Rusiyada pul axınını əslində kim idarə edir?
Pikabu
• Peterburq yaxınlığında qiyməti 150 milyon dollardan çox olan yeni avtodrom tikilir.
• Ən iri Rusiya şirkətlərində paylar maaşı 700 dollar olan adama məxsusdur.
• Rusiyanın “Forbes” siyahısına daxil olan milyardçılar nəinki kapitallarının mənşəyini izah edə bilmir, hətta onlara məxsus olan şirkətlərin adlarını xatırlaya da bilmirlər.
Bütün bunların arasında nə əlaqə var? Əlaqəni Rusiyanın “Novaya qazeta”sı tapıb.
Bacıoğlu
Mixail Şelomovun 48 yaşı var. O, “Sovkomflot” şirkətində maaşı 700 dollardan çox olmayan bir vəzifədə işləyir. Özünü çox sadə aparır, özü jurnalistlərin zənglərinə cavab verir. Problem ancaq ondadır ki, jurnalistlərin suallarına cavab verə bilmir. Ya da istəmir.
Ona verilən sual isə çox sadədir.
Necə alındı ki, adi bir mütəxəssis aktivləri yüz milyonlarla dollar olan şirkətin sahibi olub? Bu, şirkətlərdən biri Peterburq yaxınlığında yarış avtomobil trasının tikintisinə təxminən 70 milyon dollar həcmində sərmayə qoymağa hazırlaşanda məlum oldu.
Jurnalistlərin suallarına cavab olaraq, Mixail Şemolov ancaq ah çəkərək, qeyri-müəyyən bir cavab verir.
Ona ən əsas sualı vermirlər: onun biznesdəki uğurları Putinin qohumu (xalası qızının oğlu) olması ilə bağlı deyilmi? Amma bu faktın özü geniş yayılıb və Kreml tərəfindən inkar edilmir.
Gənclik dostu
Daha bir gözlənilməz rusiyalı milyarder – musiqiçi, violonçelçi Sergey Rolduqin də əslən Peterburqdandır.
Ona məxsus olan ofşor şirkəti ilə Rusiyanın bütün iri enerji, tikinti və maliyyə şirkətləri çoxmilyonlu və onun üçün çox uğurlu müqavilələr bağlayıblar.
Sergey Rolduninin şirkətinin istifadə etdiyi vəsaitin həcmi 2 milyard dollardan çoxdur.
Bu faktlar üzə çıxandan sonra belə bir izahat təklif olunub: bu ofşor əməliyyatları Sergey Rolduninin gənc musiqiçilər üçün musiqi alətlərinin alınması ilə məşğul olan xeyriyyə fondunu pulla təmin etmək üçün lazımıydı. (Arayış üçün: 2 milyard məbləğində vəsait dünyada mövcud olan bütün Stradivari skripkalarının ümumi qiymətindən təxminən iyirmi dəfə çoxdur).
Maraqlıdır ki, Sergey Roldunin də prezident Putin üçün yad adam deyil. Onlar gənclik dostlarıdır, biri Leninqrad konservatoriyasında oxuyanda, o birisi yerli universitetin hüquq fakültəsində təhsil alıb.
Dzüdo üzrə partnyorlar
Son illər ərzində Rusiyanın ən varlı insanları siyahısında lider yerləri Boris və Arkadi Rotenberq qardaşları tutur. Sərvətlərinin mənbəyi çoxmilyardlıq dövlət müqavilələridir: futbol üzrə dünya çempionatı-2018 üçün stadionların tikintisi, Krımda körpünün tikintisi, “Qazprom” üçün boruların satışı və s.
Rotenberq qardaşları 70-80-ci illərdə Leninqradda cüdo üzrə dərnəyə gediblər. Orada da onlar Vladimir Putinlə tanış olublar. Onların biznesdə karyeraları sonuncu Rusiya prezidenti olandan sonra başlayıb.
Kürəkən
Prezident Putin iki qızının həyatlarının detalları barədə məlumat vermir. Amma jurnalistlərin sayəsində bəzi şeylər məlum olub. Böyük qızı Mariya Rusiyanın qaz inhisarçısı olan “Qazprom”un Direktorlar şurasının tərkibinə daxil olan yoldaşı ilə Hollandiyada yaşayır.
Kiçik qızı Yekaterina Moskvada çoxmilyonluq dövlət müqavilələri və aparıcı Rusiya şirkətlərindən sifarişlər alan şirkətə sahibdir. O, Vladimir Putinin DTK üzrə həmkarının oğlu Kirill Şamalovla evlidir.
Prezidentin qızı ilə evlənənə qədər Kirill Şamalovun adı biznes dünyasında heç kimə məlum deyildi. Bu hadisədən sonra Rusiya dövlət şirkətləri ilə çox uğurlu müqavilələrin bağlanması nəticəsində o, 1.4 milyard dollarlıq var-dövlətin sahibi olub.
Rusiyanın “Forbes” siyahısı əsasında Vladimir Putinin tərcümeyi-halını asanlıqla yazmaq olar. Burada onun həyat yolunun bütün mərhələləri təqdim olunub: məktəb, tələbəlik, idman, DTK-da və Peterburq meriyasında xidmət. Onun bir çox dostları və qohumları onun prezidentliyi dövründə dollar milyonçularına çevriliblər.
Bununla belə, jurnalistlər inanmır ki, bu insanlar qiyməti ən azı 40 milyard dollar olan səhmlərin real sahibləridir. Çox güman ki, onlar sadəcə etibarlı şəxslərdir.
Bəs reallıqda bu pulları kim idarə edir? Bu sualın konkret cavabı hələlik yoxdur, amma son zamanlar bu cavabın tezliklə üzə çıxacağından xəbər verən faktlar ortaya çıxır.
Misal üçün, artıq “Novaya qazeta”nın araşdırması dərc olunandan sonra məlum oldu ki, musiqiçi Rolduqinin ofşor şirkətinin hesabından bir milyon dollara yaxın pul gənc istedadların dəstəklənməsinə deyil, Suriya hökuməti üçün kimyəvi silahın işlənib hazırlanmasında iştirak edən şirkətin hesablarına gedib.