Məişət zorakılığı haqqında qanunun olmaması qadınların ölümlə həbsxana arasında seçim etməli olmasına gətirib çıxarır" />

Rusiyada Xaçaturyan bacılarının işi: zorakı və sadistə müqavimətə görə 20 il həbs

Məişət zorakılığı haqqında qanunun olmaması qadınların ölümlə həbsxana arasında seçim etməli olmasına gətirib çıxarır

Moskvada Krestina, Angelina və Mariya Xaçaturyan bacıları öz ataları, 57 yaşlı Mixail Xaçaturyanın qətlində ittiham olunurlar.

Dindirilmə zamanı onlar təqsirlərini etiraf ediblər, eyni zamanda onun tərəfindən mütəmadi olaraq zorakılığa məruz qaldıqlarını qeyd ediblər. Onların ittiham olunduqları ilkin razılaşma əsasında qətllə bağlı maddə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Baş verənlərin səbəbləri barədə Forbes jurnalının məqaləsində.

Ata və qızları

Xaçaturyan bacıları 2018-ci ilin iyulunda yaşadıqları evin girişində üzərində 45 kəsilmiş-deşilmiş yara ilə atalarının meyiti aşkarlanandan sonra həbs olunublar.

Qızların sözlərinə görə, uzun illər ərzində ataları onları incidib, fiziki və seksual zorakılığa məruz qoyub. Bununla yanaşı, bacılardan biri psixi pozğunluqdan əziyyət çəkir.

İstintaq zamanı alınmış ifadələrə əsasən, Xaçaturyan arvadından boşandıqdan bir müddət sonra qızlarını qısnamağa başlayıb, ilk vaxtlar növbə ilə böyük və ortancıl qızını.

Bacılardan biri seksə məcbur edildikdən sonra intihar etmək istəyib, lakin həkim onu xilas ediblər.

Qızlar həmçinin iddia edirlər ki, ataları onları qrup şəklində sekslə məşğul olmağa təhrik edib.

Angelinanın yaxınları bildiriblər ki, onların qıza qarşı on dəfədən çox seksual zorakılıq hadisəsi barədə məlumatları var.

Tibbi ekspertiza seksual zorakılıq nəticəsində qazanılmış xəsarətlərin olduğunu sübut edib. 2018-ci ildə Xaçaturyan praktiki olaraq uşaqlarının evdən çıxmasına qadağa qoyub.

Bacılar qul vəziyyətində olublar. Krestina müsahibəsində deyib:

«O tələb edirdi ki, biz daim yanında olaq və onun ilk çağırışında gələk. Onun xüsusi zəngi vardı, onunla zəng edirdi və bizim üçümüzdən biri dərhal onun yanına qaçmalı idi – istər gündüz, istərsə də gecə vaxtı. Və nə desə, onu etmək lazım idi. Su gətirmək, yemək və başqa şeylər… O, hətta pəncərəni də özü açmırdı, biz qul kimi ona xidmət etməli idik».

Polisə olunan bütün şikayətlər cavabsız qalıb. “Novaya qazeta”nın məlumatına görə, Mixail Xaçaturyan yerli polis əməkdaşları ilə dost münasibətlərində olub.

Tipik hal

Xaçaturyan bacılarının işi kimi hadisələr çoxdurmu?

Son iki il ərzində təxminən üç min qadın bu cür vəziyyətlərdə qətl törətdiklərinə görə məhkum olunublar. Özü də əksər hallarda söhbət zorakılıqdan qorunmağa cəhd edərkən qadın tərəfindən ərinin, sevgilisinin və ya kişi cinsindən olan qohumunun qətlindən gedir.

Bununla yanaşı, hər il təxminən 8500 qadın cinayətkar əməllər nəticəsində həlak olur. Bunlar əllərinin altında bıçaq olmamış, yaxud da hücum edənin gicgahını pəncərənin altlığına çırpmağa gücü çatmamışlardır. Başqa sözlə, qadının həmişə seçimi var – ölmək, yaxud da həbsxanaya yollanmaq.

Statistikanın yaxşılaşması?

2012-ci ildə Rusiya Daxili İşlər Nazirliyi məişət zorakılığının 34 min qurbanı haqqında məlumat verib. Beş il sonra qurbanların sayı az qala iki dəfə artıb – yalnız 2016-cı ildə 65 min yarım. 2017-ci ildənsə qəflətən qurbanların sayı kəskin tərzdə azaldı – 36 min. 2018-ci ildə isə bundan da az.

Nəyə görə? Çünki məişət zorakılığının dekriminalizasiyası haqqında qanun qəbul olunmuşdu. Əgər 2017-ci ilə kimi arvadın döyülməsinə görə həbsxanaya düşmək mümkün idisə, indi buna görə təxminən avtomobilin düzgün saxlanılmamasına görə tətbiq edilən qədər cərimə tətbiq olunur.

Bu zaman zorakılıq tətbiq edilmədən təzyiqlərlə, alçaltmalarla, incitməklə bağlı işlər ümumiyyətlə heç cür cəzalandırılmır və bunların qarşısı alınmır. Hətta qanunlarda heç cür adlandırılmırlar da.

Nəyə görə məişət zorakılığı düzgün parklanmamaya bərabər tutulub

Üç əsas səbəbi var.

Birincisi – büdcə

Məişət zorakılığından müdafiə Rusiya dövlətinə baha başa gələcək. Bunun üçün qoruma orderləri (müdafiə təlimatları) sistemi tətbiq edilməlidir ki, bu da təsirləndirilənə öz qurban ilə əlaqədə olmağa qadağa qoyur və bunu təmin edən və prosesə nəzarət edən xidmət yaradılmalıdır (bu mexanizm 119 ölkədə fəaliyyət göstərir, Rusiyada isə yoxdur).

Çox vaxt evsiz və uşaqlarla birlikdə küçədə qalan qurbanlar üçün dövlət sığınacaqları sistemi yaradılmalıdır. Bu cür sığınacaqlar Rusiyada mövcuddur, lakin bunlar özəl təşəbbüslərdir və qrantların, ianələrin hesabına saxlanılır.

İkinci səbəb – xarici siyasət

Rusiya Avropa Şurasının məişət zorakılığının qarşısının alınması və onunla mübarizə haqqında İstanbul konvensiyasına qoşulmayıb. Konvensiyaya qoşulmama yəqin ki, sanksiyalarla əlaqədar Rusiya ilə Avropa arasında münasibətlərin ümumi kəskinləşməsinin nəticələrindən biridir.

Üçüncü səbəb – daxili siyasi və dini

«Zorakılıqla mübarizə və zəiflərin müdafiəsi bəhanəsi ilə… o şəxslər hərəkət edirlər ki, cəmiyyətimizi dağıtmağa və onun əsaslarını – ailəni sarsıtmağa cəhd edirlər», — ailə, analığın və uşaqların müdafiəsi məsələləri üzrə Rusiya pravoslav kilsəsinin komissiyasının məruzəsində deyilir.

Başqa sözlə, hazırda Rusiyanın konservativ mövqeyi bu cür səslənir: «Döyürsə, deməli, sevir».


More on JAMnews