Niyə abxazlar Türkiyədən tarixi vətənlərinə köçürlər, onları vətəndə necə qarşılayırlar və niyə çoxları geri dönməli olur? " />

Abxaziyada repatriasiya: miflər və reallıq

Niyə abxazlar Türkiyədən tarixi vətənlərinə köçürlər, onları vətəndə necə qarşılayırlar və niyə çoxları geri dönməli olur?

Abxaziyada mühacir nəsillərinin – 19-cu əsrdə Rusiya imperiyası Qafqazı fəth edəndən sonra vətənindən qovulan minlərlə abxaz, adıq, çərkəz ailəsinin repatriasiyası proqramı böyük  problemlərlə üzləşir.

Belə hesab olunur ki, dünyadakı bütün etnik abxazlarln 80 faizi tarixi vətənlərindən kənarda yaşayır.

Onların sayı konkret nə qədərdir – bunu dəqiq bilən yoxdur. Rəqəmlər 500mindən bir milyon nəfərə qədər dəyişir.

Bir neçə il əvvəl abxazların ümumdünya siyahıya alınmasını həyata keçirmək ideyası vardı. Bu təşəbbüslə 2015-ci ildə Abxaziyanın Almaniyadakı nümayəndəsi Xilba Amiçba çıxış etmişdi və respublika rəhbərliyi də onu dəstəkləmişdi. Amma ideyanın reallaşdırılması baş tutmadı.

Ən böyük abxaz diasporası Türkiyədə, Suriyada və İordaniyadadır. Əvvəlcə çar, daha sonra isə sovet Rusiyası zamanında onlara vətənə gəlmək qadağan edilmişdi. Amma son 25 ildə Abxaziya rəsmən repatriasiyanı xalqın xəyalı və milli ideya elan edib.

Əsr yarımdan sonra kim və niyə vətənə qayıdır, onları burada necə qarşılayırlar və yeni diasporanı gələcəkdə nə gözləyir?

Rusiya Qafqazı necə fəth edib?

Yaxın Şərqdə abxaz diasporası 19-cu əsrdə, Rusiya-Qafqaz meharibəsi nəticəsində yaşanan mühacirlik dövründə formalaşıb.

Tarixçilər Rusiya-Qafqaz müharibəsini 1817-1864-cü illərə aid edir. Bu, Rusiya imperiyasının Şimali Qafqazın dağlıq bölgələrinin birləşdirilməsi üzrə uzun və qanlı fəth əməliyyatı idi.

Qafqaz ordusunda fransız hərbi müşahidəçi Aleksandr Fonfil danışır (“Çərkəzlərin müstəqillik uğrunda müharibəsinin son ili, 1863-1864” kitabından):

“Rusların ardıcıl olaraq zəbt etdiyi bütün yerlərdən aul sakinləri qaçırdı və onların ac qrupları ölkədən müxtəlif istiqamətlərə gedirdilər, yolda yaralıları və ölənləri sıralarından seyrəldərək; bəzən köçkünlərin bütöv kütlələri donur və ya qar burulğanlarında sovrulurdular və biz çox vaxt gedərkən onların qanlı izlərini görürdük. Canavarlar və ayılar qarı eşib, altından insan cəsədlərini çıxarırdılar”.

Qafqaz müharibəsinin rəsmi tarixçisi Adolf Berje “Dağlıların Qafqazdan köçürülməsi” kitabında yazır:

“Biz sadəcə çərkəzlər tabe olmaq istəmir deyə başlatdığımız işdən geri çəkilə bilməzdik. Çərkəzlərin yarısını məhv etmək lazım idi ki, digər yarısı silahı yerə qoysun. Qraf Yevdokimovun təklif etdiyi rəqibin məhvv edilməsi ilə Qafqaz müharibəsinin birdəfəlik başa çatdıırılması planı siyasi anlamının dərinliyi və praktiki doğruluğu ilə möhtəşəmdir”.

Yerli əhalinin Türkiyəyə və Yaxın Şərq ölkələrinə qovulması “mühacirlik” adını alıb. Zorakılıqla köçürülmə nəticəsində həmçinin Abxaziya ərazisinin ¾ hissəsi boşalıb.

Bugünkü beynəlxalq abxaz diasporası həmin mühacirlərin nəvə-nəticələridir.

Repatriantlar gözləniləndən xeyli azdır

Hələ 1993-cü ilin martında – abxaz-gürcü müharibəsinin qızğın çağında Abxaziyada xarici abxaz diasporaları ilə əlaqələrin qurulması məqsədilə Repatriasiya üzrə Komitə yaradılıb. Abxaziyanın diaspora dəstəyinə ehtiyacı vardı.

