10 il əvvəl öldürülən çeçen hüquq müdafiəçisinin qızı anasının işini davam etdirəcəyini bildirib
10 il əvvəl, 2009-cu il iyulun 15-də Çeçenistanda “Memorial” hüquq müdafiə cəmiyyətinin Qroznı şöbəsinin əməkdaşı Natalya Estemirova oğurlanmış və amansızca qətlə yetirilmişdi.
Bu il onun qızı Lana Londonda universiteti bitirir və anası haqda kitab üzərində işləyir. The Guardian kitabdan bir hissəni dərc edib.
- Şərh: “Putinin liberal olmadığını unudun. Onun müharibələrini yada salın
- Cəhd etməyə dəyər. Çeçenistan qaçqınları Belarusda Polşa sərhədinə hücum edir
“Mənim səkkiz yaşım olanda gecə kabuslarım başladı. Yuxuda görürdüm ki, rus əsgərləri evimizə soxulub anamı öldürürlər. Mən onlara yalvarıram ki, məni də öldürsünlər, onlar da öldürür…
Biz o zaman Rusiya ilə müharibə edən Çeçenistanda yaşayırdıq. Mənə bunun niyə baş verdiyini anlamaq çətin idi. Böyüklərin danışdıqlarından aydın idi ki, ruslar bizim torpağımıza gəlib, heç bir günahı olmayan insanlara işgəncə verib, onları öldürüb. Amma çeçen siyasətçilər və generallar haqda da anam xoş danışmırdı.
İxtisasca müəllim olan anam 90-cı illərin əvvəllərində hüquq müdafiə hərəkatına qoşulub. İki çeçen müharibəsi zamanı o hər şeyin şahidi olub – məhkəməsiz cəzaların, işgəncələrin, alçaldılmaların… Onun işinin əsas məqsədi Çeçenistanda baş verənlərin bütün dünyaya çatdırılması idi.
Ramzan Kadırov vətənimdə Kremlin dəstəyilə hakimiyyətə gələndənn sonra terrorun axırına çıxacağına və respublikanı dirçəldəcəyinə söz verdi. Döyüşlərdən və bombardmandan sonra qalan dağıntıların yerində gözümün qabağında göydələnlər ucaltmağa başladılar.
Amma bu dinc örtük arxasında istənilən fərqli düşüncənin sərt boğulması davam edirdi. Kadırov istənilən tənqidi fikri şəxsən özünə hücum kimi qəbul edirdi, dəfələrlə hüquq müdafiəçilərini, o cümlədən də anamı təhdid edirdi. 2009-cu il iyulun 15-də anamı oğurlayıb, öldürdülər. Mənim gecə kabuslarım çin oldu. Ötən on il ərzində çox şey baş verib. Çeçenistanda hüquq müdafiə hərəkatı yeraltına çəkilməlməyə məcbur olub, fəallar döyülür və uydurma ittihammlarla həbsxanaya göndərilirlər, onların evləri yandırılır. Hər dəfə bu xəbərlər məni depressiyaya qərq edir. Mən düşünürəm ki, bəlkə anam nahaq yerə həlak oldu? Axı onun qatilləri hələ də cəzalarını almayıblar… Amma hər dəfə depressiyamın öhdəsindən gəlir və onun haqqında yazdığım kitabı davam edirəm. Çünki mən sağam və xoşbəxtəm – bu bizim ümumi qələbəmizdir”.