Qadağa tam izolyasiya deməkdir, o cümlədən Rusiyada hər hansı beynəlxalq turnirlərin keçirilməsi qadağandır. Təfərrüatlar və suallara cavablar" />

Rusiya idmanı nəyə görə 4 il müddətinə beynəlxalq yarışlardan kənarlaşdırılıb – kütləvi dopinq haqqında 5 parlaq hekayə

Qadağa tam izolyasiya deməkdir, o cümlədən Rusiyada hər hansı beynəlxalq turnirlərin keçirilməsi qadağandır. Təfərrüatlar və suallara cavablar

Ümumdünya Antidopinq Agentliyi (WADA) dörd il müddətinə Rusiyanı beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırıb.

Qadağa 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına, 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına, həmçinin 2022-ci ildə Qətərdə keçiriləcək kişilər arasında futbol üzrə dünya çempionatına şamil olunur.

Eyni zamanda, Rusiya beynəlxalq turnirlərə ev sahibliyi etmək üçün ərizə verə bilməyəcək.

Mütəxəssislər xatırladırlar ki, bu qadağanın şamil olunmadığı bir neçə turnir mövcuddur. Misal üçün, 2020-ci ilin kişilər arasında futbol üzrə Avropa çempionatı. Yarışı qlobal təşkilat olan FİFA deyil, qitə miqyaslı təşkilat – UEFA keçirdiyindən, o, WADA-nın qadağasını tətbiq etməyə borclu deyil.

Rusiyanın idman qələbələrini fanatikcəsinə onun siyasi gücünün sübutu kimi qiymətləndirən prezident Vladimir Putinə bu imkanların nə qədər kömək edəcəyini demək çətindir. Lakin WADA-nın qəbul etdiyi qərarı istənilən halda ekstremal adlandırmaq olar.

Niyə iş bu yerə gəlib çatdı – və nümunə kimi 5 parlaq epizod.

Rusiya idmanında dövlət səviyyəsində kütləvi dopinq proqramı

WADA manipulyasiyalarda nə az-nə çox, Moskvadakı dövlət antidopinq laboratoriyasını ittiham edib.

Tərəqqi sürəti: 2000-ci ildən 2006-cı ilədək 60 rusiyalı idmançı dopinqə görə ittiham edilib. 2007-ci ildən 2017-ci ilədək olan dövrdə isə 646 idmançı. 

WADA-nın hesabatında bildirilir ki, 2019-cu ilin əvvəllərində Moskva laboratoriyasının təqdim etdiyi sənədlər qismən saxtalaşdırılıb. Nəticə etibarilə hazırda əvvəllər qadağan edilmiş preparatların istifadəsində şübhəli bilinmiş 298 rusiyalı idmançıdan 145-i barədə yekun qərar çıxarmaq mümkün deyil

WADA-da belə nəticəyə gəliblər ki, laboratoriyanın dopinq nümunələri haqqında məlumatlar bazasına dəyişiklikləri sistem administratoru Yevgeni Moçalov edib – o, laboratoriyanın direktoru Yelena Moçalovanın əridir. Beynəlxalq təşkilatın hesabatından məlum olur ki, laboratoriyada guya əməlli-başlı “məlumatların sıfırlanması komandası” fəaliyyət göstərib.

Nəticədə, Rusiya antidopinq agentliyi Ümumdünya antidopinq məcəlləsinə müvafiq gəlməyən kimi qiymətləndirilib və sonrakı fəaliyyəti üçün lisenziyadan məhrum olunub.

«Layiq olduğumuzu aldıq» — idmançıların və jurnalistlərin reaksiyası

Rusiyalı idmançılar, media və sosial şəbəkələr Rusiya idmanının izolyasiyası haqqında qərara kifayət qədər yekdil reaksiya veriblər.

«Bizdə Dövlət Dumasında oturan bu qədər idmançı var, iyirmidən çox olimpiya çempionu deputatdır! Dopinq haqqında qanunu onlar dəyişə bilərdilər axı. Biz layiq olduğumuzu aldıq. Mən dərhal bildirmişdim ki, WADA-nın tərəfindəyəm», — biatlon üzrə dördqat olimpiya çempionu Aleksandr Tixonov deyib və Znak.com ondan sitat gətirib.

Yeni dopinq qalmaqalı barədə hokkey üzrə ikiqat olimpiya çempionu, Stenli kubokunun iki dəfə sahibi olmuş Vyaçeslav Fetisov da fikrini bildirib. O, Rusiyanı “ən rüsvay olmuş ölkə” adlandırıb.

_________________________________________

Rusiyanın “Novaya qazeta” nəşri bir neçə “rüsvayçılıq hekayəsi” barədə yazıb. Onlardan bəzilərini təqdim edirik.

