Gürcüstan Konstitusiyasının banisi olan beş qadın
Gürcüstanın doqquzuncu çağırış parlamentinin 150 deputatı arasında cəmi iyirmi üç qadın var.
Bəziləri artıq deputat olub, digərləri isə ilk dəfə xalqın adından qərarlar qəbul edəcəklər.
Gürcü qadın parlamentarilərinin tarixi 1918-ci ildə başlayıb. Məhz onda birinci Gürcüstan Respublikasının parlamenti və müstəqilliklə birlikdə qadın parlamentarilər də meydana çıxdı.
1918-ci il Cənubi Qafqaz üçün dönüş ili oldu. Məhz onda Gürcüstan, Azərbaycan və Ermənistan Tbilisidəki çar canişinin sarayında iki günlük intervalla dövlətlərinin müstəqilliyini elan etdilər və konstitusiya imzaladılar. Gürcüstan Konstitusiyasını kişilərlə birlikdə beş qadın imzaladı. Burada biz Gürcüstan tarixini dəyişən bu cəsarətli və müvəffəqiyyətli qadınların tarixçəsini danışacağıq. Bu beş qadının tarixçəsində təkcə Gürcüstanın deyil, bütün Qafqazın tarixi əks olunur.
Minadora Orconikidze-Toroşelidze
“… Mübahisələrdə heç kimə güzəştə getmirdim, amma yığıncaqdan sonra küçəyə çıxanda çox şeyi unudur və rəqibə qarşı düşmən münasibəti saxlamamağa çalışırdım. Etiraf etməliyəm ki, bu, həyatda nə şəxsən mənə, nə də ümumi işə xeyir gətirmirdi, – Minadora Toroşelidze, Gürcüstan Təsis Yığıncağının üzvü, “menşevik, sosial xadim.
Minadora Toroşelidze imeretiyalı idi, Cenevrədə təhsil alıb. Burada o, tibb elmi ilə yanaşı marksizmi də öyrənirdi. Bir qədər sonra Cenevrədə “bolşevik Malakiya Toroşelidze ilə ailə qurur və “menşevist fəaliyyətinə qoşulur. Minadora və daha dörd qadın 1918-ci ildə Gürcüstan Konstitusiyasını imzalayır. Gürcüstan sovetləşəndən sonra o, qeyri-leqal olaraq müxtəlif təşkilatlarda işləyir. Onu anti-sovet fəaliyyətinə görə bir neçə dəfə həbs və sürgün ediblər. Əri və uşaqları güllələnib.
Eleonora Ter-Parseqova-Maxviladze
“O, şəhər və real məktəblərin şagirdlərini yığıb, imperator İkinci Nikolayın ünvanına bir qədər dəyişdirilmiş mətnlə “Marselyezanı oxumağı öyrədirdi. O, gənclərə üsyankarlıq və itaətsizlik ideyası aşılayırdı. Maxviladze bulvarda böyük sayda insan kütləsi qarşısında çıxış edir və onları “ölüm ayağında olan hakimiyyətə ayağa durmaq imkanı verməmək üçün güc və birliyini səfərbər etməyə çağırırdı. Yelena Maxviladze tez-tez əlində qırmızı bayrağı tutaraq xalq yürüşlərinin önündə gedirdi”, – Eleonora Ter-Parseqova-Maxviladze, birinci parlamentin deputatı, müəllim.
Eleonora Ter-Parseqova-Maxviladze Tbilisidə anadan olub. Sonradan əri ilə birlikdə Suxumiyə köçür. O, menşevist hökumətinin üzvü olub və 1918-ci ildə Gürcüstan Konstitusiyasını imzalayıb.
Kristine Şaraşidze
“Gürcüstanda sovet hakimiyyətinin kök salması barədə onu deyə bilərəm ki, bu hakimiyyət xaricdən Rusiyanın real gücü olan Qırmızı ordusu vasitəsiylə gətirilib, gürcülərdən ibarət hökumət isə uydurmadan başqa bir şey deyil, Gürcüstanda hakimiyyət xaricilərin əlindədir…”, – Kristine Şaraşidze, “menşevik, müəllim, jurnalist, ictimai xadim.
Kristine Şaraşidze 1919-cu ildə Təsis Yığıncağının, həm də Savadsızlığın aradan qaldırılması üzrə Gürcü cəmiyyətinin üzvü olub. Jurnalist və pedaqoq kimi işləyib. Anti-sovet hərəkatı ilə bağlı olub. Onu dəfələrlə həbs ediblər. Ailə üzvləri güllələnib.
Ozurqetidə, Baxvi kəndində gələcəyin daha bir “menşeviki, birinci qadın parlamentarilərdən biri olan Kristine və ya Çito Şaraşidze dünyaya gəlir.
Elisabet, Liza Nakaşidze-Bolkvadze
“… Özümü irəli sürülən ittihamlar üzrə günahkar hiss etmirəm; inkar etmirəm ki, sürgündə öz yoldaşlarımla – sürgündə olan menşeviklərlə yaxşı münasibət saxlamışam, inkar etmirəm ki, dostlarımla məktublaşmışam, inkar etmirəm ki, həmişə maddi ehtiyacı olan sürgün dostlarıma kömək etmişəm, amma qəti şəkildə inkar edirəm ki, sürgündə olduğum müddətdə hansısa qeyri-leqal menşevik fəaliyyəti ilə məşğul olmuşam; bütün əlaqələrim və dost köməyim şəxsi xarakter daşıyıb və bunun partiya fəaliyyətimə heç bir dəxli olmayıb…”, – Liza Bolkvadze, “menşevik, Təsis Yığıncağının üzvü.
Ana Soloqaşvili
Müəllim və “menşevik olan Ana Soloqaşvili anti-sovet fəaliyyətinə görə sürgün edilib. Sürgünə qədər o çox vacib işlər görə bilib, misal üçün, 1918-ci ildə Gürcüstanın Müstəqillik Konstitusiyasının altında imzasını qoyub.
Ana Soloqaşvili – 1882-ci ildə Ana-Ola Soloqavşili anadan olur. Gürcüstan tarixində ilk dəfə deputat olan beş qadından biridir.
Partiya işçisi – 1903-cü ildən Ana Soloqaşvili Sosial-Demokrat Partiyasına üzv idi. Bir qədər sonra partiya parçalanandan sonra “menşeviklərə qoşulur.
Birinci Konstitusiya – 1918-ci ildə Ana Gürcüstan Konstitusiyasını imzalayır, 1919-cu ildə isə onu Təsis Yığıncağının üzvü seçirlər.
Anti-sovet fəaliyyəti – 1921-ci ildən, yəni Gürcüstanın sovetləşməsi günündən o digər “menşeviklərlə birlikdə anti-sovet fəaliyyətində iştirak edib. 1925-ci ildən Ana müəllim işləyib.
Həbs – 1937-ci ildə Ana Soloqaşvilini “NKVD həbs edir. “Üçlük ona qarşı güllələnmə hökmü çıxarır. Soloqaşvili anti-sovet və anti-kolxoz təbliğatında, “şovinist meyllərin tətbiqində, eyni zamanda da “menşeviklərin lideri Ramişvili ilə əlaqədə ittiham olunub.