Bundan beş il sonra – 1998-ci ildə Abxaziyada repatriasiya proqramının maliyyələşdirilməsi üçün büdcədənkənar fond yaradıldı.

Fondun büdcəsi Abxaziyada yaşayan bütün sakinlərin əməkhaqlarından tutulan iki faiz hesabına formalaşır. Gözlənilir ki, 2020-ci ildə fondun büdcəsinin 156 milyon 246 min rubl [təxminən 2,5 milyon dollar] təşkil edəcək.

Parçalanmış abxazların respublikada birləşməsində yalnız tarixi ədalətin bərpası yox, həm də azsaylı xalqın demoqrafik probleminin həlli yolunu görürlər.

Nəticədə bu, strukturun adına da təsir edib. Əvvəlcə komitə nazirliyə çevrildi, 2019-cu ilin noyabrında isə Demoqrafiya və Repatriasiya Nazirliyi adını aldı.

Eyni zamanda bu nazirliyə ünvanlı çox sayda sual var.

•Onlardan ən əsası: niyə repatriasiya üzrə dövlət proqramı elə də qəbul edilmədi və cəmiyyətə təqdim olunmadı?

•Digər vacib sual: niyə 25 il ərzində repatriant statusunu cəmi on min nəfərə yaxın insan alıb? Üstəlik onlardan yalnız yarısı Abxaziyada daimi yaşayır.

Köçmə səbəbi: vətən, mənzil, həbsdən qaçmaq imkanı

“Abxaziya repatriasiyasını İsrail və ya Yunanıstan repatriasiyası ilə müqayisə eləmək lazım deyil”,  – Ömər Aqrba bildirir.

Ömər ilk dəfə Abxaziyaya 1992-ci ildə, gürcü-abxaz müharibəsi zamanı gəlib, o, Türkiyədən gələn könüllülərin sırasında Abxaziya tərəfində döyüşüb.

Müharibədən sonra Suxumda qalıb.

“Bir zamanlar Abxaziyada çox olan yunanların demək olar ki, hamısı vətəninə getdi. Yunanıstan, elə həmin İsrail də yaxşı səhiyyəsi və çox güman ki sosial paketi olan daha firavan ölkədir. Odur ki, onlarda repatriasiyada da uğurla gedir.

Abxaziyanı firavan adlandırmaq çətindir. Bura indiyə qədər dağıntılar içindədir, insanlar normal səki, kəsilməyən işıq və su xəyalı ilə yaşayır. Buraya daha yaxşı həyat üçün yox, daha çox vətənpərvərlik hissi ilə gəlirlər, – o hesab edir.

Ömər deyir ki, Türkiyədə abxazlar arasında vətənə qayıtmaqla bağlı fəal təbliğat gedir.

Daimi yaşayış üçün gələn abxazlar və abazinlər üçün repatriant statusu beş müddətində davam edir. bütün bu müddət ərzində onlara maliyyə dəstəyi göstərilir, torpaq sahələri və ev verilir.

Çoxları üçün məhz bu həlledici faktor olur.

“Hər bir repatriantın öz hekayəsi var. Kiminsə həqiqətən də Türkiyədə itirəcək bir şeyi yooxdur – yaxşı maaşlı iş tapa bilmir, yüksək vergiləri ödəməyə imkanı yoxdur. Burada isə ya mənzil, ya torpaq veriləcəyini vəd edirlər. Odur ki, köçmək qərarı verir. Alınmasa, həmişə qayıtmaq mümkündür. Amma Türkiyədə əmlakını satıb, bütün ailəsi ilə buraya yerləşib, öz biznesini açmaq arzusu ilə gələnlər də olur. Belələrinə zəmanətlər, təhlükəsizlik lazımdır, onlar əmin olmaq istəyirlər ki, heç kim gəlib onların işini əlindən almağa çalışmayacaq, onları əliboş qoymayacaq. Abxaziyada isə belə zəmanəti heç kim verə bilməz”, – Ömər deyir.

Abxaziyada repatriantlar arasında ədalət mühakiməsindən qaçan kiçik qrup insanlar da var. Onların arasında Türkiyədə qətlə görə mühakimə olunmuş və həbsdən qaçmış insanllar da mövcuddur. Qeyri-rəsmi məlumata görə, Abxaziyada belələrinin sayı on beş nəfər civarındadır.

Türkiyə və Balkan ölkələrinə gedib çıxan ailələrin aqibəti daha sonra necə olub?

