Azərbaycan hepatitlə mübarizədə uduzur " />

Utandıran xəstəlik

Azərbaycan hepatitlə mübarizədə uduzur 

Hepatit Azərbaycanda hələ də utandıran xəstəlik sayılır. Və onun haqqında əksər vaxtlarda təsadüfən xəbər tuturlar.

Hepatit adətən simptomsuz keçir və insanlar xəstəliyə yoluxduqlarını biləndə artıq iş işdən keçmiş olur. Rəsmi məlumata görə, Azərbaycanda 2900 insan hepatit xəstəsidir. Amma bu, klinikalardan mərkəzləşdirilmiş şəkildə alınan statistikadır və əsasən xroniki xəstələrin və ya kəskin hepatitdən əziyyət çəkənlərin sayını əks etdirir. Ölkədə bütün yoluxanların dəqiq sayını müəyyən etmək mümkün deyil.

Hepatit haqqında məqalə üçün qəhrəman tapmaq elə də asan olmadı. Vaxtaşırı tanışlarım “inboxuma gizlicə yazırdılar: “Hepatit xəstəsi olan tanışım var, amma özün bilirsən də, danışmayacaq.

Eldar. Hepatit C

Eldarla yolkənarındakı kafedə görüşürük – burada həm tələsik bir stəkan isti çayla qızışmaq, həm də adi “ev yeməyi yemək olar. Qarşısında araq şüşəsi və şirə var. Əllərini əsəbi halda kələ-kötür süfrənin üstündə oynadır. Asta-asta, sözləri seçərək danışır.

“Səkkiz il əvvəl pilləkəndən düşüb, qolumu sındırdım. Travmatologiyaya getdim. Analiz götürüləndə məndə hepatit C üzə çıxdı. Dərhal yoldaşım və övladlarım da yoxlandılar. Təmiz çıxdılar. İndi düşünürəm ki, o vaxt xəbər tutdum, amma nə vaxtdan bəri xəstələndiyim məlum deyil.

Elə həmin travmatologiya xəstəxanasında həkim müalicə dedi: “Mənə preparatlar sırımağa başladı, dedi ki, Türkiyədən gətirilməlidir, hərəsinin qiyməti altı mindir, amma heç bir zəmanət vermir. Dedim – fikirləşərəm. Amma qara ciyərim normal işləyirdi. Düzdür, əvvəlcə qorxuya düşdüm, pəhrizə oturdum, acı, qızartma yeməklərdən, spirtli içkilərdən imtina etdim. Poliklinikadakı tibb bacısı deyirdi: “Niyə narahat olursan axı, qorxma, heç nə olmamış kimi yaşa.

Bir neçə ildən sonra Eldarın vəziyyəti ağırlaşıb – qarın boşluğuna maye yığılmağa başlayıb. “Anam hiss etdi bunu, dedi ki, qarnım şişir. Əvvəlcə zarafata salırdım, deyirdim – ana, qocalıram, qarın buraxıram.

ÜSM-nin nəticələrini görən həkim Eldara deyib ki, qara ciyərini xilas etmək olar.

Amma ciddi müalicə ala bilməyib: “İçkini atmaq lazımdır, mənsə bacarmıram. Poliklinikadan çıxıb, əlüstü mağazaya girib, bir şüşə araq alıram.  

Bu yaxınlarda Eldar tanışlarının məsləhət gördüyü iranlı diş həkiminin yanına gedib. “Bir dəfə getdim, ikinci dəfə isə o məndən soruşdu: “Niyə mənə demədin ki, hepatitin var? Demə, onların pasientləri yoxlamaq üçün öz alətləri var. Bu, məni çox incitdi. Ona dedim: “Əvvəlcədən xəbər almalıydın məndən xəstə olub-olmadığımı. O isə cavab verdi: “Yox, sən özün məni xəbərdar etməliydin. “Nədir, hər addımbaşı bu haqda qışqırmalıyam? Bəlkə hələ qoluma Davud ulduzu da taxım? – deyə acıqlandım.

