Nə edə bilməyiblər və hansı səbəbdən? Suallara cavab" />

Azərbaycan, Ermənistan və Gürcüstan 100 il əvvəl azad olduqları zaman nə ediblər?

Nə edə bilməyiblər və hansı səbəbdən? Suallara cavab

Cənubi Qafqazın hər üç ölkəsində 2018-ci il böyük yubiley ilidir. Azərbaycan, Ermənistan və Gürcüstan demokratik strukturlu, müstəqil respulika adlanan ilk dövlətlərinin 100 illiyini qeyd edir.

“Respublika” sözü latın dilindəki “res publca” ifadəsindən gəlir və “ictimai iş” mənasını verir. Respublika üç fərqləndirici xüsusiyyəti olan dövlət idarəçiliyi formasıdır:

1. Dövlət hakimiyyətinin bütün orqanları müəyyən müddətə seçilir, ya da ümummili nümayəndəlik qurumları tərəfindən formalaşdırılır, adətən bu rolu parlament oynayır.

2. Dövlət başçısı mütləq seçimlə müəyyən olur, hakimiyyətin bütün ölkə əhalisinin iştirakı ilə keçirilən seçimdən başqa irsən və ya digər yolla ötürülməsi mümkün deyil.

3. Respublikanın bütün vətəndaşları bərabər şəxsi və siyasi hüquqlara sahibdirlər.

1918-ci ilin aprelində əvvəlcə Zaqafqaziya Demokratik Federativ Respublikası elan olundu. Amma çox tezliklə bu federativ respublika üç dövlətə bölündü.

1918-ci il mayın 26-da Gürcüstan Demokratik Respublikası elan olundu.

1918-ci il mayın 28-də isə Azərbaycan Demokratik Respublikası və Ermənistan Respublikası elan edildi.

Biz iki hissədə 100 il müddətində bu üç respublikanın nailiyyətləri və onların süquta uğramalarının səbəbləri haqda danışacağıq.

1.

Əvvəlcə bir qədər həmin dövrün siyasi konteksti haqda.

20-ci əsrin əvvəlləri Qafqaz üçün eyni zamanda bir neçə müstəvidə faciəvi dövr idi.

Hər üç ölkə o zaman uzun dövr ərzində Rusiya İmperiyasının tərkib hissəsi idi. Birinci Dünya Müharibəsi gedirdi, bunun bir hissəsi olaraq Türkiyə cəbhəsində döyüşlər gedirdi.

1915-ci ildə Osmanlı Türkiyəsində erməni əhalisinin kütləvi məhvi və sürgünü baş verdi. Müxtəlif məlumatlara görə, milyon yarımdan çox erməni həlak oldu. Ermənistan və bir sıra başqa ölkələr və beynəlxalq təşkilatlar bu hadisələri erməni əhalisinin soyqırımı kimi tanıyır.

Rusiyada bir-birinin ardınca iki inqilab baş verdi. Nəticədə 1917-ci ildən 1921-ci ilə qədər Rusiyada hakimiyyəti bolşeviklər ələ keçirdilər və kommunist rejiminin bərqərar olması prosesi başladı.

2.

Üç müstəqil respublikanın 100 il ərzində əldə etdiyi ən əsas nailiyyətlər

Azərbaycan

Müstəqil Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) 1910-ci il mayın 28-də Tbilisidə yaradıldı. Bu, Gürcüstan Zaqafqaziya Federasiyasından çıxdığını elan edəndən iki gün sonra baş verdi.

Federasiya “Zaqafqaziya seymi” adlanan seçkili orqan tərəfindən idarə olunurdu. Elə onun “müsəlman fraksiyası” faktiki olaraq ilk Azərbaycan Parlamenti oldu.

Bu qurum Milli Şura adlanırdı və ona “Müsavat” partiyasının lideri Məhəmməd Əmin Rəsulzadə rəhbərlik edirdi. Birinci Azərbaycan Respublikasının ilk hökumətinin sədri bitərəf Fətəli xan Xoyski oldu.

