Gürcüstan konstitusiyası xaricilərə torpaq satmağı qadağan edir. Bu yaxşıdır yoxsa pis?
Gürcüstan Konstitusiyada əcnəbilərə kənd təsərrüfatı istifadəsi üçün torpaqların satışına qadağanı qəti şəkildə qeyd etmək niyyətindədir.
Müvafiq qanun artıq üçüncü oxunuşdan qəbul olunub – xarici vətəndaşlara torpağın satışına moratori elan edilib. Yeni Konstitusiya qüvvəyə minəndən sonra isə (hakim “Gürcü arzusu” partiyası konstitusiyaya dəyişikliklərin qəbulunu nəzərdən keçirir) kənd təsərrüfatı təyinatlı torpaqların xaricilərə satış qadağası konstitusiya normasına çevriləcək.
Bu ideyanın həm tərəfdarları, həm də ona qarşı çıxanlar var. Biz onların daha populyar arqumentlərini seçmişik:
Gürcüstan kimdən və nədən qorunur? Qadağanın tərəfdarlarının arqumentləri
Bu, xalqın iradəsidir
Konstitusiyaya qadağa haqqında qeydin daxil edilməsinin təşəbbüskarı baş nazir Giorgi Kvirikaşvilidir. O vurğulayıb ki, bu tənzimləmə əhalinin sifarişidir, onun özü də “Gürcüstan vətəndaşlarının əksər hissəsinin tələbini səsləndirir”.
Eyni şeyləri Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, Gürcüstan vətəndaşları torpaqla bağlı olan məsələlərə çox emosional yanaşır, bu da konstitusiya layihəsinin ümumxalq müzakirələri zamanı əksər insanlar xaricilərin Gürcüstanda torpaq ala bilməsindən narahatlıqlarını ifadə etdikləri vaxt açıq şəkildə özünü göstərib.
Gürcüstanda torpaq ucuzdur və varlı xariciləri onu rahat şəkildə əldə edə bilər
Hakimiyyətin daha bir arqumenti kənd təsərrüfatı torpaqlarının ümumi sahəsinin böyük olmamasıdır, bu cür torpaq azlığı isə Gürcüstan kimi aqrar ölkə üçün çox vacib bir arqumentdir. Buna görə də varlı ölkələrin vətəndaşlarını kütləvi şəkildə ucuz gürcü torpağını almaq imkanından məhrum etmək lazımdır, çünki bu, ölkənin milli maraqlarına toxuna bilər.
Gürcülər azlığa çevriləcək
Geniş yayılmış arqumentlərdən birinə görə, Gürcüstanda misal üçün, çinlilər total şəkildə torpaq almağa başlayacaq, tezliklə də gürcülər Gürcüstanda azlığa çevriləcək.
Hakimiyyət nümayəndələri bu haqda açıq şəkildə danışmasalar da, bu fikri hakimiyyətə yaxın müxalifət, həm də anti-qərb ritorikalı siyasi partiyalar fəal şəkildə yayır:
“Torpaqları total şəkildə çinlilər, ərəblər, türklər, iranlılar alacaq. Onlar öz ailələrini, texnoloqlarını, işçi qüvvələrini özləri ilə gətirəcək və 10-15 ildən sonra gürcü əhalisi azlığa çevriləcək”, – “Rustavi 2” teleşirkətinin efirində “Millilər” hərəkatının sədri, diaspora məsələləri üzrə keçmiş nazir müavini Sandro Breqadze deyib.
Sərmayə də yoxuydu, kənd təsərrüfatı da inkişaf etmirdi
Hakimiyyət kənd təsərrüfatına az sərmayələrin qoyulması faktında öz günahını görməmək qərarına gəlib, əksinə ondan qadağanın xeyrinə olan arqument kimi məharətlə istifadə etməyə çalışır.
Misal üçün kənd təsərrüfatı naziri Levan Davitaşvilinin özü əmindir ki, xaricilərə kənd təsərrüfatı torpaqlarının satışına qadağa nə ölkəyə, nə də kənd təsərrüfatı sahəsinə heç bir zərər yetirməyəcək. Onun sözlərinə görə, son dövrün təcrübəsi onu göstərir ki, torpağın açıq satışı da kənd təsərrüfatına böyük sərmayələrin cəlb olunmasına gətirib çıxarmır. Torpaq satılırdı, amma bu, sahənin inkişafına təkan vermirdi. Onun fikrincə, satış qadağası qoyulandan sonra əksinə vəziyyət düzələcək – torpaq ehtiyata çevriləcək, sahibləri də ona daha böyük məsuliyyətlə yanaşacaqlar.
Bu, ölkəyə iqtisadi sərər yetirəcək. Qadağaya qarşı çıxanların arqumentləri
Sərmayə həcminin azaldılması
Gürcüstanın kənd təsərrüfatının inkişafının yeganə üsulu birbaşa xarici sərmayələrdir. Qadağa ixtisaslı sərmayədarların itirilməsinə gətirib çıxaracaq, həm ölkənin, həm də kənd təsərrüfatının inkişafı isə tormozlanacaq.
