Mitinqlər, həbslər, yeni təyinatlar. Adət edilmədiyi tərzdə gur həftənin ölkənin sabit həyatına hansı yeniliyin gətirdiyini anlamağa çalışırıq" />

Azərbaycanda nə dəyişir – cəmiyyət, hökumət, müxalifət?

Mitinqlər, həbslər, yeni təyinatlar. Adət edilmədiyi tərzdə gur həftənin ölkənin sabit həyatına hansı yeniliyin gətirdiyini anlamağa çalışırıq

Müxalifətin mitinqinin dağıdılması, zorakılığa qarşı feminist marşında zor tətbiqi, casus qalmaqalı, vergilər nazirliyinin ləğvi, bir neçə yüksək vəzifəli məmurun istefası – bütün bunlar Azərbaycanda cəmi beş günə baş verib.

Bütün bu hadisələr bir-biri ilə necə bağlıdır və onlar nə bildirir?

Müxalifət və hakimiyyət: kiminsə hiyləgər düşüncəsi, yoxsa “mövsümi kəskinləşmə”?

«Mən düz bir saat küçələrdə var-gəl edərək anlamağa çalışırdım ki, mitinq harada keçirilir. İnsan qruplarını görürdüm, bəzilərini mütəmadi olaraq polis aparırdı. Lakin nə plakatlar vardı, nə də şüarlar. Sonra kimdənsə soruşdum və mənə dedilər ki, mitinq elə budur. Bütün bu adamlar isə düşündüyüm kimi təsadüfi insanlar deyil, müxalifətçilərdir», – JAMnews-un ştatdankənar müxbiri danışır.

Bir neçə müxalif partiyanın və fəalın daxil olduğu Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) oktyabrın 19-da şəhərin mərkəzində razılaşdırılmamış mitinq keçirməyə qərar verdi. Onları əsəbiləşdirən bu idi ki, son zamanlar hakimiyyət müxalifətə yalnız Lökbatan qəsəbəsində – Bakıdan 20 km aralıda toplaşmağa icazə verir.

Mitinqdəki şüarlar hər zamankı olacaqdılar – siyasi məhbuslara azadlıq, demokratik seçkilər, korrupsiya ilə mübarizə və hakimiyyətdən ümumi narazılıq.

Mitinq günü onun keçiriləcəyi nəzərdə tutulan vağzal qarşısındakı bütün meydan və yaxınlıqdakı məhəllələr polis tərəfindən nəzarətə götürüldü. Yaxınlıqdakı metro stansiyalarını bağladılar, interneti kəsdilər. Bankomatlar və pos-terminallar da işləmədi.

Mitinq çox sürətlə və bir çoxlarının fikrincə, həddən artıq sərt dağıdıldı. Müxalifət liderləri polisdə döyüldüklərindən şikayətlənirdilər. 100-ə yaxın insan saxlanıldı, əksəriyyəti dərhal sərbəst buraxıldı, lakin bəziləri müxtəlif müddətlərə (30 gündən 50 günə qədər) həbs edildilər.

Polis “Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın liderini saxlayır. Foto: Ramin Deko

Azərbaycanda ekspertlər və sadəcə siyasətlə maraqlanan adamlar özlərinə sual verdilər ki, müxalifətçilərin qeyri-adi ciddiyyəti və hakimiyyətin bu cür kəskin reaksiyası siyasi vəziyyətdəki hansı dəyişikliklərdən xəbər verir? Bu, nəyə gətirib çıxara bilər?

Müxalif “Respublikaçı alternativ” (“REAL”) partiyası DQMŞ-yə daxil deyil və bu mitinqə heç bir aidiyyatı yox idi. “REAL”ın üzvlərindən biri Natiq Cəfərli güman edir ki, mitinqin əsas məqsədi hakimiyyətə təsir etmək və bu cür aksiyaların “şəhərin normal yerləri”ndə keçirilməsinə razılıq verilməsinə nail olmaq idi. Özü də, onun fikrincə, hakimiyyət güzəştə gedə bilər.

