Bu yazıda pravoslav kilsəsinin ancaq qeydiyyata alınmış miqyası təsvir edilib " />

Patriarxiyanın kapitalı. Gürcüstanın ən nüfuzlu institutunun əmlakı

Bu yazıda pravoslav kilsəsinin ancaq qeydiyyata alınmış miqyası təsvir edilib

 

ფოტო: patriarchate.ge

Gürcüstanın Patriarxiyası əhalinin 83 faizinin etibarını qazanıb və ölkənin ən nüfuzlu və ən varlı dini qurumu sayılır. Həm də ən qapalı institutu. Son 25 il ərzində kilsə ölkənin siyasi və iqtisadi həyatında fəal iştirak edir… 1990-ci illərin əvvəllərindən, Gürcüstan müstəqilliyini elan edəndən sonra kilsə tez bir zamanda özünün nəinki nüfuzunu, həm də bu institutun XIX, XX əsrlərdə sahib olduğu böyük var-dövlətini qaytardı.

“İndiqo” jurnalı “Açıq cəmiyyət fondu – Gürcüstan”ın dəstəyilə il ərzində Patriarxiyanın qeydiyyata alınmış əmlakını araşdırıb. “Patriarxiya”nın kapitalı layihəsində ictimai reyestrdən tapılan 5 min sənəd toplanıb və təhlil edilib. Bu, ən geniş miqyaslı tədqiqatlardan biridir. Onun nəticələrini tam şəkildə burada görmək olar.

“İndiqo” tərəfindən aşkar olunan yüzlərlə sənədlərdən öyrənilən ən əsas məsələ: 

—  Gürcüstan pravoslav kilsəsinin kapitalı Sovet İttifaqı dağılan gündən dayanmadan artır.

—  Bu gün Patriarxiya ümumi sahəsi 62,7 kvadrat kilometr olan torpağa sahibdir ki, bu da təxminən Batumi şəhərinin sahəsinə bərabərdir.

– Patriarxiya torpaq sahəsinin 96 faizini dövlət və özəl şəxslərdən havayı şəkildə şəxsi mülkiyyətə və müvəqqəti istifadəyə alıb.

—   2002-ci ildən başlayaraq bu günə qədər Patriarxiya mərkəzi və yerli büdcələrdən 285 milyon laridən çox alıb.

—  Gürcüstan kilsəsinə 47 Sinod üzvü rəhbərlik edir, bunlardan 41 nəfəri Patriarxiyanın biznes fəaliyyətində iştirak edir. Sinod üzvlərinin əksəriyyəti zəngin var-dövlətə sahibdir.

– Patriarxiyanın 40 biznes şirkəti, 4 başqa şirkətdə və 105 qeyri-hökumət təşkilatında payı var.

—  Patriarxiya biznesi və onun QHT-lərinin əsas istiqaməti təhsil sahəsidir. Halbuki neft məmulatlarının ixracı və alkoqol istehsalı ilə bağlı olan şirkətlər də var.

Qanunvericilik

Dövlətlə pravoslav kilsəsi arasındakı münasibətlər parlament tərəfindən 22 oktyabr 2002-ci il tarixində təsdiq olunan konstitusiya müqaviləsi ilə tənzimlənir.

Bu sənəd Gürcüstanda Konstitusiyadan sonra ən dəyərli hüquqi aktdır. Bu müqavilə hüquq məsələsində pravoslav kilsəsini dövlətlə bərabərləşdirir və digər dini icmalarla müqayisə olunmaz imtiyazlar verir.

Bu sənəd Gürcüstanın Venesiya Komissiyası tərəfindən dəfələrlə tənqid olunmasına səbəb olub. Venesiya Komissiyasının rəyində qeyd olunur ki, dövlətlə kilsə arasında bağlanan müqaviləyə konstitusion statusun verilməsi sekulyar dövlətin bütün prinsiplərinə ziddir.

Bununla da bitmir. Parlament nəinki bu sənədi ləğv edə, hətta bura ən xırda dəyişikliklər belə daxil edə bilməz. Qanuna əsasən, hətta deputatların ümumi sayından beşdə üçü dəyişikliklər etmək istəsə belə, bu onların səlahiyyəti daxilində olmayacaq, çünki ən xırda dəyişiklik üçün belə kilsənin razılığı lazımdır. Gürcüstan Konstitusiyasını bu müqaviləni dəyişməkdən daha asandır.

1995-ci ildən Gürcüstan Konstitusiyası 33 dəfə dəyişib, indi də onun radikal dəyişdirilməsi prosesi gedir.

Konstitusiya müqaviləsi pravoslav kilsəsinə hansı imtiyazları verir?

Çox böyük. Misal üçün, kilsə vergidən azad edilib. Konstitusiya müqaviləsinə əsasən, “kilsə tərəfindən istehsal olunan məhsul, onun daşınması, həm də mülkiyyəti və qeyri-iqtisadi məqsədlərlə istifadə olunan torpağı vergidən azad edilib”. Bu, gəlir vergisi, əlavə dəyər və əmlak vergisini nəzərdə tutur.