Respublika 23 ay – 1920-ci il aprelin 28-ə qədər mövcud oldu. O zaman Bakı 11-ci Qızıl Ordu tərəfindən işğal edildi.

Azərbaycan Respubliksının ilk ildönümündə hərbi parad. Foto Azərbaycan Milli Arxivindəndir

Azərbaycan Demokratik Respublikasının əsas nailiyyətlərini bu cür ifadə eləmək olar:

1. Bu, müsəlman Şərqində ilk parlament respublikası idi. Azərbaycanın ilk parlamentinin tərkibinə 11 fraksiya daxil idi.

2. Parlamentin yaradılması ilə bağlı qərarda Azərbaycanda yaşayan bütün xalqların orada təmsil olunması haqda xüsusi olaraq qeyd olunmuşdu. Və o zamankı parlamentin tərkibində iki erməni fraksiyası vardı.

3. İlk dəfə Azərbaycanda və bütün islam dünyasında qadınlar seçki hüququ qazandı. Bu haqda qərar 1918-ci ilin noyabrında Britaniya ilə eyni zamanda qəbul olunmuşdu və Azərbaycan bu novasiya ilə hətta bir çox Avropa və Amerika ölkələrini də qabaqlamışdı.

4. Bakıda ilk dövlət universiteti yaradılmışdı. Bu, 1919-cu il sentyabrın 1-də olmuşdu. Universitetdə ən başdan dörd fakültə vardı: tarix, fizika-riyaziyyat, hüquq və tibb.

Universitetin ilk rektoru məşhur cərrah Vasili Razumovski olmuşdu. Bu universitetdə gələcək Nobel mükafatı laureatı Lev Landau təhsil almışdı.

Ermənistan

 

 

 

Birinci Ermənistan Respublikasının gerbi və bayrağı. Foto Erməni Etnoqrafiyası və Azadlıq Mübarizəsi Tarixi Milli Muzeyi tərəfindən təqdim olunub

 

 

 

 

İlk Ermənistan Respublikası əsrlər boyu dövlətdən məhrum qalmış xalq üçün həyati önəm daşıyırdı.

Ermənistan Respublikasının qısa, iki il yarımlıq ömrünün – 1918-ci ilin mayından 1920-ci ilin dekabrına qədər –  əsas nailiyyətlərini belə xülasə etmək olar:

1. Dövlət Apparatı formalaşdırılmış, Parlement seçilmiş, ordu və daxili işlər orqanı yaradılmışdı.

2Bu dövr ərzində dörd nazirlər kabineti və müvafiq olaraq, dörd baş nazir dəyişmişdi: Hovannnes Kacaznuni, Aleksandr Xatisyan, Amo Ohancanyan, Simon Vratsyan.

3. Dünyanın onlarla ölkəsində – ABŞ-dan Uzaq Şərqə qədər, o cümlədən də Asiya dövlətlərində diplomatik nümayəndəliklər açılmış, səfirlər təyin edilmişdi.

4. 1918-ci ilin avqustunda rəsmi pul vahidi – erməni rublu dövriyyə buraxılmışdı.

Birinci Ermənistan Respublikasının əskinaslarından biri. Foto Erməni Etnoqrafiyası və Azadlıq Mübarizəsi Tarixi Milli Muzeyi tərəfindən təqdim olunub

Gürcüstan

Rusiyada 1917-ci il inqilabından sonra bərqərar olan sovet hakimiyyətini nüfuzlu gürcü siyasi və ziyalı çevrələrində tanımırdılar.

Artıq 1917-ci il noyabrın 19-da Tbilisidə ilk Milli Qurultay baş tutdu və Gürcüstanın Milli Şurası, yəni faktiki hökuməti seçildi.

Yarım ilə yaxın zaman keçəndən sonra, 1918-ci il mayın 26-da Müstəqillik Aktı qəbul olundu və elan edildi. Beləcə Gürcüstan Demokratik Respublikası yarandı.

 Təsis Məclisi birinci Demokratik Gürcüstan Respulikasının yaranışını elan edir. Foto Gürcüstan Milli Kitabxanasının arxivindəndir.

