Əsgər çəkməsinin izi ilə
Q
arabağ münaqişəsi haqda sənədli filmlər hətta münaqişə müharibə fazasına keçməzdən əvvəl də çəkilirdi. Bunlar Bakıda keçirilən mitinqlər barədə qısametrajlı filmlər idi, o zaman hər gün Lenin meydanına (hazırkı Azadlıq meydanı) yarım milyona yaxın adam toplaşırdı. Mitinqlər qızışan erməni-azərbaycanlı münasibətlərinə reaksiya kimi başlamışdı, daha sonra anti-sovet çıxışlara keçdi. Belə filmlərdən biri “Yaddaş” studiyasının çəkdiyi, o zamankı hadisələrin xronikasını əks etdirən “Meydan” filmidir.
Müəyyən mənada sənədli film rejissorları üçün o vaxt işləmək asan idi: onlar sadəcə nə baş verdiyini göstərirdilər, bu dönüş mərhələsini lent yaddaşına köçürməyə çalışırdılar. Film çəkən rejissorların illər keçəndən, atəşkəs əldə olunandan sonra imrənmə səbəbləri daha çox idi. Onlardan hər biri özü üçün vətənpərvərlik hissləri, tarixi həqiqət və prodüserlərin maraqları arasında balansı necə qoruyacaqlarına dair qərar verməli olurdu.
B
u hekayə kəskin süjetli macəra filmi üçün mövzu ola bilərdi. Amma tamamən başqa film alındı – azərbaycanlı hərbi təyyarəçi Vaqif Qurbanov haqda sənədli film. Azərbaycan Ordusu 1992-ci ildə texnikaya kəskin ehtiyac duyurdu, Qurbanov da salamat təyyarə tapmışdı – o zaman üçün əsl xəzinə. Bir neçə hərbçi ilə birlikdə o, rusların hücumçu Su-25 təyyarəsini Sitalçay (Azərbaycanın şərqində) aerodromundan qaçırmışdı.
Bu haqda xəbər sürətlə yayılaraq Bakıya gəlib çatmışdı, amma hekayə inandırıcı olmayacaq qədər romantik səslənirdi. İndiyə qədər də qaçırılmış təyyarə hekayəsini çoxları tarixi fakt deyil, gözəl əfsanə hesab edir. Qurbanov 1992-ci ilin iyulunda elə bu təyyarədə vurulmuşdu.
Jurnalist Asəf Qliyev Qurbanov haqda film hazırlamaq üçün 12 il məlumat toplayıb. Hətta buna nail olandan sonra da, o, tam olaraq razı qalmayıb, çünki filmdə həmin təyyarənin qaçırılmasını təşkil edən adamla müsahibə çatmırdı. Çəkiliş zamanı o, müsahibə verməkdən imtina edib və yalnız uzun illər keçəndən sonra Quliyev onunla danışıb, filmi ən azı özü üçün tam şəkildə ərsəyə gətirməyə nail olub.
Asəf Quliyev Qarabağ münaqişəsi haqda çox sayda filmin müəllifidir və deyir ki, bu işdə əsas iki çətinlik var.
Birincisi, belə filmlərin personajlarının çoxu özünü qəhrəman və ya qurban kimi təqdim edir və bunun həqiqət olub-olmadığını aydınlaşdırmaq asan olmur. “Hətta mənim təcrübəmlə də, əmin deyiləm ki, bu planda heç vaxt yanılmamışam”, – Quliyev etiraf edir.
İkincisi isə:
“Bütün bu dəhşətləri, qanı və ölümü göstərərkən, sən əslində baş verənlərin günahkarını da göstərməlisən ki, tamaşaçının öz qəzəbini, nifrətini yönəltməyə bir yeri olsun. Yox əgər mən bu obyekt qismində erməniləri işarə etsəm, hansısa erməni jurnalist də azərbaycanlıları hədəfə qoysa, bizim xalqlarımız arasında heç vaxt sülh bərqərar olmayacaq. O zaman nə etməli? Publikanın nifrətini hara yönəldək? Məncə, bu halda nifrət obyekti “kimsə” yox, “nəsə” olmalıdır – müharibənin özü. Hər şeyin baiskarı müharibədir və ona nifrət etmək lazımdır.”
Daha bir az qala detektiv hekayə Asəf Quliyevin erməni həmkarı Vahan Antonyanla birlikdə çəkdiyi “Nə müharibə, nə sülh” filmi ilə bağlıdır. Bir cüt köhnə əsgər çəkməsi jurnalistə Xocalı hadisəsi zamanı tanımadığı bir ailəni xilas edən əsgərin izinə düşməyə kömək edib.
Xocalı şəhərinə hücum zamanı Elyana Hümbətova oğlu ilə birlikdə əsir düşüb, amma o qaçıb, meşədə gizlənə bilib, orada isə onu azərbaycanlı əsgərlər tapıb. Onlardan biri Samir Abdinov qadına öz çəkmələrini verib. Sonra Elyananı qərargaha aparıb, oradan da təcili yardım maşınında xəstəxanaya çatdırıblar.
Hümbətovlar on il bu əsgər çəkmələrini saxlayıblar ki, Samirə qaytarsınlar, yalnız sonradan öyrəniblər ki, o, həmin hadisələrdən cəmi 12 gün sonra həlak olub.
Amma Quliyev deyir ki, onun üçün filmin personajlarının taleyindən daha maraqlı olan ermənistanlı həmkarı ilə birgə iş prosesi idi. Müəyyən məqamda bu iş hətta pozula da bilərdi, amma jurnalistlər öz aralarında razılığa gələ biliblər.