Aytən. Hepatit B

Biz danışdığımız müddətdə Aytən uşağını yedizdirir – telefon dəstəyindən uşağın səsi gəlir. Müsahibəyə rahatca razılıq verir, öz xəstəliyini sirr kimi gizlətmir. “Hepatitə on bir yaşım olanda tutulmuşam, – Aytən danışır. – Bunun necə baş verdiyini heç cür anlaya bilmirəm. Əməliyyat olunmamışam, diş həkiminə getməmişəm. Ola bilsin, nə vaxtsa həyətdə zədələnmişəm, ya da buna oxşar nəsə.

Xəstəliyinin olduğunu təsadüfən öyrənir: “Əvvəlcə ümumi zəiflik, adi zəhərlənmədə olduğu kimi, ürək bulanması vardı, sonra anam fikir verdi ki, gözlərimin ağı saralıb. Dərhal həkimə müraciət etdik, analiz aldılar. Qara ciyərim böyümüşdü, iki həftə xəstəxanada qalmağı məsləhət gördülər.

Aytən üçün xəstəlik utanılacaq bir şey deyil: “Fikirləşirdim ki, hepatit olanda nə olar ki, adi xəstəliklərdən biridir, qrip, ya da ona bənzər bir şey kimi. Ərafımda da bu xəstəliyə tutulan adamlar vardı.

Bununla belə, indiki dostları, ərinin ailəsi də bu xəstəliyindən xəbərsizdirlər. “Ərim də əslində uşaq istəyəndə və bütün analizləri verəndə bildi, – o deyir. Aytənin sözlərinə görə, həyatı tam adi, istənilən başqa sağlam adamın həyatından heç nə ilə fərqlənmir: “Yeganə istisna odur ki, qan donoru ola bilmərəm. Vaxtaşırı hər ehtimala qarşı analiz verir.  

Sevda. Hepatit C

Sevda xəstəliyini təsadüfən bilib. “Elə oldu ki, uzun müddət uşağa qala bilmirdim. Ərimlə müvafiq komitəyə müraciət etdik. Prosedura əsasən, orada çoxsaylı yoxlamalardan əlavə, həm də bir yığın analiz vermək lazımdır. Onda da məndə hepatit C aşkar olundu. Bu, mənim üçün böyük şok idi, hepatit haqqında ümumiyyətlə heç nə bilmirdim.

“Heç kim heç nə izah etmək istəmirdi, ancaq qorxudurdular. Sənədləri qəbul edən Səhiyyə Nazirliyinin işçisi isə dedi: “Balam, uşaq məsələsini unut, get müalicə olun, ya da cavan gedəcəksən. Qadını əmin etdilər ki, sağalmaz bir xəstəliyə tutulub.

Sevda məşhur həkim-hematoloqa müraciət edir. Diaqnozun onun sahəsinə o qədər də aid olmamasına baxmayaraq, həkim analiz və ÜSM-ə təyinat verir.

“Ümumi məbləğ, indiki kimi yadımdadır, 360 manat (230 dollara yaxın) təşkil etdi. Amma həmişə ÜSM etdirmək üçün müraciət  etdiyim həkim təəccüblənərək dedi ki, ÜSM-də qara ciyərin vəziyyətini müəyyən etmək üçün onu hepatit tam dağıtmalıdır. Sevda qalan analizlərin də o qədər də lazımlı olmayacağını düşündü.

Nəhayət Sevda qəzetdə təsadüfən oxuduğu məqalədə hepatoloq həkim tapır. “Bütün analizlərimə baxıb dedi: “Sən xəstə deyilsən. Bu da sənin yeyə bildiyin ərzaqların siyahısı. Ciddi pəhriz saxlamalısan ki, virus fəallaşmasın. O biri tərəfdən də nazirliyin işçiləri mənə deyirdilər: “O hamıya elə deyir, sən müalicə olunmalısan, bu çox ciddidir. Çaşqınlıq içində idim.

