Azərbaycanda və Ermənistanda müharibə əhvalı niyə yüksəlib
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov JAMnews-a müsahibəsində xaricdə yaşayan ermənilərin Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinə köçürülməsindən sonra xalqların sülhə hazırlanmasının perspektivi barədə fikirlərini bölüşüb.
“Paşinyan publikaya işləyən addımlar atır”
– Livanda baş vermiş məlum partlayışdan sonra bir qrup erməni Şuşaya köçürüldü. Bununla bağlı videofaktlar var. Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan Cıdır düzündə asma körpünün açılışını etdi. Bu iki hadisəni şərh etmənizi istərdik.
– İşğal olunmuş ərazilərə başqa regionlardan gələn ermənilərin köçürülməsi Azərbaycan üçün yeni xəbər deyil. 2006-cı ildə ATƏT-in Minsk qrupunun həmsədrlərinin belə bir faktaraşdırıcı missiyası vardı və Azərbaycan hökuməti əlində olan açıq məlumatları təqdim edərək təklif eləmişdi ki, bu missiya Azərbaycanın işğal olunmuş bölgələrində ermənilərin yerləşdirilməsini araşdırsın, bununla bağlı hesabat hazırlansın.
Proses gedən zaman bəlli oldu ki, Azərbaycanın Laçın və Kəlbəcər bölgəsində yerləşdirmə faktı daha çoxdur.
Sonra bu missiyanın fəaliyyəti ermənilər tərəfdən blok olundu, davam etdirilməsinə icazə vermədilər. Yerləşdirmə müntəzəm olaraq baş verib. Hətta Azərbaycandan qaçqın düşən ermənilərin də yerləşdirilməsinə davam ediblər.
Münaqişədə beynəlxalq qanunvericilik işləyirsə, onun şərtləri münaqişədə üstünlük təşkil edirsə, bu, 12 avqust 1949-cü ildə qəbul olunmuş Cenevrə Konvensiyasıın 3-cü bəndinə ziddir. Həmin hadisələr hər dəfə baş verdikcə bunu haradasa mübahisələndirmək üçün Azərbaycan tərəfinin əlində faktlar var idi. Zaman keçdikcə hər şey o həddə çatdı ki, biz Suriyadan, Livandan ermənilərin köçürülməsi xəbərlərini eşidirik.
Bir-iki videonu çıxmaq şərtilə, bu xəbər hələ ki, sözdədir. Həmin videoların mahiyyəti, təyinatı bizdə bəzən şübhə doğurmalıdır. Bu videolar niyə yayılır? Erməni tərəfi onlara qarşı olacaq hər hansı bir təzyiqin müqabilində bu cür videolarla özünü şantaj edir. Bu məsələ dəqiq araşdırılmalıdır. Ara-sıra belə faktlar olur. Əsas odur ki, hökumətin əlində dəqiq məlumat olsun. Dəqiq məlumatı da əldə etmək üçün beynəlxalq araşdırmaçılar, vacib deyil ki, ATƏT çərçivəsində olsun, bu işlərlər məşğul olan institutlar, eksperlər, vəkillər var ki, onları cəlb etməklə faktları sənədlərlə əldə etmək və sənədlərlə müraciət etmək olar.
Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sanballı addım ata bilmir, amma publikaya işləyən, ruhlandıran addımlar atır. Körpü məsələsinin münaqişənin həllində az əhəmiyyəti var.
1978-ci ildə Şuşada kurort sənayesinin inkişafı ilə bağlı Azərbaycan hökumətinin planları var idi. Bunlardan biri Cıdır düzündən Topxanaya kanat yolun açılması idi. O vaxt Şuşa sanatoriyası inkişaf etmişdi.
Paşinyan münaqişənin danışıqlar yolu ilə həllinə maraqlı olmadığına görə belə populist addımlar atır. Mahiyyəti kənarda qoyurlar. Bu addımlarla həm Azərbaycanı, həm beynəlxalq ictimaiyyəti, həm də Ermənistan cəmiyyətininin özünü belə, necə ki, bu müharibədən yorulub, danışıqlardan, sülhün əldə olunmasından, regionun stabilliyə doğru irəliləməsindən yayındırmaq çox asandır. Bunu da Paşinyan çox yaxşı bacarır.
“Azərbaycanın bölgəyə nəzarət imkanı yoxdur”
– Köçürmə faktı ilk deyil. Beynəlxalq Böhran Qrupunun bununla bağlı hesabatı da var. Bütün bunlardan sonra kim sərtlik nümayiş etdirməldir: beynəlxalq təşkilatlar, yoxsa Azərbaycan dövləti?
– Azərbaycanın həmin bölgədə nəzarət aparmaq imkanı yoxdur. Azərbaycan hökuməti peyk vasitəsilə sənədləri, faktları toplayıb hesabat halında özü yaya bilərdi. İkinci tərəfdən hökumət faktaraşdırıcı missiya xahiş edə bilərdi, bəlli oldu ki, Ermənistan tərəfi bu missiyaya imkan vermək istəmir. Üçüncü yol da budur ki, Azərbaycan tərəfi beynəlxalq araşdırma qurumuna sifariş edə bilərdi ki, həmin o qrup da Azərbaycan hökumətinin sputnikdə onlara təqdim etdiyi bölgələrdə tikilərn yeni qəsəbələrdə yaşayan insanların kimliyini araşdırsın.
Bu yollar qanunsuz deyil, çünki Azərbaycan özünün işğal olunmuş ərazilərindəki vəziyyəti araşdırmaq istəyir.
“Xalqların sülhə hazırlanması uzunmüddətli perspektivdir”
– Azərbaycanda hələ də “xalqların sülhə hazırlanması”na inanırlarmı? İyul eskalasiyasını da unutmayaq.
– Xalqların sülhə hazırlanması uzunmüddətli perspektivdir. 10 il bundan öncə bu məşhur idi, indi deyil, amma bu, o demək deyil ki, 5 ildən sonra yenidən məşhur olmayacaq.
İnsanın təzyiqi qalxdıqca onun ağlından fərqli-fərqli şeylər keçir. İndi hər iki tərəfdə cəmiyyətin təzyiqi qalxıb. Müharibə haqqında fikirləşirlər.
Vaxt gələcək ki, müharibənin bəzi prinsipləri bizim üçün aydın olacaq, ermənilər də başa düşəcək ki, müharibə regionda daimi stabilliyə zərər gətirir, o zaman ətraflı fikirləşəcəklər. Bunun da yeganə resepti xalqları sülhlə barışdırmaqdan ibarətdir. Hər iki tərəf müharibə ilə bağlı istədiklərini alandan sonra, yeganə yol o qalacaq ki, tərəflər gələcəyi fikirləşsinlər.
Material müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun şəxsinə aiddir və JAMnews- un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.