurlar”.
Teresa Hamlin 18 il öncə Azərbaycana gəlmiş ingilis dili müəlliməsidir. O, ilk illərdə ingilis dilindən dərs desə də, sonralar Azərbaycan xalqına, adət-ənənəsinə, mədəniyyətinə olan marağı onu başqa istiqamətə yönləndirib. Azərbaycanda yaşadığı müddətdə azərbaycanlı qadınların qabiliyyətli olmalarına rəğmən işsiz qalmaları Teresanın sosial sahibkarlıq ideyasına təkan verib.
Teresa sosial sahibkar olmağa qərar verəndə ona ilk dəstək anasından gəlib. Anası ona əsasən hazır məhsulların daşınması və çatdırılması kimi işlərdə kömək edir.
Məqsəd Azərbaycanın bölgələrində toxuculuq qabiliyyəti olan qadınları bir araya gətirib, toxunma məhsullar istehsal edib, satışını təşkil etmək və beləcə işsiz qadınlara dəstək olmaqdır.
“Atamla anamın birgə şəkli yoxdur. İkisinin şəkillərini bir alboma yığmışdılar. Qaçhaqaç dövründə əşyalarımızı aparıb nənəmgilə qoymuşduq və o evdə yanğın oldu, həmin albom o zaman yandı”.
Atası ilə anasının birlikdə olduğu “fotolar” artıq Emilin sadəcə xatirələrində qalır.
42 yaşlı Emil Rəhimov Bakıda anadan olub. Atası erməni, anası azərbaycanlıdır. Ötən əsrin 80-ci illərinin lap əvvəllərində tələbə yoldaşı olan atası və anası bir-birini sevib evlənəndə, o və qardaşı doğulanda iki xalq hələ sülh içində yaşayırdı.
“Mənim özümü üç dəfə maşın vurub. Biri elə dünən vurdu, getdi. Səhər saat dörd idi. Qəza da olanda, o saatlarda olur. Hava qaranlıq, küçənin işıqları yanmır. Vurub qaçırlar. Heç görmürsən də hansı maşın idi, kim idi. Bəxtim verdi ki, ciddi xəsarət almadım. Bir az belim ağrıdı, bu gün artıq yaxşılaşıb deyə işə çıxmışam”.
Nabat Məhərrəmovanın 63 yaşı var. 21 ildir Bakının mərkəzi küçələrində süpürgəçi işləyir. Hər gün səhər hələ hava işıqlanmamış işə gedən Nabat xalanın günü maşınların sürətlə hərəkət etdiyi yollarda keçir. Deyir, maşın yolunda işləmək təhlükəlidir, amma başqa çarəsi yoxdur. Təhlükəli də olsa, işi olduğu üçün yenə də şükür edir.
Nabat xala deyir ki, keçirdiyi ilk iki qəzadan sonra polisə şikayət versə də, onu vuran sürücülər tapılmayıb. Sonuncu dəfə isə ümumiyyətlə şikayət verməyib. Hər üç qəza iş başında baş versə də, işlədiyi qurum heç bir məsuliyyət daşımayıb. Hər dəfə müalicəsinin xərcini də özü çəkib.