“Bizdə artıq bu qadağanın nəticəsi var. Gürcüstanda 170 hektar torpağı olan “Gürcüstan-İsrail biznes palatası”nın üzvü işə amerikalı tərəfdaşını daxil etmək istəyirdi. Qanunvericilikdə məhdudiyyətlər və xaricilərə torpağın satışına qadağa haqqında söhbətlər başlayan kimi danışıqlar dayandırıldı”, – JAMnews-a “Gürcüstan-İsrail biznes palatası”nın baş hüquqşünası Raul Aqikiani deyib.
Torpaq qiymətdən düşür
Varlı alıcılara yol verilməsə, torpağın bazar satışı düşəcək, onu ucuz qiymətə gürcü iş adamları alacaq, belə olan halda isə ən çox zərər çəkən məhz kəndlilər olacaq, bunu müxalifət nümayəndələri və liberal iqtisadiyyatın tərəfdarları olan ekspertlər deyir.
Gürcüstan vacib bilik və təcrübələri almayacaq
“Gürcüstanda təhsil kasadlığı var. Xarici sərmayələr təkcə ölkəyə daxil olan pul deyil, həm də bilik və müasir texnologiyalardır. Misal üçün, “Ferrero” şirkəti (Qərbi Gürcüstanda fındıq plantasiyaları və emal müəssisələri olan şokolad və qənnadı məmulatlarının istehsalı ilə məşğul olan italyan şirkəti) regiona fındığın səmərəli yetişdirilməsi üçün lazım olan biliklər gətirdi, bu gün də fındıq uğurlu ixrac malına çevrilib. Xarici sərmayədarlar qarşısında qoyulan qanuni maneə elə vəziyyət yaradacaq ki, ölkə qabaqcıl bilik və texnologiyaları almaq imkanından məhrum olacaq, gürcü kəndliləri isə xış və kərkiyə qayıdacaq”, – iqtisadçı Giorgi Papava hesab edir.
Beynəlxalq təcrübə
Bu arqumentdən həm xaricilərə torpaq satışı qadağasının tərəfdarları, həm də ona qarşı çıxanlar istifadə etməyə çalışır. Amma onu öz maraqlarından çıxış edərək, gətirirlər. Tərəfdarlar bildirir ki, Avropa ölkələrində də xaricilərə torpaq satışı qadağası var və bu, gürcülərin gətirdiyi yenilik deyil. Qarşı çıxanlar isə qeyd edir ki, heç bir sivil ölkədə xaricilərə total kənd təsərrüfatı satışına qadağa yoxdur, bundan başqa, heç yerdə bu, konstitusiya ilə təsbit olunmayıb, halbuki bəzi dövlətlər kənd təsərrüfatı paylarının xaricilərə satışında müəyyən tənzimləmələr və satış məhdudiyyətlərindən istifadə edir.
“Biz də bizdəki reallığı nəzərə alaraq, müəyyən tənzimləmələri qəbul edə bilərik, misal üçün, sərhədyanı torpaqları satmaya bilərdik”, – Giorgi Papava deyir.
Seçkiqabağı populizm və psevdovətənpərvər hisslərlə oyun
Gürcü torpağının satışının mümkünsüzlüyü, həm də gürcülərin azlığa çevriləcəyi ilə bağlı permanent danışıqlar və müzakirələr psevdovətənpərvər hisslərlə oyundur. Müxalifətin fikrincə, hakim partiya seçkiqabağı xal toplamaq üçün iqtisadi cəhətdən uğursuz qərar çıxarıb (Payızda Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkiləri planlaşdırılıb – JAMnews).
“Gürcüstana iranlılar və hinduların kütləvi şəkildə köçməsi təhlükəsi yoxdur və bu mövzunun daimi təkrarlanması ilə hakimiyyət və müxtəlif siyasi qüvvələr əhali arasında irrasional qorxular yayır”, – iqtisadçı Giorgi Papava deyir. Onun sözlərinə görə, xaricilərə kənd təsərrüfatı təyinatlı torpaqların satışı bu vaxta qədər ancaq pozitiv effekt verib – bu, həm sərmayədarların peyda olunması, həm də yerli məhsulun ixracıdır, buna qarşı çıxmaq da təkamüllə mübarizəyə bərabərdir.
— Gürcüstanın xaricilərə torpaq satışı qadağası təcrübəsi artıq var. 2013-cü ildə ölkə parlamenti “Torpaq istifadəsi haqqında” qanuna bu cür qadağanı artıq qoyub. Bu yanaşmaya qarşı ölkə prezidenti Giorgi Marqvelaşvili çıxıb. O, qanuna veto qoyub, amma sonradan parlament həmin qadağanı keçib. Amma sonradan Gürcüstanın konstitusiya məhkəməsi torpağın satışına qadağanın Konstitusiyaya zidd olduğunu tanıyıb. O vaxtlar ekspertlər və müxalif qüvvələr hökuməti xəbərdar edirdilər ki, torpağın satışına qadağa kənd təsərrüfatına sərmayə qoyuluşunun azalmasına gətirib çıxara bilər.
— 2016-cı ildə Gürcüstanda kənd təsərrüfatı və balıqçılığa xarici sərmayələr təxminən 10 milyon dollar təşkil etdi, bu da xarici sərmayələrin ümumi həcminin təxminən 0,6%-ni təşkil edir.
—Rəsmi məlumata görə, bu gün ölkənin kənd təsərrüfatı torpaqları fondunun 5%-i xaricilərin mülkiyyətindədir.