Rusiyanın “Kommersant” qəzeti siyasət şöbəsindən məhrum qalıb.
Nə baş verib?
“Kommersant” qəzetinin iki jurnalisti – İvan Safonov və Maksim İvanov – Facebook-da qəzetdən getdiklərini və bunu öz iradələri ilə etmədiklərini yazıblar. Onlara “öz arzuları” ilə işdən azad olmaq təklif olunub. Səbəb Rusiya Parlamentinin yuxarı palatasının spikeri Valentina Matviyevnkonun tezlikdə öz mövqeyini tərk edəcəyi ehtimalının yer aldığı məqalə olub.
Bundan sonra “Kommersant”ın 11 jurnalisti – hamısı siyasət şöbəsinin əməkdaşı, şöbənin redaktoru və şöbəni kurasiya edən baş redaktor müavini – həmkarları ilə həmrəylik nümayiş etdirərək könüllü şəkildə işdən getdiklərini elan edib.
“Kommersant”ın baş direktoru və baş redaktoru Vladimir Jelonkin Safonov və İvanovun “Kommersant” nəşriyyat evinin “standartlarına uyğun olmayan” məqaləyə görə işdən azad edildiklərini təsdiqləyib.
Rusiyanın müstəqil media orqanları və müxalif siyasətçilər işdən qovulan jurnalistləri və həmkarları ilə həmrəylik nümayiş etdirənləri dəstəkləyiblər.
Rusiya müxalifətinin lideri Aleksey Navalnı da dəstəyini ifadə edib, amma bu yaxınlarda baş verən olayı xatırladıb. “Kommersant”ın əsas payçısı Əlişir Usmanov sahib olduğu nəşriyyat evində senzura tətbiq edildiyi haqda bəyanat səsləndirdiyi üçün Navalnıdan məhkəməyə şikayət vermişdi. O zaman “Kommersant”ın heç bir jurnalisti məhkəmədə Navalnını dəstəkləmək istəməmişdi.
“Kommersant” nədir?
“Kommersant” Rusiyanın SSRİ dövrünə aid ilk qeyri-hökumət qəzetlərindən biridir. 1990-cı ildən nəşrə başlayıb.
1999-cu ildə “Kommersant”ın yaradıcısı və sahibi Vladimir Yakovlev qəzeti siyasi xadim Boris Berezovskiyə, o da öz növbəsində 2006-cı ildə Rusiya hakimiyyəti ilə sıx münasibətləri ilə məşhur olan rusiyalı oliqarx Əlişir Usmanova satıb.