Ermənistanda hesab edirlər ki, Sumqayıt hadisələri Dağlıq Qarabağ əhalisinin dinc mitinqlərinə cavab idi " />

Sumqayıt 30 il sonra: Ermənistanda faciə qurbanları yad edilib

Ermənistanda hesab edirlər ki, Sumqayıt hadisələri Dağlıq Qarabağ əhalisinin dinc mitinqlərinə cavab idi

30 il əvvəl fevralın 27-də Bakıdan 30 km məsafədə yerləşən Sumqayıt şəhərində erməni əhaliyə qarşı hücumlar baş verib, əmlakları məhv edilib və qarət olunub.

Ermənistanda hər ilin bu günü zorakılıq qurbanlarını xatırlayaraq baş verənlərə obyektiv qiymət verilməsi üçün dünya ictimaiyyətinə müraciət edirlər.

1988-ci il fevralın 27-də başlayan və üç gün davam edən talan zamanı çox sayda adam öldürülüb və yaralanıb.

Sovet hüquq-mühafizə orqanları erməniləri müdafiə etmirdi. SSRİ silahlı qüvvələri Sumqayıta ancaq fevralın 28-də gəlib çıxıb, amma talanlar yalnız səhəri gün sona çatıb.

Ermənistanda hesab edirlər ki, talanlar Dağlıq Qarabağda öz müqəddəratını təyin etməklə bağlı konstitusiya hüququnun həyata keçirilməsi üçün təşkil olunan dinc nümayişlərə cavab idi.

Erməni tarixçilərinin və hüquqşünaslarının fikrincə, Sumqayıt ilk dəfə xalqlar dostluğu ölkəsində sadəcə milli mənsubiyyətinə görə adam öldürülə bildiyini göstərdi.

Sumqayıt hadisələrindən 30 il sonra hələ də beynəlmiləlçi şəhərdə dəqiq neçə erməninin qətlə yetirildiyi bəlli deyil. Xəstəxanalarda doğmalarını axtaranlar Sumqayıt və Bakı meyitxanalarında yüzlərlə erməni meyitinin olduğuna şahidlik edib.

“Hüquq xərc-mərcliyinə qarşı” ictimai təşkilatının icraçı direktoru Larisa Alaverdyan hesab edir ki, Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılıb və həyata keçirilib.

“Nəhayət, bu barbarlıqları cavablamağın vacibliyini dərk etmək lazımdır. Hələ bir əsr əvvəl Osmanlı Türkiyəsində başlayan erməni genosidini xəritədə yaranan Azərbaycan Respublikası davam etdirdi. 1915-ci il hadisələri Sumqayıtda təkrarlandı – eyni ruhda”, – Larisa Alaverdyan vurğulayıb.

Onun sözlərinə görə, zorakılıq SSRİ rəhbərliyinin susqun razılığı ilə mümkün olub.

“Baş verənləri yenidən qiymətləndirmək zamanıdır. Biz ardıcıl genosid siyasəti ilə üz-üzəyik, genosid qurbanları da müvafiq münasibətə layiq olmalıdır. Genosidi yaşamış insanlar, qurbanlar xüsusi status almalıdır”, – o vurğulayıb.

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib ki, 30 il əvvəl Qarabağ xalqının öz müqəddəratını təyin etməklə bağlı dinc tələbini bütün Azərbaycan ərazisində talan dalğası ilə susdurmağa çalışıblar.

“Bu siyasətin ilk təzahürü Sumqayıt şəhərində dinc ermənilərə qarşı talanlar oldu –  Stepanakert nümayişlərindən yüzlərlə kilometr aralıda. Sumqayıtda başlayan zorakılıq dalğası Azərbaycanın başqa şəhər və kəndlərində davam etdi.

Nifrət siyasəti və ermənifobiya Azərbaycan rəhbərliyinin daxili və xarici siyasətinin ayrılmaz parçasına çevrilib. 30 il müddətində Azərbaycan hakimiyyətinin iş üslubu dəyişməyib. Bir neçə il əvvəl balta ilə erməni zabitini öldürən Səfərovu Azərbaycanda qəhrəman ediblər”, – Şavarş Koçaryan deyir.

O, vurğulayıb ki, beynəlxalq hüquq normaları və insan haqları rəsmi Bakı üçün heç nə ifadə etmir.

Milli Məclisin deputatı Artak Zeynalyan hesab edir ki, beynəlxalq hüquqa əsasən, bu insanların yaşamaq hüququ pozulub, onlara qarşı diskriminasiya baş verib:

“Azərbaycan Konstitusiyası da bu hüquqları müdafiə edir. Biz Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib, bu insanların hüquqlarının müdafiə olunmasını istəmişik. Mən qurbanların hüquqi varislərinin hisslərini nəzərə alaraq təfərrüatları açıqlamayacam, amma bütün informasiyaya malik olan biri kimi deyə bilərəm ki, müzakirələr bitib, AİHM-nin hökmü gözlənilir”.

Zeynalyan BMT Konvensiyasının “Genosid cinayətinin qarşısının alınması və buna görə cəzalandırma haqda” müddəasını da xatırladıb.

I Maddə: Genosid dinc və ya müharibə zamanı törədilməsindən asılı olmayaraq, beynəlxalq hüquq normalarına əsasən cinayət hesab olunur.

II Maddə: Bu razılaşmaya əsasən, istənilən milli, etnik, irqi və ya dini qrupu bu əlamətinə görə tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı əməllər genosid hesab olunur:

а) qrup üzvlərinin qətli;

b) qrup üzvlərinə ciddi bədən xəsarətlərinin və ya ruhi sarsıntı yetirilməsi.

Hüquqşünasın sözlərinə görə, bütün əlamətlərinə görə, ermənilərə qarşı genosid törədilib.


More on JAMnews