Kilsə dövlətin təhsil sahəsində eksklüziv tərəfdaşıdır. Misal üçün, dövlət kilsənin təhsil müəssisələrinin fəaliyyətinə kömək etməyə borcludur. Sənəddə həm də qeyd olunur ki, məktəbdə dini fənnin öyrənilməsi könüllüdür, amma tədris proqramının təşkili, orada dəyişikliklərin edilməsi, pedaqoqun təyinatı və onun işdən azad edilməsi kilsənin iştirakılə baş tutur.

Daha bir vacib imtiyaz – pravoslav kilsəsinin başçısı toxunulmaz bir şəxsdir. Yəni İkinci İliyanın Patriarx olduğu müddətdə onu məsuliyyətə cəlb etmək və ya həbs etmək mümkün deyil. Gürcüstan Konstitusiyasına görə, bu hüquqa daha bir şəxs malikdir – ölkə prezidenti.

Müqavilədə həm də qeyd olunur ki, dövlət monastırları, ibadətxanaları, onların qalıqlarını, onların yerləşdiyi torpaq sahələrini kilsənin mülkiyyəti olaraq qəbul edir. “Onların yerləşdiyi torpaq payları” kimi dumanlı tərif kilsəyə müxtəlif interpretasiyalar imkanı verir. Misal üçün, Patriarxiya tez-tez dövlətdən ətrafında kilsənin yerləşdiyi otlaqlar, çəmənlər, əkin sahələri və meşələri alır, halbuki kilsənin özü bir neçə yüz kvadrat metr tutur.

Heç bir başqa konfessiyanın belə bir imtiyazı yoxdur.

Niyə kilsə dövlət əmlakını ələ keçirir?

Hökumət və Patriarxiya nümayəndələri rəsmi bəyanatlarında izah edirlər ki, kilsəyə verilən büdcə vəsaiti və torpaqlar kilsənin XIX və XX əsrlərdə əvvəlcə Rusiya İmperiyası, sonra da Sovet İttifaqından aldığı zərərin ödənilməsidir. Məhz bu əmlak Sovet İttifaqı dağılandan və Gürcüstan müstəqillik qazanandan sonra 27 il ərzində kilsəyə qaytarılır.

Dövlətin tək sovet deyil, həm də Rusiya çarlığı dövründə verdiyi itkilərə görə məsuliyyəti öz üzərinə götürməsi və bu itkiləri qaytarması faktı dumanlı şübhələr oyadır. Qafqaz arxeoqrafiya komissiyasının məlumatına görə, 1860-cı ilə qədər pravoslav kilsə ən iri feodal təşkilat olub və böyük əmlak və ərazilərə – monastırlara, qiymətli daş-qaşlara, 700 000 hektar torpağa sahib olub.

Söhbət konkret hansı ziyanın ödənilməsindən gedir?

Bunu heç kim bilmir. 2002-ci ildə qəbul edilən konstitusiya müqaviləsinə əsasən, ziyanın dəqiq həcmini müəyyən edən xüsusi komissiya yaradılmalıydı. Bu komissiya bir neçə iclasda toplaşdı, amma ziyanın həcmini elə də müəyyən edə bilmədi. Yəni bu günə qədər də hökumətin nəyin əsasında hər il kilsəyə vəsait ayırdığı, nə qədər ayırmalı olduğu və bu prosesin daha nə qədər davam edəcəyi məlum deyil.

Sovet hakimiyyəti tərəfindən milliləşdirilən bütün dini tikililəri Patriarxiya hələ 1990-cı ildə qaytarıb.

2002-ci ildə müqavilə bağlanandan sonra Patriarxiyanın adına 6270 hektar torpaq keçirilib, dövlət büdcəsindən isə o, ən azı 285 milyon lari alıb.

Torpaqlar kilsəyə hansı sxem üzrə satılır?

Torpaqların kilsənin adına keçirilməsinə hələ “Milli hərəkat”ın hakimiyyəti dövründə başlanılıb.

Daşınmaz əmlakın kilsənin adına keçirilməsi aşağıdakı qaydada həyata keçirilir: prezident əmr verir; sonra İqtisadiyyat və İnkişaf Nazirliyi satınalma haqda müqavilə hazırlayır; Patriarxiyanın nümayəndəsi əmlakı simvolik qiymətə, 1 lari və ya 1 dollara alır. Bu, “Milli hərəkat”ın hakimiyyəti dövründə sınaqdan keçən sxem hakimiyyətə “Gürcü arzusu” gələndən sonra da işləyir.

Torpaqların böyük hissəsi Patriarxiyaya ya havayı, ya da müvəqqəti istifadə üçün verilib. Bununla yanaşı, bu “müvəqqəti istifadə”nin müddəti adətən dəqiqləşdirilmir.

Hədiyyələr: ütü taxtası və ya doğum evi

Bununla da bitmir. Açıq sənədlərdən görünür ki, dövlət torpaq və puldan başqa kilsəyə başqa hədiyyələr də bağışlayır. Hədiyyələrin siyahısı eklektikdir. Onların arasında ütü taxtası da, avtomobillər və hətta xəstəxanalar da var.