Polisin qəddarlığını Cəfərli belə şərh edir:

«Buna heç bir ehtiyac yox idi. Görünür, bu göstərişi verənlər xaos, yaxud ölkədə xaos görüntüsü yaratmağa can atıblar. Hakimiyyət bunun kim olduğunu müəyyənləşdirməlidir».

JAMnewsun siyasi icmalçısı Şahin Rzayev hesab edir ki, müxalifət ənənəvi olaraq yazda və payızda fəallaşır – yalnız ona görə ki, qışda çox soyuqdur, yayda isə hamı məzuniyyətdə olur. Başqa sözlə, DQMŞ-nin mitinqi fəallığın hansısa yeni keyfiyyət dəyişikliyinin göstəricisi deyil. Buna baxmayaraq, Rzayev də Cəfərli ilə həmrəydir ki, daha hansısa siyasi qüvvələr müdaxilə etməsələr də, bunda maraqlı olublar: “Bizdə patoloji sabitlik hökm sürür və mümkündür ki, ölkədə bu vəziyyətin laxlamasının əleyhinə olmayan nüfuzlu insanlar var. Mitinqlər bunun üçün uyğun alətdir”.

Azərbaycan feminizminin ilk qələbələri

Bakının mərkəzində, şairə Natəvanın heykəlinin yaxınlığında meydan. Ona yaxın gənc insan təxminən iyirmiyə yaxın polis əməkdaşı tərəfindən mühasirəyə alınıb. Kütlənin düz ortasındakı qız emosional tərzdə əl hərəkətləri ilə yaşlı polis əməkdaşına nəyisə başa salmağa çalışır. Onun çox yorğun görkəmi var və onun suallarını eşitmək mümkün deyil. “Biz hamımız təşkilatçıyıq! Hamımız əsasıq!” — qız birdən qışqırır.

• Qadınlara zorakılığa qarşı yürüşdən video

Həqiqətən də, azərbaycanlı feministlərin hansısa “rəsmi başçısı” yoxdur. Bu hərəkat cəmi bir neçə ildir ki, mövcuddur və ümumi ideyalara əsaslanır, liderin xarizmasına deyil. Bu cür vəziyyətin mənfiliklərinə baxmayaraq, hərəkat özünün əsas vəzifəsini uğurla yerinə yetirir – məişət zorakılığı probleminə və gender qeyri-bərabərliyinə diqqəti cəlb edir. Martın 8-də Azərbaycan feminizminin kütləvi “debütü” baş tutdu – hakimiyyətlə razılaşdırılmamış dinc yürüş polis tərəfindən dağıdıldı.

Oktyabrın 20-də onlarla fəal yenidən paytaxtın mərkəzində dinc yürüş təşkil etməyi və dövlətdən İstanbul konvensiyasını – Avropa Şurasının məişət zorakılığına və qadınlara zorakılığa qarşı beynəlxalq sazişin imzalanmasını və ratifikasiya edilməsini tələb etməyi qərarlaşdırdı.

Şəhər hakimiyyəti rədd cavabı versə də, yürüş baş tutdu. Fəallar şairə Natəvanın heykəlindən “Kolorit” kafesinədək yürüş etdilər – cəmi 700 metr. Lakin bu marşrutun normal halda 15 dəqiqə çəkməsinə baxmayaraq, polisin müdaxiləsi üzündən bu tədbir iki saat vaxt apardı. Polis əməkdaşlarının sayı mitinq iştirakçılarının sayından azı üç dəfə çox idi və onlar sanki məxsusi şəkildə nümayiş etdirirdilər ki, “qadına zorakılıq” nədir: qızları yerlə sürüyür, əllərini burur və bu ruhda hərəkətlər edirdilər.

Lakin küçədən keçən insanlar maraq göstərdilər: kimsə mitinq iştirakçılarına ittiham dolu nəzərlərlə baxır, kimsə onlara gülümsünürdü. Ona yaxın yaşı olan iki oğlan yaxınlaşıb soruşdular ki, bu adamlar azərbaycanlıdırmı və onlar nə istəyirlər?

