Əngəlləri aşan tarix müəlliminin hekayəsi
Tarix müəllimi Özal Muradov
“Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə adaptasiya ola bilməmələrinin əsas səbəbi cəmiyyətin onları sıxışdırmasıdır. Frans Kafkanın “Metamorfoz” əsərində Qreqor Samsa böcəyə çevrilir və ailəsi onu bir otağa kilidləyir ki, evə gələnlər onun bu vəziyyətini görməsinlər. Bizdə əlilliyi olan şəxslərin çoxu bu vəziyyətdədir”.
28 yaşlı tarix müəllimi Özal Muradov birinci qrup gözdən əlildir. O hesab edir ki, dövlət əlillərə digər vətəndaşlarla bərabər hüquqlar təmin etsə, onların heç bir güzəştə ehtiyacları olmaz, öz ayaqları üstündə dura bilərlər. Bir də deyir ki, əlilləri cəmiyyətin laqeydliyindən daha çox lüzumsuz şəfqət hissi narahat edir. Muradın zənnincə, şəfqət göstərmək ehtiyacı əslində yaxşı hal olsa da, lüzumsuz olunca əlilləri cəmiyyətin digər fərdlərindən ayırmış olur.
- Azərbaycan məktəblərində “cinsi tərbiyəsizlik” hökm sürür
- Qəbul imtahanlarının rekordçusu Azərbaycanda təhsildən imtina edib
- Bakıda əlilliyi olan şəxslər üçün xüsusi geyimlərin nümayişi keçirilib – VİDEO
MİQ imtahanında ölkə birincisi
Özal Muradov Bakıda anadan olub. 4 yaşında ağır keçirdiyi suçiçəyi xəstəliyi görmə qabiliyyətini itirməsinə səbəb olub. Orta təhsilini gözdən əllillər üçün xüsusi məktəbdə alıb. Deyir ki, birinci il sadəcə Brayl əlifbası öyrəniblər, daha sonra fənlərin tədrisi başlayıb.
Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olub. Daha sonra Sumqayıt Dövlət Universitetinin “Avropa və Amerika xalqlarının yeni və ən yeni dövr tarixi” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.
Həmin il Müəllimlərin İşə Qəbul (MİQ) imtahanında 60 bal üzərindən 51 bal yığıb dövlət orta məktəblərində işləmək hüququ əldə edib. 3 il Lerik rayonu, Zenoni kəndində tarix müəllimi işləyib. Bu il isə MİQ imtahanında 100 üzərindən 97.5 bal toplayaraq ölkə birincisi olub və Bakı şəhəri 45 saylı tam orta məktəbi seçib.
“Tarixi mənə İsa Qənbər sevdirib”
Özal deyir ki, tarixi uşaqlıqdan sevib və onda bu sevgini şəxsən tanımadığı Müsavat partiyasının keçmiş sədri İsa Qənbər oyadıb.
“Hər zaman mənə xarizmatik bir şəxs kimi görünüb və tarixçi olması məndə ayrı bir stimul yaradıb. Daha sonra Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşovun yazıları məndə tarixçilik fikrini daha da möhkəmləndirib. Müəllimliyi isə mənə sevdirən Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” və “İdeal müəllim” əsərləri olub. Düşünürəm ki, sağlam cəmiyyətin yaranması üçün təhsil mütləqdir. Təhsilin nüvəsi isə müəllimdir”.
Lüzumsuz şəfqət yox, uyğun şərait
Özal deyir ki, ölkədə çox şey əlillərə uyğunlaşdırılmadığı, inklüzivlik səviyyəsi çox aşağı olduğu üçün əlillər çox sahədə əziyyət çəkirlər.
“Məni incidən başqa məqam isə cəmiyyətdə əlilliyə sahib şəxslərə olan yanaşmadır. Bizim əsas problemimiz bizi anlaya bilməmələridir. Elə bilirlər ki, biz heç nə bacara bilmərik. Avtobusa minən kimi hamı mənə yer vermək istəyir, hər dəfəsində deyirəm ki, problem mənim ayağımda deyil, gözümdədir. Gözümdə olan problem ayaqüstə durub yarım saat yol getməyimə maneə törətmir.
