Gürcüstan prezidenti: “Muxtariyyəti necə gücləndirə bildiyimizi abxazlara və osetinlərə göstərərik”
Paylaşmaq
Paylaşmaq
Georgi Marvelaşvili hesab edir ki, yeni konstitusiyada ərazi quruluşu məsələsinə mütləq muxtar törəmələrin səlahiyyətlərinin artırılması yönündə yenidən baxılmalıdır. Prezident hesab edir ki, bu, abxazlara və osetinlərə yaxşı mesaj ola bilər: “Biz muxtariyyətləri necə gücləndirə bildiyimizi, elə həm də Acariyanın misalında, abxazlara və osetinlərə göstərməliyik”.
Amma hakim partiya prezidentin nöqteyi-nəzərini bölüşmür və əsas qanun layihəsinə ərazi məsələsi ilə bağlı dəyişikliklər etmək niyyətində deyil. “Abxaziya və Sxinval regionlarının əhalisi ilə konsultasiyalar mümkün olmayana qədər ərazi quruluşu məsələsinə toxunmayacağıq”, – Parlamentin sədri İrakli Kobaxidze bildirib.
Ərazi quruluşu məsələsindən başqa prezident Marqvelaşvili bu gün Konstitusiya layihəsinin digər müddəalarını da tənqid edib. Onun sözlərinə görə, əgər bu dəyişikliklər qüvvəyə minərsə, Gürcüstanda ədalətsiz seçki sistemi mövcud olacaq. Marqvelaşvilinin fikrincə, müxalif partiyalar üçün parlamentə keçmək çətin olacaq, çünki layihəyə əsasən seçki bloklarının yaradılması qadağan olunur, halbuki, keçid baryeri əvvəlki kimi yüksək qalır – 5 faiz.
Prezident bu gün ilk dəfədir ki, Konstitusiyanın ümumxalq müzakirəsində iştirak edib. Batumidə çıxış edərkən o, prezident səlahiyyətlərinin azaldılmasına diqqət çəkib. Onun sözlərinə görə, dövlət başçısı yalnız formal olaraq baş komandan qalacaq, amma real qərarlar qəbul edə bilməyəcək.
“Gürcüstan tarixi ədalətsizlik (qismən) nəticəsində çox qüdrətli qonşuları tərəfindən işğal olunub. Dövlətçiliyimizi çox mürəkkəb vəziyyət və şərtlər altında gücləndirməyə çalışırıq. Bu durumda konstitusiya layihəsində real olaraq nəzərdə tutulduğu kimi ordu baş komandanı postunu ləğv etmək, hesab edirəm ki, prinsipial problemdir. Prezidentin hətta müharibə elan etmək və ya etməmək qərarını vermək səlahiyyəti də olmayacaq”, – prezident bildirib.
Konstitusiya dəyişiklikləri hakim “Gürcü arzusu” partiyasının təşəbbüsüdür. Ehtimal olunur ki, parlamentin yaz sessiyasının sonuna qədər yeni konstitusiya qəbul ediləcək.
Gürcüstanın hazırda qüvvədə olan Konstitusiyası 1995-ci il avqustun 24-də qəbul edilib. O zamandan bəri 109 maddədən ibarət olan Ali Qanuna 33 dəfə dəyişiklik edilib.