Xaricdə yaşayan azərbaycanlı fəallara Azərbaycan mediasında təzyiq
Azərbaycan mediasında jurnalist Sevinc Osmanqızı, rok musiqiçisi Camal Əli və keçmiş səfir Arif Məmmədovun ermуənilərlə əlbir olub Azərbaycana qarşı çıxmaları ilə bağlı yazılar dərc olunur.
Belçikada ermənilər tərəfindən döyülmüş azərbaycanlılara dəstək toplantısında saxlanılan azərbaycanlı miqrantları polisə Berlində yaşayan rokçu Camal Əlinin şikayət etdiyi bildirilir. Dəqiq fakt göstərilməsə də, bəzi media orqanlarında yayılan məlumata görə, azərbaycanlıların saxlanma səbəbi məhz Camal Əli olub. Deyilənə görə, Camal Əli polisə zəng edərək, azərbaycanlıların ora terror məqsədilə yığışdığını bildirib.
Qeyd edək ki, Camal Əli “Meydan TV”nin əməkdaşı olub.
- Şərh. Ermənistan və Azərbaycan arasında iyul müharibəsi: əslində nə baş verib və nəticələr nədən ibarətdir?
- Bayraqlar, şüarlar və meyvələr: xaricdə erməli-azərbaycanlı münaqişəsinə nə səbəb olur?
Keçmiş səfir Arif Məmmədovun isə Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirdiyi yazılıb. Onun haqqında yazıda bildirilir ki, guya bir sıra ölkələrdə azərbaycanlılarla ermənilər arasındakı münaqişənin səbəbkarı Azərbaycan hökumətidir və bununla hazırkı rəhbərlik daxili problemlərdən fikirləri yayındırmağa çalışır. Azərbaycan mediası Arif Məmmədovun ermənilərlə əlbir olduğunu yazıb.
Jurnalist Sevinc Osmanqızı barədə Azərbaycan mediasında “düşmən dəyirmanına su tökür” kimi ifadələr yayılıb. Sevinc Osmanqızının Amerikada “sivil qarşıdurmanı pozan Azərbaycan tərəfidir” deməsi erməniləri dəstəkləməsi kimi şərh edilib.. “Bu qarşıdurma Azərbaycanın milli maraqlarının müdafiəsi deyil” deyən Osmanqızı barədə dövlətin əleyhinə çıxış etdiyi yazılır.
Arif Məmmədov kimdir?
2004-2006-cı illərdə Azərbaycanın Belçika, Niderland və Lüksemburqdakı səfiri olub. 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev onun “fövqəladə və səlahiyyətli səfir” diplomatik rütbəsindən məhrum edilməsi barədə sərəncam verib. Arif Məmmədov hazırda Brüsseldə yaşayır.
Camal Əli kimdir?
Azərbaycanlı rok musiqiçisi Camal Əli tənqidçi mahnılarına görə Azərbaycanda repressiyaya məruz qaldığı üçün uzun müddətdir ki, Almaniyada yaşayır. O deyir ki, Azərbaycanda həbs olunmamaq üçün Bakını tərk edib.
Sevinc Osmanqızı kimdir?
Jurnalist Sevinc Osmanqızı da hazırda Amerikada yaşayır, o, Azərbaycanda işlədiyi müddətdə AzTV və ANS telekanalları ilə əməkdaşlıq edib. Hazırda özünün yaratdığı onlayn televiziyanın rəhbəridir.