Onun əsas nailiyyətlərini belə ifadə etmək olar:

1. 1919-cu il fevralın 14-də Gürcüstanda ilk demokratik seçki baş tutdu. Beləcə hazırkı parlamentə analoji olaraq Gürcüstanın Təsis Məclisi yarandı. Seçkilərdə 15 partiya iştirak etdi və onlardan 6-sı Təsis Məslisinə keçdi. Gürcüstan tarixində ilk iqtidar partiyası Sosial-Demokrat Partiyası oldu.

2. Təsis Məclisi Gürcüstan tarixində ilk Konstitusiyanı qəbul etdi. Bu, 1921-ci il fevralın 21-də baş verdi. Konstitusiya qadınlara, dini və etnik azlıqlara hüquq zəmanəti verirdi. Orada ölüm hökmü ləğv edilmişdi.

Amma yeni Konstitusiya cəmi dörd gün mövcud oldu. Təsis Məclisi ali qanun layihəsini xalq şənliklərinin səs-küyündə yox, top atəşlərinin gurultusu altında qəbul etmişdi – Qızıl Ordu artıq Gürcüstan ərazisinə daxil olmuşdu. 1918-ci il fevralın 25-də Gürcüstan ilhaq edildi.

3. İlk beynəlxalq əlaqələr quruldu – uzun əsrlər boyu sürən uğursuz cəhdlərdən sonra Gürcüstan nəhayət, Avropanın Rusiyadan yan keçərək ölkəyə “gəlməsinə” nail oldu. İlk dəfə müstəqil Gürcüstana Böyük Britaniyanın gələcək baş naziri, Belçikanın qüvvədə olan ədliyyə naziri gəldi, Almaniya ölkənin müttəfiqi oldu.

4. Gürcüstan siyasətində qadınlar fəal rol oynamağa başladılar. Təsis Məclisindəki 130 deputatın sırasında 5 qadın vardı: Minadora Orcanekidze-Toroşelidze, Eleonora Ter-Parseqova-Maxviladze, Kristina Şaraşidze, Elisabed-Liza Nakaşidze-Bolkvadze, Anna Soloqaşvili. Bu beş qadının Gürcüstanın ilk Konstitusiyasını da imzalayanlar sırasındadır.

5. Ümumi məhkəmələr, Ali Məhkəmə strukturu, andlılar məhkəməsi sistemi yaradıldı.

6. Baza təhsili məcburi oldu – məktəb infrastrukturu yaradılmağa başladı.

7. Aqrar islahatlar keçirildi və bunun da nəticəsində torpaq fondunun böyük hissəsi dövlət mülkiyyətinə keçdi. Amma bütün vətəndaşlara minimal torpaq payı zəmanəti verilmişdi.

3

İlk üç müstəqil respublikanın süqutunun səbəbləri

Azərbaycandan xüsusi olaraq JAMnews üçün iki rəy:

Azərbaycan 1918 ildə” layihənin təsisçisi Toğrul Vəliyev:

“1917-ci ildən sonra xalqı iki məsələ maraqlandırırdı: iş və aqrar məsələ. Rusiya üçün isə Bakı nefti maraqlı idi.

Əgər respublika hökuməti aqrar islahat keçirsəydi, işçi qanunu qəbul etsəydi və nefti Rusiyaya ixrac etməyə razı olsaydı, Azərbaycan Demokratik Respublikası mövcudluğunu davam etdirə bilərdi.

Amma yenə də müəyyən dini yönü olan sosialist respublikası olardı.

Böyük Britaniya ilk respublikanın hökumətinə Rusiyaya neft satmağı qadağan edirdi. 1920-ci ildə 11-ci Qızıl Ordunun Bakıya daxil olmasına da elə məhz neft səbəb oldu. Azərbaycan nefti Rusiyaya ixrac etsəydi, şəhəri nəzarət altına almağa ehtiyac qalmayacaqdı.

İxrac 1920-ci ildə başladı, amma proses artıq işə düşmüşdü və artıq çox gec idi”.