Birinci hekayə – “Putinə uğursuz hədiyyələr”

2018-ci ildə Rusiya yığmasına Pxençxandakı Olimpiadada iştirak etməyə icazə vermədilər. Rusiyadan olan “təmiz” idmançılara neytral statusda çıxış etmək imkanı yaradıldı, onlara hər hansı milli simvolları nümayiş etdirmək və Rusiya himnini ifa etmək qadağan olunmuşdu.

Bütün bunlar 2014-cü ilin qalmaqalına görə baş vermişdi, o zaman WADA ilk dəfə Rusiyada idmanda dopinqin tətbiqinin dövlət sisteminin mövcud olmasını aşkarlamışdı. Bu, Soçidəki Qış Olimpiadasından dərhal sonra baş vermiş və olimpiadanı şəxsi siyasi və təşviqat qələbəsi kimi düşünən Vladimir Putin üçün zərbə olmuşdu. 

Triumf o vaxt nəhəng beynəlxalq rüsvayçılığa çevrildi – WADA müəyyən etdi ki, Soçidə rusiyalı idmançıların əvəzinə sidik nümunələrini analizə xüsusi xidmət orqanlarının zabitləri təqdim ediblər.

İkinci hekayə – “səhv tabletlər”  

Rusiyanın ən gözəl üzgüçü qadınlarından biri və Rio Olimpiadasında iki dəfə gümüş medal sahibi Yuliya Yefimova 2013-cü ilin sonlarında 2014-cü il üçün dopinq testindən keçə bilməmişdi. Monrealdakı laboratoriyada onun qanında dehidroepiandrosteron aşkarlanmışdı.

Yefimova demişdi ki, tabletləri izafi çəki ilə mübarizə aparmaq üçün qəbul edib və təlimatını oxumayıb. Təlimatda isə qeyd edilmişdi ki, tabletlərin tərkibindəki maddə dopinqdir.

Yefimovanın vəkili işi yalnız 16 aylıq kənarlaşdırmaya qədər gətirib çıxara bildi. Doğrudur, üzgüçü qadını Avropa çempionatının bütün mükafatlarından məhrum etdilər.

2016-cı ildə isə o, tennisçi Mariya Şarapova, fiqurlu konkisürən Yekaterina Bobrova və bir neçə digər rusiyalı idmançı ilə birlikdə yenidən dipinq qalmaqalı ilə üzləşdi.

Üçüncü hekayə – “Çirkli ağırlıqqaldırma”

2009-cu ildə Rusiyanın birdən-birə altı ağırlıqqaldıranı qadağan edilmiş maddənin qəbulunda ittiham edilmişdilər. Bunların arasında olimpiya çempionu Dmitri Berestov (fotoşəkildə odur), ikiqat Avropa çempionu Svetlana Podobedova və 2001-ci ildə dünyanın ən yaxşı ağırlıqqaldıran qadını olmuş Valentina Popova da vardı.

Onların hamısı iki il müddətinə yarışlardan kənarlaşdırılmışdılar, Rusiyanın ağır atletika federasiyası isə 250 min dollar cərimə edilmişdi.

2008-ci ildən bu günə kimi Rusiyanın 30-dan çox ağırlıqqaldıranı dopinqdən istifadədə ittiham olunub ki, nəticədə, 8 olimpiya medalı Rusiyanın əlindən alınıb.

Dördüncü hekayə – “Stanozolollu nüvə”

2002-ci ilin Avropa çempionu və 2003-cü ilin dünya çempionu İrina Korjanenko Afinadakı Olimpiya Oyunlarında nüvə itələmə yarışında hamıdan yaxşı nəticə göstərmişdi. Bu, 2004-cü ildə baş vermişdi. 48 saat sonra isə dopinq testi stanozolol (idmanda ən məşhur və “populyar” dopinqlərdən biri) barədə məlumat verdi.

1999-cu ildə Korjanenko eyni hərəkətə görə cəzalandırılmışdı və bu səbəbdən, onu ömürlük idmandan kənarlaşdırdılar.

Həmin nüvə itələmə yarışındakı qələbəsinə görə medalını idmançı qaytarmaqdan imtina etdi və bütün təhdidlərə, qaydalara məhəl qoymadan onu bank seyfində qoruyub saxlayır.

Beşinci hekayə – “Primadonna Alina Kabayevanın furosemidi”

 

Rusiya bədii gimnastikasının primadonnaları Alina Kabayeva və İrina Çaşina 2001-ci ilin dünya çempionatının bütün mükafatlarını itirmişdilər.

Bu, Avstraliyadakı antidopinq laboratoriyasının iki dəfə onlar tərəfindən furosemid (müxtəlif dopinqlərin izlərini itirmək üçün istifadə edilən sidikqovucu) preparatının istifadəsini aşkarlamasından sonra baş vermişdi.

 


More on JAMnews