Gürcüstanda münaqişələrlə bağlı danışıqların yeni raundu: tərəflərin mövqeyi necədir?
11-12 oktyabrda baş tutmuş beynəlxalq Cenevrə müzakirələrinin qırx birinci raundunda ənənəvi olaraq təhlükəsizlik məsələləri və humanitar problemlər müzakirə olunub. Amma yeni mövzu da gündəmə gəlib – region üçün yeni təhlükə mənbəyi olan mərmər taxtabiti.
Tbilisinin mövqeyi
Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, əsas müzakirə mövzusu “işğal olunmuş ərazilərdə gürcülərə qarşı etnik təmizləmə və Rusiyanın destruktiv hərəkətləri” olub.
XİN-in bəyanatında deyilir ki, Gürcüstan tərəfi Eredvi kəndində etnik gürcülərin evlərinin kütləvi şəkildə dağıdılmasına diqqət çəkib. Gürcüstan tərəfi bu faktı “Sxinvali regionunda gürcü izini silməkcəhdi və etnik təmizləmənin davamı” kimi dəyərləndirib.
Başqa bir müzakirə mövzusu “Abxaziyanın Qal rayonunda etnik diskriminasiya”, o cümlədən də yerli gürcü əhalisinə soyadlarının və etnik kimliklərinin dəyişdirilməsi olub. Qal və Axalqorsk rayonlarının məktəblərində doğma dildə təhsilə qadağa qoyulması, Qalidə ağır sosial və humanitar vəziyyət də müzakirə edilib.
Gürcüstan tərəfi Gürcüstanın işğal edilmiş ərazilərinin “Rusiya tərəfindən faktiki ilhaqı” məsələsini də qaldırıb. Tbilisi Kremlin Suxumidə xüsusi gömrük məntəqəsinin yaradılması haqda qərarını ilhaqın davamı hesab edir.
“Rusiya hələ də beynəlxalq təhlükəsizlik mexanizminin yaradılmasını müzakirə etməkdən imtina edir, bununla da Moskva 20088-ci il avqustun 12-də əldə edilmiş atəşkəs haqda sazişin beşinci maddəsinə uyğun üzərinə götürdüyü öhdəlikləri qulaqardına vurur”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Rusiyanın mövqeyi
Rusiya XİN-in Cenevrə müzakirələrinin nəticələri ilə bağlı rəsmi bəyanatında Tbilisinin NATO ilə əməkdaşlığı vurğulanır və Moskvanın bu əməkdaşlıqdan narahat olduğu, bu əməkdaşlığın “regional təhlükəsizliyə təhdid kimi qəbul edildiyi” qeyd olunur.
Rusiya XİN-in bəyanatında NATO-nun Gürcüstanda 2017-ci ildə keçirdiyi hərbi təlimlərdən də söz açılıb. Moskvanın fikrincə, Tbilisinin və alyans üzvlərinin bu cür davranışlarının Cenevrə müzakirələrinin məqsədinə ziddir, formatın işini dəyərdən salır və regionda gərginliyin artmasına doğru aparır.
XİN NATO Parlament Assambleyasının Gürcüstanla bağlı son qətnaməsini də tənqid edərək bildirib ki, bu qətnamə “qəbul olunmaz və təhrikedici xarakter” daşıyır.
NATO Parlament Assambleyası Buxarestdə 6-9 oktyabrda keçirilən illik sessiyasında təhlükəsizliklə bağlı bir neçə qətnamə qəbul edib, onlardan biri Gürcüstanla əəlaqəlidir.
Oktyabrın 9-da plenar iclasda qəbul olunan “Qara Dəniz regionunda təhlükəsizlik və stabillik haqda” qətnamədə “regionda artmaqda olan gərginlik” səbəbilə dərin narahatlıq ifadə edilir və “Rusiyanın Gürcüstanın regionlarının – Abxaziya və Cənubi Osetiyanın qanunsuz işğalını həyata keçirməsi və orada hərbi qüvvələrin artırılması” pislənib.
Suxuminin mövqeyi
Suxuminin hakimiyyət nümayəndələri bəyan ediblər ki, danışıq iştirakçıları növbəti dəfə güc tətbiq edilməməsinə dair birgə şifahi bəyanatın güzəştli variantını razılaşdıra bilməyiblər.
Suxuminin yaydığı bəyanatda deyilir ki, abxaz tərəfi mərmər gənələrlə mübarizə istiqamətində operativ tədbirlər görülməsinə xüsusi diqqət cəlb edib, “bu həşəratların yayılması Abxaziyada kultivasiya olunan kənd təsərrüfatı bitkilərinə ciddi təhlükə törədir”. Suxumi Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərindən bu ekoloji problemə xüsusi diqqət yetirməyi və ziyanvericilərlə mübarizədə lazımi beynəlxalq dəstəyi əsirgəməməyi xahiş edib.