Foto: Bəşir Kitaçayev

Kimdir müqəssir?

Əksəriyyət etibarilə apolitik olan Azərbaycan cəmiyyəti siyasətin “istirahət günlərini korlaması”ndan şok vəziyyətinə düşmüşdü. Sosial şəbəkələrdə və küçələrdə qızğın müzakirələr başladı.

Əsas mövqelər aşağıdakı kimi idi:

1. Mitinq iştirakçıları – axmaq və işsizlərdir, mənim istirahətimə mane olurlar. Üstəlik də, Qərb onlara pul verir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova elə gəlib ki, polis özünü hətta çox yumşaq aparıb. Bir çoxları da onunla razılaşıblar.

«Bu feminist marşı sadəcə özünü göstərmək üçün çıxışdır və şəxsi piar məqsədi daşıyır»

«Anlamıram, icra hakimiyyətinin icazəsi olmadan mitinq təşkil etmiş müxalifəti hamı niyə belə müdafiə edir? Ümumiyyətlə, mitinq – xaosdur, xaos isə pisdir. İstəyirsiniz, Ukraynadakı kimi olsun? Çörək dalınca çıxırsan, bilmirsən, evə qayıdacaqsan, ya yox, çünki kriminalın səviyyəsi yüksəlir»

«Kiminsə burdan xoşu gəlmirsə, çıxıb getsin. Mitinqin nəyisə dəyişəcəyini güman etmək sadəlövhlükdür. Nəyə görə nəqliyyatsız qalmış digər insanlar bu cür “əbədi narazılar”a görə əziyyət çəkməlidirlər».

Feministlərin yürüş etdiyi gün orta yaşlı üç kişi fikirlərini ucadan bildirirdilər ki, bu qadınların “nə istədiyini anlamaq olmur, axı onlara heç kim toxunmur”. Şəbəkədə seksist şərhlər peyda oldu ki, bütün bu qızlar “korlanıblar” və “özlərini apara bilmirlər”. Bu yürüş isə pulu ödənilmiş tamaşadır. Müxalifətin mitinqini də pul gücünə təşkil olunmuş elan etdilər.

Hökumətyönlü media da bu mövqeyi tutdu. İş o yerə çatdı ki, Qərbin ünvanına ittihamlar səsləndi və bu cür media orqanları isti-isti həmin ittihamlarını avropalı diplomatın müxalifətçi fəal qadınla telefon söhbətinin yazısını yaymaqla möhkəmləndirdilər (qadın ölkədəki vəziyyət və yarımçıq qalmış mitinq barədə danışırdı). Tezliklə bu səs yazılarını hər yerdən sildilər.

• Dinləmə ilə bağlı qalmaqal haqqında ətraflı

2. Cəmiyyətimizin oyanması necə də xoşbəxtlikdir! Polisə ar olsun!

«Mitinqdə baş verənlər Azərbaycanı bütün dünyada rüsvay etdi»

«Zorakılığa qarşı aksiyanın videosuna baxandan sonra başa düşdüm ki, bütün gəncliyimiz deqradasiyaya uğramayıb! Mən çox-çox sevincliyəm və ümidlərlə doluyam! Afərin, oğlanlar və qızlar!»

Sosial şəbəkələrdə bir çoxları üçün ötən istirahət günlərinin əsas antiqəhrəmanı polis əməkdaşları oldu. Bəziləri onların foroşəkillərini və şəxsi məlumatlarını dərc edirdi ki, hamı “düşmənini üzdən tanısın”.

Avropa İttifaqı və başqa beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini tənqid edib və həbs olunanların azad edilməsini, İstanbul konvensiyasının qəbulunu tələb ediblər.

Bütün bu olanların fonunda az qala heç kim baş nazirin iki müavininin istefasına diqqət yetirmədi.