Doğum evi və Patriarxiyanın Tbilisidə hələ Eduard Şevardnadzenin hakimiyyəti dövründə hədiyyə aldığı kardioloji xəstəxana; Mixail Saakaşvili hakimiyyətindən – 10 min kərpic, akustik sistem, 80 kilo latun; “Gürcü arzusu”ndan – 32 papaq, kompas, kəmər, ayaqqabı, 1 seyf, alümin qazan, 2 avtobus, tuf daşından 10 min blok və s.

Hər il 25 milyon

Pravoslav kilsəsinin çəkdiyi ziyanın dəqiq müəyyən edilmədiyinə baxmayaraq, dövlət hər il Patriarxiyaya büdcədən on milyonlarla lari ayırır. Konstitusiya müqaviləsi bağlanan gündən bu məbləğ 285 milyon lari təşkil edib.

Patriarxiya öz bəyanatlarında vurğulayır ki, dövlətdən aldığı 25 milyon kilsəyə Rusiya İmperiyası və sovet hakimiyyətindən dəyən zərərin kompensasiyasıdır, kilsə də bu pulu sosial fəaliyyətin və təhsil sahəsində maliyyələşdirmə üçün istifadə edir.

Kilsənin bu pulu konkret olaraq necə istifadə etməsi barədə açıq informasiya yoxdur. Dövlət kilsənin alınan pulu hansı məqsədlər üçün xərclədiyinə nəzarət etmir. Dövlət audit xidməti öz nizamnaməsinə görə, Patriarxiyanın maliyyə fəaliyyətini yoxlamaq hüququna malik deyil.

Tədqiqatda aydın görünür ki, kilsə ən səxavətli maliyyələşməni və böyük torpaq paylarını məhz ölkədə ağır siyasi və sosial vəziyyət yaranan dövrdə alır. Ekspertlər qeyd edir ki, bununla da hakimiyyət çox güman ki, ən nüfuzlu institutun loyal münasibətini qazanmağa çalışır.

Patriarxiyanın biznesi

“İndiqo”nun əldə etdiyi sənədlərdən aydın olur ki, 1997-ci ildən bu günə qədər Patriarxiya 40 şirkət yaradıb, 4 başqa şirkətdə pay alıb və 105 qeyri-kommersiya, qeyri-istehsal, yəni qeyri-hökumət təşkilatı qeydiyyatdan keçirib.

“İndiqo” maraqlı bir tendensiya aşkar edib – kilsənin əsas biznes maraqları təhsil sahəsilə bağlıdır. Təhsil Patriarxiyanın açıq-aşkar prioritetidir. 44 şirkətdən 22-si məhz təhsil sahəsində fəaliyyət göstərir; 105 qeyri-kommersiya şirkətinin əksəriyyəti universitet və ya kilsə məktəbləridir. Bu alternativ təhsil sisteminin əsas məqsədi gənclərin xristian dəyərlərinə uyğun tərbiyə edilməsidir.

Patriarxiyanın maraqları arasında ikinci yeri kənd təsərrüfatı tutur, sonra tikinti, səhiyyə, media gəlir.

Açıq sənədlərdən aydın olur ki, Patriarxiyaya məxsus şirkətlərdən biri neft məmulatlarının ixracı və onların realizəsi ilə məşğuldur, daha biri alkoqol içkilər istehsal edir. Patriarxiya “Baqrat” reqbi klubuna sahibdir.

Bu şirkətlərdən büdcəyə nə qədər pulun daxil olduğu məlum deyil. Onlar vergi ödəyirmi? Neft məmulatları və alkoqol kilsənin siyahısına daxildirlərsə, konstitusiya müqaviləsinə əsasən, onlar vergidən azaddırlar.

Bu şirkətlərin maliyyə vəziyyəti, onların büdcəyə köçürmələri barədə məlumat açıq deyil. Dövlət xidmətləri elə qeyd olunan müqaviləyə əsasən, bu şirkətlərin fəaliyyətini yoxlamırlar və onların fəaliyyətində maliyyə pozuntularının aşkar olunub-olunmaması da məlum deyil.

Sinodun ən varlı üzvləri

Açıq sənədlərdən aydın olur ki, Müqəddəs Sinodun 47 üzvünün əksəriyyəti kifayət qədər imkanlı insanlardır. Çoxu böyük torpaq sahələrinə, başqa daşınmaz əmlaka sahibdirlər, onlardan 41 nəfəri Patriarxiyanın biznes fəaliyyətinə cəlb olunub.

Sinodun sədri, bütün Gürcüstanın Katolikos patriarxı İkinci İliya açıq reyestrin məlumatlarına görə, daşınmaz əmlaka sahib deyil. Yeganə mülkünü – Msxetadakı torpaq sahəsini patriarx 2008-ci ildə özünün qardaşı oğlu, Batumi və Laza mitropoliti Dimitriyə bağışlayıb. Patriarxdan başqa reyestrə görə, Sinodun yalnız 5 üzvünün heç bir əmlakı yoxdur.


More on JAMnews