Rusiyada Ukraynadakı müharibəyə qarşı necə etiraz etdilər " />

“Sülh” sözü eşidəndə tapançaya sarılıram”

Rusiyada Ukraynadakı müharibəyə qarşı necə etiraz etdilər

“Novaya Qazeta”nın yazarı Yann Şenkman Ukrayna münaqişəsinin əvvəlindən indiyədək Rusiyanın müharibəyə qarşı hərəkatının tarixini xatırlayır.

Müharibəyə qarşı aksiyalar Moskvada hələ fəal hərbi əməliyyatlardan, hətta Krım referendumundan əvvəl başladı. İlk olaraq 2 mart 2014-cü il tarixində razılaşdırılmamış mitinq baş tutdu. Fəallar “Müdaxiləyə yox!” yazılı vərəqələr paylayırdılar. Plakatlı və plakatsız əlli nəfər gəlmişdi, OMON-çuların sayı isə üç dəfə çox idi.

Artıq həmin vaxtı pasifist hərəkətlər xalq tərəfindən Ukrayna yönlü kimi qəbul edilirdi. “Bu, Ukraynaya dəstək mitinqidir” – küçədən keçənlər üzlərini turşudaraq deyirdi. Yəni müharibəyə qarşı deyil, başqa ölkəyə dəstək. Və yenə OMON gəldi.

Elə həmin gün Sankt-Peterburqda da müharibəyə qarşı etiraz mitinqi keçirildi. 400-ə yaxın adam gəlmişdi. Çoxminlik Ümumrusiya sülh yürüşlərinə hələ yarım il qalırdı. Birinci yürüş sentyabrda baş tutdu.

Həmin vaxt da müharibəyə qarşı hərəkat başladı. Bu andan etibarən istənilən pasifist aksiya “Sülh yürüşü qatillərlə əlbir olanların yürüşüdür”  kimi plakatları əllərində tutan qaşqabaqlı insanlarla müşayiət olunacaq. Onların sayı daha az olsa da, pasifistlərdən fərqli olaraq ciddi-ciddi dalaşmağa hazırıydılar.

Müharibəni dayandırmaq və qoşunları çıxarmaq tələbi hər bir etiraz mitinqini müşayiət etməyə başladı. Kütləvi müharibəyə qarşı hərəkat etirazın bir hissəsi oldu, nəticədə onu özünün bir hissəsinə çevirdi. Bu gün müharibəni dayandırmaq tələbləri hakimiyyəti dəyişmək tələblərinin fonunda daha sönük görünür.

Rusiyada xüsusilə indi sülh haqqında düşünmürlər. Təbliğat müharibəsinin fəal mərhələsi bitəndən sonra azlıq açıq-aşkar Ukrayna yönlü mövqe tutdu, vətənşüvənlər onlarla üz-üzə dayandılar, əksəriyyət isə hər şeyə biganədir.  Çoxları hətta müharibənin getdiyindən xəbərsizdirlər.

Bu üç il yarım müddət ərzində bütün pasifist aksiyalar əslində müharibəyə deyil, qarşılıqlı nifrətə qarşı yönəldilmişdi. Əsas tezis — biz qoşunları geri çağıra bilmərik, amma bir-birimizə qarşı daha yaxşı davrana və ünsiyyəti davam etdirə bilərik, nifrət isə sadəcə müharibəni bəsləyir. Son dərəcə sadəlövh və qəhrəmanlıqdan uzaq bir tezis.

“Novaya qazeta”nın 2014-cü ilin dekabrına təsadüf edən “Oradan bura təbrik” aksiyası da sadəlövh idi. Hər iki ölkədən 30 musiqiçi bir-birlərini yeni il münasibəti ilə təbrik edib, xoş sözlər deyirdi. Şevçuk, Skripka, Surqanova, Camala… Baxış sayı çox idi, bütün media bu haqda ilk, müharibəyə qarşı Rusiya-Ukrayna layihəsi kimi yazdı.

İnsanlar təəccüb içində idilər, bu ümumiyyətlə necə baş verə bilər – onlar atışır, biz isə söhbət edirik.

Nə 2015, nə də 2016-cı ildə bu təcrübəni təkrar etmək mümkün olmadı. Hər iki tərəfdən mehribanlıq potensialı tükəndi, amma bizim aksiyamız onlarla başqa dialoq təşəbbüsü üçün təkan oldu.

Kiçik miqyasda da olsa dialoq yaratmağı bacaran demək olar ki, yeganə insan Varya Darevskaya oldu. 2015-ci ildən bu yana o, Moskvadan Donetskə , Luqanskdan Kiyevə, Kiyevdən Qorlovkaya qalaq-qalaq məktublar daşıyırdı… İlk baxışda bir-birinə amansız nifrət bəsləməli olan adamlar yazır: “Sevimli, əziz insanlar bizi bağışlayın, biz sülh istəyirik!” O, Ukrayna mediasına qədər çıxmağı bacardı, bəzi məktublar qəzetlərdə çap olundu. Faktiki olaraq bu, sülh poçtudur.

Buna baxmayaraq, polis basqısı hiss olunur. Mən Kiyevdə belə bir zarafat eşitdim: “”Sülh” sözünü eşidəndə tapançaya sarılıram”.

Artıq bütün aksiyaları məhkəmə zalını gözə alıb keçirmək lazımdır. 2016-cı ilin yayında polis avtobusları “SÜLH DEYİL” adlı səyyar sərgini təqib edirdilər. Adətən terrorçuları, üsyançıları belə təqib edərlər, onlar isə sadəcə pasifist rəssamlar idi. Onlar heç beşinci kolon belə deyillər – heç kimdən heç nə tələb etmirdilər, heç kimi ittiham etmirdilər.

Bu gün müharibəyə qarşı hərəkatın tarixi belə görünür  – həbslər, siyasi mövqe, uğursuzluqlar seriyası, böyük anlaşılmazlıq. Və təlaş içində dağılan məkanı birləşdirməyə çalışan bir dəstə adam.


More on JAMnews