Əliyev ilk dəfə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın necə hazırlandığı haqda danışıb
Əliyev üçtərəfli bəyanatın hazırlanması haqda
“2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində apardığım bir çox saatlıq telefon danışıqları nəticəsində biz nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin”, – Azərbaycan prezidenti İlham Əliyev bildirib. O, Laçın dəhlizinə alternativ yolun çəkilməsi haqda qərarın necə qəbul olunduğunu da danışıb.
- “Bəzi nazirliklər Nazirlər Kabinetindən güclüdür”. Azərbaycan hökumətinin parlament qarşısında hesabatı
- Avropa Parlamenti Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırır
- “Bakıya başqa seçim qoymurlar” – Bakıdan şərh
Azərbaycan prezidenti İlham Əliyev bu gün Məsim Məmmədovu Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib. Əliyev qəbulda çıxış edib.
Azərbaycan prezidenti çıxışı zamanı ilk dəfə ikinci Qarabağ müharibəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasına hazırlığın təfərrüatlarını bölüşüb. Sənədi Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri imzalayıblar.
Putinlə saatlarla davam edən telefon danışıqları
“İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Bunun obyektiv səbəbləri var idi. Çünki Ermənistandan Qarabağa gedən yol Laçın şəhərinin ortasından keçirdi.
2020-ci il noyabrın 9-da Rusiya Prezidenti ilə gün ərzində apardığım bir çox saatlıq telefon danışıqları nəticəsində biz nail olduq ki, Laçın şəhərinin də Azərbaycana qaytarılması şərtləndirilsin. Bu məqsədlə alternativ yolun çəkilişi mənim təkidimlə yekun Bəyanata salınmışdır və müddət göstərilmişdir.
Amma bu, bir qədər qeyri-müəyyən ifadələrlə göstərilmişdir ki, üç il ərzində bu məsələ ilə bağlı müzakirələr aparılacaq”, – Əliyev çıxışında bildirib.
Sonra o, Laçın dəhlizinə alternativ yolun necə çəkilməsindən danışıb.
“Laçın şəhərindən keçməyən yeni yol çəkildi”
“Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi mən dərhal göstəriş verdim ki, yeni yolun marşrutu və bütün texniki parametrləri müəyyən edilsin. Biz bu işə tezliklə başlamışıq və bunu bir il yarım ərzində həll etmişik. Yəni, Laçın şəhərindən yan keçən yeni yol çəkildi və keçən il avqustun əvvəlində, daha doğrusu, avqustun 2-də yol istismara hazır idi.
Biz Rusiya sülhməramlı qüvvələrinin komandanlığına xəbər göndərmişdik ki, artıq onlar öz postlarını ovaxtkı marşrutdan çıxarıb yeni yola keçirsinlər və avqustun 5-nə qədər biz Laçın şəhərinə, Zabux və Sus kəndlərinə girməliyik.
O vaxt bizim nümayəndələrimizlə təmasda olan Qarabağ ermənilərinin nümayəndələri bizdən xahiş etmişdilər ki, vaxt verin, biz avqustun 25-nə qədər özümüz bu məsələləri həll edərik, orada qanunsuz məskunlaşmış erməniləri Laçın şəhərindən, Zabux və Sus kəndlərindən çıxaracağıq və beləliklə, məsələ rahat şəkildə öz həllini tapa bilər.
Mən buna etiraz etmədim, yəni 20 gün o qədər də böyük fərq etmir. Beləliklə, Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış bütün ermənilər aparılan işlər nəticəsində avqustun 25-də oradan çıxarılmışdır.
Avqustun 26-da biz Zabux, Sus kəndlərinə və Laçın şəhərinə qayıtmışıq. Ondan sonra mən Laçın şəhərinə səfər etdim, Azərbaycan Bayrağını şəhərin mərkəzində qaldırdım və bəyan etdim ki, biz artıq bu doğma diyarımızda əbədi yaşayacağıq”, – Azərbaycan prezidenti qeyd edib.
“Heç kim bizimlə ultimatum dilində danışa bilməz”
Əliyev çıxışında Qarabağ probleminin həllində beynəlxalq vasitəçilər mövzusuna, xüsusilə ATƏT-in Minsk qrupunun işinə də toxunub:
“Xüsusilə bildirməliyəm ki, uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı. Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər.
İndi – müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu.
Beynəlxalq vasitəçilər – ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar. İndi hər şey aydın oldu – Fransanın Azərbaycana bu ədalətsiz və mənfi münasibəti təsadüfi deyil.
Sadəcə olaraq, işğal dövründə bunu müəyyən dərəcədə pərdələmək istəyirdilər, sadəcə olaraq, bizi çaşdırmaq istəyirdilər. Amma baxın, müharibədən – İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində bizə qarşı hansı çirkin əməllər törədilir, hansı əsassız ittihamlar irəli sürülür. Yəni, bütün bunlar göz qabağındadır, o cümlədən Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır.
İşğal dövründə də biz bunu təbii ki, hiss edirdik, amma bu dərəcədə yox. Təsəvvür edə bilməzdik ki, ölkələr bu dərəcədə riyakar, yalançı ola bilərlər. Adamın üzünə baxıb bir söz deyə, arxada başqa iş görə bilərlər.
Yəni, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq”.