Başqa bir misal; marketdə kassada növbə gözləyəndə niyə öz növbəni mənə verməlisən? Bunu əlil arabasında olan birinə və ya hamilə qadına edə bilərsən, ancaq gözümdəki problem növbədə durmağıma əngəl deyil.
İnsanlar əlilliyi olan şəxslərə çox vaxt kömək etmək istəyirlər, bu yaxşı haldır. Ancaq bizi diqqətsizlikdən çox lüzumsuz şəfqət incidir”.
Özalın sözlərinə görə, əlilliyi olan şəxslərə güzəştlər yox, bərabər hüquqlar və inteqrasiya üçün şərait lazımdır. Hələ ki, onlar öz problemlərini fərdi şəkildə mübarizə apararaq həll edirlər. Məsələn, əlilliyi olan şəxslər MİQ imtahanlarına buraxılmadığı üçün onlar elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər. Nəticədə qadağa aradan qaldırılıb.
“Sovet dövründə gözdən əlilliyi olan şəxslərin ali təhsilləri olmasa da, işlə təmin olunurdular. Ən azından heç kimə möhtac qalmırdılar. Hökumət mənə normal əməkhaqqı versə, mənim onun verdiyi pensiyaya ehtiyacım olmaz. Pensiya verərək “əmək qabiliyyətiniz yoxdur” mesajı verib bizi “zəncirləyirlər”. Əlilliyi olan şəxslər üçün normal şərait yaradılsa, əlavə güzəştlər tətbiq etməyə ehtiyac qalmaz”.
Ailə faktoru önəmlidir
Özal hesab edir ki, əlilliyi olan insanların həyatını istədiyi kimi qurmaqda onların ailələrinin də rolu böyükdür. Ailəsi tərəfindən dəstəklənən şəxslər uğurlara nail olurlar.
“Bütün uğurlarıma çatmağıma ailəm dəstək olub. İstər məktəb, istər universitet dövründə, istər yarışlarda hər zaman mənə inanıblar. Yaxşı işin təməlində inam durur. Onlar inananda mən də inanmışam.
Düşünürəm ki, digər ailələr mənim kimi insanları tanımaqla ən azından fikirləşə bilərlər ki, mənim də övladım təhsil həyatında belə uğurlu ola və öz ayaqları üzərində dayana bilər”.
Təyyarə sürə bilməsə də, ərəb ölkələrinə getmək arzusu
Özal bütün cəmiyyət üçün faydalı olmaq istəyir. Nüfuzlu mətbu orqanlarında elmi yazılar yazmaq arzusundadır. Hazırda Tiktok platformasında tarix və fəlsəfə mövzusunda videolar paylaşır və 21 mindən çox izləyicisi var.
“Mən “Hər işdə bir xeyir var” kimi ifadələrə inanmıram. Gözdən əlilliyim olmasa idi, daha yaxşı yerlərdə ola bilərdim. PDF versiyasını oxuya bilmədiyim kitabları oxuyardım. Böyük ehtimalla hazırda Azərbaycanda deyildim. İstəsəm, indi də gedə bilərəm, ancaq ailəm tək getməyimə ehtiyat edir. Evlən, sonra gedərsən, deyirlər.
Təyyarə sürməyi çox istəyirdim. Yəqin, indi pilot olardım. Amma bu mümkün olan iş deyil. Hərçənd daha mümkün hədəflərim var. Hazırda magistr dissertasiyamı tamamlamışam. “Ərəb baharı və qərb diplomatiyası” adlanır. Çox istərdim ki, dövlət mənə şərait yaratsın, ərəb ölkələrinə gedərək arxiv materialları ilə işləyim və dissertasiya işimi inkişaf etdirim. Gələcəkdə tarixçi kimi anılmaq istəyərəm”.