Ədalətsiz həbs edildikləri üçün dörd azərbaycanlı fəal təxminən 100 min avro alacaq
Azərbaycan hökuməti dörd ictimai fəala 2013-cü ildə qanunsuz həbs olunduqlarına görə 96 min avro kompensasiya ödəməlidir. Avropa İnsan Haqları Məhkəməsi ictimai fəalların şikayətini təmin edərək, bu cür qərar çıxarıb.
2013-cü ildə Nida vətəndaş hərəkatının üzvləri – Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədov, Rəşadət Axundov və daha dörd nəfər kütləvi iğtişaşların təşkilinə cəhddə təqsirli bilinmişdi. Bu, Nida fəallarının cəmiyyətin diqqətini orduda əsgər ölümünə cəlb etmək üçün keçirdiyi silsilə mitinqlərdən sonra baş vermişdi.
Saxlanıldıqları zaman ittihamla bağlı onlara qarşı heç bir dəlil və sübut yox idi, onların evindən götürülən içi maye dolu 22 butulkadan başqa. İstintaqçılar bunların “Molotov kokteyli” (içində yanar qarışıq və partlayıcısı olan butulka) olduğu qənaətinə gəlmişdilər. Ekspertiza yanar qarışığı yalnız iki butulkanın içində aşkarlamışdı. Gənc fəalları partlayıcı maddələri qanunsuz saxlamaqda ittiham etmişdilər. 2014-cü ilin mayında onlar altı ildən səkkiz ilə qədər azadlıqdan məhrum edildilər.
Növbəti bir neçə ildə onların hamısı prezident fərmanı ilə əfv olundu, hələ də məhbəsdə olan İlkin Rüstəmzadədən başqa.
Rəşad, Zaur, Üzeyir və Rəşadət 2013-cü ildə qanunsuz həbs oedildiklərini əsas gətirərək Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdilər. Onlar prosesi uddular.
“Ümumilikdə məhkəmə milli hakimiyyətin əsaslandığı materialların Konvensiyanın (insan haqları haqda – red) minimal standartlarına uyğun gəlmədiyini (…), iddiaçıların hüquqlarının pozulduğunu təsbit edib”, – məhkəmə qərarında deyilir.
Bütün bunları və digər halları nəzərə alaraq məhkəmə iddiaçıların hər birinə mənəvi zərərə görə 20 min avro kompensasiya verilməsi və məhkəmə xərclərinin ödənməsi (ümumilikdə 16 min avro) haqda qərar çıxarıb.
“Molotov kokteyli” ilə bağlı məsələ yalnız qəzəb və məhkəmə çəkişmələri üçün yox, həm də zarafat mövzusu olub. Yeni Azərbaycan Partiyası rəhbərlərindən biri, deputat Siyavuş Novruzov çıxışlarından birində yanar qarışığı “Molotov kotleti” adlandırandan sonra sosial şəbəkələrdə bununla bağlı ironik statuslar baş alıb getmişdi. “DədəBaba” rok qrupu isə sosial şəbəkələrdə xitə çevrilmiş mahnı yazmışdı. Musiqiçilər hətta “Molotov kotletinin” reseptini də təqdim etmişdilər – onu adi lülə kabab kimi, amma çuğundur əlavə edərək hazırlayırlar.