Astarı üzünə çıxmış feminizm məni Bakı-Tbilisi avtobusunda necə haqladı " />

Rəy. Azərbaycanda kişinin yalnız kişi olduğu üçün günahkar olması

Astarı üzünə çıxmış feminizm məni Bakı-Tbilisi avtobusunda necə haqladı

Gözəl günlərdən birində mən avtobusla Tbilisiyə getmək qərarına gəldim. Əvvəlcədən biletimi aldım, vaxtında vağzala gəldim.

Lakin avtobusda məni gözlənilməz “gender” problemi qarşıladı. Yanımdakı oturacaqda əyləşmiş qadın mən oturacağa toxunar-toxunmaz isterikaya düşdü.

“Onlar sənə necə bilet sata bilərdilər, axı bilirlər ki, mən qadınam! Çıx get!”

Mən şokda idim və ürkəkcə buranın mənim “qanuni yerim” olmasını deməkdən və bileti əvvəlcədən kassadan aldığımı söyləməkdən yaxşı heç nə fikirləşib tapa bilmədim. Bu vaxt o, daha gözəl cavab verdi: “Onlar artıq kassada bilməli idilər ki, kişi harada oturacaq, qadın harada oturacaq! Qoy gedib öz Gürcüstanlarında belə nalayiq hərəkətlər etsinlər”.

Mən ona cavab vermədim. Nədənsə yadıma feministlərin Bakıdakı yürüşü düşdü – o vaxt “süpürgəçilər” onlara hücum çəkmişdilər. Sonuncular bilirdilər ki, onlara söz deyən olmayacaq və bütün hirslərini mitinqçilərin üstünə tökdülər, qarşılarındakılar isə onlara eyni cavabı verə bilməzdilər. Cəmiyyətimizdə anan yaşında olan qadınla, onun səni necə alçaltmağından asılı olmayaraq, söyüşmək qəbul edilməyib. Buna görə də, mən prinsipcə nə cürsə reaksiya verməkdən qorxurdum.

Qadın uca səslə sürücünü çağırmağa başladı. Sürücünün köməkçisi gəldi. O bildirdi ki, qadın ya qalxmalıdır, ya da iki yerə görə pul ödəməlidir, qadın bundan imtina etdi. O, bütün avtobusa “istəyirsiniz ki, yanımda bu 150 kiloqramlıq kişini oturdasınız?” qışqıranda istədim cavab verim ki, heç də 150 kiloqram deyiləm, elə onun özü də 200 kiloqrama yaxındır – amma qadını çəkisinə görə utandırmaq olmaz, buna görə də, gülümsədim və susdum. Yoxsa bir də gördün mənə qayıdardı ki, get öz ananla belə danış! Bu cür hücuma doğru cavab yoxdur: ana ilə bağlı olan hər şey azərbaycanlı kişinin mənliyinə toxunur. Cəmiyyət nəfəsini tutub gözləyir: ya sən çox yumşaq cavab verib, “bundan sonra kişi deyilsən”, ya da çox sərt cavab verib artıq təcavüzkara çevrilirsən.

Sürücünün köməkçisi təşviş içində qadınlardan xahiş etdi ki, kimsə bu qadının yanına keçsin, lakin heç kim razılaşmırdı.

Bunu görən sürücü köməkçisi mənim sakitlik yağan üzümə baxıb dedi: “Avtobusda mənim çarpayımda yatacaqsan, yaxşı?” Sən demə, avtobusda ekipajın özü üçün gecələməyə yer düzəltdiyi bölmə varmış.

Bir tərəfdən, bu, qələbə idi – mən sakitcə bütün yolu yatdım. Başqasının yerində yatmaq elə də xoş deyil, amma hər şey elə də pis qurtarmadı.

Digər tərəfdən, biz az özümdə deyildim, çünki anlamırdım – Azərbaycan mentalitetinin hansı hissəsi məni avtobusdakı yerimdən etdi. Ya hansısa yaşlı insan qarşısında patriarxal çəkinmə, yaxud da nəsə qəribə bir astarı üzünə çıxmış feminizdir ki, bu zaman qadınlar orta əsrlərə xas “şərəf kodeksi”ni müdafiə edir, ya da hansısa münaqişədən qorxu hissi.

Dayanacaqda mən sürücünün köməkçisindən soruşdum:

– Siz onu avtobusdan düşürə bilərdiniz? Belə bir hüququnuz varmı?

– Bəli, tam hüququmuz var (bir qədər fəxrlə).

– Bəs niyə bunu etmədiniz?

– Sən onu gördün? Belələrinə yaxşısı budur ki, toxunmayasan. Sonra problemlərdən başın açılmaz.

Mən gülümsədim və heç nə cavab vermədim.


More on JAMnews