Sxinvalın mövqeyi
Sxinvali hakimiyyətinin bəyanatı Gürcüstanın NATO ilə əməkdaşlığı mövzusunda Rusiyanın mövqeyini təkrarlayır.
Sxinvali Tbilisini “Cənubi Osetiya Respublikası və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müştərək ikitərəfli işə başlamağa” çağırıb və sərhədyanı kəndlərdə Gürcüstan tərəfinin fəallığını “təxribat xarakterli” adlandırıb [sərhəd çəpərlərinin quraşdırılmasına qarşı keçirilən etiraz aksiyaları və mitinqlər nəzərdə tulur].
ABŞ-ın mövqeyi
ABŞ-ın danışıqlardakı nümayəndə heyətinin bəyanatına əsasən, Amerika “Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozduğu üçün” Abxaziyanın inzibati sərhəd xəttində iki gömrük məntəqəsinin bağlanması və Cənubi Osetiya inzibati sərhəd xəttində faktiki maneələrin, demarkasiya işarələrinin quraşdırılması ilə bağlı etiraz bildirib.
“Bu addımlar azad hərəkət imkanını məhdudlaşdırır və yerli sakinlərin həyat şəraitinə xələl gətirir”, – ABŞ missiyasının bəyanatında deyilir.
Amerikanın rəsmi şəxsləri də Erdevi kəndində etnik gürcülərin evlərinin dağıdılmasına etiraz edib və bildiriblər ki, “gürcülərin öz evlərinə qayıtmaq haqları var”.
Onlar həmçinin Suxuminin Gürcüstan vətəndaşı Qiqi Otxozoriyanın qətli ilə bağlı istintaqı dayandırması ilə əlaqədar narahatlıq bildiriblər.
Güc tətbiq edilməməsi məsələsinə gəlincə, amerikalı diplomatlar “tərəfləri hər iki tərəfi təmin edəcək bəyanatın qəbulu məqsədilə konstruktiv danışıqları davam etdirməyə çağırıb”.
Cenevrə müzakirələrinin həmsədrləri media üçün rəsmi məlumat dərc ediblərŞ orada deyilir ki, müzakirə olunan məsələlər sırasında “ayırma xətti boyunca həbslər, kənd təsərrüfatı torpaqlarına keçmək imkanı, hərbi fəaliyyətlə bağlı məlumat mübadiləsi, ciddi məsələlər üzrə ədalət mühakiməsinin təmin olunmasının vacibliyi”, o cümlədən güc tətbiq olunnmaması haqda bəyanata dair məsləhətləşmələr də vardı.
Danışıqlar zamanı qeyri-siyasi məsələlər, o cümlədən məhsula ciddi ziyan vurmuş Asiya gənəsinin Abxaziya da daxil olmaqla Qərbi Gürcüstanda yaratdığı təhlükə də müzakirə olunub.
Cenevrə beynəlxalq müzakirələrinin növbəti raundu 2017-ci il 12-13 dekabrda baş tutacaq.
- 2008-ci il avqust müharibəsindən sonra Gürcüstan və RF arasında Cenevrə diskussiyaları formatı yaradılıb. Buu formatın yaradılması qərarı 2008-ci il 12 avqust tarixli atəşkəs haqda sazişin əsasında yaradılıb. O vaxtdan bəri hər il dörd raundda müzakirələr aparılır. Rusiya və Gürcüstandan başqa danışıqlarda ABŞ nümayəndələri, Avropa İttifaqı, ATƏT və BMT tərəfindən həmsədrlər iştirak edir. Müzakirə iştirakçıları sırasında Sxinvali və Suxumi nümayəndələri də var.
- Cenevrədə beynəlxalq danışıqlar iki paralel işçi qrupda keçirilir. Birincidə təhlükəsizlik məsələləri müzakirə olunur (məsələn, Rusiya və Gürcüstan arasında güc tətbiq edilməməsi haqda sazişin əldə edilməsi və Gürcüstanın işğal olunmuş regionlarında beynəlxalq təhlükəsizlik mexanizminin yradılması), ikincidə isə müvəqqəti köçə məruz qalmış şəxslərin və qaçqınların öz evlərinə qaytarılması məsələsi və digər humanitar problemlər (ana dilində təhsil, mədəni irsin mühafizəsi, işğal xəttinin azad şəkildə aşılması).
Material civil.ge-nin xəəbəri əsasında hazırlanıb.
Məqalə müəllifinin istifadə etdiyi terminlər, toponimlər, fikir və ideyalar onun özünə məxsusdur, JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.