Bəs Amerika necə, Trampa etibar etməlidirmi?" />

Şərh. Niyə Tramp heç kimə etibar etmir?

Bəs Amerika necə, Trampa etibar etməlidirmi?

The Atlantic  nəşrindəki məqalənin müəllifi Culian Zelitser hesab edir ki, Amerika Birləşmiş Ştatlarının istənilən prezidenti Ağ Evin Oval kabinetinə öz siyasi və ya hələ ki qeyri-siyasi karyeralarının başlanğıcının təsadüf etdiyi zamanın abu-havasını gətirir.

Məsələn, Ronald Reyqan və ata Corc Buş çox şeyi 50-ci illərdən toplamışdılar, o zaman Soyuq Müharibə başladı və Amerika vətənpərvərlik hissinin oyanışını yaşadı. Barak Obama isə öz növbəsində 90-cı illərin təcrübəsinə əsaslanırdı, o zaman Soyuq Müharibə başa çatandan sonra adama elə gəlirdi ki, ağılla yanaşılarsa, istənilən problemi həll etmək mümkündür.

37-ci ABŞ prezidenti Riçard Nikson Uotorqeyt qalmaqalı üzündən istefaya getdiyi zaman Donald Tramp 28 yaşında idi. Yarım il sonra ABŞ Vyetnamda müharibəyə son qoydu. Sözsüz ki, bu iki hadisə və ümumilikdə 70-ci illərin abu-havası Trampın dünya görüşünə təsirsiz keçməyib.

Məhz o zaman gələcək 45-ci Birləşmiş Ştatlar prezidenti atasının şirkətində karyerasına başlayırdı. Şirkət daşınmaz əmlak inşası ilə məşğul olurdu və Tramp karyera pillələrində sürətlə yüksəlirdi.

Bu, Amerika xalqının əksər dövlət institutlarına olan etibarını itirdiyi vaxtlar idi.

1972-ci ilin iyununda, prezident seçkilərinə bir neçə ay qalmış beş nəfər şəxs Demokrat Partiyası namizədinin seçki qərargahının yerləşdiyi “Uoterqeyt” kompleksinə daxil olmuşdu. Onlar orada dinləmə cihazı yerləşdirməyə çalışmışdı.

Bu hadisə ikinci müddətə prezident seçilmiş Riçard Niksonun 1974-cü ilin avqustunda məcburən istefaya getməsi ilə nəticələnmişdi, baxmayaraq ki, onun administrasiyasının demokratların qərargahına dinləyici yerləşdirilməsi ilə birbaşa əlaqəsi sübuta yetirilməmişdi. İstefa səbəbi Niksonun and içdiyi halda yalan ifadə verməsi olmuşdu.

Uoterqeyt qalmaqalı uzun illər istənilən Amerika hökumətini bir çox amerikalının nəzərində etibardan saldı. Niksonu əvəz edən Cerald Ford hakimiyyətə gələndən cəmi bir ay sonra keçmiş prezidenti əfv etdi. Bu, Niksonun layiqli cəza çəkməsini tələb edən amerikalı seçiciləri daha da hiddətləndirdi.

70-ci illərdə Amerikanın xüsusi xidmət orqanları da qlobal etimadsızlığı yaşadı. Amerikalılar hesab edirdilər ki, Federal İstintaq Bürosunun (FBI) direktoru olmuş Con Edqar Quver 50 ilə yaxın bir dövrdə hərbə qarşı çıxan fəallarla mübarizədə vəzifə səlahiyyətlərindən sui-istifadə edib və bu əsassız deyildi. 1971-ci ilin yazında fəallar FBI-ın ofislərindən birinə daxil oldular. Oradan oğurladıqları sənədlər FBI-ın bütün ölkə ərazisində izləmə sistemi tətbiq etdiyini təsdiqlədi.

Amerika iqtisadiyyatı da o zaman yaxşı vəziyyətdə deyildi. Yüksək işsizlik və inflyasiya birlikdə amerikalılara nikbinlik üçün əsas vermirdi. Çoxları azad bazarın onların amerikasayağı arzusunu həyata keçirə biləcəyinə inamını itirmişdi. 1973-cü ilin enerji böhranı Amerika cəmiyyətini Birləşmiş Ştatların neft hasil edən ölkələrdən asılılığı haqda ciddi düşünməyə vadar etdi.

Total etimadsızlıq Trampın il yarımlıq prezidentliyi dövründə yenidən yaşanır. O, mütəmadi olaraq kimi isə ittiham edir. Gah onun fikrincə, “feyk xəbərlər” hazırlayan Amerika KİV-ni, gah bu və ya digər siyasi qüvvələrin maraqlarına “qulluq edən” xüsusi xidmət orqanlarını.

Culian Zelitserin yazdığına görə, bu günün Amerikasında əsas sual bundan ibarətdir: Donald Trampın hətta ən qatı tərəfdarları belə etibara layiq olmayan adamın məhz onun özü olduğunu görə biləcəklərmi? Bu baş verməyincə, Birləşmiş Ştatlar 70-ci illərdə yaşamağa davam edəcək.


More on JAMnews