182 siyasi məhbusdan cəmi 8 nəfəri əfv edilib
Prezident əfv sərəncamı imzalayıb
Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının yüz illiyi ərəfəsində dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamı 800 nəfərdən çox insana şamil edilib. Amma əfv olunanlar arasında siyasi məhbuslar az olduğu üçün hüquq müdafiəçiləri bu aktın “humanizm” kimi dəyərləndirilməsini doğru saymırlar.
- Mətbuat Azadlığı günündə Azərbaycan mətbuatı 151-ci yerdə
- Xatirələrdə qalmış “fotolar”
- Məşq zamanı uşağın döyülərək öldürülməsinə görə kim məsuliyyət daşıyır?
Əfv sərəncamı 801 nəfərə şamil edilib
Mayın 8-də Azərbaycan prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Prezidentin əfv sərəncamı imzalayacağı bir müddət əvvəldən məlum idi. Hüquq müdafiəçiləri bir çox siyasi məhbusların, o cümlədən də dövlət çevrilişinə cəhddə və bir sıra başqa cinayətlərdə ittiham edilərək, ömürlük cəzaya məhkum edilən və 26 ildir ki, həbs həyatı yaşayan “OMON”çular (keçmiş xüsusi təyinatlı milis dəstəsi) Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun azadlığa buraxılacağı ehtimalının yüksək olduğunu bildirmişdilər.
Amma onların adları əfv olunanların siyahısına daxil edilməyib. Ümumiyyətlə, siyahıda çox az sayda siyasi məhbus yer alıb.
Onların arasında Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev, Sumqayıtdan olan hüquq müdafiəçisi Elçin Məmməd, “Tərtər işi” üzrə məhkum olunmuş 4 nəfər – Nüsrət Qurbanov, Vaqif Əliyev, Hacıyev Süleyman, Seymur Həsənov və “Gəncə işi” üzrə təqsirləndirilən iki nəfər – Samir İbrahimov, Həbib Qurbanov var.
“Bu əfv siyasi məhbus problemini həll etməyib və onu humanizm aktı adlandırmaq olmaz”, – deyə, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının lideri Rüfət Səfərov bildirib.
Korrupsioner məmurlar azadlıqda
Eyni zamanda, dövlət başçısı ağır cinayətlərə – korrupsiya, pul tələb etmə və şantaja görə həbs edilmiş mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovu, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabitləri Azər Mehdiyevi və Zaur Mehdiyevi əfv edib.
“Bilirsinizmi kimlər əfv edilib, məsələn, 8 il azadlıqdan məhrum edilən mədəniyyət nazirinin müavini Rafiq Bayramov, halbuki nəinki o, nazir Əbülfəz Qarayev də həbs olunmalı idi.
Baxın, biz belə məmləkətdə yaşayırıq, 30 ildir siyasi məhbuslarla tüğyan edən cəmiyyətdə yaşayırıq, amma əfv siyahılarında korrupsionerlərin adları göz deşir”, – jurnalist Natiq Cavadlı özünün “Facebook” səhifəsində yazıb.
İki aya 89 nəfər siyasi motivlə həbs edilib
Bu ilin aprelində “Azərbaycan siyasi məhbuslarına azadlıq” birliyi siyasi məhbusların 182 nəfərdən ibarət yeni siyahısını dərc edib.
Eyni təşkilatın fevralda dərc etdiyi siyahıda siyasi məhbusların sayı 93 nəfər idi. Cəmi iki ay ərzində daha 89 nəfər siyasi motivlərlə həbs olunub.
Yeni həbs edilənlər əsasən dini fəallar, “Müsəlman Birliyi” Hərəkatının üzvləri və ilahiyyatçılardır.
Bu insanların böyük əksəriyyətinə 234.4.3-cü maddə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Həbslər İranla münasibətlərdə diplomatik gərginlik fonunda baş verir.
182 siyasi məhbus siyahısı 7 qrupa ayrılıb: jurnalistlər və blogerlər – 6 nəfər, müxalif partiya və hərəkatların üzvləri – 6 nəfər, Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər, dindarlar – 118 nəfər, “Tərtər işi” üzrə həbs edilənlər – 8 nəfər, “Gəncə işi” üzrə həbs edilənlər – 26 nəfər, ömürlük məhbuslar – 13 nəfər.
“Azərbaycan hələ siyasi və hüquq islahatlarına hazır deyil”
“Biz dövlət başçısı İlham Əliyevə müraciət etmişdik. Açığı, ümidim var idi ki, ən azı 10 may ərəfəsində imzalancaq əfv sərəncamı ilə cəza evlərində siyasi və vicdan məhbuslarının sayı xeyli azalacaq. Əfv sərəncamı mərhum dövlət başçısı Heydər Əliyevin 100 illiyinə təsadüf edir. Eyni zamanda, bilirik ki, Heydər Əliyev hazırkı hakimiyyət, Yeni Azərbaycan Partiayası, eyni zamanda dövlət başçısı İlham Əliyev üçün hansı dəyər daşıyıcısıdır. Amma əfv edilənlərin siyahısına baxdıqda görürəm ki, keçmiş OMON-çular, Elçin Əmiraslanov başda olmaqla, cəbhəçilərdən (Xalq Cəbhəsi Partiyası – red.) Niyaməddin Əhmədovun, hüquq müdafiəçisi, “Tərtər işi” üzrə araşdırmaçı jurnalist Abid Qafarovun, İlham Aslanoğlunun, bloqerlərin, jurnalistlərin, Polad Aslaniovun adı yoxdur”, – Rüfət Səfərov “Amerikanın Səsi”nə deyib.
Hüquq müdafiəçisi ehtimal edir ki, siyasi güc mərkəzləri, beynəlxalq təşkilatlar rəsmi Bakı ilə danışıqlarda, pərdəarxası dialoqlarda siyasi məhbus məsələsinə prioritet kimi baxmır.
“Bilmirəm, bəlkə də burada geosiyasi durum və ya digər faktorlar rol oynayır. Yerli və beynəlxalq ictimaiyyət Azərbaycanda siyasi təqiblərdən sanki narahat deyil. Hakmiyyət isə kimi nə vaxt tutması, kimi nə vaxt azadlığa buraxması, kimləri əfv sərəncamının təsir dairəsinə salması barədə özü qərar verir”.
Hüquq müdafiəçisi hesab edir ki, ölkədə məhkəmələr, istintaq və hüquq sistemi müstəqil omayınca siyasi və vicdan məhbusu problemi qalacaq.
“Bu əfv sərəncamı bir daha sübut etdi ki, Azərbaycan hələ siyasi və hüquq islahatlarına hazır deyil”, – R.Səfərov deyib.