Nailə Babayeva və Armine Martirosyanın qarışıq erməni-azərbaycanlı ailələrindən bəhs edən “Səkkizinci kilometrdə” filmindən kadr. Film “Kinodialoq” sülhməramlı layihəsi çərçivəsində Dağlıq Qarabağ və Azərbaycandan olan gənclərin iştirakı, Britaniyanın “Barışıq resursları” QHT-nin dəstəyi ilə çəkilib. Qarabağ haqda bu cür müştərək sənədli filmlər nadirən olsa da, müxtəlif beynəlxalq layihələr çərçivəsində hazırlanır.
“13 il sonra” qısametrajlı filmi yataqxanada yaşayan məcburi köçkünlərin həyatından bəhs edir. “Kinodialoqlar”.
“Daunlod” internetdə ermənilərlə virtual müharibə oyunlarına aludə olaraq reallıq hissini itirən azərbaycanlı gənc haqdadır. “Kinodialoqlar”.
Davud İmanovun “Sumqayıtın əks-sədası” filmindən kadr. 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində etnik zəmində iğtişaşlar baş verib, nəticədə çox sayda erməni öldürülüb. Ermənistan və Azərbaycan indiyə qədər qurbanların sayı ilə bağlı mübahisə edir. Bəs bütün bunların baiskarı kimdir? Davud İmanov öz filmində bütün günahı ABŞ-ın Mərkəzi İstintaq İdarəsinin üzərinə qoyub.
Əgər peşəkar kinematoqrafçıların filmlərindən danışsaq, burada Qarabağ münaqişəsi haqda filmlərin əsas “istehsalçılarından” biri olan “Yaddaş” studiyasının adını çəkmək lazımdır. Bu studiya 80-ci illərin əvvəllərində yaradılıb və ən başdan qarşısına Qarabağ münaqişəsini “sənədləşdirmək” məqsədi qoyub.
“Yaddaş” studiyasının “Sifət” filminin operatoru Nizami Abbas həyatının böyük hissəsini Qarabağ mövzusuna həsr edib. Müharibə başlayanda o – Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutundan (VQİK) yenicə məzun olmuş gənc eyni zamanda həm tüfəng, həm də kamera ilə silahlanaraq könüllü şəkildə cəbhəyə yollanıb. Amma qısa zamanda anlayıb ki, operator hətta cəbhədə də çəkməlidir, atəş açmalı deyil. Nəticədə o, studiyanın əksər filmləri üçün əsas olan kilometrlərlə xronika çəkib.
Qarabağ haqda hər bir filmlə Nizami Abbası nəsə çox məhrəm və çox ağrılı bir şey bağlayır. Məsələn, bir neçə il əvvəl çəkilən və Xocalı faciəsini uşaq ikən yaşayan insanların xatirələri üzərində qurulmuş “Müharibə uşaqları” filmi. 1992-ci ildə Nizami Abbas bu uşaqların erməni tərəfi ilə dəyişdirilməsində iştirak edib.
” Müharibə uşaqları çox özəldir. Onlar heç tam olaraq uşaq da deyil. Çünki onların yaşadıqlarını yaşayandan sonra uşaq olaraq qalmaq çətindir. Xocalı faciəsindən demək olar ki, 25 il sonra bu qızları və oğlanları tapmaq və həyatlarının necə olduğunu öyrənmək qərarına gəldim. Altısını tapa bildik.”
Filmdə artıq böyümüş “müharibə uşaqlarının” xatirələri Xocalıda çəkilən video-kadrlarla illüstrasiya olunur. Qəhrəmanlardan çoxu o zaman doğmalarını itirib, özləri də möcüzə nəticəsində həyatda qalıblar. Film çox ağır alınsa da, orada “həyat davam edir” silsiləsindən işıqlı məqamlar da var.
“Yaddaş” studiyasının xüsusi qürur duyduğu işlərdən biri də əfsanəvi Tər-tər özünümüdafiə batalyonuna həsr olunmuş “Batalyon” filmidir. Nizami Abbas bu batalyonun bir çox əməliyyatlarında iştirak edib, tərkibinə daxil olan hərbçiləri şəxsən tanıyıb, filmin rejissoru da o özü olub.
Və nəhayət, son dörd il ərzində çəkilən “Milli Qəhrəmanlar” seriyasından olan filmlər. Nizami Abbasın sözlərinə görə, o bu seriyanın çəkilişlərində iştirak etməyi planlaşdırmırmış, amma…
” Artıq bir neçə film hazır olanda, aydın oldu ki, bütün bunları öz gözləri ilə görməyən rejissorlar hər şeyi olduğu kimi ifadə edə bilmir. Onlar Ağdamı Kəlbəcərlə səhv salırdılar, arxivlə düzgün işləyə bilmirdilər. O zaman anladım ki, özüm bu işə qoşulmalıyam. Hər halda haqqında söz açılan qəhrəmanların çoxunu şəxsən tanıyırdım və bu mənim borcum idi.”
“Batalyon” filminin operatoru Nizami Abbasın oğlu Üzeyirdir. Son zamanlar onlar ata-oğul birlikdə çox işləyirlər və Abbasova elə gəlir ki, istər-istəməz oğluna yalnız peşəsini deyil, həm də duyğularını miras ötürür:
“Üzeyirə baxıram, onun cəmi 32 yaşı var, amma çox yaşlı görünür, elə bil 90-larda özü döyüşüb. O, gözümün qarşısında dəyişir, hər dəfə hansısa çəkilişlərdə mənə kömək edəndə və ya mənimlə cəbhə bölgəsinə gedəndə. Görünür ki, hətta “bilavasitə əlaqə” olmasa da, müharibə insanlar üzərində öz izini buraxır.”