Ömərin ulu babası 1864-cü ildə, Rusiya-Qafqaz müharibəsi Rusiyanın qələbəsi ilə sona çatandan sonra Türkiyəyə gedib.

Əvvəlcə Abxaziyadan köçən digər həmvətənləri kimi Ömərin ana tərəfdən əcdadları da əvvəlcə Balkanlarda, o zaman Osmanlı imperiyasının tərkibinə daxil olan müasir Bolqarıstan ərazisində yerləşiblər. Balkan müharibəsi başlayandan, yarımada Türkiyədən ayrılandan sonra isə köçkünlər ikinci dəfə hərbi əməliyyatlardan qaçmaq məcburiyyətində qalırlar.

“Müharibə, yoxsulluq, aclıq – 20-ci əsrin əvvəllərində ailəmin başına gələn yeganə fəlakətlər deyildi. Köçkünləri epidemiya izləyirdi. Eyni ildə babamla nənəm dörd oğlanlarını itirmişdilər. Bir neçə il keçəndən, onlar Anadolunun şimal-şərqində yerləşəndən sonra onların daha dörd uşağı dünyaya gəlib. Mənim anam da onların içində olub”, Ömər danışır.

1993-cü ildən 2018-ci ilə qədər Abxaziyaya beş min nəfərdən çox repatriant gəlib, onların təxminən yarısı burada daimi yaşamaq üçün qalıb

Onun sözlərinə görə, valideynləri həmişə Abxaziya haqda xəyalların məkanı kimi bəhs edir və nə zamansa oranı görməyi arzulayırmışlar. Amma övladlarının 1990-cı illərdə Abxaziyaya müharibəyə gəlməsi qərarına böyük qorxu ilə yanaşıblar.

“Məni sadəcə dilə tutmurdular, pasportumu oğurlayıb, gizlətmişdilər. Valideynlərin anlayanda ki, fikrimdən dönən deyiləm, o zaman qaytardılar sənədlərimi. Müharibədən sonra Abxaziyada qalıb yaşayacağımı isə dərhal anladılar və qəbul etdilər.

İndi internet var, biz doğmalarımızla həmişə əlaqə saxlayırıq. Əvvəl isə Suxumdan Adapazarına (Türkiyənin şimal-şərqi) zəng vurmaq üçün əvvəlcə Soçi, sonra Moskva, Moskvadan İstanbulla, oradan da Adapazı ilə əlaqə yaratmaq lazım olurdu. Üstəlik mütləq kimsə evdə olmalı idi ki, dəstəyi götürən olsun”, – Ömər danışır.

Eyni zamanda o deyir ki, Türkiyədən Abxaziyaya gediş-gəliş 1990-cı illərdə indikindən daha asan idi. O zaman bu, dəniz yolu ilə mümkün idi. İndi artıq mümkün deyil. Soçidən uçmaq həm bahadır, həm də Türkiyə vətəndaşları üçün Rusiya vizası almaq məcburiyyətində görə çətindir.

Ğmərin sözlərinə görə, ən ucuz variant Batumidən Gürcüstan vasitəsilə maşınla gəlməkdir. Amma o zaman da hər dəfə Abxaziya XİN-dən Abxaziyaya giriş icazəsi almaq lazımdır.

Abxaziyada mənzil: satmaq, dəyişmək, hətta kirayə vermək olmaz

Repatriasiya fondunun büdcəsinin əsas hissəsi hər il repatriantlar üçün evlərin tikilməsi və alınmasına sərf olunur.

2019-cu ildə 48 repatriant ailəsinə yeni mənzillərin açarları verilib. 96 repatriant ailəsi üçün evlərin inşası gedir.

2018-ci il repatriasiya statistikası üzrə rekord ili olub: 543 nəfər abxaz Suriya, Türkiyə, İordaniya, Rusiya, Misir, ABŞ, Hollandiya, Livan və hər birindən bir nəfər olmaqla Estoniya, Gürcüstan və İsraildən Abxaziyaya köçüb.

Hələ mənzil gözləyənlər üçün nazirlik mənzil kirayəsi xərcini ödəyir.

Bu güzəştlər mütəmadi olaraq repatriantlar və yerli sakinlər arasında ziddiyyətlər yaradır, çünki Abxaziyada mənzil məsələsi çox kəskin problem olaraq qalır. Çoxları gənc və çoxuşaqlı ailələrə belə dəstəyin göstərilməməsindən qəzəblənir, halbuki mənzil yardımı demoqrafik problemin həllinə kömək ola bilərdi.

