Qeyri-rəsmi məlumata görə, 2015-2016-cı illərdə iş dalınca ölkədən 1,5 milyona yaxın adam gedib, onlardan 65 faizi qadınlardır " />

Sərhədi keçən qadınlar

Qeyri-rəsmi məlumata görə, 2015-2016-cı illərdə iş dalınca ölkədən 1,5 milyona yaxın adam gedib, onlardan 65 faizi qadınlardır

Marneuli rayonunun Candar kəndində orta hesabla 10 ailədən ancaq ikisində həyat yoldaşı və ananı – evin xanımını görmək olar. Qalanlarında ancaq ər, uşaqlar, adətən nənə və baba var. Hamısı da hardasa başqa ölkədə, adətən Türkiyədə işləyən ananın hesabına yaşayır.

Qadınlar öz ailələrini uzun müddətə tərk edirlər. İllərlə. Adətən bu zaman ərzində ana ildə bir dəfə bir neçə günlük gələ bilirsə bu, böyük xoşbəxtlik sayılır. Qayıdandan sonra bu bir neçə gün ərzində də onlar ailə problemlərinin episentrinə düşürlər. Bəziləri isə axırda ümumiyyətlə qayıtmırlar.

Qısqanclıq

Sevda Namazova anadan olandan Candarda yaşayır. Bu kənd  Marneuli rayonunun mərkəzinə yaxın yerləşir, avtobusla təxminən 10 dəqiqə yoldur. İndi Sevdanın 50 yaşı var, dörd övlad anasıdır. 21 yaşında ailə qurub.

Deyir ki, məktəbi bitirəndən sonra universitetə qəbul olunmaq istəyib. Atası icazə verməyib. Görünür, buna görə də böyük qızı instituta qəbul olunmaq qərarını verən kimi o, ailənin yeganə inəyini satdı ki, qızına istəyini gerçəkləşdirməyə kömək etsin.

Namazovların evinə bitişik böyük torpaq sahəsi var və əvvəllər əri ilə birlikdə torpaqda çox işləyirdilər. Sonra uşaqlar böyüdü və tərəvəzin yetişdirilməsindən əldə edilən gəlir çatmırdı. Və 2004-cü ildə Sevda Namazova qazanc dalınca Türkiyəyə getmək qərarına gəlir.

Sevdanın sözlərinə görə, o kənddən xaricə işləməyə gedən birinci qadın olub. “Axı başqa çıxış yolu yoxuydu, getməyə məcbur oldum”, – o deyir.

Amma həm ailəsi, həm də həmkəndliləri bunu çox neqativ qarşıladılar. Əri hətta Sevdanı qısqanmağa və ondan şübhələnməyə başladı.

“Sonra çayxanada kişilərin haqqımda yaydığı qeybətləri eşitdim, guya mən pozğun qadınam. Bir neçə il sonra isə onların öz arvadları məndən nümunə götürdü, onlara Türkiyədə rast gəldim,” – Sevda Namazova danışır.

İşsizlik

Kvemo Kartlinin müxtəlif şəhər və kəndlərində tanışların və onların tanışlarının ailələrinə ani baxış da bunun belə olduğunu anlamağa imkan verir – məhz qadınlar övladlarını, ərlərini, adət etdikləri həyatı qoyub xaricə işləməyə gedirlər.

İqdisadçı Anna Arqanaşvili deyir ki, bu faciəvi miqyas alan prosesin əsas səbəbi insanların getdikcə daha da pisləşən sosial-iqtisadi vəziyyəti və ailəni dolandırmağa, uşaqları böyütməyə imkan verən iş tapmaqla bağlı problemlərdir.

Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2015-ci il ərzində ölkəni 8,000-dən çox kişi və təxminən 4,000 qadın tərk edib. Əksəriyyəti iş dalınca gedib. Gedənlər əsasən 25-29 yaşındadırlar.

