Bu bütpərəst bayramına qarşı həssas yanaşma bütün abxazları, onların dini əqidələrindən asılı olmayaraq, birləşdirir" />

Abxaziyada mətbəx bayramı

Bu bütpərəst bayramına qarşı həssas yanaşma bütün abxazları, onların dini əqidələrindən asılı olmayaraq, birləşdirir

14 yanvar abxaz təqvimində rəsmi istirahət günüdür. Bayramın özü isə başqa ölkələrdəki kimi Köhnə yeni il deyil, Ajırnıxua, yəni Dəmirçixana Bayramıdır.


Mənim nəslimdə həm xristianlar, həm müsəlmanlar, həm də ateistlə var, amma bu bizim hamımıza Ajırnıxuanı özümüzün dədə-baba ocağımızda qeyd etməyə heç də mane olmur.

Hər il yanvarın 13-də (bu il də istisna olmadı) səhərdən bütün ailə üzvlərimi maşına yığaraq, mən Xuap kəndinə yollanıram. Orada, dağların ətəyində atamın anadan olduğu, indi isə əmim oğlu Aslanın yaşadığı ev yerləşir. Mən adətən yola çıxanda çox tez hazırlaşıram və bir ayda olaraq dədə-baba yurduna hamıdan birinci gəlib çıxıram. Tezliklə, hardasa bir saat ərzində o biriləri də gələcək, biz bir az yol yorğunluğumuzu alıb, bayrama hazırlaşmağa başlayacağıq.

Təəssüf ki, bu dəfə hava sarıdan bəxtimiz gətirmədi. Səhərdən yağış yağmağa başladı, amma adətən bu gün Xuapedə qar olur. Bu dəfə isə Abxaziyada qar Yeni il gecəsi yağdı və təəssüf ki, köhnə yeni ilə qədər qalmadı. Xülasə, hazırlıq işinin əsas hissəsini biz yağışın altında eləməli olduq.

Ajırnıxuanın vahid standart qeyd edilməsi qaydası yoxdur. Hər ailənin öz ənənələri var. Yəni bir qayda olaraq, onlar bir məsələylə bağlı olurlar, dədə-baba yurdunda Ayiranın (müqəddəs dəmirçixananın) olub-olmaması məsələsi ilə. Mənim ailəmdə belə bir dəmirçixana var və buna müvafiq olaraq, bayram mərasimi necə deyərlər, tam qaydalara uyğun olaraq keçirilir.

Bu gün biz mütləq öküz qurban gətiririk, həm də ailədə qadınların sayı qədər xoruz kəsirik. Kişilər ət və böyük qazanda mamalıqanı hazırlamaqla məşğul olan zaman qadınlar pendir və qozlu piroq qızardır, qızlar isə ev də və həyətdə təmizlik işləri görür və süfrə açırlar.

Kimim nəylə məşğul olmalı olduğunu deməyə heç bir ehtiyac olmur – onsuz da hər kəs öz vəzifələrini yaxşı bilir. Elə mən də bilirəm. Ətin kəsilməsi və mamalıqanın bişirilməsi məsələsində məndən heç bir xeyir gəlmədiyinə görə (bu işin öz peşəkarları var), mən bütün enerjimi şamların hazırlanmasına yönəldirəm. Mənə böyük mum parçasından Ajira üçün böyük şam və ailədə hər bir qadın və ya qız üçün daha kiçik ölçülü on beş şam hazırlamaq üçün bir neçə saat kifayət edir. Bir də az qala yadımdan çıxmışdı, şamlardan əlavə mən qoz ağacının budağından mil yonub hazırlamalıyam. Demək lazımdır ki, bu çox vacib detaldır, bu haqda bir qədər sonra danışacam.

Bütün hazırlıq işləri geridə qalandan və kəndə alaqaranlıq çökəndən sonra bayramın əsas proseduru başlayır – ailənin kişilərinin Ajiraya səfəri. O bağda yerləşir. Kişilərdən başqa, ibadətgahda istisna kimi qızlar da iştirak edir. Evin yiyəsi olan Aslan artıq iki ildir ki, ailəmizin kahinidir. Məhz o, Tanrıya nəslimizə himayədarlıq üçün müraciət etmək səlahiyyətinə malikdir. Bundan əlavə, Aslan ailəmiz, xalqımız və bütün dünya sakinləri üçün sülh və əmin-amanlıq istəyəcək, əvəzində isə o ailə kahini kimi bütün nəslin yerinə düzgün, vicdanla yaşamağı vəd edəcək.

Sol əlində Aslan mənim öz əllərimlə düzəltdiyim qoz ağacından olan mil tutacaq, bura mərasimlə müəyyən edilmiş qayda üzrə bir neçə piroq, qurban gətirilən öküzün ürəyi və qara ciyəri düzüləcək, sağ əlində isə çaxır qədəhi olacaq. Əsas sağlıq-müraciət deyiləndən sonra, Aslan qədəhdən dadaraq, onu başqasına ötürəcək. Bu gecə dəmirçixananın damı altında yığışan hər kəs bu stəkandan kiçik bir qurtum alacaq və bu qurtumun ölçüsü elə olmalıdır ki, ən balacaya – əmim oğlu Qarrinin nəvəsi, beş yaşlı Danata da çatsın.

Sonrakı sağlıqlar artıq adi qayda üzrə keçir, bu zaman haqqında sağlıq deyilən kəs qədəhi axıra qədər içir. Vətənin, xalqın, böyüklərin, uşaqların sağlığına içirlər. Dəmirçixananın damının altında keçirilən tədbir bir saatda çox sürmür. Adətən, Ajiradan çıxarkən, tüfəngdən göyə atəş açılır, son zamanlar isə fişəng atırlar. Amma bu dəfə bayramın bu detallarından keçməli olduq. Həmin gün kənddə yerli sakinin dəfn mərasimi oldu, buna görə də biz səs effektlərindən imtina etmək qərarına gəldik.

Evə qayıdandan sonra ibadətin mərasim hissəsi bitmir, o evin böyük çardağının altında davam edəcək, burada Aslan Ajirada deyilənləri ailəmizin qadınları üçün təkrar etməli olacaq.

Onların hamısı öz qızları ilə birlikdə əllərində yanan şamlarla kəsilməmiş toyuq və piroqların ritual dəsti qoyulmuş süfrənin arxasında dayanacaqlar. Hər bir fərdi sağlıqdan sonra bu şamlar növbə ilə evin divarına yapışdırılacaq və burada da axıra qədər yanacaqlar. Və məhz bundan sonra da əsl qonaqlıq başlayır. Bizim ailədə patriarxal adətlər hələ də qalır, buna görə də kişilər və qadınlar ayrı-ayrılıqda bayram edəcəklər, kişilər bir zalda oturacaq, qadınlar ayrı. Amma bizdə hələ heç kim bu qaydalardan şikayətçi olmayıb. Xülasə, bu dəfəki qonaqlıq uzun və şən keçdi.

Səhər qonşulara baş çəkib, onların bayramlarını təbrik edəndən və onları da öz evimizdə qəbul edəndən sonra biz yenə də ənənə üzrə xatirə fotosu çəkdirdik. Hə, az qala yadımdan çıxmışdı, məni fotoda axtarmayın, mən düyməni basırdım.


More on JAMnews