Jurnalist, JAMnews-un şərhçisi Şahin Rzayev:

 “Biz dünyanı xırda hissələrə bölmək istəmirik” – bunu Birinci Dünya Müharibəsindən sonra qalib ölkələrin Avropanın taleyini həll etməyə toplaşdığı Paris Sülh Konfransında ABŞ prezidenti Azərbaycan nümayəndə heyəti ilə görüşündə bildirmişdi. Və əlavə etmişdi:

“Qafqaz respublikalarının müstəqilliklərinin tanınması məsələsinə “Rusiya məsələsi” həll olunandan sonra baxmaq olar”.

“Nəhəng ölkələr” hesab edirdilər ki, müstəqilliyə hazır olan xalqlar var – Polşa və Finlandiya kimi, bir də hələ hazır olmayanlar var – Azərbaycan və Gürcüstan kimi.

Beynəlxalq dəstəyə nail ola bilməyən kiçik Azərbaycan böyük Rusiya ilə üz-üzə qaldı. Qarşıdurmanın nəticəsi əvvəlcədən bəlli idi – o zaman Rusiyanın kim tərəfindən idarə olunmasından asılı olmayaraq.

Üstəlik “türk qardaşlar” da bolşevik Rusiyası ilə saziş bağladılar və Qafqazı nüfuz dairələrinə böldülər.

Türkiyə Brest sülh müqaviləsi hesabına onun payına düşən Batumu Rusiyaya qaytardı, Qarsı isə özündə saxladı. Azərbaycanın bu sazişdən qazandığı yeganə şey Naxçıvana “Azərbaycanın protektoratı altında” muxtariyyət verilməsi oldu.

Amma Qızıl Ordu növbə ilə Bakını, Tbilisini və Yerevanı işğal edəndə Türkiyə artıq müdaxilə etmədi”.

Ermənistanın Ən Yeni Tarixi Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, tarixçi Maykl A.Babayan:

“Ermənistan Respublikası ağır kamal-bolşevik zərbələri üzündən süquta uğradı, yəni fəal xarici təsir səbəbindən.

Kamalçı Türkiyənin və bolşeviklərin öz planları vardı və Ermənistana qarşı birlikdə hərəkət etmək haqda razılığa gəldilər. Hərbi əməliyyatlar bolşeviklər Ermənistan ərazisinə daxil olan kimi 1918-ci ilin noyabrında başladı. Buna qədər isə onlar artıq Zəngəzuru, Qarabağı və Naxçıvanı tutmuşdular.

Bu şəraitdə 1920-ci ildə başlayan Ermənistan-Türkiyə müharibəsi əlavə zərbə oldu. Ermənistanın iki istiqamətdə hərbi əməliyyatlar aparmağa gücü yox idi.

Əgər bədxah lənətə gəlmiş olmasaydı, müstəqil Ermənistan başqa kursla irəliləyəcəkdi. Respublika hökuməti bu hadisələrə qədər yaxın bir neçə il üçün qarşısına qoyduğu məsələləri müəyyən etmişdi, hansılar ki, yetəri qədər perspektivli idi və ölkənin stabil inkişafını təmin edə bilərdi”.

Alman hərbçiləri Tiflisi çəkir, təxminən 1918-ci il. Foto WikiCommon

Tarixçi, Gürcüstanın Sovet Keçmişinin Tədqiqi Laboratoriyasının əməkdaşı İrakli Xvadaqiani:
“Birinci Dünya Müharibəsi yalnız birinci Gürcüstan Respublikasının yaranmasını stimullaşdırmadı, həm də müəyyən dərəcədə onun süqutunun səbəbi oldu.
 
Birinci Dünya Müharibəsi bütün dünya düzənini dəyişdi. Beynəlxalq aləm müharibədən sonra özünə gəlməyə çalışırdı və Qafqaz onları çox da maraqlandırmırdı. Onlar Qafqazda və Gürcüstanda nüfuz dairəsi görmürdülər”.

More on JAMnews