Amma sosioloq İda Baxturidze deyir ki, bu rəsmi məlumatlar real vəziyyəti əks etdirmir. Müxtəlif növ tədqiqatlardan alınan qeyri-rəsmi nəlumatlara görə, 2015-2016-cı illərdə ölkədən iş dalınca 1,5 milyona yaxın adam çıxıb, bunların 65 faizi qadınlardır.

“Qadınlar xaricə heç də könüllü və sevincək halda getmirlər. Bu, çıxılmaz bir vəziyyətdə atılan məcburi və ağır bir addımdır. Əksər vaxtlarda onlar yoxsul yaşayan yaşlı valideynlərinə, uşaqlarına kömək etməli olurlar. Analar övladlarının yoxsul şəraitdə yaşamaları ilə barışa bilmirlər – amma bu regionda çox qəribə bir nəticə alınır: öz ailələrini dolandırmalarına baxmayaraq, yerli cəmiyyət adətən onların ayağına pis-pis işlər yazır və ittiham edir”, – Anna Arqanaşvili danışır.

1

Tənhalıq

Sahilə Mənsurova Marneulidə yaşayır, amma bu, şərti qeydiyyatdan başqa heç nəyi göstərmir. O, aylarla xaricdə yaşayan və ara-sıra ailəsini görmək üçün evinə gələn qadınlardan biridir.

Sahilə artıq 6 ildir ki, Türkiyəyə gedir. 29 yaşındadır, iki yetkinlik yaşına çatmayan övladı var. Türkiyədə işləməklə bağlı qərarı demək olar ki, ailəsinin bütün üzvləri tərəfindən narazılıqla qarşılandı. Xüsusən də əri onun Türkiyəyə getməsinə qarşı idi.

Bir il sonra əri ilə boşanmaq qərarına gəlir. Uzun müddət məhkəmələrdə övladlarının uğrunda mübarizə aparıb. Axırda nail olduğu o oldu ki, uşaqları onun valideynlərinin yanında yaşayır, qadının özü isə Türkiyədə ailədə qocalara baxır.

Deyir ki, istirahət günləri və boş saatları demək olar ki, olmur. “Uşaqlarıma ev almaq üçün pul qazanmalıyam. Özümüzə təzə ev tikmək istəyirəm”, – Sahilə deyir.

Hündür və arıq olan bu qadının başında qırmızı çalarlı qəşəng şal var. Sahilə deyir ki, əri ilə münasiblətləri çox yaxşıydı, ölkədən gedib, ailəsindən uzaqda yaşamağa və işləməyə məcbur olmasaydı ailəsi də dağılmazdı.

“İki övladımı nənəmin üstünə atmalı oluram. Çünki anam da Türkiyəyə işləməyə gedir və aylarla evdə olmur. Özüm də evə işdən icazə alan kimi 6-7 aydan bir bir neçə günlük gəlirəm”. – Sahilə deyir.

Yenə də ümid edir ki, ömür boyu belə davam etməyəcək və evdə, Gürcüstanda işlə bağlı vəziyyət düzələcək. Buna görə də bu yaxınlarda qiyabi olaraq Marneulidəki kollecdə  “texniki maarifləndirmə” ixtisası üzrə iqtisad fakültəsini bitirə bilib.

İttihamlar

“Artıq neçə ildir ki, belədir, tendesiya dəyişmir – çox ağır şəraitdə işləməyə və ailsini dolandırmağa gedən daha çox məhz qadınlar olur”, – sosioloq İda Baxturidze deyir.

“Kişilər də əlbəttə ki, gedir. Amma statistika göstərir ki, evə daha çox pul göndərən məhz qadınlardır. Kişilər başqa ölkədə qazanılan pulu daha çox orada da xərcləyirlər”.

Nona Samxaradze Marneuli rayonunda yaşayır. Gender məsələləri üzrə mütəxəssisdir və regionun spesifikası ilə çox yaxşı tanışdır – ən azı ona görə ki, 33 yaşı var və özü də iki övlad anasıdır.