Onlardan biri – Hacıbala Abutalıbov az qala 20 il ərzində Bakı şəhər icra hakimiyyətinin başçısı olub və anlaşılmaz, mənasız hərəkətləri ilə özünə ekssentrik qəribə adam imici qazanıb (şəhəri hər dəfə yağışdan sonra su basan zaman əsas günahkar kimi onu görürdülər).

Baş nazirin daha bir müavini – Əli Həsənov nəvəsinin iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası törətməsi və buna görə həbsxanada cəmi iki il keçirməsi ilə yadda qaldı.

Məmur çaxnaşması: mitinqlərə reaksiya, islahatlar, yoxsa sadəcə sərt siyasət?

Oktyabrın 22-də yaşlı iqtisadiyyat naziri Şahin Mustafayev vəzifəsini tərk etdi. Doğrudur, o, dərhal baş nazirin müavini təyin olundu.

Çərşənbə günü Vergilər Nazirliyi mövcudğunu bitirdi və əmlak məsələləri üzrə dövlət komitəsi və antiinhisar agentliyi ilə birlikdə iqtisadiyyat nazirliyinə birləşdirildi. Başqa sözlə, dörd müxtəlif qurum vardı, biri qaldı. Bu struktura rəhbər kimi keçmiş vergilər naziri Mikayıl Cabbarov təyin olundu. Bundan da əvvəl o, təhsil naziri idi, beləcə bu, onun üçüncü nazir kreslosudur və bütün bu vəzifələrə o, son altı il ərzində təyin edilib. Xalq onu ümumi qənaətə görə, xeyirindən çox ziyanı olan islahatları ilə xatırlayır. Mikayıl Cabbarovun azərbaycanlı məmurlar arasında nadir rastlanan intellektual oyunların ziyalı iştirakçısı olması belə onu rişxənddən mühafizə etməyib.

Nəhayət, prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “özü” istefaya gedib. Bu vəzifəni o, 1995-ci ildən bəri tuturdu. Sovet dövründə isə o, Heydər Əliyevin komandasında analoji postu tutub.

JAMnewsn siyasi icmalçısı Şahin Rzayev şərh edir:

“Əcnəbi oxucu təəccüblənə bilər ki, axı nə baş verib? Yaşı 80-i keçmiş dörd dövlət xadimi fəxri təqaüdə göndərilib, çoxdan lazım idi. Lakin Azərbaycan sakinləri hələ də çaşqınlıq içindədirlər: bundan sonra Ramiz Mehdiyevsiz necə yaşayacağıq? Bir çoxlarının düşüncəsində məhz bu insan bizim avtoritar sistemin hələ sovet “durğunluğu” dövründən əsas sütunu idi. O, əbədiyaşar, batmaz, zirehli, dinozavr, Misir ehramı kimi görünürdü. Və daha üç yaşlı məmurun (baş nazirin iki müavini və Elmlər Akademiyasının prezidenti) eyni zamanda işindən azad edilməsi, əlbəttə ki, sadəcə təsadüf ola bilməzdi.

Ola bilsin ki, komandanın gəncləşməsi bəhanəsi ilə hökumətdəki əsas mövqelər nəzarət altına götürülür. Bunu bir klanın (başda birinci vitse-prezident olmaqla) ikinci klanla (köhnə qvardiya, Naxçıvan və Ermənistan əsillilər) mübarizəsi ilə izah etmək asandır.

Lakin hər şey göründüyü kimi sadə deyil. Bir şey aydındır – mülkiyyət bölüşdürülməsi gedir ki, bu da neft gəlirlərinin azalmasına tərs mütənasib şəkildə (neft gəlirlərinin zirvə nöqtəsi keçib) kəskinləşəcək.

Mitinqlər elitanın öz daxilindəki bu mübarizənin aləti ola bilər. Buna görə də, İlham Əliyevin özünə islahatçı imici yaratmaq arzusu çox başa düşüləndir. Lakin mən deməzdim ki, bütün bu yerdəyişmələr bir mitinqin nəticəsidir. Əlbəttə ki, bütün bunlar düşünülmüşdü və yaxşıca götür-qoy edilmişdi”.

 


More on JAMnews