Yeni Konstitusiya üzərində iş həlledici mərhələyə keçir. Venesiya komissiyası son şans kimi
Qeyri-hökumət təşkilatları hesab edir ki, parlament Konstitusiya layihəsini indiki şəkildə qəbul etsə, bu, ölkədə siyasi plüralizm təhlükəsi yaradacaq.
Gürcüstanın dörd nüfuzlu qeyri-hökumət təşkilatı Venesiya komissiyasını (Avropa Şurasının konstitusion məsələlər üzrə müstəqil konsultativ orqanı) özlərinin konstitusiya düzəlişləri ilə bağlı iradlarını göndəriblər. Vətəndaş sektorunun nümayəndələri hesab edir ki, bu, konstitusiya layihəsinə son düzəlişləri daxil etmək üçün son şansdır.
Hakimiyyət və müxalifət nümayəndələri ilə birlikdə qeyri-hökumət sektorunun nümayəndələrinin də daxil olduğu xüsusi konstitusiya komissiyası təxminən beş aydır ki, konstitusiyaya düzəlişlər layihəsi üzərində işləyir. Komissiyanın işi çox da qalmaqallı oldu – komissiyanı hakimiyyətin təkid etdiyi sənədin yekun variantı ilə razılaşmayan bir sıra üzvü tərk etdi.
Hazırda proses özünün yekun mərhələsinə daxil olub – ümumxalq müzakirəsindən sonra o, parlamentə göndəriləcək. Amma ona qədər də Gürcüstan Venesiya komissiyasının rəyini gözləyəcək.
Parlament sədri İrakli Kobaxidze bildirib ki, konstitusiya komissiyası Venesiya komissiyasının bütün tövsiyələrini tam olaraq nəzərə alır. Buna görə də qeyri-hökumət sektorunun nümayəndələri hesab edir ki, Venesiya komissiyasının Gürcüstan Konstitusiyasına düzəlişlər məsələsindəki mövqeyi yeni konstitusiya layihəsində ən problemli maddələrin yeni redaksiyası üçün ən effektiv mexanizm ola bilər.
Venesiya komissiyasına göndərilən müraciət dörd təşkilat tərəfindən hazırlanıb: Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti, Gənc Hüquqşünaslar Assosiasiyası, Beynəlxalq Şəffaflıq – Gürcüstan və Açıq Cəmiyyət Fondu. Sənəddə pozitiv məqamlarla yanaşı Konstitusiya layihəsinin 4 problemli mövzusuna diqqət çəkilir. Bu: seçki sistemində dəyişikliklər, nikah haqqında qeyd, prezidentin birbaşa olmayan seçkiləri haqqında qanun və Konstitusiya Məhkəməsinə müraciət qaydalarının dəyişdirilməsi.
Seçki sistemində dəyişikliklər
Konstitusiya layihəsinə əsasən blok sistemi ləğv olunur. Amma parlamentə keçidin 5 faizlik seçki baryeri dəyişməz qalır. Partiyanın həmin baryeri keçə bilmədiyi halda aldığı bütün səslər ancaq bir, daha çox səs toplayan və birinci yeri tutan partiyaya verilir. Bu siyasi plüralizmin mövcudluğunu təhlükə altına salır və hakimiyyətin bir partiyanın əlində cəmləşməsinə xidmət edir.
“Seçki sisteminin bu aspekti ədalətli deyil və majoritar seçki sisteminin ləğvinin pozitiv nəticəsini əməlli-başlı azaldır. Bundan başqa, siyasi blokların ləğvi və 5 faizlik keçid baryerinin saxlanılması belə bir risk yaradır ki, çox sayda mandat paylanmamış qalacaq”, – sənəddə vurğulanır.
Nikah haqqında qeyd
Yeni Konstitusiya layihəsində dəqiqləşdirilir ki, nikah kişi ilə qadının ittifaqıdır.
Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin fikrincə, bu, problemli yanaşmadır, çünki homofob meyllərin formalaşmasına, zorakılığın artmasına və LGTB cəmiyyətinin özünü ifadə imkanlarının məhdudlaşdırılmasına xidmət edə bilər.
Bu ifadə populist və homofob xarakter daşıyır, qeyri-hökumət sektorunun nümayəndələri belə hesab edir və LGBT-nin hüquqlarının müdafiəsi işində geriyə atılan addım adlandırırlar.
Sənəddə vurğulanır ki, Gürcüstan qanunvericiliyi eyni cinsin nümayəndələri arasında münasibətləri nəzərə almır. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən, Gürcüstan eyni cinsin nümayəndələri arasında partnyorluğun tanınmasını təmin etməli və onu müxtəlif cinslərin nümayəndələri arasında olan partnyorluqda olduğu kimi eyni hüquqlarla təmin etməlidir, sənəddə deyilir.
Birbaşa olmayan prezident seçkiləri
Konstitusiya layihəsinə əsasən, prezident birbaşa ümumxalq seçkiləri ilə seçilməyəcək onu, Gürcüstan parlamentinin üzvləri, yerli özünüidarəetmə orqanlarının və muxtar respublikaların ali şuralarının nümayəndələrindən ibarət seçki kollegiyası seçəcək.
Qeyri-hökumət sektorunun nümayəndələri hesab edir ki, prezidentin müstəqilliyi məhz birbaşa ümumxalq səsverməsi ilə təmin olunmalıdır ki, bu da ona dövlət idarəçilik sistemində daha böyük rol verəcək. Konstitusiyaya əsasən prezidentin qanunvericilik aktlarına veto qoymaq, hakimləri təyin etmək, parlamenti buraxmaq və qurumlarda təqdimatı üçün namizədləri seçmək hüququna malikdir. Buna görə də onun legitimasiyası dərəcəsi və nüfuzu çox vacibdir.
Konstitusiya Məhkəməsinə şikayət
Konstitusiya layihəsinə əsasən, seçki ili ərzində seçkilərə aid və seçkilərdən bir il əvvəl qəbul olunan qanunvericilik normalarının anti-konstitusion olmasını tanımaq tələbi ilə Konstitusiya məhkəməsinə müraciət etmək qadağan olunur. Bundan başqa, seçkiqabağı dövr ərzində seçki prosesinə təsir edən normativ aktların anti-konstitusion olmasını tanımağı tələb etmək olmaz.
Qeyri-hökumət təşkilatlarının nümayəndələrinin fikrincə, Konstitusiya məhkəməsinə müraciət insanın vacib bir hüququdur və məhdudiyyətlər yolverilməzdir. “Aydın deyil, bu cür qadağalar nəyə lazımdır və qanun layihəsinin müəllifləri hansı risklərdən qaçmağa çalışır?” – məktubda qeyri-hökumət təşkilatlarının nümayəndələri Venesiya Komissiyasına müraciət edir.