Sevda deyir ki, insanların hepatit haqqında məlumatı azdır və səhiyyə işçiləri çox vaxt bundan istifadə edir. “Əminəm ki, vicdanlı həkimlər də var, amma sistem elə şəkildə işləyir ki, insanları qorxudub, lazımsız analiz və dərmanlara daha çox pul xərcləməyə məcbur etsinlər.

 

Terapevt-hepatoloq Zaur Orucov

“Hepatit Azərbaycanda utandıran xəstəlik sayılır, çünki əvvəllər bu xəstəlikdən daha çox narkomanlar əziyyət çəkirdi. Birdəfəlik şprislər vəziyyəti dəyişdi. Amma insanlar yenə də xəstəliyini gizlədir, daha çox yoluxma yolları haqda yanlış təsəvvürün olduğuna görə.

Azərbaycanda fəaliyyət göstərən dövlət proqramına əsasən, bütün yeni doğulmuş körpələri doğum evlərində hepatit B-dən peyvənd edirlər, amma valideynləri peyvənd etməyə məcbur etmirlər, uşaqlara təkrar vaksinasiya keçirmirlər.

Hepatit C-dən kökündən müalicə olunmaq olar. Güclü əks-təsiri olmayan, əvvəlki kimi bir il deyil, 3 ay sürən və 3000 manata (1720 dollara) başa gələn müalicə üsulları da mövcuddur.

Xəstəlik haqqında məlumatlandırma ilə bağlı ciddi problem var. Hepatit xəstələri özlərini xəstə deyil, “daşıyıcı adlandırır, bu ifadədən əksər həkimlər də istifadə edir. Hepatit C xəstəliyində “daşıyıcı mərhələsi mövcud deyil. Hepatit B zamanı çox vaxt “daşıyıcı diaqnozu müvafiq analiz aparılmadan, düzgün qoyulmur.

Bu problemlə “Facebook şəbəkəsində həkimlərin təşəbbüsü ilə yaradılan “Medprosvet qrupu mübarizə aparmağa çalışır. Burada pulsuz məsləhət almaq olar, vaxtaşırı olaraq endirimlə və ya pulsuz müayinə üçün aksiyalar keçirilir.  

Azərbaycanda tibbi xidmət baha olduğundan səhhətin profilaktik müayinəsi (chek-up) yayılmayıb, buna görə də insanlar daha çox hepatit  haqqında təhlükəli ağır mərhələlərdə xəbər tuturlar.

Eyni zamanda da çoxlarının hepatiti müalicə etməyə imkanı yoxdur. Hepatit üzrə dövlət proqramı köhnəlmiş, effektivliyi 15-20% olan interferon preparatları və Ribovirindən istifadə edir. Müasir preparatlarla müalicə dərmanların qeydiyyatının olmamasına dirənir, pasientlərin özləri onları xaricdə axtarmalı olurlar. 

Azərbaycan hepatoloqlar assosiasiyasının sədri Gülnarə Ağayeva:

2010-2011-ci illərdə Bakı və səkkiz rayonda skrininq testləri əhalinin  6-8%-nin C və B hepatitinə yoluxduğunu aşkar etdi ki, bu da əslində yuxarı göstəricidir. Bu, əsasən, narkotik trafikinin fəal olduğu rayonlardır – Rusiya ilə sərhəd, cənub rayonları – Masallı, Lənkəran. İri şəhərlər olan Gəncə və Mingəçevirdə də göstəricilər yüksəkdir. Amma orta yoluxma səviyyəsi 4%-dir.

Hepatitin səciyyəvi cəhəti ondadır ki, qara ciyər ən son mərhələyə, iş işdən keçənə qədər özünü rahat aparır. Bu günkü həyat ritmində tez yorulma, yeməkdən sonra mədədə ağırlıq kimi simptomlara az adam fikir verir. Buna görə də cinsindən və yaşından asılı olmayaraq, bütün insanlara hər il hepatitdən yoxlanmaq məsləhət görülür. Avtomobilin texniki baxışdan keçirildiyi kimi.


More on JAMnews