Eyni zamanda repatriantlara təqdim olunan mənzillər faktiki olaraq onlara məxsus deyil. Bu mənzilləri satmaq, dəyişmək və ya icarəyə vermək mümkün deyil. Repatriantlar bu mənzillərdə həmin şərtlərin yer aldığı müqavilə əsasında yaşayır. Ailə yalnız on il və daha artıq müddət yaşayandan sonra evi və ya mənzili ala bilər.

Repatriantların ən çox hissəsi Qulrıpş rayonunda, Qaqra rayonunun Bzıb qəsəbəsində, Oçamçırda və Suxumda yaşayır.

Amma yaşayış yeri təqdim olunandan sonra da Abxaziyanı tərk edənlər az deyil.

İş, dil, əməhaqqı – köçkünlər üçün Abxaziyada niyə çətindir? 

Repatriant Mert Kucba hesab edir ki, bu, ilk növbədə boşa çıxan ümidlərlə və tarixi vətənin həddən artıq idealizə olunması ilə bağlıdır.

34 yaşlı Mert üç il əvvəl yaşamaq üçün Türkiyədən Abxaziyaya köçüb. Bu müddət ərzində o, daimi iş tapa bilməyib, odur ki, həyat yoldaşı və qızını burada gətirməkdən hələlik çəkinir.

“Həyat yoldaşım ibtidai məktəbdə müəllimə işləyir. Burada o, ixtisası üzrə iş tapmayacaq, çünki nə abxaz, nə də rus dilini bilmir”, – o danışıb.

Özü isə ixtisasca santexnikdir, sakinlərin sifarişləri ilə, zaman-zaman inşaatlarda tapdığı müvəqqəti işlərlə dolanır.

Çox vaxt belə olur – Abxaziyada repatriantlar inşaatda, fabriklərdə və ticarət sahəsində çalışırlar.

“Abxaziyada hətta repatriantlar üçün evləri də koreyalılar tikir. Səbəbini anlamıram – hətta repatriantların özlərinin də arasında inşaatçılar, elektriklər və santexniklər az deyil. Mən və Türkiyədən Abxaziyaya gələn bir qrup hətta dolanışıq üçün Rusiyaya getməyi də düşünürdük. Hələlik bu fikirdən vaz keçmişik. İndən belə isə bilmirəm, ya iş sahəsini dəyişməliyəm, ya da Türkiyəyə qayıdacam”, o, öz planları ilə bölüşür.

Mert etiraf edir ki, buraya gələnə qədər heç bir təsəvvürü olmayan tarixi vətənə qayıtması tam bir avantüra olub.

“İlk qarşılaşdığın maneə dildir. Abxaziyada abxaz dilini bilmək kifayət eləmir. Rus dilini bilmədən burada mümkün deyil. İndiyə qədər bu dili öyrənirəm, hər şeyi anlamıram və məni də həmişə anlamırlar”, – Mert deyir.

Eyni zamanda o əmindir ki, burada qalmaq istəyənlər üçün həmişə səbəb də, imkan da tapılar.

“Mən türkdilli mühitdə böyümüşəm, amma heç vaxt özümü türk mədəniyyətinin bir hissəsi kimi hiss etməmişəm. Biz abxaz rəqslərini, öz xalqımızın, öz ölkəmizin tarixini öyrənirdik. Türkiyədə bizim abxaz icmamız var idi, biz bir-birimizlə sıx əlaqə saxlayırdıq. Mən nəhayət, vətənə gəldiyim, özümünkülərin arasında olduğum üçün xoşbəxt idim. Burada çətinliklər var, amma çıxış yolu da tapmaq mümkündür”, – Mert əmindir.

Mertin ailəsi Türkiyədə, abxaz diasporasının kompakt məskunlaşdığı Sakarya vilayətində yaşayır. Türkiyədəki bir çox abxaz ailələr öz dillərini və ənənələrini qoruyub saxlaya biliblər, baxmayaraq ki, Türkiyə qanunlarına əsasən, onlar tarixi soyadlarını türk soyadları ilə əvəz ediblər.

Mert deyir ki, onun ailəsində həmişə Abxaziya haqda əlçatmaz xəyalların məkanı kimi danışıblar, nə zamansa buranı görməyi arzulayıblar:

“Biz bilirik ki, bizim ulu babamız Türkiyəyə Suxum limanından gəmi ilə yollanıb. Qafqazda məhz harada yaşadığı haqda bizdə məlumat yoxdur. Şəxsi əşyalarından da heç nə qalmayıb. Hərçənd babam danışırdı ki, evdə ulu babamın özü ilə gətirdiyi at üçün örtük varmış. Amma çox güman ki, bu örtük mən doğulmadan əvvəl it-bata düşüb”, – Mert danışır.

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews, və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews