Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
Martın 11-də axşam Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 koronavirusunun qlobal pandemiyası haqda elan edib.
İndiyə qədər virusun dünyaya sürətlə yayılması rəsmən epidemiya adlandırılırdı.
COVID-19 dünyaya cəmi üç ay əvvəl məlum olub, amma martın 11-ə qədər bütün dünyada 121 min nəfərdən çox insan bu virusa yoluxub.
“Son iki həftə ərzində Çin hüdudlarından kənarda yoluxma halları 13 dəfə çoxalıb, əhatə olunan ölkələr isə üçqat artıb”, – ÜST-ün baş direktoru həkim Tedros Adxanom Qebreyesus martıpn 11-də Cenevrədə təşkilatın qərargahında keçirilən mətbuat konfransında deyib.
O, vəziyyətin iki xüsusiyyətini qeyd edib:
“Biz daha əvvəl heç vaxt koronavirusun doğurduğu pandemiya görməmişik. Və biz daha əvvəl heç vaxt nəzarət altında saxlanılması mümkün olan pandemiya görməmişik”.
ÜST rəhbəri deyib ki, bir neçə ölkə epidemiyanı nəzarətdə saxlaya bildiyini nümayiş etdirib.
Amma eyni zamanda virusun yayılmasının qarşısını almaq üçün kifayət qədər sürətli və ya kifayət qədər radikal addımlar ata bilməyən bir çox dünya liderlərinin ünvanına kifayət qədər sərt fikir səsləndirib.
ÜST rəhbəri bildirib ki, təşkilat “ucadan və aydın şəkildə hamıya həyəcan siqnalı haqda bildirir”:
“Növbəti günlərdə və həftələrdə biz xəstəlik hallarının, ölümlərin və əhatə olunan ölkələrin artacağını gözləyirik”.
Amma bununla belə o vurğulayıb ki, “şübhəsiz bütün ölkələr hələ də bu pandemiyanın gedişatını dəyişə bilər”.
•Koronavirus epidemiyası – təşviş alverçilərinin ulduz saatı
•Koronavirus: Qucaqlaşmaq olmaz, artıq dirsəklə və çəkməylə salamlaşırlar
Pandemiya, partlayış və epidemiya arasında fərq nədir?
Beynəlxaq epidemiologiyada adətən üç termindən istifadə olunur: xəstəliyin partlayışı, epidemiya və pandemiya.
Beynəlxalq mütəxəssislər bildirirlər ki, bu üş ssenari arasında fərq ilk növbədə xəstəliyin yayılma miqyasından ibarətdir.
Texas Universitetinin epidemiologiya kafedrasının rəhbəri həkim Rebekka Fişer CNN-ə müsahibəsində detalları belə şərh edib:
Xəstəliyin partlayışı
Çox da böyük olmayan miqyası əhatə edir, amma qeyri-adi yayılma forması olur və yoluxma hallarının gözlənilən sayı ilə müqayisədə müəyyən çoxalma müşahidə edilir.
Epidemiya
Epidemiya daha böyük ərazini əhatə edir. 2019-cu ilin dekabrında Çinin Uhan əyalətinin hüdudlarından kənarda virus peyda olduğu zaman bir çox epidemioloqlar artıq epidemiyanın başlanması haqda danışırdılar. Səbəb kimi viirusun qarşısını almaq üçün görülən tədbirlərin yetərli olmadığı və ya gecikmiş olduğu deyilirdi.
Bununla belə mütəxəssislər bildirirlər ki, hadisələrin bu cür inkişafı gözlənilməz deyildi, çünki ən başından nə müalicə, nə vaksin hələ əldə olunmamışdı.
Pandemiya
Epidemiya dünyanın bir neçə ölkəsində və ya regionunda yayılanda və xəstəlik artıq lokal yayılırsa, yoluxma halı virusu başqa ölkədən “gətirənlərdə” yox, yerli sakinlərdə qeyd olunursa – bu, artıq pandemiya hesab edilir.
Bu o deməkdir ki, virusun yayılması prosesi nəzarətdən çıxıb.
Pandemiya elan olunduğu zaman hökumətlər və əhali nə etməlidir?
İndiyə qədər bütün dünyada hökumətlərə, müəssisə və təşkilatlara yardım göstərilməsi üzrə təklif olunurdu ki, prevensiya, virusun yayılmasının qarşısının alınması üzərində fokuslansınlar.
COVID-19 virusunun rəsmən pandemiya elan olunması əsas fokusu dəyişməyi və nəticələrin öhdəsindən gəlməyə çalışmağı tövsiyə edir – ilk növbədə çox sayda xəstələrin öhdəsindən gəlmək lazımdır.
Hakimiyyətlər artıq xəstəxanalarda çox sayda yeni yerlər hazırlamalı və ya yeni klinikalar açmalıdır, həmçinin lazımi tibbi preparatların ehtiyatını tədarük etməlidir.
Əhaliyə gəlincə, mütəxəssislər vurğulayırlar ki, pandemiyanın rəsmən elan olunması qorxu yaratmamalı və ya tibbi maskalar toplamağa vadar etməməlidir.
Bu o demək deyil ki, virus daha yoluxucu və ya daha ölümcül olub.
İndiyə qədər verilən tövsiyələr olduğu kimi qalır, ilk növbədə: tez-tez və yaxşıca əlləri yumaq; insanların çox olduğu yerlərdən uzaq durmaq; mümkün yoluxma yerlərində olduğunuz zaman gözləri, burunu və ağızı qorumaq. Tövsiyələr haqda daha ətraflı bu qısa videoda:
•Koronavirusdan necə qorunmalı və təhlükə nədən ibarətdir? Sualların cavabları iki dəqiqəlik videoda
Amma pandemiya elan olunması tarixi hadisədir və ciddi iqtisadi, siyasi və sosial fəsadları olacaq.
Koronavirus pandemiyasının martın 11-ə olan statistikası:
• 2019-cu ilin dekabrında mərkəzi Çində ilk yoluxma halları qeyd olunandan bu günə qədər dünyada 121,564 nəfər koronavirusa yoluxub
• onlardan 4,373 nəfər ölüb.
• 66,239 nəfər isə saöalıb.
QAFQAZ
•Azərbaycanda 14 nəfər xəstələnib, onlardan üçün artıq sağalaraq xəstəxanadan evə buraxılıb.
•Ermənistanda 4 nəfər yoluxub.
•Gürcüstanda xəstələnənlərin sayı 23 nəfərdir.
•Koronavirusun dünyada yayılması statistikasını buradan izləmək olar.
Keçmiş pandemiyalar
Əsrlər boyu pandemiya bəşər tarixinin bir hissəsi olub. Ən qədim pandemiyalardan biri 1580-ci illərə aiddir.
O zamandan bəri Beynəlxalq Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) məlumatına əsasən, 19-cu əsrdə azı dörd, 20-ci əsrdə isə üç qrip pandemiyası yaşanıb.
1918-ci il
CDC-in məlumatına əsasən, ən yeni tarixdə ən ciddi pandemiya 1918-ci ildə yaşanan qrip pandemiyası olub, bunu həm də “ispan qripi” adlandırırıar. O zaman 500 milyon nəfərə yaxın insan, yəni planet əhalisinin üçdə biri bu virusa yoluxmuşdu. “İspan qripindən” bütün dünyada 50 milyona yaxın insan tələf olub.
1957-ci il
Daha sonra 1957-ci ildə Şərqi Asiyada yeni A H2N2 qrip virusu peyda oldu və pandemiya doğurdu. Onu “quş qripi” aldlandırmışdılar, çünki o zaman qədər quşlar üçün xarakterik olan virusun genlərindən ibarət idi. Beynəlxalq Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə bu virus dünyada 1,1 milyon insanın həyatına son qoyub.
1968-ci il
1968-ci ildə Çində meydana gələn A H3N2 qrip virusunun doğurduğu pandemiya elan olunmuşdu. CDC-nin məlumatına əsasən, bu virus A quş qripi virusunun iki genindən ibarət idi. O zaman bütün dünyada milyon nəfərə yaxın insan ölmüşdü.
Virus H3N2 bu gün də dünyada dörv edir, amma artıq mövsüm qripi kimi.
2009-cu il
2009-cu ilin yazında yeni A H1N1 qrip virusu peyda oldu. Əvvəlcə virus Birləşmiş Ştatlarda aşkarlandı, daha sonra isə bütün dünyaya yayıldı. CDC-nin məlumatına əsasən, virus “əvvəllər heyvanlarda və ya insanlarda rast gəlinməyən qrip genlərinin unikal kombinasiyasından” ibarət idi. Virusun donuz mənşəli olduğu aşkarlanmışdı və pandemiya “donuz qripi” adını almışdı.
CDC-nin dəyərləndirməsinə əsasən, həmin pandemiya zamanı dünyada 152 min nəfərdən 576 min nəfərə qədər insan ölüb, onlardan 80 faizi 65 yaşından kiçik olub. Bu virus da dünyada dövr edir, amma artıq mövsüm qripi kimi.