“Belə bir problem var – qadın ailəni dolandıranda, ailənin digər üzvləri buna tez alışır və işləməyə o qədər də can atmırlar. Uşaqlar da ananın puluna alışır”, – o deyir.

“Sonra da qadın qayıdır və əksər vaxtlarda həm əri, həm övladları, həm də valideynləri tərəfindən özünə qarşı soyuq münasibətlə üzləşir. Bu ona görə baş verir ki, qazanc dalınca xaricə gedən qadınlara qarşı stereotiplər işləyir: yəni ki, qadın xaricdə yaxşı işlə məşğul olmur”.

Allahverdi İbrahimovun 56 yaşı var. Onun da xanımı bir çox başqa qadınlar kimi xaricdə işləyir. Amma o, müəyyən mənada istisnadır. Allahverdi həm öz təfəkküründə, həm də qonşularının təfəkküründə qazanc dalınca gedən qadınlara qarşı hökm sürən stereotiplərlə mübarizə aparır.

“Evdə qadın olmayanda kişiyə bütün işlərin öhdəsindən gəlmək çox çətindir: həm uşaqlara yemək hazırlamaq, həm onlara dərs hazırlaşdırmaq, həm tərbiyə etmək, həm də təsərrüfat işlərini görmək. Amma qadınlara xaricdə iş tapmaq daha asandır – adətən onlar qocalara qulluq edir, evdə qulluqçu işinə düzəlir, çünki belə işə düzələndə ailə ilə birlikdə yaşamaq və ev kirayəsi üçün pul xərcləməmək mümkündür. Kişiləri belə işlərə götürmürlər”, – Allahverdi İbrahimov deyir.

“Arvadım gedəndə ilk vaxtlar evdən bayıra çıxmağa belə utanırdım. Bütün qonşular qeybət edirdi ki, hansısa pis məqsədlərlə gedirlər. Buna qarşı çıxmaq çox çətindir”.

2

Ananı evə qaytarmaq

Gülərin anası Türkiyəyə işləməyə gedəndə onun 12 yaşı vardı.  İndi Gülər artıq tələbədir, anasının dəstəyiylə hüquqşünaslığı öyrənir. Onu qadın hüquqları ilə bağlı məsələlər maraqlandırır.

“Anam xaricə gedəndə mən balacaydım. Onsuz çox çətiniydi. Amma başa düşürdük ki, burada iş yoxdur və heç bir başqa çıxış yolu da yoxdur. Amma buna görə də çox narahatıydım, illər ötdü, böyüdüm, amma hər şey olduğu kimi də qalıb: qadınlar işləməyə gedir və onlar qanunla qorunmurlar”, – Gülər deyir.

Xaricə iş dalınca getmək həqiqətən də böyük risklə bağlıdır. Adətən onlar rəsmi şəkildə işə düzəlmir və he cür də müdafiə olunmur.

“Qadınlar bir qayda olaraq, ailələrdə işləyir. Belə bir təlükə var ki, onları əvvəlcədən razılaşdırılandan daha çox, ya da faktiki olaraq qul kimi işlədirlər. Zorakılıq təhlükəsi də var. Onlar trefikinq qurbanları da ola bilər. Əksər vaxtlarda qadınlar qurban olandan sonra özləri də bunu gizlədir, çünki ölkədə qeyri-leqal vəziyyətdə yaşayırlar. Onları heç kim və heç nə qorumur”. – sosioloq İda Baxturidze deyir.

Bir çox mütəxəssislər “Gürcüstanda yaxın beş il ərzində

əmək bazarında real müsbət dəyişikliklər gözləməyə dəyərmi?” – sualına təəssüflə: yox, dəyməz – deyə cavab verirlər.

“Mən yaxşı oxuyuram. Diplom alandan sonra öz biliyimlə yaxşı iş tapmağa ümid edirəm. Onda da anamı evə qaytara biləcəm”, – Gülər deyir.

3

Bütün şəkillər Marneulidəki bazarda çəkilib

 


More on JAMnews