Əliyev Ermənistanla sülh danışıqları haqda: “Biz beş prinsip əsasında danışıq aparmaq niyyətindəyik”
Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib və bu dəfəki toplantı “Zəfər Qurultayı” adlandırılıb. Qurultay iştirakçıları qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, əgər Yerevan danışıqların başlanması üçün rəsmi Bakının təklif etdiyi beş prinsipi qəbul etməsə, Ermənistanın ərazi bütövlüyü tanınmayacaq.
- Laçın dəhlizinə alternativ yolun inşası bitmək üzrədir
- Azərbaycanda çörək yenə 30 faiz bahalaşa bilər
- Ukraynadakı müharibə və Ermənistandakı gərginlik fonunda Paşinyan-Putin danışıqları
Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilib. Qurultayın işində 400 nəfərdən çox diaspora nümayəndəsi və 65 ölkədən qonaq iştirak edib.
Dünya Azərbaycanlılarının I Qurultayı Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. Daha sonra beş ildən bir təkrarlanmağa başlayıb. İkinci Qarabağ müharibəsinə görə V qurultay təxirə salınaraq 2021-ci ildən 2022-ci ilə keçirilib.
“Minsk Qrupu artıq yoxdur”
Azərbaycan prezidenti İlham Əliyev qurultay iştirakçıları qarşısında çıxış edərkən, Ermənistanla gələcək sülh danışıqları və bu prosesdə beynəlxalq təkilatların rolu məsələsinə toxunub.
“Vasitəçilərə gəldikdə, əfsuslar olsun ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksəkvəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur.
Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir.
İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır.
2019-cu ildə isə qrupun fəaliyyəti demək olar ki, dayanmışdır. Bunun da səbəbi Ermənistanın yeni rəhbərliyinin çox qəribə davranışı olmuşdur. Çünki Ermənistanın yeni rəhbərliyi 2018-ci ildə hakimiyyətə gələndə həm Minsk qrupunda, həm, – onu da açıq deməliyəm, – bizdə də bəzi ümidlər var idi ki, indi kriminal xunta rejim artıq devrildi və hakimiyyətə gələn yeni nəsil siyasətçilər reallığı dərk edəcəklər, anlayacaqlar ki, Azərbaycanla mübarizə aparmaq, müharibə aparmaq onların iqtidarında deyil.
Demək olar ki, bir il ərzində aparılan fəal danışıqlar bu fikri daha da gücləndirirdi. Ancaq 2019-cu ildə Ermənistan rəhbərliyi tam fərqli mövqe sərgiləməyə başlamışdır. Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesinə son qoyuldu və bu açıqlamadan sonra mənimlə görüşə gələn Minsk qrupu demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi. Çünki bu bəyanatdan sonra hər hansı bir danışıqların aparılması qeyri-mümkündür. Çünki danışıqların mahiyyəti ondan ibarət idi ki, işğal altında olan torpaqlar azad olunacaq.
Faktiki olaraq Minsk qrupu ondan sonra, hətta görüntü naminə hər hansı bir fəaliyyət göstərə bilmədi”, – Əliyev qeyd edib.
“Yubiley qeyd edib, pensiyaya gedəcəklər”
Azərbaycan prezidentinin sözlərinə görə, aparıcı beynəlxalq təşkilatlar hərbdən sonrakı reallıqları qəbul ediblər:
“BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur.
Düzdür, mən bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı”.
“Biz beş prinsip əsasında danışıqlar aparmaq niyyətindəyik”
Azərbaycan Ermənistanla rəsmi Bakının Yerevana təklif etdiyi beş prinsip əsasında danışıqlar aparmaq niyyətindədir.
Azərbaycanın sülh danışıqları üçün təklif etdiyi beş prinsip:
- dövlətlərin qarşılıqlı şəkildə bir-birinin suverenliyini, ərazi bütövlüyünü, dövlət sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıması;
- dövlətlər tərəfindən qarşılıqlı şəkildə bir-birinə qarşı ərazi iddialarının olmamasının təsdiqlənməsi və onların gələcəkdə də belə iddialar irəli sürməyəcəkləri ilə bağlı öz üzərlərinə hüquqi öhdəliklər götürməsi;
- beynəlxalq münasibətlərdə bir-birinin təhlükəsizliyinə qarşı təhdiddən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı təhdiddən istifadə etməkdən, o cümlədən də BMT Nizamnaməsi hədəflərinə uyğun olmayan digər vəziyyətlərdən çəkinmək;
- dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
- nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılması, qarşılıqlı maraq kəsb edən digər müvafiq kommunikasiyaların və digər sahələrdə əməkdaşlığın qurulması.
“bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Yenə də bu gündəliyi biz ortaya qoyduq. Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, edilmiş bu vəhşiliklərə baxmayaraq, bölgənin gələcəyi naminə biz hesab edirik ki, buna ehtiyac var və biz sülh gündəliyi təqdim etdik və Ermənistandan hər hansı bir cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədilər. Ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük və Ermənistan bu beş prinsipi qəbul etdi.
Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Hesab edirəm ki, bu, postmünaqişə dövrü üçün vacib məqamdır və biz məhz bu beş prinsip əsasında danışıqları aparmaq fikrindəyik.
Hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq.
Ona görə müqavilənin mətni tezliklə hazırlana bilər, imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk.
Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”, – Əliyev bildirib.